Azərbaycan və Latviya Prezidentlərinin mətbuat üçün bəyanatları

17 yanvar 2011, 16:15

Latviya Prezidenti Valdis Zatlersin bəyanatı

- Mən dostum, Azərbaycan Prezidenti İlham Əliyevi burada, Riqada salamlamağa çox şadam. Biz burada çox gözəl mühitdə və xoş niyyətlərlə ölkələrimizin iqtisadi və mədəni əməkdaşlığını inkişaf etdirmək əzmindəyik.

İki ölkənin münasibətləri çox müsbət inkişaf edir. Məsələn, biz bu iqtisadi tənəzzül illərinə baxsaq görərik ki, Azərbaycan ilə Latviyanın iqtisadi əməkdaşlığının həcmi 10 faiz artıb. Bugünkü biznes forum və mənim Bakıya səfərim zamanı keçirilən biznes forum iqtisadi əməkdaşlığımızın daha da sıx olması üçün atılan növbəti addımlardır. Bu gün Azərbaycan-Latviya İşgüzar Şurası yaranacaqdır. Yəni, ölkələrimiz arasında əlaqələri təkcə dövlət başçıları və hökumətlər deyil, həm də iş adamları möhkəmləndirəcəklər.

Biz gələcəyə baxarkən ikitərəfli əlaqələrimizi möhkəmləndirmək və Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa dəstək vermək üçün “Şərq tərəfdaşlığı” layihəsindən necə yararlanmağı da düşünürük. Burada bizim təhsil və məhz dövlət idarəçiliyində informasiya texnologiyaları sahələrində əməkdaşlığa dair çox yaxşı müzakirələrimiz olub. Biz sərhədlərin qorunmasında və gömrük məsələlərində necə əməkdaşlıq edə biləcəyimiz haqqında söhbət etdik.

Zənnimcə, “Şərq tərəfdaşlığı”nın müvəffəqiyyəti üçün olduqca əhəmiyyətlidir ki, Azərbaycan bu tərəfdaşlığı, onun mahiyyətini necə gördüyünü və Latviyanın Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafına hansı töhfə verə biləcəyini dəqiq desin.

Əlbəttə, biz energetika məsələlərinə də toxunduq. Çünki Azərbaycan enerji ehtiyatlarının Avropaya çatdırılmasında mühüm rol oynayır. Gələcəkdə biz - hər iki tərəf bu rolun artması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Bir sözlə, müzakirə edilən məsələlər çox idi. Sonra isə mən sizin birbaşa, konkret suallarınıza cavab verəcəyəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə qeyd etmək istəyirəm ki, yenidən dost Latviyada olmağımdan çox məmnunam. Cənab Prezident, məni Latviyaya dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, mənim səfərim Latviya-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Cənab Prezident, biz Sizin 2009-cu ildə Azərbaycana səfərinizi xatırlayırıq və o səfər zamanı əldə edilmiş razılaşmalar uğurla icra edilir. Əminəm ki, bu gün imzalanmış vacib sənədlər gələcək illərdə də münasibətlərimizi müəyyən edəcəkdir. Mən imzalanmış sənədlərin arasında Birgə Bəyannaməni xüsusilə vurğulamaq istəyirəm. Bu Bəyannamə çox ciddi bir sənəddir və orada gələcək əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıbdır.

Artıq Latviya Prezidenti bu gün müzakirə edilmiş məsələlər haqqında məlumat verdi, onu təkrarlamaq istəmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, həm siyasi, həm iqtisadi, həm mədəniyyət sahəsində gələcək əməkdaşlıq üçün çox gözəl perspektivlər vardır. Ölkələrimiz dost ölkələrdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Ümid edirəm ki, iqtisadi sahədə görüləcək işlər iqtisadi münasibətlərimizi də siyasi münasibətlərin səviyyəsinə qaldıracaqdır.

Bu məqsədlər üçün bu gün keçiriləcək biznes forum çox böyük əhəmiyyətə malikdir. Azərbaycandan Latviyaya mənimlə bərabər 50-dən çox iş adamı gəlmişdir ki, öz həmkarları ilə gələcək planlar haqqında fikir mübadiləsi aparsın.

Enerji məsələlərinə gəldikdə, Azərbaycan Avropa İttifaqı ilə bu sahədə çox uğurlu əməkdaşlıq edir. Bu ayın 13-də Bakıda Avropa Komissiyasının sədri cənab Barrozunun səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələlərinə dair Birgə Bəyannamə imzalanmışdır. Bu Bəyannamə gələcək əməkdaşlığımızın istiqamətlərini müəyyən edir. Əminəm ki, Bəyannamədə nəzərdə tutulmuş məsələlər 2011-ci ildə icra edilməyə başlanacaqdır. Azərbaycanın zəngin neft-qaz ehtiyatları dünya bazarlarına müxtəlif yollarla nəql edilir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verməyə hazırdır.

Bu gün eyni zamanda, biz regional məsələlər haqqında fikir mübadiləsi apardıq. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların son mərhələsi haqqında Prezident Zatlersə məlumat verdim. Bu məsələ uzun illərdir ki, öz həllini gözləyir. Məsələ isə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və başqa təşkilatların ədalətli qətnamələri və qərarları əsasında öz həllini tapmalıdır.

“Şərq tərəfdaşlığı” proqramına gəldikdə isə, Azərbaycan bu proqramın icrasına çox böyük ümidlərlə baxır. Əminəm ki, bu proqramın icrası bizi Avropa ilə daha da yaxınlaşdıracaqdır. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50