15:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Aleksandr Qriqoryeviç!
Hörmətli qonaqlar, əziz dostlar!
Aleksandr Qriqoryeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır.
Yüksək səviyyəli səfərlər yetərincə intensiv olur. Bu, Belarus ilə Azərbaycan arasında münasibətlərin göstəricisidir. Son illərdə bu münasibətlər çox böyük yol keçmiş və çox yüksək səviyyəyə çatmışdır. Biz dünən və bu gün ikitərəfli münasibətlərin geniş spektrini müzakirə etmək və gələcəkdə əməkdaşlığı möhkəmlətmək yollarını müəyyənləşdirmək imkanına malik olduq. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və regional təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır.
Bizim əmtəə dövriyyəsini artırmaq üçün çox yaxşı perspektivlər vardır. Əmtəə dövriyyəsinin artmasına baxmayaraq, o, təbii ki, bizim potensialımızı hələ tam əks etdirmir. Biz birgə istehsalatlar yaradılması istiqamətində də fəal iş aparırıq. Dünən Belarusun Azərbaycandakı səfirliyinin yeni binasının açılışı zamanı Belarus tərəfinin dəstəyi ilə Azərbaycanda istehsal olunmuş texnika nümayiş etdirildi. Bu, bizim müəssisələr arasında istehsal əlaqələrinin necə fəal inkişaf etməsinə əyani sübutdur. Çox sevindirici haldır ki, prezidentlər kimi bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və keyfiyyətlə həyata keçirilir.
Bu gün dediyimiz kimi, bizim münasibətlərin əsasında çox böyük qarşılıqlı etimad dayanır. Biz bir-birimizə inanırıq, etibar edirik. Biz bir-birimizin sözlərinə inanırıq. Ona görə ki, bizim sözlərimizlə əməllərimiz arasında ayrılıq yoxdur, hətta bəzən bizim razılaşmaları imza ilə rəsmiləşdirməyə ehtiyac olmur. Hərçənd, bu gün imzalanmış mühüm sənədlər ölkələrimizin və xalqlarımızın bundan sonra da yaxınlaşmasına, münasibətlərimizin əvvəlki kimi dinamik inkişaf etməsinə şərait yaradacaqdır. Bizim qarşılıqlı etimadımız elə səviyyədədir ki, hər hansı məsələnin həlli üçün sadəcə söz verməyin və ya vəd etməyin kifayət olduğunu güman etməyə haqqımız vardır. Mənim fikrimcə, əlaqələrimizi səciyyələndirən cəhətlər qərarlar qəbul etmək, həmin qərarların yerinə yetirilməsinə nəzarət, habelə çox müsbət qarşılıqlı münasibətlər mexanizmidir. Ciddi məzmun kəsb edən bu münasibətlər çox sahələri əhatə edir. Bu gün biz təhsil sahəsində, humanitar sahədə, elm, yüksək texnologiyalar, kənd təsərrüfatı, istehsalat, hərbi-texniki əməkdaşlıq, energetika sahələrində mühüm məsələləri müzakirə etdik. Görürsünüzmü, təkcə bu istiqamətlərin sadalanması çox şeydən xəbər verir və hər bir istiqamət üzrə yaxşı nəticələr, konkret layihələr, proqramlar vardır.
Biz prezidentlər tərəfindən qəbul edilmiş qərarların icrasını gələcəkdə də daim nəzarətdə saxlamaq niyyətindəyik və bu gün ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək barədə də razılaşdıq. Artıq yaxşı nəticələr əldə edilmiş sahələrdə səylərimizi artırmalı, yeni istiqamətləri fəallaşdırmalıyıq. Məhz investisiya imkanlarını, Belarusda özəlləşdirmədə Azərbaycan müəssisələrinin iştirakını, habelə birgə istehsal edilmiş məhsulların üçüncü ölkələrin bazarlarına birgə çıxarılması məsələlərini ikitərəfli münasibətlərimizin yeni mövzuları kimi müəyyən etdik. Zənnimcə, biz bu yeni istiqamətlərdə də çox müsbət məqamlar tapacağıq. Biz çalışacağıq ki, bu yeni istiqamətlər ikitərəfli münasibətlərin geniş gündəliyinin tərkib hissəsinə çevrilsinlər.
Mən Belarus Prezidentinin Azərbaycana səfərinin nəticələrindən çox məmnunam. Dünən biz birgə işə başladıq, çox geniş fikir mübadiləsi apardıq, həm ikitərəfli, həm də regional münasibətlərlə bağlı çox mövzulara toxunduq. Bizim aramızda yaxşı qarşılıqlı anlaşma vardır. Qarşılıqlı dəstək səviyyəsi çox yüksəkdir. Ən başlıcası, bütün istiqamətlər üzrə münasibətlərimizi bundan sonra da fəal inkişaf etdirmək əzmindəyik.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram, bir daha deyirəm “Xoş gəlmisiniz”. Əminəm ki, əlaqələrimiz davam edəcək, ölkələrimizə və xalqlarımıza xeyir verəcəkdir. Təşəkkür edirəm.
Prezident Aleksandr Lukaşenkonun bəyanatı
- Sağ olun, İlham Heydər oğlu. Fürsətdən istifadə edib, bizim nümayəndə heyətini, ümumiyyətlə bizim adamları, bizim belarusları burada həmişə səmimi və diqqətlə qarşıladığınıza görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Sizinlə tam razıyam və bunu təsdiq edirəm ki, beynəlxalq əməkdaşlıq baxımından Azərbaycan ilə Belarus arasında heç bir problem yoxdur. Dünya nizamına, bu gün dünyada mövcud olan problemlərə baxışlarımız eynidir. Bununla əlaqədar, beynəlxalq təşkilatlarda problemli məsələlərin bütün spektri üzrə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyəcəyik.
Həqiqətən, bizim əmtəə dövriyyəmizin həcmini daha da artırmaq, daha da yaxşılaşdırmaq lazımdır. Ona görə ki, iki dövlətin imkanları bu il olmasa da, gələn il nail ola biləcəyimiz 300 milyon dollardan xeyli artıqdır. Mən əminəm, bu səfərin xüsusiyyəti ondan ibarətdir ki, biz öz həmkarlarımızla, hökumətlərarası komissiya ilə birlikdə əməkdaşlığın yeni istiqamətini tapdıq. Bu gün biz Azərbaycan biznesmenlərini və Azərbaycan dövlətini Belarus ərazisində maraqlandıra biləcək layihələrə daha geniş sərmayə qoyulması məsələsində Prezidentdən də dəstək aldıq. Bizim kooperasiya əlaqələrimiz necə əməkdaşlıq etmək lazım olduğunu göstərir. Bu gün biz bu haqda da danışdıq. Razılaşdıq ki, bu istiqaməti gücləndirəcəyik. Biz əvvəlcə Azərbaycan ərazisində adi texnikanın yığılmasından başlamışdıq. Bu gün artıq bir sıra istehsalatlar – traktorların, avtomobillərin, avtobusların yığılması istehsalatları artıq 40-60 faiz lokallaşdırılmışdır. Bu, Azərbaycan Respublikasının çox yüksək potensialına dəlalət edir. Ona görə biz yığma əməliyyatlarından müştərək müəssisələrə keçdik. Bu gün artıq müştərək müəssisələrdə minlərlə vahid texnika istehsal edirik. Prezidentlə biz belə bir faktı da qeyd etdik ki, bizim Azərbaycanda artıq istehsal etdiyimiz bütün məhsullar Azərbaycana sığmır, beləliklə, qarşımızda bir məsələ yaranmışdır – üçüncü ölkələrin bazarlarına çıxmaq və birgə istehsal etdiyimiz məhsulları birgə satmaq. Yəni, biz artıq xeyli yol keçmişik, birgə məhsul yaratmışıq, sabah həmin məhsulu İranda, başqa respublikalarda satacağıq.
Sizin biznesmenlər və Sizin dövlət tərəfindən Belarusa fəal sərmayə qoyulması əməkdaşlığın yeni istiqamətidir. Əgər biz gənclərə və təhsilə böyük diqqət ayırmasaydıq, bu mümkün olmazdı. Mən həmişə deyirəm ki, İlham Heydər oğlu bizim aramızda ən ziyalı və savadlı Prezidentdir və o, bu məsələyə böyük diqqət yetirir. Görünür, bu səbəbdən o, bütün dünyada normal təhsil olan yerlərə Azərbaycan gənclərini göndərməyə çalışır. Gənclər də əlbəttə, yeni texnologiyaları buraya, öz vətənlərinə gətirəcəklər, onlar yüksək bilikli adamlar olacaqlar. Bu gün bizdə yüz əlli azərbaycanlı tələbə təhsil alır. Onlar bizim üçün heç bir problem yaratmırlar. Ağıllı, sakit gənclərdir, normal təhsil almağa çalışırlar. Bax bu mütəxəssislər hər il Azərbaycanın iqtisadiyyatına cəlb edilir və sanballı nəticə verirlər. Bunlar olmasa, təhsil olmasa – bilirəm ki, texniki peşə təhsili üzrə də yeni layihələr vardır, - normal əməkdaşlıq mümkün deyildir.
Bunu qeyd etmək bizim üçün çox xoşdur ki, lap yaxın vaxtlarda burada, Azərbaycan torpağında Belarus Mədəniyyəti Günləri keçirilmişdir. Hətta mənə verilən məlumata görə, yaxın vaxtlarda bizim artistlər Qara Qarayevin “Yeddi gözəl” baletini tamaşaya qoyacaqlar. Bu, çox mühüm hadisə olacaqdır. Buna görə də biz həm səfiri, həm də Azərbaycandan olan qardaşlarımızı bu tamaşaya dəvət edirik. Əgər hər iş normal getsə, biz burada bir neçə tamaşa göstərməyə hazırıq. Görürsünüzmü, biz təhsil, mədəniyyət sahəsində və digər humanitar istiqamətlər üzrə bir-birimizlə nə qədər sıx bağlıyıq. Biz əməkdaşlığa hazırıq və sizdən yeni təkliflər gözləyirik. Əgər sizin üçün maraqlıdırsa, siz bizim neft-kimya sahəsinə, kənd təsərrüfatına, xüsusən sizin Prezidentin diqqət yetirdiyi istiqamətə - əczaçılıq sənayesinə sərmayə qoya bilərsiniz. Mən bu təklifləri tamamilə dəstəkləyirəm. Vaxtilə bizim də qarşımızda belə bir məsələ yaranmışdı, bu məsələ hələ də aradan qalxmayıb – ölkənin əczaçılıq baxımından müstəqilliyini, dərman təhlükəsizliyini təmin etmək məsələsi. Buna biz də hazırıq, İlham Heydər oğlu da bu gün təsdiq etdi ki, o, burada tibbi preparatlar buraxılışı üzrə obyektlər tikintisi layihəsini dəstəkləməyə hazırdır. Biz öz texnologiyalarımızı təklif etməyə və ən qısa müddətdə təbii ki, Azərbaycan Prezidentinin nüfuzundan və təsirindən istifadə etməklə üçüncü ölkələrdə də satacağımız dərman preparatlarının qablaşdırılmasından başlanmış onların istehsalına qədər bütün yolu keçməyə hazırıq.
Hörmətli İlham Heydər oğlu, mənim Sizi ənənəvi olaraq Minskə dəvət etməyim qalır. Bizim yaxşı təcrübəmiz vardır. Hər il gah Minskdə, gah burada – Bakıda görüşürük. Bu, həm bizi müvafiq formada saxlayır, lakin daha çox həmkarlarımızı səfərbər edir ki, onlar da yaxşı formada olsunlar. Ona görə ki, bizim görüşlərdən əvvəl işlərin sürətini artırmaq lazımdır.
Bizim iş qrafikimizin belə tərtib edilməsinə görə, çox təşəkkür edirəm, düşünürəm ki, bu, bizim üçün çox faydalı olacaqdır.
Bir daha təsdiq etmək istəyirəm ki, dövlətlərimiz arasında əməkdaşlıqda qapalı mövzular yoxdur. Biz heç kəsdən gizlətmirik ki, qida məhsulları istehsalından başlamış müdafiə nazirliklərini maraqlandıran, Azərbaycan Respublikasının və Belarusun müdafiə qabiliyyətinin tələb etdiyi məsələlərə qədər hər sahədə əməkdaşlıq edirik. Bir daha vurğulayıram ki, biz heç kəsdən gizlətmirik və gizlətməyəcəyik. Azərbaycan Prezidenti ilə bizim çox etimadlı münasibətlərimiz var və mən əminəm ki, dövlətlərimiz arasında münasibətlər də eynilə bu cür olacaqdır. Xüsusən ona görə ki, bizim başqa çarəmiz yoxdur, bu münasibətlərin əsasını biz yaratmışıq, buna görə də qarşımızda bir vəzifə durur – dinamika, dinamika və yalnız irəli. Biz buna hazırıq və görürəm ki, Azərbaycan tərəfindən olan həmkarlarımız da buna hazırdırlar.
Səmimiyyətə, qarşımızda duran problemli məsələlərin həllinə görə çox sağ olun.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat...
18 dekabr 2024, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...
18 dekabr 2024, 14:34Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Qətər dostluq və əməkdaşlıq...
18 dekabr 2024, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...
17 dekabr 2024, 17:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...
17 dekabr 2024, 17:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...
16 dekabr 2024, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:17