Bakıda Dədə Qorqud parkının açılışında İlham Əliyevin nitqi

13 dekabr 2013, 13:10
Bakıda Dədə Qorqud parkının açılışında İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün çox əlamətdar bir gündür. Biz Bakıda Dədə Qorqud abidəsinin açılışına toplaşmışıq. Mən sizin hamınızı bu münasibətlə ürəkdən təbrik edirəm.

Bu abidənin ucaldılması böyük hadisədir. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur. Bir sözlə, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu gün bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür.

Bildiyiniz kimi, 1950-ci illərə qədər “Kitabi-Dədə Qorqud” Sovet İttifaqında qadağan edilmişdi. Ancaq 1950-ci illərdən sonra Azərbaycan alimlərinin səyləri nəticəsində bu əsər tədqiq edilməyə başlanmışdır. Təsadüfi deyil ki, bu əsərin tədqiqi ilə bağlı olan elmi işlər Azərbaycan alimlərinə məxsusdur. Bu, bir daha onu göstərir ki, bu əsər bizim xalqımıza, bütün türk dünyasına məxsusdur. Amma Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanına xüsusi münasibət vardır. Əsərdə Oğuz eli kimi coğrafi məfhum bütün Azərbaycan ərazilərini əhatə edir. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə əsərin təbliği, onun sovet, dünya ictimaiyyətinə çatdırılması ilə bağlı konkret qərarlar qəbul edilmişdir. Ulu Öndərin tövsiyəsi ilə 1970-ci illərdə bədii film çəkilmişdir. Ondan sonra, müstəqillik dövründə - 1993-2003-cü illərdə artıq bu dastanı dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görülmüşdür.

2000-ci ildə Bakıda dastanın 1300 illik yubileyi təntənəli şəkildə keçirilmişdir. Bütün türkdilli ölkələrin dövlət başçılarının, UNESCO-nun baş direktorunun iştirakı ilə böyük təntənəli mərasim keçirilmişdir. “Dədə Qorqud” ensiklopediyası nəşr olunmuşdur. Ulu öndər Heydər Əliyev Dədə Qorqud heykəlinin ucaldılması haqqında Sərəncam vermişdir. Yəni, bütün bunlar bir daha onu göstərir ki, Dədə Qorqud Azərbaycan xalqının qəlbində daim yaşayırdı, yaşayır və yaşayacaqdır. “Kitabi-Dədə Qorqud” dastanı, eyni zamanda, bütün türk dünyasını daha da sıx birləşdirir. Azərbaycan türkdilli dövlətlərin daha da sıx birləşməsi üçün öz səylərini əsirgəmir. Bu, bizim xarici siyasətimizin ayrılmaz hissəsidir, əsas istiqamətlərindən biridir. Türkdilli ölkələrin dövlət başçılarının Azərbaycanda keçirilmiş Zirvə görüşləri bunun əyani sübutudur. Bakıda, Naxçıvanda, Qəbələdə keçirilmiş bu Zirvə görüşləri türk dünyasını daha da sıx birləşdirir. Son Zirvə görüşündə mən qeyd etmişdim və bir daha demək istəyirəm ki, XXI əsr türk dünyasının əsri olmalıdır.

Türk dünyasında gedən inkişaf, qarşılıqlı əməkdaşlıq, müsbət demoqrafik dinamika əlbəttə ki, bizi daha da gücləndirəcək və bütün türkdilli dövlətlərin əməkdaşlığı, bir-birinə olan dəstəyi hesabına hər bir dövlət öz milli maraqlarını daha da böyük dərəcədə qoruya biləcəkdir.

Bizim ölkələrimizi əlbəttə ki, siyasi maraqlar, iqtisadi sahədəki əməkdaşlıq bağlayır. Ancaq əməkdaşlığımızın təməlində ortaq tarix, tarixi köklər dayanır, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanı burada çox böyük rol oynayır. Ona görə, mən hesab edirəm ki, bugünkü mərasim bütün türk dünyasında gözəl əks-səda verəcəkdir.

Eyni zamanda, bu gün biz gözəl parkın - Dədə Qorqud parkının açılışını qeyd edirik. Yəqin ki, hamımız yaxşı xatırlayırıq, bu ərazi çox baxımsız vəziyyətə düşmüşdü. Burada böyük abadlıq işlərinə ehtiyac var idi. Bu parkın ərazisi genişləndirilmişdir, gözəl süni göl yaradılmışdır. Bu gölün sahəsi üç hektardır. Gəzinti zolaqları yaradılmışdır. Yəni, bu park Bakı sakinlərinin sərəncamına verilir və əminəm ki, bu, növbəti gözəl istirahət zonası olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, Ulu Öndərin Sərəncamı ilə Dədə Qorqud heykəlinin məhz bu parkda ucaldılması nəzərdə tutulmuşdur. Sadəcə olaraq, biz Ulu Öndərin siyasətinə sadiq qalaraq bu işləri başa çatdırdıq. Mən çox şadam ki, bu gün bu gözəl park və abidə açılır.

Bakı şəhəri artıq parklar, bağlar şəhərinə çevrilmişdir. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir və bizim bu sahədəki fəaliyyətimiz getdikcə genişlənəcəkdir. Bakıda yeni istirahət zonalarının yaradılması ilə bağlı planlarımız vardır. Onların bir hissəsi icra edilir, bir hissəsi icra edilmişdir.

Bakı nadir bir şəhərdir. Təkcə gözəlliyinə görə yox, ona görə ki, Bakıda bir neçə mərkəz vardır. Adətən, şəhərlərdə, hətta böyük şəhərlərdə bir, ya iki mərkəz olur, ancaq Bakıda bir neçə mərkəz vardır.

İçərişəhər Bakının mərkəzidir. Azadlıq Meydanı, Bulvar şəhərin mərkəzidir. Yeni Bulvar, tikilməkdə olan Ağ Şəhər Bulvarı, Heydər Əliyev Mərkəzi artıq şəhərin mərkəzinə çevrilmişdir. Heydər Əliyev Sarayının önündə və arxa hissəsində salınmış yeni parklar, - onların uzunluğu bir kilometrdən çoxdur, - mərkəzə çevrilmişdir. Yəni, bu, şəhərimizin xüsusiyyətidir. Əlbəttə, bu parkın açılması həm insanların istirahəti üçün yeni imkanlar yaradacaq, eyni zamanda, şəhərin bu hissəsinin abadlaşdırılmasına xidmət göstərəcəkdir. Biz gözəl şəhərimizin daha da gözəlləşdirilməsi işində bundan sonra daha böyük işlər görəcəyik.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan bu gün dünya miqyasında siyasi və iqtisadi mərkəzlərin birinə çevrilmişdir.

Yüksək səviyyəli çoxsaylı tədbirlərin, zirvə görüşlərinin, iqtisadi forumların, dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Forumunun Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizin siyasi və iqtisadi mərkəz kimi təqdim edilməsinə xidmət göstərir.

Eyni zamanda, Azərbaycan bu gün dünyanın humanitar mərkəzlərinin birinə çevrilmişdir. Ölkəmizdə keçirilən humanitar forumlar, Mədəniyyətlərarası Dialoq Forumunun iki toplantısı, digər tədbirlər Azərbaycanı artıq dünya miqyasında bir humanitar mərkəz kimi təqdim etmişdir. Bizim bu sahədəki rolumuz getdikcə artacaqdır. Çünki müasir, qloballaşan, ziddiyyətlə, toqquşmalarla dolu olan dünyada humanitar əməkdaşlığın əhəmiyyəti daha da artmalıdır. Azərbaycan bu sahədə nəinki bu tədbirlərə ev sahibliyi edir, eyni zamanda, öz təcrübəsini bölüşür, öz reallıqlarını ortaya qoyur və sübut edir ki, humanitar sahədə əməkdaşlıq təkcə humanitar sahə ilə məhdudlaşmır. Humanitar sahədə əməkdaşlıq dünyada gedən siyasi proseslərə müsbət təsir edir və etməlidir. Azərbaycanın siyasi konsepsiyası bu təməl üzərində qurulubdur - əməkdaşlıqdan maraqların təmin edilməsinə, qarşılıqlı yardımdan daha da dərin əməkdaşlığa. Bizim bu sahədə siyasətimiz yenə də demək istəyirəm ki, təkcə humanitar məsələlərlə məhdudlaşmır.

Əslində bütün dünya humanitar əsaslar üzərində qurulubdur. Bir daha demək istəyirəm ki, müasir, qloballaşan, böyük çətinliklərlə üzləşən dünyada humanitar əməkdaşlığın çox böyük mənası vardır. Ona görə mədəniyyət sahəsinə ayrılan diqqət, dövlət siyasəti hesab edirəm ki, xalqımız və dünya üçün lazımdır, vacibdir. Azərbaycan cəmiyyəti, əgər belə demək mümkündürsə, çox zəngin mədəni həyatı ilə yaşayır. Ölkəmizdə, Bakıda və bölgələrdə keçirilən çoxsaylı mədəni tədbirlər, festivallar, müsabiqələr artıq bir ənənəyə çevrilmişdir. Azərbaycana gələn qonaqlar dünyanın incəsənət və mədəniyyət elitasını təmsil edirlər, ölkəmizlə tanış olurlar, ölkəmizdən çox gözəl təəssüratlarla ayrılırlar. Bu da Azərbaycanın dünya miqyasında tanınmasında öz rolunu oynayır. Eyni zamanda, xaricdə, dünyanın aparıcı ölkələrində keçirilən Azərbaycan günləri bizim zəngin mədəniyyətimizi bir daha dünya birliyinə çatdırır. Dünyanın aparıcı şəhərlərində açılan Azərbaycan mədəniyyət mərkəzləri öz rolunu oynayır. Xaricdə Azərbaycan sərgilərinin keçirilməsi adi hala çevrilibdir. Yəni, mən hesab edirəm ki, mədəni, humanitar sahələrdə Azərbaycan böyük uğurlara imza atmışdır və cəmiyyətimizin normal, sağlam yaşaması üçün bu sahəyə daim böyük diqqət göstərilməlidir. Mən şadam ki, ölkəmizdə bu sahədə də Heydər Əliyev siyasəti davam etdirilir. Əminəm ki, biz gələcəkdə bu sahədə daha da böyük işlər görə biləcəyik.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Artıq Bakıda Dədə Qorqud parkı, Dədə Qorqud abidəsi vardır. Bir neçə dəqiqədən sonra biz hamımız bu abidənin açılışını qeyd edəcəyik.

Hər bir Azərbaycan vətəndaşına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06