NATO-nun baş katibi Anders Foq Rasmussenin bəyanatı
- Cənab Prezident.
Brüsselə bir daha xoş gəlmisiniz.
Bu gün keçirdiyimiz görüş NATO-nun və Sizin tərəfdaşlığımıza olan sadiqliyinizi əks etdirir. Bu, o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz, həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də “Çox sağ olun” deyirik.
Cənab Prezident, 2014-cü ildən sonra əfqan təhlükəsizlik qüvvələri üçün təlim keçirmək, məsləhətlər vermək və yardım etmək kimi Əfqanıstandakı yeni missiyamıza verəcəyiniz davamlı dəstəyə görə minnətdaram. Bu, Sizin Avratlantik təhlükəsizliyin dəstəklənməsinə açıq şəkildə sadiq olduğunuzu göstərir.
Bu gün biz NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə etdik. Biz siyasi dialoqumuzu, ocümlədən enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə kimi strateji məsələlərin müzakirəsini möhkəmləndirmək əzmindəyik. İslahatların davam etdirilməsi, həmçinin Azərbaycan üçün əhəmiyyətlidir. NATO Sizə yardımı davam etdirəcəkdir. İnanıram ki, biz tərəfdaşlığımızın bir çox sahələri üzrə dialoqumuzu və əməkdaşlığımızı dərinləşdirə bilərik.
Bu ay biz “Sülh naminə tərəfdaşlıq” Proqramımızın iyirminci ildönümünü qeyd edirik. Sülh naminə tərəfdaşlığımız demokratik dəyərlərə və prinsiplərə sadiqliyə əsaslanır. Azərbaycan əvvəldən bu proqramın güclü tərəfdarı olub.
Cənab Prezident, bizim dialoq və əməkdaşlıq üçün möhkəm çərçivəmiz vardır. Bu gün biz möhkəm və uzunmüddətli tərəfdaşlığımızı davam etdirmək barədə razılığa gəldik.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Çox sağ olun, cənab baş katib. Dəvətinizə görə minnətdaram. NATO-ya yenidən gəlməyimə və NATO ilə Azərbaycan arasında strateji dialoqa aid müzakirələrimizi davam etdirməyə çox şadam.
Bu, mənim NATO-nun mənzil-qərargahına artıq beşinci səfərimdir. Bu fakt əməkdaşlığımızın səviyyəsini göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına iyirmi il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb.
Eyni zamanda, cənab baş katib, Sizin 2012-ci ildə Azərbaycana etdiyiniz səfəri və apardığımız müzakirələri xatırlayıram. Bu gün əməkdaşlığımıza dair bir çox məsələlər ətrafında müzakirələrimizi davam etdirdik. Cənab baş katibin qeyd etdiyi kimi, biz Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində iştirakımıza aid məsələləri müzakirə etdik. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə sadiq qalacağıq. Bu gün məhvetmə gücünə malik olmayan malların demək olar ki, 40 faizi Əfqanıstana Azərbaycan ərazisi vasitəsilə aparılır. Azərbaycandan keçən marşrut ən etibarlı və təhlükəsiz marşrutdur. Bir sözlə, biz regionumuzda sülhü və sabitliyi təşviq etmək üçün səylərimizi davam etdirəcəyik.
Eyni zamanda, biz, həmçinin keçmişdə Kosovoda aparılan sülhməramlı əməliyyatlarda iştirak etmişik. Bizim NATO-nun sülhməramlı əməliyyatlarında iştirakımız əməkdaşlığımızın mühüm hissəsidir. Biz terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq edirik. Mən Silahlı Qüvvələrimizdə aparılan islahatlara NATO-nun verdiyi dəstəyə görə minnətdaram. Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılır. Biz, həmçinin NATO-nun yardımı, o cümlədən maliyyə dəstəyi ilə Azərbaycanda minalardan təmizlənmə layihələrini həyata keçiririk. Eyni zamanda, Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna öz töhfəsini verir. Biz artıq 1 milyon avro məbləğində maddi yardım göstərmişik və daha 1 milyon avro yardım göstərəcəyik. Bu gün bildirmək istəyirəm ki, biz Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna əlavə 1 milyon avro ayıracağıq. Biz bu addımı Əfqanıstanda sülh və təhlükəsizliyə verdiyimiz töhfə kimi qiymətləndiririk.
Eyni zamanda, biz Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin akademiyalarında, həmçinin Diplomatik Akademiyada əfqan hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, təlimlər və Əfqanıstanın yenidən qurulmasına göstərdiyimiz yardım Azərbaycanın verdiyi əlavə töhfə olacaqdır.
Biz bu gün, həmçinin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ermənistan ilə Azərbaycan arasında münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhlükədir. Biz münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə tezliklə nail olmalıyıq.
Bir aydan az müddət öncə Azərbaycan XXI əsrin layihəsi hesab oluna biləcək layihəyə imza atdı. Azərbaycan qazını istehlakçılara çatdıracaq nəqliyyat infrastrukturunun tikintisi bu yaxınlarda başlayacaqdır. Azərbaycan bu layihənin vaxtında həyata keçirilməsi üzrə təşəbbüsü irəli sürüb və məsuliyyəti öz üzərinə götürüb. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi və əməkdaşlığı layihəsi olacaq və Avropanın ən iri infrastruktur layihəsinə çevriləcəkdir. Bu layihə iştirakçı ölklərin və şirkətlərin əlavə əlaqələndirmə səylərini tələb edəcəkdir. Əlbəttə ki, biz bu layihəni vaxtında həyata keçirmək məqsədilə Azərbaycanın ən mühüm enerji infrastrukturunun qorunmasını təmin etməliyik.
Bir sözlə, NATO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir. Bu gün biz baş katiblə həmin əməkdaşlığın perspektivlərini, bunun hansı yollarla dərinləşdirilməsini və gələcək münasibətlərimizin yeni formalarını müzakirə etdik. Gələcəkdə biz NATO-nun daha yaxın və etibarlı tərəfdaşı olmaq istəyirik və əminəm ki, bu, belə də olacaqdır.
Sağ olun, cənab baş katib.