İlham Əliyev Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışında iştirak edib

29 sentyabr 2014, 12:40
İlham Əliyev Həştərxanda Heydər Əliyev Fondunun  təşəbbüsü ilə inşa edilmiş “Dostluq” uşaq  bağçasının açılışında iştirak edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışı olub.

Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Təntənəli mərasimdə çıxış edən tədbirin aparıcısı uşaq bağçasının istifadəyə verilməsini Həştərxanın həyatında əlamətdar hadisə adlandırdı.

Sonra Həştərxan vilayətinin qubernatoru Aleksandr JİLKİN tədbirdə çıxış edərək dedi:

- Çox hörmətli İlham Heydər oğlu.

Mənim əziz azərbaycanlı dostlarım, qardaşlarım.

Hörmətli həmkarlar.

Bu gün həqiqətən gözəl və əlamətdar bir gündür. Əvvəla, Həştərxan şəhəri qürur duyur ki, Xəzəryanı beş dövlətin prezidentləri buraya toplaşaraq çox mühüm bir tədbir - Sammit keçirirlər. Bu tədbirdə Xəzərin sahillərində məskunlaşan insanların - yüz milyondan çox əhalinin əcdadları kimi sülh, dostluq və bütün xalqlara ehtiram şəraitində yaşamaları üçün lazımi və düzgün qərarlar işlənib hazırlanır.

Mən qeyd etmək istəyirəm ki, məhz çox hörmətli İlham Heydər oğlunun şəxsi mövqeyi sayəsində Həştərxan şəhərində, Həştərxan vilayətində hazırda mövcud olan münasibətlər, Azərbaycan Respublikası tərəfindən burada həyata keçirilən konkret layihələr nəinki hörmət, həmçinin heyranlıq hissi doğurur. Bu, ölkəmiz ilə Azərbaycan Respublikası arasında praktiki olaraq həyata keçirilmiş konkret planların, bütün sazişlərin və liderlərimizin razılaşmalarının nümunəsidir.

Cənab İlham Heydər oğlu, mən bu cür münasibətə görə həştərxanlılar adından çox minnətdaram. İnanın mənə, həştərxanlılar da Azərbaycan xalqına, şəxsən Sizə eynilə bu cür hörmət və məhəbbət bəsləyirlər. Mən Sizin qarşınızda Heydər Əliyev Fonduna, Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm. Sizdə yaxşı mütəxəssislər, rəhbər işçilər var. Onlar bütün işləri vaxtında və keyfiyyətlə görüblər. Əlbəttə, belə münasibətlərin zəruriliyini təbliğ edən bütün diasporumuza da minnətdarlığımı bildirirəm.

Bu hədiyyəyə görə çox sağ olun. Qızım mənə deyir: “Ata, unutma ki, sənin kiçik nəvən bu bağçaya gedəcək”. Mən də deyirəm ki, onun bağçaya getməsi hələ tezdir. Amma əgər belə bir məqsədin varsa, deməli, gedəcək, çünki bu, çox gözəl bağçadır. Çox sağ olun.

Mən uşaq bağçasının müdirinə öz adımdan multimedia dəsti hədiyyə etmək istəyirəm. Çünki bu, ən mükəmməl uşaq bağçasıdır. Qoy burada uşaqlarımız da çox savadlı olsunlar. Çox sağ olun, İlham Heydər oğlu.

İcazə verin, protokoldan kənar da olsa, Xəzəryanı dövlətlərin Sammitinin keçirilməsi şərəfinə Sizin üçün hazırladığımız hədiyyəni göstərək. Bu, bir camdır. Qoy bu cam həmişə Azərbaycan xalqı üçün uğur və firavanlıqla dolu olsun. Camın üzərində Azərbaycan dilində yazılıb: “Sammitin keçirilməsi şərəfinə”. Çox sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli Aleksandr Aleksandroviç,

Hörmətli mer.

Əziz dostlar, hörmətli həştərxanlılar.

Demək istəyirəm ki, dost Həştərxan torpağında yenidən olmağıma şadam. Bu, Həştərxan vilayətinə mənim ilk səfərim deyil və deməliyəm ki, bu gün avtomobildə gələrkən mən Aleksandr Aleksandroviçi Həştərxan vilayətinin son illərdə qazandığı böyük uğurlar münasibətilə təbrik etdim. Şəhər həqiqətən dəyişir, daha gözəl, daha rahat olur, mənzillər, ticarət mərkəzləri, ictimai yerlər tikilir, parklar salınır. Bütün bunlar Həştərxan vilayətinin sürətli inkişafının göstəricisidir və əlbəttə, belə bir qubernatorun rəhbərliyi ilə başqa nəticələr gözləmək, yəqin ki, çətin olardı. Lakin biz dostlar, qonşular kimi həmişə bir-birimizin uğurlarına sevinirik. Buna görə əminəm ki, Aleksandr Aleksandroviçin mənimlə artıq bölüşdüyü planlar gerçəkləşəndə Həştərxan daha da gözəl olacaq.

Xəzəryanı dövlətlərin dörd il bundan əvvəl keçirdiyimiz Bakı Sammitindən sonra indi Həştərxanda keçirilməsi də, əlbəttə, bu şəhərin inkişaf səviyyəsinin göstəricisidir. Sammit Rusiya Federasiyasının istənilən başqa şəhərində keçirilə bilərdi, lakin məhz Həştərxan seçildi və biz buna çox şadıq. Əminəm ki, Xəzəryanı dövlətlərin bu gün qəbul edəcəyi qərarlar ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdıracaq. Biz buna çalışırıq, bunu istəyirik və əlbəttə, Bakı ilə Həştərxan arasında çoxəsrlik tarixə malik olan qədim əlaqələrin bu gün necə inkişaf etməsinə sevinirik.

Biz həm də sevinirik ki, Həştərxanda ölkəmizlə bağlı yerlər, Bakıda isə “Həştərxan-Bakı” Dostluq parkı var. Keçən dəfə həmin parkı Aleksandr Aleksandroviç açdı. Bu gün biz uşaq bağçasının açılışında iştirak edirik. O da bizim dostluğumuzun rəmzi olacaq. Təsadüfi deyil ki, uşaq bağçası “Drujba” adlandırılıb. Mənim fikrimcə, bu adın rəmzi mənası var, çünki bizim nəslimiz dostlar nəslidir, biz bir ölkədə yaşamışıq, bir-birimizi tanıyırıq, bir-birimizə hörmət edirik. Gərək gənclər də bir-biri ilə ünsiyyətdə olsunlar, kiçik yaşlarından uşaq bağçasında, sonra Heydər Əliyevin adını daşıyan məktəbdə dostluq etsinlər. Beləliklə, biz xalqlarımız, ölkələrimiz arasında dostluq münasibətlərinin varisliyini təmin edərik.

Bizi birləşdirən cəhətlər çoxdur – tarix də, bugünkü siyasi proseslər də Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha sıx olmasını tələb edir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə, regionlar arasında münasibətlərə görə şadıq və bugünkü mərasim bizi bir-birimizə bağlayan münasibətlərin səmimiliyinin və dərinliyinin daha bir göstəricisidir.

Bu əlamətdar hadisə münasibətilə həştərxanlıları, bizim hamımızı, Həştərxanın dostlarını bir daha təbrik edirəm və arzu edirəm ki, uşaqlar burada özlərini rahat hiss etsinlər, öz ölkəsinin layiqli vətəndaşları kimi böyüsünlər. Sağ olun.

X X X

Daha sonra bağçanın açılışı oldu.

Azərbaycan Prezidenti İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bağçanın rəmzi açılışını bildirən lenti kəsdilər.

Binanın foyesində ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, dövlətimizin başçısı İlham Əliyevin Həştərxana səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə görülən işləri əks etdirən fotostend yaradılıb.

Bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub.

Prezident İlham Əliyevə məlumat verildi ki, 140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.

Dövlətimizin başçısı balacaların ifasında rəqsə baxdı.

Bağça ilə tanışlıqdan sonra dövlətimizin başçısı İlham Əliyev Həştərxanda yaşayan azərbaycanlılarla xatirə şəkli çəkdirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49