İlham Əliyevin və Avropa Komissiyasının Sədri Joze Manuel Barrozunun mətbuat üçün bəyanatları

14 iyun 2014, 13:15

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab sədr.

Hörmətli dostlar.

Azərbaycana xoş gəlmisiniz. Bu gün biz Azərbaycan və Avropa Komissiyası arasında inkişaf etməkdə olan münasibətləri müzakirə etdik. Yadımdadır, uç il bundan əvvəl elə bu salonda biz sənədlərin imzalanması mərasimi və mətbuat konfransı keçirdik və bununla da Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində fəal əməkdaşlığa başladığımız tarixi qeyd etdik.

Bu gün də əməkdaşlığımızın gələcək inkişafını təmin edən növbəti sənəd imzalandı. Əminəm ki, növbəti illərdə fəal əməkdaşlığımız davam edəcəkdir.

Əməkdaşlığımız çox müsbətdir və müxtəlif sahələri əhatə edir. Bu, Avropa Komissiyası sədrinin Azərbaycana ikinci səfəridir. Mən Avropa Komissiyasında beş dəfə səfərdə olmuşam. Bizim fəal dialoqumuz mövcuddur. Biz əməkdaşlığımızın bütün məsələlərini açıq və dostcasına müzakirə edirik.

Siyasi təmaslarımız çox güclü və müsbətdir, onların gözəl gələcəyi vardır. “Şərq tərəfdaşlığı” Sazişi isə onları daha da yüksək səviyyəyə qaldırmışdır.

Ümid edirəm ki, növbəti aylarda biz əməkdaşlığımızın yeni formatı üzərində fəal çalışacağıq. Bu gün biz bu potensial əməkdaşlıq formatını ətraflı müzakirə etdik. Ötən il Brüsseldə mətbuat konfransında qeyd etdiyim kimi, Azərbaycan Avropa İttifaqına mümkün qədər yaxın olmaq arzusundadır və bu gün bunu bir daha təkrar etmək istəyirəm. Çünki bu, bizim üçün strateji mahiyyəti olan məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır.

Bu günə qədər görülən işlər müsbət əməkdaşlığın nümunəsidir. Çünki bizim əlaqələr müxtəlif sahələri əhatə edir. Bu gün biz Azərbaycanda siyasi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı vəziyyəti müzakirə etdik. Fundamental azadlıqların təmin edilməsi hökumətimizin başlıca prioritetlərindəndir. Çünki biz ölkəmizin müasirləşməsini həyatımızın bütün sahələrinin müasirləşməsi ilə bağlayırıq. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad internet mövcuddur. Cənab sədrə dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet istifadəçisidir. Ölkəmizdə toplaşmaq azadlığı, təşkilatlanma azadlığı tam şəkildə təmin olunur. Din azadlığı da ölkəmizdə təmin olunur. Azərbaycan çoxmədəniyyətli ölkə və cəmiyyətdir. Bizim ən böyük sərvətlərimizdən biri ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşamasıdır.

Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. İxrac haqqında danışsaq, bizim ixracın 80 faizi Avropa İttifaqının payına düşür. İqtisadi əməkdaşlığımızın böyük potensialı vardır. Xüsusilə, bu yaxınlarda Avropa istehsalçıları ilə enerji və qeyri-enerji sektorunu əhatə edən bir neçə milyard dollar həcmində müxtəlif mühüm sazişlər imzalanmışdır. Elə həmin səbəbdən yaxın zamanlarda iqtisadiyyat sahəsində daha böyük fəallıq olacağını düşünürəm.

Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini də müzakirə etdik. Təəssüflər olsun ki, danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmamışdır. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir. Yəni, onlar status-kvonun dəyişməsini istəmirlər.

Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçıları status-kvonun qəbuledilməz olması ilə bağlı bir necə dəfə bəyanatlar vermişlər, Ermənistan hələ də buna məhəl qoymur, vəziyyəti dondurmaq və status-kvonu saxlamaq üçün hər şeyi edir. Torpaqlarımız işğal altındadır. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi Ermənistanın nəzarətindədir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnaməsi hələ də icra olunmamışdır. Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər, lakin onların heç biri icra olunmamışdır.

Beləliklə, münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması regionumuz üçün mühüm əhəmiyyətli məsələdir. Bu münaqişənin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaqdır.

Təbii ki, bu gün biz Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığını da müzakirə etdik. Üç il bundan öncə Sədr Barrozu ilə biz burada enerji əməkdaşlığına dair tarixi Bəyannamə imzaladıq. Bunu artıq tarixi sənəd adlandırmaq olar, çünki həmin sənədin uğurlu icrasına başlanmışdır.

2012-ci ildə biz Türkiyə ilə Trans-Anadolu kəməri üzrə Saziş imzaladıq. 2013-cü ildə Trans-Adriatik kəməri ilə bağlı Saziş imzalandı və nəhayət, həmin ilin sonunda “Sahdəniz-2” ilə bağlı Yekun İnvestisiya Qərarı imzalandı. Bunlar Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin edəcəkdir.

Proses artıq başlanmışdır və biz bu nəhəng layihələri vaxtında icra etmək əzmindəyik. “Şahdəniz-2”, TANAP və TAP bu gün Avropanın ən iri infrastruktur layihələridir və dəyəri ən azı 45 milyard dollardır. Onların həyata keçirilməsi üçün bütün maliyyə və texniki imkanlarımız vardır. Biz bütün tərəfdaşlarımızla əməkdaşlıq edirik, eyni zamanda, tranzit və istehlakçı ölkələrlə çalışırıq. Əlbəttə ki, gələcəkdə bütün tərəflər və iştirakçılar arasında fəaliyyətin əlaqələndirilməsi istiqamətində Avropa Komissiyasının iştirakı bizim üçün çox vacib məsələdir və biz bunu yüksək qiymətləndiririk.

Bizim üçün enerji təhlükəsizliyi təchizat marşrutlarının şaxələndirilməsidirsə, Avropa üçün enerji təhlükəsizliyi mənbələrin saxələndirilməsi deməkdir. Azərbaycan Avropa üçün təkcə yeni marşrut deyil, eyni zamanda, təbii qazın yeni mənbəyidir. Bizim nəhəng ehtiyatlarımız var və mövcud infrastruktura yeni infrastruktur əlavə ediləcəkdir. Biz bu tarixi layihəni vaxtında həyata keçirmək əzmindəyik.

Əlaqələrimiz müxtəlif sahələri əhatə edir. Cənab sədrlə biz bu gün çox səmimi və acıq müzakirələr apardıq. Mən buna görə təşəkkür etmək istərdim. Bu, məhz belə də olmalıdır. Çünki biz gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən etməliyik, bizi yaxınlaşdıracaq növbəti addımları atmalıyıq. Onu da əlavə etmək istərdim ki, bizim Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti ilə gözəl münasibətlərimiz vardır. Bu da ümumi müsbət əməkdaşlıq mühitinə töhfə verir.
Cənab sədr, bir daha Sizi Azərbaycanda salamlayıram.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun bəyanatı

- Cənab Prezident, çox səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Bizim dialoqumuzun səviyyəsi və keyfiyyətinə, bir qədər əvvəl keçirdiyimiz çox acıq, səmimi və dost xarakterli müzakirəyə görə Sizə təşəkkür edirəm. Prezident İlham Əliyevin dəvəti ilə yenidən Azərbaycanda olmağımdan çox məmnunam. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bu, Avropa İttifaqının Azərbaycana və vacib ikitərəfli əlaqələrimizə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bundan əlavə, bu, mənim ölkənizlə bağlı şəxsi mövqeyimlə əlaqəlidir, çünki ölkənizin müasirləşməsi istiqamətində atılan addımlar məni valeh edir.

Mən sonuncu dəfə Azərbaycanda 2011-ci ildə olmuşam və üç ildən sonra burada böyük yeniliklərin şahidiyəm. Ölkəniz gündən-günə müasirləşir, eyni zamanda, ölkəniz özünün ənənələri və tarixi irsi ilə fəxr edir. Zənnimcə, bu, çox vacib bir məsələdir.

Biz Prezident Əliyevlə bir necə dəfə görüşmüşük - ötən il Brüsseldə və daha sonra “Şərq tərəfdaşlığı” Sammiti çərçivəsində Vilnüsdə. Artmaqda olan bu görüşlər və fikir mübadiləsi bizim möhkəmlənməkdə olan münasibətlərimizin göstəricisidir. Bu münasibətlər həm Azərbaycan xalqı, həm də Avropa İttifaqı vətəndaşlarının firavanlığı naminə inkişaf edəcəkdir. Biz bu gün ikitərəfli münasibətlərimizə dair və bir sıra regional məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Biz əlaqələrimizin gələcək inkişaf istiqamətlərinə toxunduq və qeyd etmək istərdim ki, Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır. Məsələn, biz enerji sahəsində strateji etibarlı tərəfdaş əldə etmişik. Biz bundan sonra da bu istiqamətdə demokratiya və birgə dəyərlər, xüsusilə də fundamental azadlıqlar üzərində qurulmuş uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindəyik. Mən Prezident Əliyevə açıq şəkildə bildirdim ki, çoxpartiyalı demokratiya, açıq cəmiyyət, açıq iqtisadiyyat davamlı sülh və sabitliyin əldə olunması üçün ən yaxşı vasitədir. Biz hesab edirik ki, çiçəklənən vətəndaş cəmiyyəti demokratiya üçün çox vacib məsələdir və uzunmüddətli sabitliyi təmin edir, müasir dövrdə dövlətlərin və cəmiyyətlərin müasirləşməsinin mühüm elementidir.

Burada olmağımın daha bir səbəbi yaratdığımız çox güclü enerji tərəfdaşlığıdır. Fəxr edirəm ki, bu tərəfdaşlığın təməli mən və Prezident Əliyev tərəfindən bir neçə il öncə məhz bu salonda qoyulmuşdur.

Azərbaycan bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. Məmnunam ki, biz “Cənub” qaz dəhlizi ilə bağlı irəliləyişi də müzakirə etdik. Mən və Prezident Əliyev bu sahədə bir neçə il ərzində çox fəal çalışmışıq və şadıq ki, biz artıq real addımların atılmasının şahidiyik.

Bu gün biz “Şahdəniz” qazının - Avropa istehlakçılarına nəql olunacaq qazın başlanğıc nöqtəsi olan Səngəçal terminalına birlikdə səfər edəcəyik. Bu, ilk mərhələdə 2019-cu ildən etibarən əlavə 10 milyard kubmetr qazın Avropaya nəql edilməsi deməkdir və gələcəkdə qazın həcmi artacaqdır. Biz “Cənub” qaz dəhlizi layihəsinin sürətləndirilməsi və genişləndirilməsi məsələsinə də toxunduq və razılığa gəldik ki, qarşıdan gələn illər ərzində bu məsələ bizim qarşılıqlı prioritetimiz olacaqdır. Mən bu layihənin inkişafı ilə bağlı əlavə imkanların müzakirəsini nəzərdə tuturam.

Avropa İttifaqı “Cənub” qaz dəhlizinin uğurlu inkişafı ilə bağlı öz üzərinə düşənləri edəcəkdir. Bu, istehlakçılar və mənbələrin şaxələndirilməsi işində mühüm məsələdir. Eyni zamanda, bu, Avropa Komissiyası tərəfindən Şuraya təqdim edilmiş Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının tərkib hissəsidir. Həmin strategiya bu ayın 27-də Avropa İttifaqı Şurasında müzakirəyə çıxarılacaqdır.

Enerji əməkdaşlığına diqqət yönəltməyimin səbəbi odur ki, ötən illərdə bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Lakin Azərbaycan ilə Avropa İttifaqı arasında çox mühüm əməkdaşlığı nəzərə alsaq, biz yalnız enerji sahəsi ilə məhdudlaşmamalıyıq və münasibətlərimizin digər sahələrdə də genişləndirilməsi arzusundayıq. Yeri gəlmişkən, biz ticarət sahəsində də çox vacib tərəfdaşıq. Siyasi sahədə də dialoqumuz genişlənir və dərinləşir.

Dediklərimin konkret nümunəsi Azərbaycanın Avropa İttifaqının müxtəlif proqramlarında iştirakını təmin edəcək az öncə burada imzalanan Sazişdir. Bu, elm, təhsil, ətraf mühit və istehlak siyasəti, səhiyyə kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirəcəkdir.

Görüşümüzdə Prezident Əliyev təhsilin Azərbaycanın inkişafı və müasirləşməsi üçün nə dərəcədə əhəmiyyətli məsələ olduğunu diqqətə çatdırdı. Mən şadam ki, Azərbaycandan olan çoxsaylı alim və tələbələr Avropa İttifaqının təhsil ocaqlarında, elm mərkəzlərində çalışır və təhsil alırlar. Bu da çox ümidverici sahədir. Biz Azərbaycan ilə əlaqələri genişləndirmək arzusundayıq və bu mənada assosiativ üzvlüklə bağlı dəvətimiz qüvvədədir.

Eyni zamanda, biz anlayırıq və bunu açıq şəkildə müzakirə etdik ki, “Şərq tərəfdaşlığı” çərçivəsində vahid modelin bütün dövlətlərə şamil edilməsinə çalışmamalıyıq. Əminəm ki, əməkdaşlığımızın “Şərq tərəfdaşlığı” dəyərləri üzərində qurulması vacibdir və vaxt yetişib ki, əməkdaşlığımız konkret nəticələrlə ölçülsün. Prezident Əliyevlə belə bir razılığa gəldik ki, Strateji Müasirləşmə Tərəfdaşlığı sənədinin müzakirəsinə təkan verək və onu sürətləndirək. Ümid edirəm ki, bu danışıqlar yaxın aylarda başa çatacaqdır. Çox şad olardım ki, yaxın gələcəkdə Prezident Əliyev Brüsselə səfər etsin və həmin sənədi imzalasın. Bununla da bu, Sizin Brüsselə altıncı səfəriniz olacaq və futbol termini ilə desək, hesab 6:2 Sizin xeyrinizə olacaqdır.

Yeri gəlmişkən, çox məşhur bir Avropa komandasının dəstəklənməsi sahəsində Azərbaycanın gördüyü işlərə görə təbriklərimi çatdırıram. Bu, insanlar arasında təmasların qurulması üçün əlavə bir vasitəsidir, çünki futbol sərhəd tanımır və dünyanın hər yerindən olan insanları bir araya gətirir. Zənnimcə, bu, istər idman, istərsə də xalqlar arasında təmaslar üçün vacib məsələdir. Şadam ki, biz, eyni zamanda, mühüm ticarət tərəfdaşlarıyıq.

Çox şadam ki, 2013-cü ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 17,9 milyard avroya çatıb. Bu isə Azərbaycanın xarici ticarətinin 42 faizi deməkdir. Bu, ölkənizdə Avropa şirkətləri üçün geniş imkanların olduğunu göstərir. Prezident Əliyev burada çox düzgün qeyd etdi ki, Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlıqla yanaşı, ikitərəfli formatda üzv dövlətlərlə də uğurlu əməkdaşlıq mövcuddur. Biz üzv ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana tez-tez səfərə gəlməsini və yaxınlarda Prezident Əliyevin Avropa İttifaqına üzv dövlətlərə nəzərdə tutulmuş səfərini alqışlayırıq.

Eyni zamanda, qeyd etmək lazımdır ki, bizim əməkdaşlığımız hökumətlər və dövlət qurumları arasında əməkdaşlıqla məhdudlaşmır. Biz xalqlarımızı və cəmiyyətlərimizi bir araya gətirmək üçün çalışırıq və Prezident Əliyev Avropa Komissiyasına səfər edərkən Azərbaycan və Avropa İttifaqının mümkün qədər yaxın olması arzusunu ifadə etmişdi.

Biz bu yaxınlarda viza sadələşdirilməsi və readmissiya Sazişini imzaladıq. Ümid edirəm ki, bu saziş Azərbaycan və Avropa İttifaqı arasında gediş-gəlişi sadələşdirəcəkdir. Açıq səma Sazişi də bu sahədə öz töhfəsini verə bilər.

Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Avropa İttifaqının qənaətinə görə bu münaqişənin ədalətli həlli olmadan Cənubi Qafqazda sülh və sabitlik bərqərar olmayacaqdır. Status-kvo davamlı deyildir. Biz ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını və irəliləyişin əldə edilməsi çağırışlarını dəstəkləyirik. Mən bu münaqişənin həllində Avropa İttifaqının münaqişə tərəflərinin mövqelərinin yaxınlaşdırılmasında konstruktiv rol oynamağa hazır olduğunu Prezident Əliyevin diqqətinə çatdırdım. Bundan əlavə, biz Ukrayna kimi qlobal və regional əhəmiyyətli məsələləri müzakirə etdik.

Cənab Prezident, Azərbaycan bizim üçün çox yaxın tərəfdaşdır və biz artıq enerji sahəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişik. Ümid edirəm ki, Sizin rəhbərliyiniz və dəstəyiniz sayəsində biz yaxın zamanlarda Strateji Modernləşmə Tərəfdaşlığı Sazişini imzalayacağıq ki, bu da qeyd etdiyimiz kimi, Azərbaycanı Avropa İttifaqına mümkün qədər yaxınlaşdıracaqdır. Qeyd edə bilərəm ki, aramızda yüksək səviyyəli strateji etibar da mövcuddur.

Biz Azərbaycanın beynəlxalq müstəvidə qlobal sülh və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə tutduğu mövqeyə görə də minnətdarlığımızı ifadə edirik. Burada biz görürük ki, Azərbaycan və Avropa İttifaqının mövqeləri bir-birinə çox yaxındır. Bu səbəbdən biz əməkdaşlığı inkişaf etdirmək arzusundayıq. Təbii ki, bu əməkdaşlıq demokratiya və qanunun aliliyi kimi birgə dəyərlər üzərində qurulmalıdır.

Əminəm ki, bugünkü görüşümüz ikitərəfli münasibətlərimizi möhkəmləndirdi. Avropa İttifaqı olaraq biz Azərbaycan ilə açıq, səmərəli əməkdaşlığı dərinləşdirmək niyyətindəyik, siyasi, iqtisadi və sosial müasirləşmə kimi strateji əhəmiyyətli məsələlərdə Azərbaycana dəstək verməyə hazırıq. Hesab edirik ki, bu, eyni zamanda, Avropa İttifaqının marağındadır və həmin səbəbdən bu əməkdaşlığı inkişaf etdiririk. Diqqətinizə görə təşəkkür edirəm.

SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19