İlham Əliyev xalq artisti Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüb

04 fevral 2015, 17:25
İlham Əliyev xalq artisti Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüb

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.

Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sizin hamınızı görməyimə şadam. Azərbaycana xoş gəlmisiniz. Əksəriyyətinizlə çoxdan tanışam, bəzi qonaqları ilk dəfədir görürəm. Ümidvaram ki, Bakı sizdə xoş xatirələr doğuracaq. Siz buraya bizim əziz Polad Bülbüloğlunun yubiley tədbirlərində iştirak etmək üçün onun yaxın dostları kimi gəlmisiniz. Bu, çox dəyərlidir. Ona görə ki, onilliklərlə davam edən dostluğunuz həmişə hamıya gözəl nümunədir. Bu, xoş münasibətləri qurmaq, qiymətləndirmək və dostluğu ömür boyu davam etdirmək nümunəsidir. Mən çox şadam ki, Polad Bülbüloğlu öz yubileyini Vətənində, dostları və yaxınlarının əhatəsində qeyd edir. Bu da bizim üçün, Bakı üçün xüsusi ab-hava yaradır. Düşünürəm ki, belə bir yubiley günündə bizim görüşümüz böyük əhəmiyyət kəsb edir.

Qeyd etdiyim kimi, mən burada iştirak edənlərin əksəriyyətini tanıyıram, bəzilərini isə ilk dəfədir görürəm. Amma düşünürəm ki, bizim münasibətlərimiz həm ənənəvi, həm də yeni tanışlıqla davam edəcək. Hər dəfə Rusiyadan bizə mədəniyyət və yaradıcılıq kollektivlərindən ibarət nümayəndə heyəti gələndə mühüm məsələləri, qarşılıqlı fəaliyyəti, o cümlədən də humanitar mövzuları müzakirə etmək üçün yaxşı imkanlar yaranır. Amma bu gün bizim mövzumuz bir qədər başqadır. Biləndə ki, Rusiyadan çoxlu qonaqlarımız gələcək, mənə çox xoş oldu.

Bizi Polad Bülbüloğlu ilə 40 ildən artıqdır ki, dostluq əlaqələri birləşdirir. Demək olar ki, 40 ildir bir-birimizi tanıyırıq. O vaxtlar mən yeniyetmə idim, Polad Bülbüloğlu isə məşhur müğənni və bəstəkar idi. Mənim valideynlərim Polada səmimi münasibət bəsləyirdilər. Mən də həmişə ona belə münasibət bəsləmişəm. Sonradan Moskvada təhsil aldığım illərdə onunla mütəmadi ünsiyyətdə olmuşuq. Bu dostluğu uzun illərdir ki, davam etdiririk. Dünən söhbətimizdə qeyd etdiyimiz kimi, növbəti yubileyə qədər də tez-tez görüşəcəyik. Bu, mənim Polad Bülbüloğluna təqdim etdiyim ilk mükafat deyil, 10 il əvvəl ona “İstiqlal” ordeni təqdim edilmişdi, bu gün isə “Şərəf” ordeni təqdim edilir.

Polad Bülbüloğlunun yaradıcılığı hamıya yaxşı məlumdur. Bildirmək istəyirəm ki, onun yaradıcılığının milli köklərə yaxınlığı, eyni zamanda, keçmiş Sovet İttifaqı respublikalarında rəğbətlə qarşılanması məni daim heyrətə gətirirdi. Ona görə də hesab edirəm ki, Polad Bülbüloğlunun yaradıcılığı xalq yaradıcılığıdır. Onun yaradıcılığının kökləri Azərbaycan tarixinin ən dərin izlərinə gedib çıxır. O, böyük sənətkarımız, Azərbaycan xalqının fəxri olan, xalqımızın tarixində görkəmli ifaçı və vətəndaş kimi qalan müğənni Bülbülün ailəsində anadan olub. Təbii ki, bu, onun yaradıcılığına təsir göstərib. Onun mahnıları keçmiş Sovet İttifaqı məkanında hitə çevrilib. Əvvəllər belə termin işlədilmirdi, amma indi bu termini işlətmək olar, bu mahnılar indiyə kimi yaşayır. Xüsusi qeyd etmək istəyirəm ki, o, ancaq özünün bəstələdiyi mahnıları oxuması ilə unikaldır. Bu da bir daha onun istedadının dərinliyini əks etdirir. O, həyatı boyu sevimli işi ilə məşğul olur. Əsas da elə budur: həm musiqiçi, həm ifaçı, həm də yaradıcı insan və bu gün də Azərbaycanın Rusiyadakı səfiri kimi. Şadam ki, o, bu sahədəki fəaliyyətinə də yaradıcı yanaşır və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün çox işlər görür. Azərbaycan dövləti, Azərbaycan xalqı adından onu yubiley münasibətilə bir daha təbrik etmək və yüksək mükafatı təqdim etmək istəyirəm.

X X X

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan “Şərəf” ordenini Polad Bülbüloğluna təqdim etdi.

X X X

SSRİ xalq artisti İosif KOBZON çıxış edərək dedi:

- Bilirsiniz, bu, bizim üçün nəinki Poladın bayramı, bu, həm də böyük dostluq bayramıdır. Siz, Poladı səciyyələndirərək, hamısını dediniz. Mən onu uzun illərdir ki, artist kimi tanıyıram.

Qonaq burada müxtəlif ölkələrin - Rusiya, Moldova, Özbəkistan, Qazaxıstan, Gürcüstan və Tacikistanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etməsindən böyük məmnuniyyət hissi keçirdiklərini vurğulayaraq bildirdi:

- Dünən biz Poladın çox gözəl baletinə tamaşa etdik. Artıq ikinci dəfədir ki, onun baletinə baxıram. Məndə belə bir duyğu yaranıb ki, bu musiqi dərin, milli köklərə söykənir. Bunu Sizin unudulmaz atanız da həmişə qeyd edirdi. Polad Azərbaycandan qidalanır. Onun üçün Azərbaycan mənbədir, anadır, həmişə ehtiram göstərdiyi xalqdır. Polad da xalqını Rusiyada layiqincə təmsil edir. Həqiqətən də o, hərtərəfli istedadlı insandır. Həqiqətən də, Polad respublikanın sərvətidir. Bizdə “Respublikanın sərvəti” adlı veriliş var. Polad isə deyərdim ki, respublikasının milli sərvətidir. Çox şadam ki, Siz, böyük Azərbaycanın Prezidenti kimi Polada belə dəyərli münasibət bəsləyirsiniz. Mən gənc dostumu təbrik edirəm.

Sağ olun ki, Siz gözəl xanımınızla bu tədbirə gəldiniz. Sizin xanımınız və onun xeyirxahlığı haqqında da bizim çox gözəl məlumatımız var. Sağ olun ki, mədəniyyətə bu cür gözəl münasibət bəsləyirsiniz. Hər dəfə Bakıya gələndə şəhərin göz qabağında bu cür dəyişməsi bizi heyran edir. Söhbət təkcə gözəl, uca binalardan getmir. Söhbət həm də küçələrin təmizliyi, həmçinin sakinlərin gözlərindən yağan saflıq, onların Azərbaycanın qonaqlarına olan səmimi münasibətindən gedir.

Biz dostumuz Polad və Azərbaycana görə çox xoşbəxt və məmnunuq. Mədəniyyətə, xalqa göstərdiyiniz ehtirama görə Sizə minnətdarıq. Bildiyimizə görə, burada belə bir deyim var ki, neft kapitalı insan kapitalına çevrilib. Buna görə biz çox sevinirik. Hamınız sağ olun. Azərbaycan Prezidentinə minnətdarıq.

X X X

Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail ŞVIDKOY çıxış edərək dedi:

- Dünən gecə bizim Rusiya Prezidenti Vladimir Putin Polad Bülbüloğlunun “Şərəf” ordeni ilə təltif olunması barədə Fərman imzalayıb. Əlbəttə, burada keçmiş postsovet məkanını təmsil edən bir çox nümayəndələr ola bilərdi. Bir çox millətlərin Poladı sevən nümayəndələri gəlmək istəyirdi - belaruslar da, ukraynalılar da, Baltikyanı ölkələrin nümayəndələri də. Düşünürəm ki, Polada belə münasibət onun insanlara olan doğmalığından irəli gəlir. Onda insanlara doğmalıq və səmimiyyət duyğuları var.

X X X

Rusiyanın əməkdar artisti Bari ALİBASOV Bakı haqqında təəssüratlarını bölüşdü və paytaxtımızın ötən illər ərzində sürətli inkişaf yolu keçdiyinin şahidi olduğunu vurğuladı.

X X X

Sonra Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab SERETELİ Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

X X X

Sonra bəstəkar, SSRİ xalq artisti Yevgeni DOQA çıxış edərək dedi:

- Əgər, Siz Prezident kimi bu gün bizi buraya toplayan bəstəkara, mədəniyyət xadiminə, siyasətçiyə belə münasibət bəsləyirsinizsə, deməli, incəsənət sayəsində ətrafınıza bütün dünyanı toplaya bilirsiniz. Bütün bunlar müdrik xalqın zəkasının və ziyalılığının təzahürüdür. Bəli, Sizin çox gözəl şəhəriniz var. Amma bu şəhərə belə mənəvi nəfəs verən insanlarsız o, boş görünərdi. Bu, son dərəcə heyrətamizdir. Müdrik rəhbərlərin bu xüsusiyyəti göstərir ki, ilk növbədə mənəviyyat olmalıdır.

Yevgeni Doqa Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.

X X X

Rusiyanın xalq artisti Lyudmila RÜMİNA rəhbərlik etdiyi Moskva Mədəniyyət Folklor Mərkəzinin kollektivi adından dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

X X X

TÜRKSOY-un baş katibi Düsen KASEİNOV dövlətimizin başçısına tədbirin yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi, vaxtı ilə TÜRKSOY təşkilatına ulu öndər Heydər Əliyevin göstərdiyi diqqəti dərin ehtiramla xatırladı, Polad Bülbüloğlunun TÜRKSOY-un ilk sədri kimi əməyini yüksək qiymətləndirdi.

X X X

Tacikistanın xalq artisti Curabek MURODOV Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini bildirərək, ölkəmizdə mədəniyyətə və incəsənət xadimlərinə dövlət səviyyəsində göstərilən qayğını yüksək dəyərləndirdi.

X X X

Daha sonra SSRİ Dövlət mükafatı laureatı Andrey DEMENTYEV çıxış edərək bildirdi:

- Poladı mən uzun müddətdir tanıyıram. Onun yeniyetmə çağlarını da çox yaxşı xatırlayıram. Qara bığları, gur saçları olan gözəl oğlan idi. Çox gözəl də mahnı oxuyardı. Demək istəyirəm ki, Tanrı ona belə bir gözəl torpaqda doğulmağı, burada tərbiyə almağı nəsib edib. Burada ona bütün bəşəriyyətə məhəbbət, qarşılıqlı hörmət hissləri aşılanıb. Bu, çox gözəldir. Mən bütün dünyanı gəzmişəm. Bakı isə mənim üçün ən füsunkar şəhərlərdən biridir. Söhbət, təkcə gözəl binalar və təmizlikdən getmir. Burada həm də çox gözəl bədii zövq var. Hara gediriksə orada insanların öz incəsənətinə və şəhərinə vurğunluğunun şahidi oluruq. Bu da heyrətamizdir, qiymətlidir. Demək istəyirəm ki, bizim dostumuz Polad Bülbüloğlu görkəmli şəxsiyyətdir, çünki onu hər yerdə tanıyırlar.

Andrey Dementyev Polad Bülbüloğlunun sənətinin uzun illərdir musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılandığını bildirərək, onun müxtəlif janrlarda rəngarəng musiqi əsərləri yaratdığını vurğuladı, balet janrında da uğur qazandığını bildirdi. Andrey Dementyev Polad Bülbüloğlunun müəllifi olduğu balet barədə təəssüratlarını bölüşərək dedi:

- Dünən baletə tamaşa etdik. Bu, əsl sənət əsəri idi. Elə bir əsər idi ki, heç də bütün sənətkarlar bununla təmasda ola və bu janrda öz sözlərini deyə bilmirlər. Polad isə balet sənətində də sözünü deyə bildi. Gözəl musiqi idi. Gənc balet artistlərindən ibarət truppa çox gözəl çıxış etdi. Baxmayaraq ki, balet, necə deyərlər, beynəlxalq incəsənətdir. Mən dünən axşam hər bir səs, hər bir hərəkətdə Azərbaycanı, milli incəsənəti hiss edirdim. Bunun hamısı təqdirəlayiqdir.

Andrey Dementyev yubilyara həsr olunan şerini də oxudu.

X X X

Azərbaycanda həmişə sənətə və sənət adamlarına hörmətlə yanaşıldığını bildirən, yubiley tədbirində iştirak edən mədəniyyət və incəsənət xadimlərini ölkəmizdə görməkdən şad olduğunu vurğulayan Prezident İlham ƏLİYEV dedi:

- Bakı həmişə dostlarını qəbul edən, ağuşunu onlara geniş açan, qonaqpərvərliyi ilə seçilən şəhər olub. Bu, hansısa təzahürün nümayişi olmayıb, sadəcə, bu, cəmiyyətin öz istəyindən yaranan müsbət duyğulardır. Bunu həm şəhərin, həm də insanların görünüşündən hiss etmək olar. Xüsusilə də belə bir mötəbər beynəlxalq, mədəni birliyin görkəmli nümayəndə heyəti təşrif buyuranda böyük məmnunluq duyulur. Buna görə də həmişə şadıq, tez-tez gəlin. Sizi görməyimizə şad olarıq. Bizdə hər il sizin də iştirak etdiyiniz Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Biz tez-tez həm də multikulturalizm mövzusunda tədbirlər keçiririk. Bu yaxınlarda mənim Fərmanımla, zənnimcə, dünyada hələ ki, yeganə olan Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bu mövzu çox vacibdir. Biz bu mövzu ilə hələ müasir təhlükələrin olmadığı bir vaxtda - cəmi bir-iki il bundan əvvəl təhlükələrin yaranmadığı dövrdən məşğul olmağa başlamışıq. Bəlkə də belə təhlükələr var idi, bundan xəbərdar olanlar az olub.

Mədəniyyətlərarası dialoq, bir ölkədə yaşayan müxtəlif xalqların, dinlərin və konfessiyaların nümayəndələri arasındakı münasibətlər uğurlu inkişafın rəhnidir. Buna görə də düşünürəm ki, Azərbaycanın bu istiqamətdəki irəliləyişi çox müsbət haldır. Təəssüf ki, biz başqa nümunələrə də rast gəlirik. Həm sərhədlərimizin ətrafında, həm Yaxın Şərqdə, həm də Avropada münaqişələr, düşmənçilik münasibətləri artmaqdadır. Çox vaxt bu cür münasibətlər müəyyən siyasi dairələr, bəzən media nümayəndələri tərəfindən süni şəkildə təlqin olunur. Biz öz cəmiyyətimizi və ölkəmizi bu cür meyillərdən qorumağa çalışırıq. Buna görə də mədəniyyətlərarası dialoq çərçivəsində keçirdiyimiz tədbirlər təkcə görkəmli xadimlərin formal toplantısı deyil, belə mərasimlər bizim cəmiyyətimizə müsbət ovqat bəxş edir. Çünki Azərbaycanın uğurlu inkişafı, ilk növbədə, insan potensialı deməkdir. Biz bu gün bu barədə danışmışıq. Tamamilə haqlısınız, bütün görülən işlərin, gördüklərinizin, gözə görünməyənlərin də əsasında insan kapitalı dayanır. Mən ilk çıxışlarımdan birində demişəm ki, biz nefti - “qara qızıl”ı insan kapitalına çevirməliyik. Biz bu istiqamətdə də işləyirik. Bu gün bizim iqtisadiyyatımızda neft əsas amil deyil, buna görə də digər sahələr artıq inkişaf etməkdədir. Tamamilə razıyam ki, bütün bunların əsasında cəmiyyətin mənəvi vəziyyəti və sağlamlığı durur. Buna isə yalnız bu cür ictimai həmrəyliklə nail olmaq mümkündür.

Əlbəttə ki, hər bir hökumətin və dövlətin öz siyasi xətti var, həmin siyasət də cəmiyyətin həyatına əhəmiyyətli dərəcədə təsir göstərir. Lakin ictimai rəy və cəmiyyətin nikbin əhval-ruhiyyəsi olmadan heç nəyə nail olmaq mümkün deyil. Buna görə də bugünkü tədbir multiplikativ effektə malikdir və cəmiyyətimizə müəyyən müddət üçün nikbinlik ovqatı bəxş edəcək. Bayaq sizin söylədiyiniz şeirin misraları ilə tam razıyam.

X X X

Andrey DEMENTYEV: Yeri gəlmişkən, Sizin qızınız gözəl şeirlər yazır.

X X X

Prezident İlham ƏLİYEV: Siz bayaq qeyd etdiniz ki, bu cür əlaqələri məhv etmək mümkün deyil, hərçənd belə cəhdlər olur. Biz isə Azərbaycanda buna yol vermirik, əksinə, əlaqələri möhkəmləndirməyə çalışırıq və istərdik ki, ən başlıcası sizin nümunənizdə gənclər ibrət götürsünlər. Çünki biz vaxtilə bir ölkədə yaşamışıq, bizi ümumi keçmiş, əlbəttə ki, hamımızın ünsiyyət saxladığımız rus dili birləşdirirdi. Keçmiş sovet məkanında yaşayan indiki nəslin nümayəndələri isə bizim nəslimiz kimi belə əlbir deyil. Bu da təbiidir. Buna görə də biz öz müsbət nümunəmizlə gələcək nəsillərə yaxşı siqnallar ötürməliyik. Çünki bundan heç kəs zərər görməyəcək. Əksinə, daha yaxşı olacaq. Çünki düşmənçilikdənsə dostluq və əməkdaşlıq daha yaxşıdır. Biz buna əsaslanırıq. Gəldiyinizə və münasibətinizə görə sizə bir daha təşəkkür edirəm. Bütün bunlar çox dəyərlidir. Sizə ən xoş arzularımı çatdırıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49