Azərbaycan və Latviya prezidentlərinin birgə mətbuat konfransı olmuşdur

17 yanvar 2011, 16:10
Azərbaycan və Latviya prezidentlərinin birgə mətbuat konfransı olmuşdur

Riqada Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin birgə mətbuat konfransı olmuşdur.

Dövlət başçıları əvvəlcə birgə bəyanatla çıxış etdilər.

Latviya Prezidenti Valdis Zatlersin bəyanatı

- Mən dostum, Azərbaycan Prezidenti İlham Əliyevi burada, Riqada salamlamağa çox şadam. Biz burada çox gözəl mühitdə və xoş niyyətlərlə ölkələrimizin iqtisadi və mədəni əməkdaşlığını inkişaf etdirmək əzmindəyik.

İki ölkənin münasibətləri çox müsbət inkişaf edir. Məsələn, biz bu iqtisadi tənəzzül illərinə baxsaq görərik ki, Azərbaycan ilə Latviyanın iqtisadi əməkdaşlığının həcmi 10 faiz artıb. Bugünkü biznes forum və mənim Bakıya səfərim zamanı keçirilən biznes forum iqtisadi əməkdaşlığımızın daha da sıx olması üçün atılan növbəti addımlardır. Bu gün Azərbaycan-Latviya İşgüzar Şurası yaranacaqdır. Yəni, ölkələrimiz arasında əlaqələri təkcə dövlət başçıları və hökumətlər deyil, həm də iş adamları möhkəmləndirəcəklər.

Biz gələcəyə baxarkən ikitərəfli əlaqələrimizi möhkəmləndirmək və Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa dəstək vermək üçün “Şərq tərəfdaşlığı” layihəsindən necə yararlanmağı da düşünürük. Burada bizim təhsil və məhz dövlət idarəçiliyində informasiya texnologiyaları sahələrində əməkdaşlığa dair çox yaxşı müzakirələrimiz olub. Biz sərhədlərin qorunmasında və gömrük məsələlərində necə əməkdaşlıq edə biləcəyimiz haqqında söhbət etdik.

Zənnimcə, “Şərq tərəfdaşlığı”nın müvəffəqiyyəti üçün olduqca əhəmiyyətlidir ki, Azərbaycan bu tərəfdaşlığı, onun mahiyyətini necə gördüyünü və Latviyanın Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafına hansı töhfə verə biləcəyini dəqiq desin.

Əlbəttə, biz energetika məsələlərinə də toxunduq. Çünki Azərbaycan enerji ehtiyatlarının Avropaya çatdırılmasında mühüm rol oynayır. Gələcəkdə biz - hər iki tərəf bu rolun artması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Bir sözlə, müzakirə edilən məsələlər çox idi. Sonra isə mən sizin birbaşa, konkret suallarınıza cavab verəcəyəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə qeyd etmək istəyirəm ki, yenidən dost Latviyada olmağımdan çox məmnunam. Cənab Prezident, məni Latviyaya dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, mənim səfərim Latviya-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Cənab Prezident, biz Sizin 2009-cu ildə Azərbaycana səfərinizi xatırlayırıq və o səfər zamanı əldə edilmiş razılaşmalar uğurla icra edilir. Əminəm ki, bu gün imzalanmış vacib sənədlər gələcək illərdə də münasibətlərimizi müəyyən edəcəkdir. Mən imzalanmış sənədlərin arasında Birgə Bəyannaməni xüsusilə vurğulamaq istəyirəm. Bu Bəyannamə çox ciddi bir sənəddir və orada gələcək əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıbdır.

Artıq Latviya Prezidenti bu gün müzakirə edilmiş məsələlər haqqında məlumat verdi, onu təkrarlamaq istəmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, həm siyasi, həm iqtisadi, həm mədəniyyət sahəsində gələcək əməkdaşlıq üçün çox gözəl perspektivlər vardır. Ölkələrimiz dost ölkələrdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Ümid edirəm ki, iqtisadi sahədə görüləcək işlər iqtisadi münasibətlərimizi də siyasi münasibətlərin səviyyəsinə qaldıracaqdır.

Bu məqsədlər üçün bu gün keçiriləcək biznes forum çox böyük əhəmiyyətə malikdir. Azərbaycandan Latviyaya mənimlə bərabər 50-dən çox iş adamı gəlmişdir ki, öz həmkarları ilə gələcək planlar haqqında fikir mübadiləsi aparsın.

Enerji məsələlərinə gəldikdə, Azərbaycan Avropa İttifaqı ilə bu sahədə çox uğurlu əməkdaşlıq edir. Bu ayın 13-də Bakıda Avropa Komissiyasının sədri cənab Barrozunun səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələlərinə dair Birgə Bəyannamə imzalanmışdır. Bu Bəyannamə gələcək əməkdaşlığımızın istiqamətlərini müəyyən edir. Əminəm ki, Bəyannamədə nəzərdə tutulmuş məsələlər 2011-ci ildə icra edilməyə başlanacaqdır. Azərbaycanın zəngin neft-qaz ehtiyatları dünya bazarlarına müxtəlif yollarla nəql edilir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verməyə hazırdır.

Bu gün eyni zamanda, biz regional məsələlər haqqında fikir mübadiləsi apardıq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların son mərhələsi haqqında Prezident Zatlersə məlumat verdim. Bu məsələ uzun illərdir ki, öz həllini gözləyir. Məsələ isə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və başqa təşkilatların ədalətli qətnamələri və qərarları əsasında öz həllini tapmalıdır.

“Şərq tərəfdaşlığı” proqramına gəldikdə isə, Azərbaycan bu proqramın icrasına çox böyük ümidlərlə baxır. Əminəm ki, bu proqramın icrası bizi Avropa ilə daha da yaxınlaşdıracaqdır. Sağ olun.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

- Sual hər iki ölkənin liderlərinədir. Burada artıq iqtisadi əməkdaşlıq imkanları məsələsi səslənib. Konkret sahələri qeyd etmək olar və Azərbaycan yüklərinin Riqa limanına cəlb edilməsi layihəsi barədə ətraflı məlumat verə bilərsinizmi?

Valdis ZATLERS: -İqtisadi əməkdaşlığın istiqamətləri kifayət qədər çoxdur. Biz adət etmişik ki, Latviya öz qida məhsullarını ixrac edir və onlar bir çox ölkədə, o cümlədən Azərbaycanda yüksək dəyərləndirilir. Azərbaycanın özəl şirkətləri və dövlət müəssisələri üçün Latviyanın informasiya texnologiyaları layihələrinin ixrac imkanlarına da böyük maraq vardır. Biz, həmçinin təhsil sahəsində əməkdaşlıq imkanları barədə danışdıq. Çünki təhsil də bir növ ixrac məhsuludur. Biz Azərbaycanın və Latviyanın qarşılıqlı maraqlarını müzakirə etdik. Nəqliyyat, energetika haqqında danışdıq.

Bilirsiniz, biznes forum daha çox imkan nümayiş etdirəcəkdir. Mənim “Dillər sahili” layihəsindən çox xoşum gəlir. Bu, rəqəmsal formatda hazırlana biləcək tərcümələr layihəsidir. Bu, azsaylı xalqlar üçün öz dilindən istifadə edərək internet mühitinə daha yaxşı çıxış əldə etmək, tərcümə etmək, bir-birini anlamaq imkanıdır. Bir sözlə, imkanlar çoxdur, çünki həm Latviya, həm Azərbaycan əməkdaşlıq və iqtisadiyyatın modernləşdirilməsi yolu ilə addımlayır.

İlham ƏLİYEV: -Etiraf etməliyəm ki, iqtisadi sahədə aramızdakı əlaqələr siyasi əlaqələrin səviyyəsinə hələ ki, qalxmayıbdır. Əminəm ki, görüləcək tədbirlər nəticəsində biz bu sahədə də yaxşı nəticələri görəcəyik. Mən perspektivli sahələr arasında, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarını qeyd etmək istərdim. Azərbaycan bu istiqamətə çox böyük önəm verir və bilirəm ki, Latviyada da bu sahədə böyük işlər görülübdür.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı perspektivləri ola bilər. Biz energetika sahəsində qarşılıqlı sərmayələrin qoyuluşu məsələlərinə daha da diqqətlə baxmalıyıq. Bu gün Azərbaycan şirkətləri artıq öz kapitalını xarici bazarlara yönəldirlər. Biz xaricə böyük həcmdə ölçülən sərmayə qoyuruq. Bu gün keçiriləcək biznes forumda iştirak edəcək şirkətlər Azərbaycanın aparıcı şirkətləridir. Bu şirkətlərin böyük təcrübəsi və artıq böyük maliyyə imkanları vardır.

Mən hesab edirəm ki, bu məsələlər mövcud olan birgə hökumətlərarası komissiyasının iclasları zamanı daha da hərtərəfli və səmərəli qaydada müzakirə oluna bilər. Komissiyanın növbəti iclası bir neçə aydan sonra Riqada keçiriləcəkdir. Hesab edirəm ki, bütün təkliflər orada təhlil ediləcək və biz gələcəkdə iqtisadi əlaqələrimizi konkret proqram əsasında quracağıq.

Valdis ZATLERS: - Biznes forumun nə dərəcədə populyar olduğunu daha yaxşı anlamaq üçün bildirim ki, Latviya tərəfindən bu tədbirdə 250-dən çox iş adamı iştirak edir.

- Mənim sualım hər iki prezidentədir. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunun perspektivlərini necə dəyərləndirirsiniz? Sağ olun.

İlham ƏLİYEV: - Mən çıxışımda qeyd etdim ki, bu sahə perspektivli ola bilər və biz Latviya şirkətlərinin investisiyalarını alqışlayırıq. Ümid edirəm ki, bu investisiyalar Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində mühüm rol oynayacaqdır. Biz bu gün Azərbaycanda iqtisadiyyatın bütün istiqamətlərinə böyük əhəmiyyət veririk. Biz elə etməliyik ki, iqtisadiyyatımızın neft-qaz sektorundan asılılığı minimum səviyyəyə endirilsin və buna artıq nail oluruq. İqtisadiyyatımızın şaxələndirilməsi üçün investisiyaların cəlb olunması bizim üçün çox vacibdir.

Qeyd etməliyəm ki, təkcə 2010-cu ildə Azərbaycan iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur. Onun 9,3 milyardı daxili sərmayədir, qalanı isə xarici investisiyalardır. Bizdə çox gözəl investisiya mühiti yaradılıbdır. Xarici şirkətlərin sərmayəsi lazımi səviyyədə qorunur. Azərbaycan şirkətləri artıq xarici bazarlara sərmayə qoyuluşuna başlamışlar. Bu sərmayələr artıq bir neçə milyard dolları ötüb keçib və əlbəttə ki, bizə dost ölkə olan Latviyada investisiya imkanlarını araşdırmaq bizim üçün çox maraqlı ola bilər. Hesab edirəm ki, bu gün keçiriləcək biznes forum bu məsələnin həlli üçün də öz rolunu oynamalıdır.

Valdis ZATLERS: - Gələcək iqtisadi əməkdaşlığın əsasını birmənalı olaraq investisiyalar təşkil edir. Hər iki tərəfin Latviyaya və Azərbaycana sərmayə qoymaqda maraqlı olduğunu nəzərə alsaq, biz iyirmi ildən sonra görüşə bilərik və müsbət nəticəni görəcəyik ki, ticarət dövriyyəmiz daha da çoxdur, ölkələrimizin iqtisadiyyatları qarşılıqlı qaydada bir-biri ilə daha çox bağlıdır və bir-birini tamamlayır.

- Cənab Prezident Əliyev, Siz sədr Barrozunu və imzalanmış sənədi xatırlatdınız. Avropa üçün enerji təchizatçısı olmaq və bunu xüsusən də Rusiyadan kənardan keçən boru kəməri vasitəsilə etməkdə Azərbaycanın sadiqliyi nə dərəcədə ciddidir?

İlham ƏLİYEV: -Biz enerji layihəmizi 1990-cı illərin ortalarından başladıq. Azərbaycan Xəzər dənizində işləmək üçün xarici neft şirkətlərini dəvət edən ilk ölkə oldu. Buna görə, enerji layihələrimizin tarixi 15-16 ildən əvvəlki dövrə təsadüf edir. Biz bu günə qədər neft və qazımızı beynəlxalq bazarlara nəql etmək məqsədilə bütün zəruri infrastruktur layihələrini həyata keçirə bildik. Hazırda Azərbaycan neft və qazını müxtəlif istiqamətlərdə nəql edən üç neft və dörd qaz boru kəmərinə malikik. Hasilat həcminə gəldikdə, ötən il Azərbaycanda 50 milyon tondan artıq neft və təxminən 30 milyard kubmetr qaz hasil edilmişdir. Bu həcmin əksər hissəsi ixrac edilmişdir. Bu gün biz qonşularımızı təbii qazla təchiz edirik. Bizim Türkiyə, Gürcüstan, Rusiya və İranla müqavilələrimiz vardır. Biz hasilat və imkanlarımızı, əlbəttə ki, ixrac qabiliyyətimizi artırmaq istəyirik. Buna görə, biz hər iki istiqamətdə çalışmalıyıq. Birincisi, artıq işlədiyimiz bazarlara qaz təchizatını artırmaq, - mən həmin ölkələri qeyd etdim, - ikincisi isə, yeni bazarları tapmaq nəzərdə tutulur. Bu halda, biz Avropa ölkələrinin və Avropa İttifaqının olduqca ciddi yanaşmasını görürük. Həmin ciddi yanaşma öncə qeyd etdiyim kimi, Bakıda bir neçə gün əvvəl sədr Barrozunun və mənim imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmışdır.

Bizim nəhəng qaz ehtiyatlarımız vardır. Onların həcmi trilyonlarla kubmetrlə ölçülür. Biz artıq müasir və olduqca effektiv şaxələndirilmiş infrastruktura – qaz boru kəmərlərinə malikik. Avropada isə daha çox qaza ehtiyacı olan böyük bazarımız vardır. Bizim üçün söhbət kimdənsə yan və ya kənar keçməkdən getmir. Öz enerji strategiyamızda biz heç vaxt heç kimə qarşı çıxış etməmişik. Bizim üçün ən vacibi odur ki, qaz potensialımızı tam şəkildə həyata keçirək. Qaz hasilatımız ən azı iki dəfə artırıla bilər. Buna görə, əlbəttə ki, bizə bazarlar lazımdır. Qazımıza ehtiyac duyan bazarlar, rəqabətcil, açıq, qanunvericiliklə tənzimlənən və uzunmüddətli bazarlar lazımdır. Bu baxımdan, hesab edirəm ki, Avropa istehlakçılarının və Azərbaycanın maraqları üst-üstə düşür. Hazırda isə, istehlakçılar, hasilatçılar və əlbəttə ki, tranzit ölkələrin maraqlarını təmin etmək üçün uzunmüddətli perspektivdə birgə işləmək üzərində düşünmək vaxtı yetişib.

- Mənim də sualım hər iki prezidentədir. Azərbaycan ilə Latviya arasında əlaqələrin regional iqtisadi əməkdaşlıq baxımından əhəmiyyəti barədə nə deyə bilərsiniz? Təşəkkür edirəm.

Valdis ZATLERS: - Latviyanı birmənalı olaraq Avropa İttifaqı ölkəsi kimi dəyərləndirmək lazımdır. Ticarət dövriyyəmizin 70 faizi Avropa İttifaqı ilə bağlıdır. Azərbaycanla ikitərəfli iqtisadi münasibətləri inkişaf etdirərkən biz, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi münasibətlərinə dəstək vermiş oluruq və əksinə. Biz Qafqaz regionunda böyük iqtisadi inteqrasiyanı görmək istəyirik. Biz hər bir ölkə ilə ikitərəfli münasibətlərin formalaşdırılması hesabına regionun ümumi iqtisadi əməkdaşlığını dəstəkləyəcəyik. Bu gün iqtisadiyyat qlobaldır. Biz daha “biz – sizə, siz – bizə” deyə bilmərik. Bunun həmişə regional, bir çox halda isə, həmçinin qlobal konteksti olub.

İlham ƏLİYEV: -Mən qeyd etmək istəyirəm ki, iqtisadi sahədə görüləcək işlər çoxdur. İki tərəfin bu məsələlərin həlli üçün böyük marağı vardır. Baxmayaraq ki, iki ölkə arasında iqtisadi sahədə müəyyən qədər canlanma vardır və ticarət dövriyyəsi artır. Hələ ki, bu, bizim potensiallarımızı əks etdirmir. Əlbəttə ki, həm ikitərəfli formatda Latviya-Azərbaycan iqtisadi əlaqələri bizim üçün vacibdir, həm də Latviya Avropa İttifaqının üzvü kimi Azərbaycan üçün çox cəlbedici ölkədir. Ən önəmlisi ondan ibarətdir ki, hər iki tərəfdə qarşılıqlı və çox güclü siyasi iradə vardır, ölkələrimiz dost ölkələrdir. Qeyd etdiyim kimi, siyasi əlaqələr mütəmadi qaydada öz əksini tapır. Belə olan halda biz maksimum dərəcədə iki ölkənin iqtisadi potensialını aşkarlamalıyıq, bir-birimizə təqdim etməliyik. Beləliklə, uzunmüddətli və çox uğurlu iqtisadi əməkdaşlığa nail olmalıyıq ki, bu da özlüyündə siyasi əlaqələrin inkişafı üçün mühüm töhfəsini verəcəkdir. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12