Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün bəyanatları

12 noyabr 2013, 15:15

Prezident Abdullah Gülün bəyanatı

-Cənab Prezident, dəyərli dostum.

Hörmətli nazirlər.

Dəyərli mətbuat nümayəndələri.

Bildiyiniz kimi, Azərbaycanda oktyabrın 9-da keçirilən seçkilərdə dəyərli qardaşım, cənab İlham Əliyev üçüncü dəfə Prezident seçilmişdir. Bu münasibətlə onu bir daha təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram.

Cənab Prezident, dəyərli dostum İlham Əliyev ötən seçkilərdən sonra olduğu kimi, yenə də ilk səfərini Türkiyəyə etmişdir.

Buna görə əziz qardaşıma dərindən təşəkkür edirəm.

Bilirsiniz ki, mən də 2007-ci ildə Türkiyə Prezidenti seçilərkən ilk səfərimi Azərbaycana etmişdim. Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyədədir. Son dövrlərdəki əlaqələrimizin nə qədər yaxın olduğunu göstərmək üçün bunu deyə bilərəm ki, ötən altı il ərzində iki ölkə arasında yeddinci dəfə prezident səfərləri həyata keçirilir. Bu səfər zamanı Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın həmsədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçiriləcəkdir.

Bu gün cənab Prezident İlham Əliyev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirdik. Bu görüşlərdə şübhəsiz ki, ikitərəfli münasibətlərimizlə bərabər, regional məsələləri də nəzərdən keçirdik. İkitərəfli münasibətlərimizlə bağlı çox mühüm, böyük iqtisadi layihələri, qaz, enerji, nəqliyyat, - bütün bunları əlbəttə ki, nəzərdən keçirdik. Eyni zamanda, regional məsələləri, Azərbaycanın milli məsələsini və bizim də milli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqlarının azad edilməsi məsələlərini - bütün bunları müzakirə etdik. Bu məsələ də şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən biridir. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaqdır. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk. Bu məsələyə dair fikirlərimizi də hörmətli nazirlərin iştirakı ilə bölüşdük.

Türkiyənin Azərbaycana qoyduğu sərmayələr, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyalar - bütün bu məsələlər də həmişə mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrimizin güclənməsi və inkişafını sonadək dəstəkləyəcəyik. Yenə qardaşlığımızın bir göstəricisi olaraq bu gün sizlərin də şahidliyinizlə qarşılıqlı olaraq ordenləri təltifetmə mərasimi oldu.

Mən cənab Prezident İlham Əliyevə Türkiyənin ən yüksək ordeni olan “Dövlət nişanı”nı təqdim etdim. Cənab Prezident isə Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan “Heydər Əliyev” ordenini mənə təqdim etdi. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin şübhəsiz ki, ən yaxşı nümunələrindən biri oldu. Bu gün birlikdə Türkiyə Aerokosmik Sənayesi ilə tanışlıq olacaqdır. Axşam da şübhəsiz ki, hamılıqla bir yerdə olacağıq.

Mən bir daha dəyərli qardaşımı həm təbrik edirəm, həm də Türkiyəyə - öz doğma vətəninizə “Xoş gəlmisiniz!” deyirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı


-Sağ olun, əziz qardaşım.

Hörmətli Prezident Abdullah Gül.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, əziz qardaşım, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyədə olmağımdan çox məmnunam.

Türkiyədə gedən inkişafı görərkən biz də çox sevinirik. Türkiyə son illər ərzində böyük və uğurlu yol keçmişdir. Sizin rəhbərliyinizlə ölkəniz dünya miqyasında böyük güc mərkəzinə çevrilmişdir. Türkiyə nəinki bölgə məsələləri ilə, dünyada gedən proseslərlə bağlı öz prinsipial mövqeyini göstərir və Türkiyənin yanaşmasından, mövqeyindən çox şey asılıdır. Bu, bizi sevindirir, ruhlandırır. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.

Bu gün mənim həyatımda çox əlamətdar hadisə baş vermişdir. Mən qardaş ölkənin ən ali mükafatı olan “Dövlət nişanı” ilə təltif olundum. Mən bu təltifi görülən işlərə qiymət kimi dəyərləndirirəm. Mən çalışmışam və bundan sonra da çalışacağam ki, Türkiyə-Azərbaycan əlaqələri daim inkişaf etsin. Biz əziz qardaşım Prezident Abdullah Gül ilə son illər ərzində bu birliyi möhkəmləndirmək üçün çox işlər görə bilmişik. Bu gün bizim əlaqələrimiz müttəfiqlik səviyyəsindədir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən sıx bağlı olan ölkələrdir. Bizdə olan qarşılıqlı anlaşma, bir-birinə olan dəstək çox nadir xarakter daşıyır.

Əlbəttə, bu gün biz ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etdik. İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Mən bir daha Türkiyə dövlətinə ədalətli mövqeyinə görə minnətdarlığımı bildirdim. Türkiyə bu məsələdə daim bizim yanımızdadır, ədalətin, haqqın yanındadır. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal edilib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, onlar Ermənistan tərəfindən icra edilmir və beynəlxalq hüquq normaları kobudcasına pozulur. Məsələnin həlli ilə bağlı Azərbaycan öz səylərini davam etdirir. Ancaq əfsuslar olsun, Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bu ədalətsizliklə barışmaq mümkün deyildir. Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bir daha demək istəyirəm ki, bunu tarixi ədalət, beynəlxalq hüquq diktə edir. Əlbəttə ki, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır və bu dəstəyə görə minnətdarıq.

Biz bu gün, eyni zamanda, bizi birləşdirən və artıq regional çərçivələrdən çıxmış, qlobal müstəviyə daxil olan layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı–Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrini müzakirə etdik. Onların hər biri böyük bir hadisədir, böyük uğur gətirən layihələrdir. Ancaq Türkiyə və Azərbaycan birliyi, dostluğu sayəsində biz bu layihələrin reallaşmasına nail ola bilmişik. Bu gün biz daha da irəliyə baxırıq. Bu gün qarşılıqlı sərmayə qoyuluşu məsələləri uğurla öz həllini tapır və Azərbaycanın xaricdəki ən böyük sərmayələri təbii ki, Türkiyəyə yatırılan sərmayələrdir. Bu proses artıq davam edir və növbəti beş il ərzində Türkiyə iqtisadiyyatına 15-17 milyard dollar həcmində Azərbaycan sərmayəsi qoyulacaqdır. Eyni zamanda, biz Türkiyə şirkətlərinin də Azərbaycana qoyduqları sərmayəni alqışlayırıq və iş adamları arasındakı əlaqələri dəstəkləyirik. Bu gün, eyni zamanda, həmişə olduğu kimi, dostluq, qardaşlıq şəraitində digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi. Əziz qardaşımın qeyd etdiyi kimi, prezident seçkilərindən sonra ilk səfərimi Türkiyəyə etmişəm. Bu, təbiidir. Bu, artıq bir ənənədir. Əminəm ki, bu ənənə gələcəkdə də yaşayacaqdır. Bizim gücümüz birliyimizdədir, bizim birliyimiz tarix üzərində qurulubdur. Bu gün iki müstəqil dövlət - Türkiyə və Azərbaycan bir-birini daim dəstəkləyir, bir-birinin gücünü artırır. Əminəm ki, gələcəkdə bizim işbirliyimiz, əməkdaşlığımız yüksələn xətlə inkişaf edəcəkdir.

Bir daha əziz qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19