İlham Əliyevin və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat üçün bəyanatları

03 sentyabr 2014, 14:20

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

İlk növbədə, əziz qardaşım, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük önəm veririk. Çox şadıq ki, andiçmə mərasimindən bir həftə keçməmiş Siz Azərbaycana, doğma Vətənə səfər edirsiniz. Fürsətdən istifadə edərək, bir daha Sizi prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə ürəkdən təbrik etmək və yeni uğurlar diləmək istəyirəm.

Bu gün biz ikitərəfli görüşümüzdə, eyni zamanda, heyətlərlə birgə görüşümüzdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulubdur. Bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını bu möhkəm təməl üzərində inşa edirik.

Siyasi əlaqələr gündən-günə genişlənir. Biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır. Fürsətdən istifadə edərək, Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün çox önəmlidir. Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ bu gün də müzakirə edildi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır, 20 faiz torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali qurumu bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və münaqişə hələ ki, öz həllini tapmayıb. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaq.

Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq qurumlarda daim Türkiyənin yanındadır. Bu gün, eyni zamanda, biz gələn il Ermənistanda qeyd ediləcək qondarma, sözdə “soyqırımı” ilə bağlı fikirlərimizi bölüşmüşük. Türkiyə ilə Azərbaycan həm xarici işlər nazirləri, həm səfirliklər səviyyəsində birgə fəaliyyət göstərir və göstərəcəklər. Diaspor təşkilatlarımız da, ictimai təşkilatlar da bu işlərdə birgə fəaliyyət göstərir və göstərəcəklər ki, biz dünyada qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş şəkildə aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç bir tarixi əsası yoxdur. Bu, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın olan ölkələrlə birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik.

Təbii ki, bu gün əməkdaşlığımızın müxtəlif istiqamətləri müzakirə edildi. Eyni zamanda, müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlıq və onun perspektivləri müzakirə edildi. Burada da çox böyük potensial var. Hər zaman olduğu kimi, bizi birləşdirən enerji layihələri də müzakirə mövzusu oldu. İki il bundan əvvəl TANAP layihəsinə əziz qardaşımla imza atanda biz təxminən görürdük ki, bu, nəyə gətirib çıxaracaq. Bizim əsərimiz olan TANAP layihəsi bu gün dünyanın diqqətini cəlb edir. Artıq bizim qruplarımız, komandalarımız işə başlamışlar. Əminəm ki, bu tarixi layihə vaxtında icra ediləcəkdir. Ondan əvvəlki dövrlərdə də enerji məsələlərində biz daim bir yerdə idik. TANAP layihəsi əlbəttə ki, daha da geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir. Çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı daha da çoxdur. Əminəm ki, biz bu layihəni də birgə səylərlə, müştərək iradə ilə uğurla icra edəcəyik.

Bu gün, eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Bu, bizim əlaqələrimizdə bir növ yenilikdir. Çünki məhz son illərdə həm Türkiyədən, həm Azərbaycandan qarşılıqlı qaydada investisiyalar böyük həcmdə qoyulur. Yaxın 5-6 ildə Türkiyəyə daha da böyük həcmdə Azərbaycan investisiyaları qoyulacaqdır, təxminən 17-20 milyard dollar arasındadır. Mən çox şadam ki, Türkiyə tərəfi bizim enerji layihələrimizdə öz payını artırır. “Şahdəniz”də öz payını artırıbdır, TANAP layihəsində böyük paya sahib olubdur. Bu da Azərbaycana yatırılan Türkiyə investisiyalarıdır. Eyni zamanda, bu layihələrin icrası ilə bağlı yeni gözəl imkanlar yaranır. Çünki bu böyük enerji layihələrinin əsas iştirakçıları Türkiyə və Azərbaycandır. Bu, belə də olmalıdır. Bu gün bizim birliyimiz artıq dünya çapında bir amildir və Türkiyə nə qədər güclü olsa, biz də o qədər özümüzü güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Mən əminəm ki, bizim qardaşlıq əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

Əziz qardaşım, Sizi bir daha ürəkdən salamlayıram və bütün türk xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram. Sağ olun.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Bəli, mən də çox təşəkkür edirəm. Avqustun 28-də inauqurasiya mərasimindən dərhal sonra, növbəti həftədə Azərbaycana etdiyim bu səfər çərçivəsində hörmətli qardaşım İlham Əliyev ilə istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərimizdə iqtisadi, ticari, mədəniyyət, təhsil və xarici siyasətlə əlaqədar məsələləri geniş şəkildə dəyərləndirmə imkanımız oldu. Təbii ki, xarici siyasətdə qardaşlığımızın zirvəsi olan ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələni yenə də hər zaman olduğu kimi, gündəliyimizin ən mühüm maddəsi olaraq müzakirə etdik, dəyərləndirdik. Bu məsələ ilə bağlı bundan sonra atacağımız addımları yenə aramızda eyni şəkildə həm təkbətək, həm geniş tərkibdə keçirilən görüşlərdə müzakirə etdik.

Təbii ki, müzakirə etdiyimiz digər mühüm həssas məsələ enerji məsələsidir. Əlbəttə ki, enerji sahəsi ilə əlaqədar olaraq TANAP çox böyük əhəmiyyət kəsb edir. Türkiyədən Avropaya gedəcək bu enerji xətti xüsusilə çox böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycanın enerji sektorunda gücünü ortaya qoyması baxımından xüsusilə çox mühümdür. Bunu bir sülh xətti olması baxımından çox mühüm bir sərmayə olaraq görürəm. Bunun üçün də bu həmrəyliyimizin artıq son mərhələsinə gəldik. İnşallah, bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcəkdir. Yüksək səviyyəli rəsmilərin də iştirak edəcəyi təməlqoyma mərasimi ilə birlikdə bu addım atılacaqdır. İnşallah, qurğular da işə başlayacaq. Türkiyədə və Azərbaycanda görülməli işlərin böyük hissəsi tamamlanıb. Bununla bərabər, artıq proses sürətlənərək, inşallah, davam edəcək. Təbii ki, bu həmrəyliyimizin ardından müvafiq sektorlarda - həm inşaat, həm boru sənayesi sahələrində canlanma meydana gələcək.

Azərbaycanın xüsusilə son illərdəki dinamik inkişafı, Azərbaycandakı infrastrukturun inkişafı həqiqətən dünyanın da heyranlıqla izlədiyi bir prosesdir. Burada hörmətli qardaşımın və komandasının iradəsinin həqiqətən çox böyük rolu var. Mən də istər on bir illik Baş nazirliyim müddətində, istərsə də bundan sonra, həmin gündən bu günə Azərbaycanın haradan haraya gəldiyini görməkdən məmnunam. Çünki qardaş Azərbaycandakı bu inkişaf bizi də xüsusilə məmnun edir. Əminəm ki, qardaşların güc qazanması gələcəyə nikbin baxmağımıza da inamı artırır. Ticarət sahəsində atacağımız addımlarda da müəyyən etdiyimiz hədəflərimiz var. İnşallah, bu hədəflərə də çatacağıq. 15 milyard dollarlıq bir hədəfimiz var və inşallah, bu hədəfə də çatacağıq. Hər iki tərəfdə bu iradənin olduğunu görürük, bilirik. Bu məsələdə heç bir tərəddüdümüz yoxdur.

Təbii ki, indi buradan NATO zirvəsinə gedəcəyik. NATO zirvəsində də, xüsusilə bu zirvə ilə bağlı keçmişdən bu günədək keçirilən bütün tədbirlərdə Azərbaycana verilmiş sözlər vardır. Bu sözləri təbii ki, orada da diqqətə çatdıracağıq. Bir qədər əvvəl digər ölkələrə verilən sözlər necə yerinə yetirilirsə, Azərbaycana verilən sözlərin də yerinə yetirilməsini orada da əlaqədar ölkələrdən istəyəcəyik. Bu, artıq bir ianə və bir lütf deyil, bir haqdır. Bunların yerinə yetirilməsi lazımdır. Bu məsələdə də qətiyyətimizi xüsusilə ifadə edəcəyik.

Azərbaycan ilə əməkdaşlıq edəcəyimiz bir çox sahələr vardır. Təbii ki, bu sahələrin sayı çoxdur. Bu məsələləri təkbətək və geniş tərkibdə görüşlərimizdə müzakirə etdik. Arzu edirəm ki, bu qardaşlığımız güclənərək həmrəylik içərisində gələcəyə doğru irəliləsin. Biz bunu bilirik- bir millət, iki dövlət. Bu, təbii ki, Ulu Öndərimizin bu günə bir mirasıdır. Bunun da eyni şəkildə davam etməsi lazımdır. Qoy bu birliyimiz bundan sonra da eyni qətiyyətlə davam etsin. Təşəkkür edirəm.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50