14:00
İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak edib
05 iyun 2015, 11:30
Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov görülən işlərlə bağlı dövlətimizin başçısına və xanımına məlumat verdi.
Bildirildi ki, müasir memarlıq üslubunda və ən son texnologiyalar əsasında inşa olunan bina 25 min kvadratmetr sahəni əhatə edir. Boks Federasiyasının inzibati binasında boks mərkəzi də fəaliyyət göstərəcək. Beynəlxalq federasiyaların tələblərinə tam cavab verən bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var.
Dövlətimizin başçısı Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Federasiyanın muzeyi ilə tanış oldular.
Muzeydə Azərbaycanın boks tarixi haqqında ən geniş məlumatları əldə etmək mümkündür. Boks Azərbaycanda XX əsrin əvvəllərində təşəkkül tapıb. O dövrdə Bakıya işləməyə gələn əcnəbi fəhlələr və mühəndislər, neft sənayesi üzrə mütəxəssislər idmanın bu növünü Azərbaycanda yaymağa başlayıblar. Ötən əsrin 20-ci illərində paytaxtımızda həvəskar boksçuların ilk döyüşləri keçirilməyə başlayıb. 1924-cü ildə Azərbaycan Boks Federasiyası təsis edilib. İdmançılarımızın beynəlxalq döyüşləri isə 1920-ci illərin sonlarına təsadüf edir. Dəri əlcək ustalarımız sovet dövründə SSRİ çempionatlarında və spartakiadalarında mübarizə aparsalar da, boksdakı əsas uğurlarımız məhz müstəqillik illərinə təsadüf edir. Azərbaycan Boks Federasiyası AIBA-nın tam hüquqlu üzvü olduqdan sonra idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çıxış etməyə başlayıblar. 1993-cü ildə 17 yaşlı Rövşən Hüseynov Avropa çempionu tituluna yiyələnib. 2003-cü ildə isə Ağası Məmmədov dünya çempionatından Azərbaycana ilk qızıl medalı gətirib. 2000-ci ildən bu yana Azərbaycan boksçuları bütün Olimpiya Oyunlarından Vətənə medallarla dönüblər. Vüqar Ələkbərov, Fuad Aslanov, Ağası Məmmədov, Şahin İmranov, Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov Olimpiya Oyunlarının mükafatçılarıdır.
Ölkəmiz indiyədək boks üzrə ən mötəbər yarışlara ev sahibliyi də edib. 2011-ci ildə böyüklər arasında dünya çempionatı ilk dəfə Bakıda keçirilib. Komandamız yarışda 1 qızıl və 1 gümüş medala layiq görülüb. AIBA həmin yarışı indiyədək keçirilmiş dünya çempionatları arasında ən yaxşılardan biri kimi qiymətləndirib. Son illərdə dünya və Avropa çempionatlarında da dəri əlcək ustalarımız uğurla çıxış edirlər. 2013-cü ildə Avropa çempionatında Azərbaycan boksçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Həmin il Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında komandamız 2 qızıl və 1 bürünc medala layiq görülüb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksdə yarışların keçiriləcəyi əsas boks zalı ilə tanış oldular.
Məlumat verildi ki, zalda tamaşaçılar üçün 1000 oturacaq quraşdırılıb. Boksçularımız birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Komandamız həm kişilərin, həm də qadınların yarışında tam heyətlə mübarizə aparacaq. Boksçularımız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Qadınların yarışında 5 boksçumuz çıxış edəcək. Meksikada dağlıq şəraitdə təlim-məşq toplanışı keçən boksçularımız artıq Vətənə dönüblər və bir neçə gündür ki, Bakıda hazırlığı davam etdirirlər.
Dövlətimizin başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşdülər.
Prezident İlham Əliyev boksçuları salamlayaraq dedi:
- Sizdən medallar gözləyirik. Əminəm ki, belə də olacaq. İndi belə gözəl şərait yaradılıb. Əlbəttə, bundan sonra nəticələr daha da yaxşı olmalıdır. Onsuz da boksçularımız son vaxtlar bizi sevindirir, çox gözəl nəticələr göstərirlər. Yadımdadır, London Olimpiya Oyunlarında yüksək nəticələr göstərmişdilər. Mən o vaxt da demişdim ki, Olimpiya çempionu adına layiq olan idmançılarımız hakimlərin ədalətsizliyi ucbatından bürünc medalla kifayətləndilər. Əslində bu oyunlar zamanı hər kəs görürdü ki, biz birinci yerə layiq idik. Amma əminəm ki, Bakıda keçiriləcək yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər.
Həmçinin qadınlar da yüksək nəticələr göstərirlər. Avropa çempionu da Londonda idi. Mən onun yarışını müşahidə edirdim. Həmin yarışda o, qalib oldu, amma qələbəni rəqibinə verdilər. Belə bir ədalətsizlik oldu. Bəzən idmanda belə hallar olur. Buna görə əsas odur ki, idmançı ruhdan düşməsin, rinqdə özünü təsdiqləməyə davam etsin. Tamaşaçılardan isə heç nəyi gizlətmək olmaz. Hər şey göz qabağındadır. Buna görə də sizə yarışlarda uğurlar və ölkəmizi layiqincə təmsil etməyi arzulayıram.
Dövlətimizin başçısı və xanımı lazımi avadanlıqla təchiz olunan məşq zalında yeniyetmə və gənc boksçuların məşqini izlədilər. Bu qrupa 13-17 yaşlı boksçular cəlb edilir.
Binada, eyni zamanda, VIP tamaşaçılar üçün də yer ayrılıb. İdman obyektinin yarış zalları, mətbuat işçilərinə ayrılan sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP otaqlar və yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi ən müasir səviyyədə qurulub.
Bu gün Azərbaycanda idmana olan dövlət qayğısı, bunun nəticəsində idmançılarımızın olimpiadalarda, müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazandıqları böyük nailiyyətlər, paytaxtla yanaşı, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində mühüm rol oynayır. Bütün bu reallıqlar, yeni idman binalarında yaradılan şərait və ilk Avropa Oyunları ilə bağlı ölkəmizdə görülən işlər Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının düzgün olduğunu bir daha nümayiş etdirir.
Qeyd olundu ki, idman qurğusunda təhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər görülüb, genişzolaqlı internet şəbəkəsi qurulub, kafe yaradılıb. Kompleksin ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.
Sonda xatirə şəkli çəkdirildi.
x x x
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in açılışında iştirak etdilər.
Ağ şəhərdə yerləşən “Qafqaz Baku Sport Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. On yeddi mərtəbəli otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır. Xəzər dənizinə gözəl mənzərənin açıldığı otel paytaxtın mərkəzindən 4 kilometr, Heydər Əliyev Beynəlxalq Aeroportundan isə 21 kilometr məsafədə yerləşir.
Azərbaycan Prezidenti “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni turizm obyektinin interyeri müasirliyi ilə seçilir. Oteldə qonaqların rahatlığı yüksək səviyyədə təmin olunacaq. Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycanda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in 17-ci mərtəbəsindəki restoranda yaradılan şəraitlə tanış oldular.
Qeyd edildi ki, 110 nəfərlik restoranda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Burada, həmçinin Xəzər dənizinə və Bakı bulvarına açılan gözəl mənzərəni seyr etmək mümkündür. Otelin 60 nəfərlik barında da qonaqların zövqünə uyğun xidmət göstəriləcək.
Otel nömrələrində yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, burada 103 nömrə var. Müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, ölkədə müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən yüksək diqqətin təsdiqidir. Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı da başlıca prioritetlərdəndir.
Hazırda ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır. “Qafqaz Baku Sport Hotel” də həmin istiqamətdə atılan addımlardan biridir. Belə müasir otelin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu cür layihələr ilk Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlərin rahatlığının təmin olunmasına və paytaxt Bakının turizm potensialının nümayiş etdirilməsinə imkan yaradır.
14:00
13:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
28 noyabr 2024, 13:5811:04
Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə...
28 noyabr 2024, 11:0411:02
Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
COP29-da iştirak etmək üçün...
28 noyabr 2024, 11:0211:00
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr...
28 noyabr 2024, 11:0015:35
PDF yükləyin
27 noyabr 2024, 15:3515:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:3315:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:2915:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2615:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:2415:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2213:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49