14:00
İlham Əliyev Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuları işə salıb
25 oktyabr 2015, 13:20Prezident İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib.
Bu zavodun ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb.
Son beş ildə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaranıb, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alınıb. Bu isə istehsal edilən əmtəəlik məhsullarda enerji daşıyıcılarının xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azalması və maya dəyərinin minimuma enməsinə səbəb olub. Bu il zavodun istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən və müasir cihazlarla təchiz edilən yeni laboratoriyası da əsaslı təmir olunub.
2013-cü ildə istismara verilən azot-oksigen kompleksi zavodun və təmir-tikinti idarəsinin azot - oksigenə olan tələbatını tam həcmdə ödəməyə imkan yaradıb. 1987-ci ildən istismar olunan köhnə qurğunun əvəzində yeni azot-oksigen kompleksində innovasiyalı texnologiyaların tətbiqi sayəsində minimum enerji sərfiyyatına malik müasir avadanlıq quraşdırılıb. Yeni kompleksin bütün sistemləri avtomatik idarə edilir.
Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən “Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması oldu.
Dövlətimizin başçısına maye qazları kükürdlü birləşmələrdən təmizləyəcək yeni qurğu barədə də məlumat verildi. İllik layihə gücü 87.600 ton olan qurğunun istismara verilməsi nəticəsində məqsədli məhsul olan propilenin digər məhsullara çevrilməsinin qarşısı alınacaq.
2013-cü ildə istismara verilmiş müasir tipli susoyutma qurğusu zavodda innovasiyalı texnologiyalar əsasında yaradılaraq ümumilikdə kompleksin dayanıqlı və səmərəli işini təmin edib. Yeni qurğunun enerji sərfiyyatı köhnə qurğuya nisbətən daha aşağıdır. Bu da zavodun ümumi enerji sərfiyyatının azaldılması prosesinə müsbət töhfəsini verir.
Diqqətə çatdırıldı ki, zavodda istismara verilmiş yeni qurğulardan biri də mütləqləşdirilmiş izopropil spirti sahəsidir. 2010-cu ildən başlayaraq “Azərikimya” İstehsalat Birliyində zəhərli və zərərli, müasir standartlara cavab verməyən, iqtisadi cəhətdən qeyri-səmərəli və əsasən, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən istehsalatlar sökülərək yenidən qurulub. Çirklənmiş ərazilərdən külli miqdarda zəhərli maddə və kimyəvi tullantı utilləşdirilib. Təmizlənmiş ərazilərdə müasir tipli, ekoloji normalara uyğun yeni istehsal sahələrinin tikintisi aparılır.
Ulu öndər Heydər Əliyev 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafı tarixinə dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yazıldı. Ümummilli Lider 1999-cu ildə bu kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılışında iştirak edib. Bu kompleks nəinki kimya sənayesini tənəzzüldən xilas etdi, hətta “Azərikimya”nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında mühüm vasitə oldu.
Diqqəti cəlb edən layihələrdən biri də gündəlik gücü 2600 kubmetr olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. 2016-cı ildə istifadəyə veriləcək bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya məqsədlərində istifadə olunmasıdır.
Sonra dövlətimizin başçısı zavodun kollektivi ilə görüşdü.
Prezident İlham ƏLİYEV çıxış edərək dedi:
- Mən sizi ürəkdən salamlayıram. Bu gün Sumqayıt şəhərində əlamətdar bir gündür, yeni qurğular istifadəyə verilir. Eyni zamanda, kimyaçıları yubiley münasibətilə təbrik etmək istəyirəm. Biz bu il kimya sənayesinin 70 illik yubileyini qeyd edirik.
Kimya sənayesinin çox böyük ənənələri, böyük tarixi var. Bu gün isə kimya sənayesi yeni dövrə qədəm qoyur. Bu, müasir, yeni texnologiyalar dövrüdür. Çox şadam ki, son vaxtlar bu ərazidə görülən işlər ən yüksək standartlara cavab verir.
Sumqayıt kimyaçılar şəhəri kimi salınmışdır. Bu gün Sumqayıt Azərbaycanın böyük sənaye mərkəzinə çevrilibdir. Bu gün Sumqayıtda yeni müəssisələr, güclü sənaye potensialı yaradılır, iş yerləri açılır. Bu gün bir yeni zavodun açılışında, bir böyük zavodun təməlqoyma mərasimində iştirak etmişəm. Hər iki zavod Azərbaycanın sənaye potensialının inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.
“SOCAR Polymer” zavoduna 750 milyon dollar sərmayə qoyulacaqdır və bu sərmayə öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaqdır. Bu, çox böyük investisiya layihəsidir və əminəm ki, vaxtında icra ediləcək. Beləliklə, Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım atılacaqdır.
Eyni zamanda, bu gün hidrotexniki avadanlıqlar zavodunun açılışını qeyd etdik. Bütün bu işlər Sumqayıt Kimya Sənaye Parkında görülür. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Sumqayıtda Kimya Sənaye Parkının yaradılması haqqında işlər görülməyə başlanmışdır. Bu gün artıq biz bu işlərin birinci nəticələrini görürük. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkı bir neçə ildən sonra tam gücü ilə işləyəcək.
Parkın ərazisi tamamilə təmizlənib. Parkda artıq ilk müəssisələr yaradılır. Növbəti illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Artıq 1 milyard dollardan çox məbləğin qoyuluşu nəzərdə tutulur və bu da ölkəmizin ümumi inkişafını göstərir. Çünki həm xarici, həm yerli investorlar ölkəmizin gələcəyinə inanırlar. İnanırlar ki, Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək.
Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir. Ölkə iqtisadiyyatı isə ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir.
Eyni zamanda, bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılmalıdır. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.
Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin.
Burada işlərin böyük hissəsi dövlətin və Dövlət Neft Şirkətinin vəsaitləri hesabına görülür ki, sənaye potensialımız inkişaf etsin. Özəl qurumlar da gəlib burada iş görəcəklər, bu imkanlardan istifadə edib öz fəaliyyətlərini genişləndirəcəklər, daha çox vəsait əldə edəcəklər və həmin vəsaiti Azərbaycana daha çox investisiya şəklində yatıracaqlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu istiqamətdəki siyasəti birmənalıdır. Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Ona görə bu gün dünyada yaşanan böhran zamanı belə nəhəng qurğuların istifadəyə verilməsi, investisiyaların cəlb edilməsi və iqtisadi sahədə inkişafa nail olmağımız Azərbaycanın gücünü göstərir. Heç bir qüvvə bizim yolumuzda dayana bilməz. Çünki bizim yolumuz inkişaf, tərəqqi, sosial rifah, sosial ədalət yoludur.
Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa biz heç bir iş görə bilmərik.
Əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq. Bu gün burada təməl daşını qoyduğum “SOCAR Polymer” müəssisəsi nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir. Əminəm ki, bu gözəl nümunə digər qurumlar tərəfindən də bir nümunə kimi qəbul olunacaq. Mən bir daha bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür.
Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Kimya sənayesi yeni dövrə qədəm qoyubdur. Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Bu gün Sumqayıtın potensialı artır, işsizlik aradan qaldırılır, şəhərin abadlaşdırılması üçün, sosial sahədə əlavə tədbirlər görülür. Mən dəfələrlə demişəm, insanları narahat edən bütün məsələlər aradan qaldırılmalıdır. Sumqayıtda dəfələrlə olmuşam və istəyirəm ki, burada heç bir problem olmasın. Nə sosial sahədə, nə infrastruktur, nə idarəetmə sahələrində heç bir problem olmasın, insanlar rahat, rifah, əmin-amanlıq içində yaşasınlar.
Sumqayıt bundan sonra da ölkəmizin sənaye və iqtisadi inkişafı işində öz sözünü deyəcək. Bütün sumqayıtlıları mən bir daha salamlayıram, ən xoş arzularımı çatdırıram. Sizi bir daha təbrik edirəm.
x x x
Azərbaycan Prezidenti butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə saldı.
Daha sonra xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, hər iki qurğunun layihəsi “Azərikimya” İstehsalat Birliyinin xüsusi konstruktor bürosu tərəfindən hazırlanıb. İnşası “Azərikimya”nın təmir-tikinti idarəsi tərəfindən icra edilən qurğular avtomatik idarəetmə sistemləri ilə təchiz olunub. Butilen-butadien fraksiyasının hidrogenləşməsi qurğusunun layihə gücü ilkin mərhələdə ildə 120 min tondur. Yaxın perspektivdə isə bu rəqəmin ildə 250 min tona çatdırılması nəzərdə tutulur.
“Azərikimya” İstehsalat Birliyinin 2015-2019-cu illər üçün hədəfi mövcud istehsalatı modernləşdirmək, yeni tikiləcək polipropilen və yüksək sıxlıqlı polietilen istehsalatlarını tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin etmək və “EP-300” istehsalatının səmərəliliyini artırmaqdır.
Beləliklə, Azərbaycanda yeni zavod, fabrik, istehsalat sahələrinin yaradılması, mövcud müəssisələrin daha müasir qurğularla təchiz edilməsi bütövlükdə ölkə iqtisadiyyatının inkişafına töhfəsini verir. Bütün bu addımlar bir daha göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda başlanılan bütün layihələr uğurla icra edilir, yeni-yeni müəssisələr, istehsalat sahələri açılır.
14:00
13:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
28 noyabr 2024, 13:5811:04
Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə...
28 noyabr 2024, 11:0411:02
Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
COP29-da iştirak etmək üçün...
28 noyabr 2024, 11:0211:00
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr...
28 noyabr 2024, 11:0015:35
PDF yükləyin
27 noyabr 2024, 15:3515:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:3315:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:2915:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2615:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:2415:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2213:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49