“Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

22 may 2015, 20:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.7-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. “Tikinti obyektlərinin sökülməsi Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2015-ci il.

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 22 may tarixli Fərmanı ilə
təsdiq edilmişdir

Tikinti obyektlərinin sökülməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir.
1.2. Bu Qaydaların məqsədi Məcəllənin 75-ci və 80-ci maddələrinin tələbləri pozulmaqla aparılan tikinti işlərinin qarşısını almaqdan, şəhərsalma və tikinti qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (bundan sonra – normativ sənədlər) tələblərinə riayət olunmasını təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuları aradan qaldırmaqdan ibarətdir.
1.3. Nazirlik bu Qaydalara uyğun olaraq öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir.
1.4. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci bəndlərində nəzərdə tutulmuş və Məcəllənin 95.2-ci maddəsinə əsasən yan divarlarının və dam örtüyünün tikintisi başa çatdırılmamış tikilən obyektin sökülməsi barədə qərarı Agentlik qəbul edir.
1.5. Məcəllənin 95.5-ci maddəsinə uyğun olaraq, tikinti obyektlərinin sökülməsi (bu Qaydaların 5-ci hissəsində və 6.2-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) obyektin sifarişçisi tərəfindən icra olunmadığı halda, bu işi Agentlik həyata keçirir.
1.6. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq, bu Qaydaların müddəaları Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış tikinti obyektlərinə də şamil edilir.

2. Tikinti obyektlərinin sökülməsi üçün əsaslar

2.1. Məcəllənin 95.1-ci maddəsinə əsasən, tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür:
2.1.1. tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə;
2.1.2. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.1-ci maddəsinə əsasən qərar qəbul edildiyi gündən 1 (bir) il ərzində tikintiyə icazə alınmadıqda;
2.1.3. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda;
2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda;
2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda;
2.1.6. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.

3. Tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya
bələdiyyə mülkiyyətində olan torpaq sahəsində
inşa edilən obyektin və ya onun hissəsinin sökülməsi qaydası

3.1. Tikinti obyektində bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən hallar mövcud olduqda, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs dərhal həmin ana olan vəziyyəti əks etdirən və texniki baxış aktının tərkib hissəsi olan müvafiq fotoşəkillər çəkərək, iki nüsxədən ibarət texniki baxış aktı tərtib edir və həmin fotoşəkilləri texniki baxış aktına əlavə edir. Texniki baxış aktının bir nüsxəsi onu tərtib edən vəzifəli şəxs tərəfindən imzalanmaqla sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilir, sifarişçi (sahib) və ya onun nümayəndəsi isə onun ikinci nüsxəsində adı, soyadı və tarix göstərilməklə texniki baxış aktını qəbul etməsi barədə imza edir.
3.2. Tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi aşkar olunmadıqda və onun aşkarlanması mümkün olmadıqda, habelə sifarişçi (sahib) və ya onun nümayəndəsi texniki baxış aktının nüsxəsini qəbul etməkdən imtina etdikdə, həmin aktı tərtib edən vəzifəli şəxs aktda bu barədə müvafiq qeyd edir. Texniki baxış aktı tərtib olunduqdan sonra tikinti işləri dərhal dayandırılaraq, həmin sahə lentlə bağlanılır və möhürlənir. Tikinti obyektinin sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin aşkar olunmaması və ya sifarişçinin (sahibin) və ya onun nümayəndəsinin texniki baxış aktının nüsxəsini qəbul etməkdən imtina etməsi obyektdə aparılan tikinti işlərinin dərhal dayandırılmamasına səbəb ola bilməz.
3.3. Texniki baxış aktında aşağıdakılar barədə məlumat göstərilməlidir:
3.3.1. texniki baxış aktını tərtib edən şəxsin adı, soyadı, atasının adı, vəzifəsi;
3.3.2. texniki baxış aktı tərtib olunan tikinti obyektinin sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin (aşkar olunduğu halda) adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda isə - onun tam adı, habelə tikinti obyektinin ünvanı;
3.3.3. texniki baxış aktının tərtib olunduğu tarix və vaxt;
3.3.4. tikinti obyektinin yan divarlarının və dam örtüyünün inşasının başa çatıb-çatmadığı;
3.3.5. aparılmış tikinti-quraşdırma işlərinin həcmi;
3.3.6. obyektin mövcud vəziyyəti;
3.3.7. sifarişçi (sahib) və ya onun nümayəndəsi 5 (beş) gün müddətində tikintisinə icazə tələb olunan obyektin icazəsi, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə isə Məcəllənin 80-ci maddəsinə uyğun olaraq tikinti obyektinin memarlıq planlaşdırma bölməsinə iradların olmadığının təsdiqini təqdim etməyəcəyi halda Məcəllənin 95.1.1-ci maddəsinə əsasən tikinti obyektinin söküləcəyi barədə qərar qəbul olunacağı.
3.4. Bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş fotoşəkillər tikinti obyektinin yan divarlarının və dam örtüyünün inşasının başa çatıb-çatmamasını müəyyənləşdirməyə, aparılmış tikinti-quraşdırma işlərinin həcminin və obyektin mövcud vəziyyətinin, habelə onun yerləşdiyi yerin müəyyən edilməsinə imkan verməsi şərtilə çəkilməlidir.
3.5. Bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən halların mövcudluğuna görə barəsində texniki baxış aktı tərtib olunmuş tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi aşkar olunmadıqda və onu aşkarlamaq mümkün olmadıqda, Agentlik həmin texniki baxış aktı və onun hüquqi nəticəsi olaraq tikinti obyektinin sökülməsi haqqında qərar qəbul ediləcəyi barədə kütləvi informasiya vasitələrində elan verir.
3.6. Elan verildikdən sonra 10 (on) gün müddətində tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi tikinti obyekti barəsində tərtib olunmuş texniki baxış aktında qeyd edilən və bu Qaydaların 3.3.7-ci yarımbəndində nəzərdə tutulan sənədləri təqdim etmədikdə, Agentlik, yerli icra hakimiyyəti orqanının, şəhər (kənd, qəsəbə) və ya sahə inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəliyinin, aidiyyəti bələdiyyənin nümayəndələrinin iştirakı ilə, bu Qaydaların 3.3.7-ci yarımbəndində nəzərdə tutulan sənədlərin təqdim olunmadığı, habelə tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin tikinti üçün ayrılmadığı barədə müvafiq akt tərtib edir.
3.7. Texniki baxış aktının sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edildiyi tarixdən 5 (beş) gün, sifarişçi (sahib) və ya onun nümayəndəsi aşkar olunmadıqda və onun aşkarlanması mümkün olmadıqda isə bu Qaydaların 3.6-cı bəndində nəzərdə tutulmuş 10 gün müddəti bitənədək bu Qaydaların 3.3.7-ci yarımbəndində göstərilən sənədlər təqdim edilməzsə, Agentlik yan divarlarının və dam örtüyünün tikintisi başa çatmamış tikinti obyektinin bu Qaydalara uyğun olaraq sökülməsi barədə qərar qəbul edir.
3.8. Bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulmuş sökülmə barədə qərarda işin mahiyyətinə dair hallarla yanaşı, aşağıdakılar göstərilir:
3.8.1. qərarı qəbul edən şəxsin adı, soyadı, atasının adı;
3.8.2. qərarın tərtib olunduğu tarix və vaxt;
3.8.3. tikinti obyektinin ünvanı;
3.8.4. tikinti obyektinin sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin adı, soyadı, atasının adı (məlum olduqda);
3.8.5. bu Qaydaların 3.5-ci və 3.6-cı bəndlərində nəzərdə tutulmuş elan və akt barədə məlumat;
3.8.6. tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü və ondan istifadə barədə sənədin rekvizitləri;
3.8.7. tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin tikinti üçün ayrılmadığı barədə sənədlərin rekvizitləri;
3.8.8. qərardan şikayət verilməsi qaydası.
3.9. Agentliyin qərarı qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində onun surəti aidiyyəti üzrə sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə (məlum olduqda) təqdim edilir, habelə yerli icra hakimiyyəti orqanına, şəhər (kənd, qəsəbə) və ya sahə inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəliyinə və aidiyyəti bələdiyyəyə göndərilir. Sifarişçinin (sahibin) və ya onun nümayəndəsinin aşkar olunmadığı və onun aşkarlanması mümkün olmadığı hallarda isə həmçinin kütləvi informasiya vasitələrində qərar barədə elan verilir.
3.10. Sifarişçi (sahib) və ya onun nümayəndəsi qərarın surətini qəbul edib, qərarın digər surətində adı, soyadı və tarix göstərilməklə onu qəbul etməsi barədə imza edir. Sifarişçi (sahib) və ya onun nümayəndəsi qərarın surətini qəbul etməkdən imtina etdikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs qərarın surətində bu barədə müvafiq qeydlər aparır.
3.11. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyektinin sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin ünvanı məlum olduqda, həmin qərar sifarişli poçt göndərişi ilə onun ünvanına da göndərilir. Sifarişli poçt göndərişi ilə qərarın surəti sifarişçiyə çatdırıldığı gün həmin qərar rəsmi qaydada verilmiş hesab edilir.
3.12. Sifarişçi (sahib) və ya onun nümayəndəsi sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyektinin sökülməsini bir ay müddətində təmin etməlidir. Sifarişçi (sahib) və ya onun nümayəndəsi sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyektinin sökülməsini bir ay müddətində təmin etmədikdə, habelə tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi aşkar olunmadıqda və onun aşkarlanması mümkün olmadıqda, həmin tikinti obyekti Agentlik tərəfindən sökülür.
3.13. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyektinin sökülməsini həyata keçirən şəxs onun mühəndis-kommunikasiya təminatı sistemlərindən və xətlərindən ayrılması barədə təchizat müəssisələrinə müraciət etməlidir. Təchizat müəssisələri mühəndis-kommunikasiya təminatı sistemləri və xətlərindən ayrılmanı 3 (üç) iş günü müddətində təmin etməlidirlər.
3.14. Sökülməsi nəzərdə tutulan tikinti obyekti və ya onun hissəsi hər hansı bir mühəndis-kommunikasiya təminatı sisteminin və ya xəttinin üzərində, altında və ya mühafizə zonasında inşa edilmişdirsə, sökülməni həyata keçirən şəxs onun sökülməsi zamanı müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin etməlidir.
3.15. Mühafizə zonasında inşa edilmiş tikinti obyektinin sökülməsi, bu Qaydaların tələblərinə uyğun olaraq, müvafiq mühəndis-kommunikasiya təminatı sistem və xətlərini təmin edən təchizat müəssisələrinin, habelə nəqliyyat və digər aidiyyəti qurumların iştirakı ilə həyata keçirilir.
3.16. Söküntü işlərinin həyata keçirilməsi və söküntü materiallarının daşınması zamanı təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.
3.17. Söküntü işlərinin aparılması faktı yerində Agentlik tərəfindən aktlaşdırılır və aktın bir nüsxəsi sökülən tikinti obyektinin sifarişçisinə (sahibinə) və ya onun nümayəndəsinə verilir.
3.18. Söküntü işləri Agentlik tərəfindən həyata keçirildikdə, bu Qaydaların 3.13-3.16-cı bəndlərində göstərilənlərdən əlavə aşağıdakı tədbirlərin yerinə yetirilməsi təmin olunmalıdır:
3.18.1. sifarişçinin (sahibin) iştirakı ilə tikinti obyektində ona məxsus olan daşınar əmlakın, o cümlədən maşın və mexanizmlərin, materialların və s. zədələnmədən həmin ərazidən çıxarılması;
3.18.2. təkrar istifadəyə yararlı tikinti materialları və məmulatlarının həcminin müəyyən edilməsi barədə Agentliyin məsul şəxsləri tərəfindən aktın tərtib edilməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 469-cu maddəsinin tələbləri nəzərə alınmaqla bu materialların müvəqqəti saxlanmaq üçün xüsusi ayrılmış əraziyə aparılması;
3.18.3. söküntü işlərinin və bu Qaydaların 3.14-cü bəndində nəzərdə tutulan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün tələb olunan vəsaitin ödənilməsi;
3.18.4. söküntü işləri aparılan zaman söküntü işlərinin aparılmasına maneə törədilərsə, ictimai asayişin təmin edilməsi üçün ərazi polis orqanına tikinti obyektinin sökülməsi barədə qərarı göndərməklə müraciət edilməsi.
3.19. Bu Qaydaların 3.18.3-cü yarımbəndinə əsasən ödənilən vəsait, habelə söküntü işlərinin aparılması ilə bağlı xərclənən vəsait sonradan sifarişçi (sahib) tərəfindən Agentliyin hesablaşma hesabına ödənilməlidir. Sifarişçi söküntü işlərinin aparılması üçün nəzərdə tutulan vəsaiti könüllü olaraq ödəmədikdə, Agentlik həmin vəsaitin məcburi qaydada tutulması məqsədi ilə məhkəməyə müraciət edir.
3.20. Agentlik bu Qaydaların 3.12-ci bəndinə uyğun olaraq tikinti obyektinin sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin aşkar olunmadığı və onun aşkarlanmasının mümkün olmadığı əsasa görə söküntü işlərini həyata keçirdiyi zaman çıxan tikinti materialları və məmulatları təkrar istifadəyə yararlı olduqda, söküntü işlərinə və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə sərf olunan xərclərin ödənilməsi məqsədi ilə həmin tikinti materiallarını və məmulatları açıq bazarda satır və əldə olunan vəsait Agentlik tərəfindən açılan xüsusi bank hesabına köçürülür. Söküntüdən çıxan tikinti materialları və məmulatları təkrar istifadəyə yararlı olmadıqda, bu barədə tərtib edilən aktda müvafiq qeydlər aparılır. Bu halda söküntü işlərinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir.
 

4. Tikintisinə icazə alınmadan inşa olunan obyektin və ya onun hissəsinin sökülməsi qaydası

4.1. Bu Qaydaların 2.1.2-ci yarımbəndinə əsasən tikintisinə icazənin tələb olunmasına baxmayaraq, belə icazə alınmadan tikilmiş və barəsində tikinti işlərinin dayandırılmasına dair Məcəllənin 92-ci maddəsinə müvafiq qaydada qərar qəbul edildiyi gündən 1 (bir) il müddətində Məcəllənin 75-ci maddəsinə uyğun olaraq tikintisinə icazə alınmayan, yan divarlarının və dam örtüyünün tikintisi başa çatmamış obyektin sökülməsi barədə Agentlik müvafiq qərar qəbul edir.
4.2. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş sökülmə barədə qərarda işin mahiyyətinə dair hallarla yanaşı, aşağıdakılar göstərilir:
4.2.1. qərarı tərtib edən şəxsin adı, soyadı, atasının adı, vəzifəsi;
4.2.2. qərarın tərtib olunduğu tarix və vaxt barədə məlumat;
4.2.3. tikinti obyektinin ünvanı;
4.2.4. tikinti obyektinin sifarişçisinin (sahibinin) və ya onun nümayəndəsinin adı, soyadı, atasının adı (məlum olduqda);
4.2.5. tikinti obyektində tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın rekvizitləri;
4.2.6. sökülmə tikinti obyektinin hissəsinə aid olduqda – həmin hissə barədə məlumat;
4.2.7. tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü barədə sənədin rekvizitləri;
4.2.8. tikinti obyektinin tikintisinə icazə verilməməsi barədə aidiyyəti yerli icra hakimiyyəti orqanının məktubunun rekvizitləri;
4.2.9. qərardan şikayət verilməsi qaydası.
4.3. Bu Qaydaların 4.1-ci bəndində göstərilən qərarın sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilməsi, müvafiq orqanlara göndərilməsi, kütləvi informasiya vasitələrində elan edilməsi, habelə bu qərarın icrası məqsədi ilə tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi və ya Agentlik tərəfindən sökülməsi məsələlərinə bu Qaydaların 3.9-3.20-ci bəndləri şamil olunur.
 

5. Məhkəmə qaydasında sökülən tikinti obyektləri ilə
bağlı Agentliyin vəzifələri

Bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir.

6. Yekun müddəalar

6.1. Maraqlı şəxslər tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə Agentliyin qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərlər.
6.2. Məcəllənin 74.2-ci maddəsinə əsasən tikintisinə icazə verilmiş bina və qurğuların sökülməsi müvafiq qaydada hazırlanmış və təsdiq edilmiş tikinti layihəsi əsasında aparılır.

SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:20
Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət...

19 dekabr 2024, 17:20
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:18
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük...

19 dekabr 2024, 17:18
SƏNƏDLƏR Fərmanlar 19 dekabr 2024
17:16
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 80-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”,...

19 dekabr 2024, 17:16
SƏNƏDLƏR Qanunlar 19 dekabr 2024
17:14
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu...

19 dekabr 2024, 17:14
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00