11 fevral 2011, 15:50

Amerika Birləşmiş Ştatları Kaliforniya Universitetinin Aspirantura Məktəbinin professoru Lütfi Zadədən

Hörmətli Prezident İlham Əliyev,

Qeyri-səlis məntiq nəzəriyyəsini inkişaf etdirməyimə, intellektual sistemlərin konseptual şəkildə formalaşmasında, layihələndirilməsində və istifadəsində bu nəzəriyyənin tətbiqinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə mənə ali dövlət mükafatı – “Dostluq” ordeninin verilməsindən necə böyük şərəf hissi duyduğumu ifadə etməyə söz tapmaq mənim üçün çətindir.

Bu təltif mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki Bakıdakı ilk məktəb illəri, Azərbaycanda elm və mədəniyyətə hörmət və ehtiram kimi tarixi adət-ənənələr məndə həyatım boyu elmə marağın yaranmasına böyük təsir etmişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində əldə edilmiş tərəqqi məndə böyük təəssürat oyatdı. Siz müdriklik və uzaqgörənliklə qara qızılı insan qızılına çevirmək doktrinasını irəli sürmüş, bunu Azərbaycanda həyata keçirilən dövlət siyasətinin təməl daşına çevirmisiniz. Bu siyasət müstəqil Azərbaycanı güc və rifah istinadgahına çevirməyə yönəldilib. Yürütdüyünüz uzaqgörən siyasət və cəsarətli təşəbbüsləriniz Sizi dünya miqyasında görkəmli lider kimi tanıtmışdır. Azərbaycan xoşbəxtdir ki, dünyanı siyasi və iqtisadi böhran bürüdüyü bir vaxtda onun Sizin kimi lideri var. Son illər ərzində Siz və hökumətiniz regionda, xüsusən də informasiya və kommunikasiya texnologiyaları sahəsində lider mövqeyə yüksəlməkdə böyük və nəzərəçarpan irəliləyişə nail olmusunuz. Hesab edirəm ki, Sizin rəhbərlik məharətiniz və dünyagörüşünüz sayəsində Azərbaycan siyasi, iqtisadi, mədəni və texnoloji sahələrdə irəliyə doğru addımlarını gələn illər ərzində də davam etdirəcəkdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan universitetlərində və institutlarında alimlərlə birgə mənim tədqiqat işlərimə xeyirxahlıqla yanaşaraq dəstək vermişdir. Birgə layihələr Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılmasına, elm və texnologiyanın gücləndirilməsinə yönəldilib. Azərbaycanın əldə etdiyi və Sizin uzaqgörən rəhbərliyiniz altında gələcək üçün çalışan hökumətinizin səyləri ilə davam edən gözəl irəliləyişdə iştirakımdan şərəf hissi duyuram.

Məni “Dostluq” ordeni ilə təltif etdiyinizə və əməkdaşlıq layihələri vasitəsilə apardığım işə hökumətinizin verdiyi dəstəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, dərin minnətdarlığımı və ehtiramımı şəxsən bildirmək məqsədilə Sizinlə yenidən görüşəcəyəm. Siz və Bakıdakı dostlarım daim qəlbimdəsiniz.

Bir daha böyük hörmət və ehtiramla,

Lütfi Zadə

Amerika Birləşmiş Ştatları Kaliforniya
Universitetinin Aspirantura Məktəbinin
professoru,

Çevik Hesablama Sahəsində Berkli Təşəbbüsünün direktoru