Azərbaycan və Pakistan prezidentlərinin mətbuat üçün bəyanatları

11 mart 2015, 11:20

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident, əziz dostlar.

Nümayəndə heyətinin üzvləri.

Cənab Prezident, Sizi və nümayəndə heyətinizi bir daha salamlamaq istəyirəm. Azərbaycana xoş gəlmisiniz. Səfərinizə çox böyük əhəmiyyət veririk. Bu səfəriniz ölkələrimiz, həmçinin Azərbaycan və Pakistan xalqları arasındakı qardaşlıq əlaqələrini gücləndirəcək. Əsrlər boyu Azərbaycan və Pakistan xalqları sülh, əməkdaşlıq və dostluq şəraitində yaşamışlar. Əsrlər boyu bir-birimizi dəstəkləmişik, qardaş kimi yaşamışıq. Bu gün iki müstəqil ölkə yeni bir əməkdaşlıq formatını yaradır. Bu əməkdaşlıq tarixi irsimiz, ənənələrimiz, dinimiz və həmçinin strateji maraqlarımıza söykənir.

Bu gün cənab Prezident və mənim aramda imzalanan sənəd ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bəyannaməsidir. Əslində bu sənəd əməkdaşlığımızın demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm bir mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik.

Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bu işi davam etdirəcəyik.

Bu gün cənab Prezidentlə ikitərəfli və çoxtərəfli əhəmiyyətə malik məsələləri, xüsusilə beynəlxalq təsisatlarda əməkdaşlığımızı müzakirə etdik. Biz bir-birimizi BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təsisatlarda dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana davamlı dəstək göstərdiyi üçün Pakistana çox minnətdarıq.

Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən çoxdur ki, erməni işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi indi işğal altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Azərbaycan xalqı isə Pakistandakı qardaşlarına çox minnətdardır. Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Artıq 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb, ancaq birinci ölkə Pakistan oldu.

Biz Pakistana çox minnətdarıq ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir. Bu, qardaş münasibətidir. Bu, real dəstək rəmzidir. Hökumətimiz və xalqımız sizin bu mövqeyinizə görə hökumətinizə və xalqınıza çox minnətdardır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir.

Azərbaycan öz növbəsində Pakistanı Cəmmu və Kəşmir məsələsində, onun BMT-nin müvafiq sənədlərinə uyğun olaraq, həllini hər zaman dəstəkləyir. Başqa sözlə desək, ölkələrimiz arasında əməkdaşlığın güclü tarixi təməli var və bu gün biz beynəlxalq arenada öz milli mənafelərimizi qorumaq üçün bir-birimizi dəstəkləyirik.

Biz bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Şadam ki, cənab Prezident Pakistanın işgüzar dairələrinin təmsilçilərinin böyük qrupu tərəfindən müşayiət olunur. Sabah biz bir yerdə biznes forumda iştirak edəcəyik. Ümid edirik ki, bu biznes forum iqtisadi əməkdaşlıq, biznes dairələri arasında təmaslar, qarşılıqlı sərmayə qoyuluşu və birgə müəssisələr üçün əlavə imkanlar yaradacaq. Bu gün nümayəndə heyətləri ilə görüşdə biz bu məsələni müzakirə etdik. Sabah nümayəndə heyətlərinin üzvləri bu istiqamətdə işləməyə davam edəcək və nəticələr haqqında bizə məruzə edəcəklər.

Biz hərbi sahədə fəal əməkdaşlıq edirik. Bu gün müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə növbəti planları müzakirə etdik. Pakistan müdafiə sənayesində çox böyük irəliləyişə nail olub. Əlbəttə, biz də Azərbaycanda müdafiə sənayesi qururuq. Müasir texnologiyalara çıxışın əldə edilməsi üçün səylərimizi birləşdirmək, həmçinin tədqiqat, elm və müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət üçün imkanlar əldə etmək istəyirik ki, potensialımızı müasirləşdirə bilək.

Əməkdaşlığımızın mühüm bir hissəsi humanitar sahəyə aiddir. Bu, mədəniyyət, elm, sosial sahələrdir. Bunların hamısı xalqlarımız və ölkələrimiz üçün çox əhəmiyyətlidir. Çünki beynəlxalq arenada qarşılıqlı dəstək, iqtisadi və enerji sektorlarında əməkdaşlıq həqiqətən strateji tərəfdaşlığın səviyyəsinin göstəricisidir. Habelə ölkələrimiz İslam həmrəyliyinin gücləndirilməsinə aid məsələlərdə də çox fəaldır. İslam dünyasında daha çox birliyə, qarşılıqlı dəstəyə ehtiyacımız var. Bir-birimizi siyasi və iqtisadi cəhətdən, həmçinin beynəlxalq təşkilatlardakı fəaliyyətlərimiz baxımından dəstəkləməliyik.

Biz İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə veririk. Azərbaycan və Pakistan bu istiqamətdə öz mühüm rolunu oynamağa davam edəcək. Başqa sözlə desək, biz bütün sahələrdə əməkdaşlıq edirik. Bu əməkdaşlığı gücləndirmək üçün aydın niyyətimiz var. Bizim üçün Pakistan ən yaxın dost və müttəfiqlərdən biridir. Bu gün qardaş ölkənin Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunuq. Ümid edirəm ki, səfərinizin çox yaxşı nəticələri və səfərlə bağlı xoş xatirələriniz olacaq. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

Prezident Məmnun Hüseynin bəyanatı


- Sağ olun, cənab Prezident.

Zati-aliləri, qardaşım İlham Əliyev.

Hörmətli nazirlər, mətbuat nümayəndələri, xanımlar və cənablar.

Qardaşım Prezident İlham Əliyevin dəvəti ilə bu gün burada olmaqdan çox məmnunam. Biz mövcud mükəmməl ikitərəfli münasibətlərimizi müzakirə etdik və onların səviyyəsindən məmnunluğumuzu bildirdik. Səmimi əlaqələrimizin bundan sonra da davam etdirilməsi ilə bağlı tədbirlərə dair razılığa gəldik. Biz, həmçinin qarşılıqlı maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlərlə bağlı çox faydalı və səmərəli fikir mübadiləsi apardıq.

Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu münasibətlər ortaq tarixə, dinə, mədəniyyətə, ənənələrə söykənir. Bizim xalqlarımız bir-birinə dərin rəğbət və etibar bəsləyir. Eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımız var. Biz regionlarımızın daha təhlükəsiz və əmin-amanlıq şəraitində olmasına töhfəmizi veririk. Biz ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirdik. Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik.

Cənab Prezident, Sizin atanız və Azərbaycan xalqının ulu öndəri, mərhum Prezident Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfə və ölkələrimiz arasında əlaqələrin təşviqi baxımından baxışları Pakistan xalqını dərindən valeh etmişdi. Qardaşım Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin siyasəti dahi atasının baxışlarının həyata keçirilməsinin bariz nümunəsidir. Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Son 10 ildə Azərbaycanın əldə etdiyi misli görünməmiş tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər. Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik.

Xanımlar və cənablar, bu gün imzalanmış birgə bəyannamə və digər sənədlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı gücləndirəcək. Mən Dağlıq Qarabağdakı hazırkı vəziyyət və münaqişənin nizamlanması istiqamətində Azərbaycanın səyləri ilə bağlı məlumat aldım. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə tezliklə həll edilməsini dəstəkləyirik. Biz, həmçinin Pakistan-Hindistan münasibətlərinə dair fikir mübadiləsi apardıq. Mən Hindistan ilə mehriban qonşuluq münasibətlərinin yaradılmasında səylərimizi və bütün mübahisələrin, o cümlədən mühüm əhəmiyyət kəsb edən Cəmmu və Kəşmir məsələsinin sülh şəraitində həll edilməsinə sadiqliyimizi vurğuladım. Biz bu məsələdə Azərbaycanın dəstəyinə böyük dəyər veririk.

Mən, həmçinin qardaşım İlham Əliyevlə başladığımız Pakistan-Əfqanıstan əlaqələrinin yeni tarixi mərhələsi və siyasət, təhlükəsizlik, terrorizmlə mübarizə, ticarət və iqtisadiyyat məsələlərində çoxşaxəli dialoqun intensivləşdirilməsi ilə bağlı fikirlərimlə bölüşdüm. Biz BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı beynəlxalq forumlar çərçivəsində Azərbaycanla çox sıx işləyirik. Biz bu qənaətdəyik ki, islahat müfəssəl və konsensusa əsaslanmış olmalıdır. BMT-yə üzvlük yalnız dar milli maraqlarla məhdudlaşmamalıdır.

Xanımlar və cənablar, Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər gündən-günə güclənməkdə davam edəcək. Bizim ikitərəfli əməkdaşlığımızın inkişafı ilə bağlı birgə səylərimiz, beynəlxalq və regional səviyyədə sülh və inkişafa töhfəmiz gələcək illərdə daha da dinamik olacaq.

Mən qardaş Azərbaycanın inkişafı üçün dua edirəm. Yaşasın, Pakistan-Azərbaycan dostluğu. Yaşasın Pakistan-Azərbaycan qardaşlığı. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19