İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib

05 aprel 2016, 14:20
İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Zakir Həsənov bildirdi ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər.

Dövlət başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşdü.

Prezident İlham Əliyev: Salam uşaqlar, necəsiniz? Vəziyyət necədir?

Əsgərlər: Yaxşıdır, cənab Prezident.

Prezident İlham Əliyev: Sən necəsən?

Əsgər: Yaxşıyam, sağ olun.

Prezident İlham Əliyev: Həkimlər sizə necə baxırlar?

Əsgərlər: Yaxşı baxırlar.

Prezident İlham Əliyev: Nə vaxt yaralanmısan?

Əsgər: Aprelin 1-də.

Prezident İlham Əliyev: Ayaqdan yaralanmısan?

Əsgər: Bəli, iki ayağımdan da.

Prezident İlham Əliyev: Böyük qəhrəmanlıq göstərmisən. Təşəkkürümü bildirirəm.

Əsgər: Çox sağ olun, cənab Prezident. Bu dəqiqədə də vuruşmağa hazıram.

Prezident İlham Əliyev: Amma gərək sağalasan. Sağalın, sağlamlığınızı bərpa edin. Həkimlər sizə yaxşı baxırlar. Burada bütün şərait yaradılıb. Siz Vətən uğrunda vuruşmusunuz, xəsarət almısınız, yaralanmısınız. Vətən bunu yüksək qiymətləndirir. Azərbaycan xalqı sizinlə fəxr edir. Ali Baş Komandan kimi sizə minnətdarlığımı bildirirəm. Sağ olun.

Əsgərlər: Sağ olun.

                                                                                                   X X X

Növbəti palatada yaralı əsgərlərlə görüşən Prezident İlham Əliyev dedi:

-Sizi salamlayıram. Sizə minnətdarlığımı bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni, ərazi bütövlüyümüzü qorumusunuz. Azərbaycan xalqı sizinlə fəxr edir. Döyüşlərdə yaralanmısınız, ancaq qələbə qazanmısınız.

Əsgər: Cənab Prezident, arzumuz budur ki, torpaqlarımızı azad edək. Bu gün burada yaralı olsaq da, qəlbimiz cəbhə xəttindədir. Döyüşlərdə iştirak etmək, torpaqlarımızı azad etmək istəyirik.

Prezident İlham Əliyev: Siz torpaqların azad edilməsi üçün artıq nə lazimdırsa etmisiniz. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, düşmən təxribatının qarşısını aldı. Təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan Ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır. Ərazi bütövlüyümüzün bərpası hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Sizin kimi övladlar Vətənin şöhrətini ucaldırlar.

Sən harandan yaralanmısan?

Əsgər: Ayağımdan, bir də qəlpə yarası var.

Prezident İlham Əliyev: Əməliyyat olunmusan?

Əsgər: Bu gün olunmuşam.

Prezident İlham Əliyev: Bəs sən?

Əsgər: Məndə qəlpə yarasıdır.

Prezident İlham Əliyev: Sən harandan yaralanmısan?

Əsgər: Çiynimdən güllə yarası almışam.

Prezident İlham Əliyev: Özünü necə hiss edirsən?

Əsgər: Əla.

Prezident İlham Əliyev: Görürəm sənin vəziyyətin bir qədər ağırdır. Necəsən?

Əsgər: Yaxşı hiss edirəm özümü, cənab Prezident. Hər şey yaxşıdır.

Prezident İlham Əliyev: Böyük qəhrəmanlıq göstərmisiniz. Sizin apardığınız hərbi əməliyyatlar gələcəkdə hərbi kitablarda öz əksini tapacaq. Sən necəsən?

Əsgər: Yaxşıyam.

Prezident İlham Əliyev: Qolundan yaralanmısan?

Əsgər: Bəli.

Prezident İlham Əliyev: Tezliklə sağalın uşaqlar. Allah şəfa versin. Tezliklə sağalın, normal həyata qayıdın. Sağ olun.

Əsgərlər: Sağ olun.

                                                                                                X X X

Digər palatada yaralı əsgərlərlə görüşən Prezident İlham Əliyev soruşdu: Necədir vəziyyət? Özünüzü necə hiss edirsiniz?

Əsgər: Əla hiss edirəm. İnşallah, ayağa qalxıb Vətənimizin torpaqlarını geri qaytarmaq üçün yenidən döyüşəcəyəm. Bizim qardaşlarımız orada yolumuzu, köməyimizi gözləyirlər.

Prezident İlham Əliyev: İnşallah. Sən nə lazımdırsa etmisən. Qəhrəmancasına vuruşmusan, yaralanmısan.

Əsgər: Etməyə də hazıram, sona kimi də edəcəyəm.

Prezident İlham Əliyev: Böyük qəhrəmanlıq göstərmisiniz. Biz sizinlə fəxr edirik ki, Azərbaycanın belə gözəl gənc nəsli var.

Əsgər: Bizim torpaqlarımızın bir qarışı da düşmən tapdağında qalmamalıdır. Öldü var, döndü yoxdur.

Prezident İlham Əliyev: Qalmayacaq. Əməliyyat olunacaq?

Hərbi həkim: Bəli, əməliyyat olunacaq. İlkin əməliyyat olunub. Yekun əməliyyat olunacaq.

Prezident İlham Əliyev: Tam bərpa olunacaq?

Hərbi həkim: Bəli, tam bərpa olunacaq. Sümük, əzələ defekti yoxdur.

Prezident İlham Əliyev: Səndə nə yarasıdır? Necədir vəziyyətin?

Əsgər: Qəlpə yarasıdır. Yaxşıdır.

Prezident İlham Əliyev: Allah şəfa versin. Tez sağalın və normal həyata qayıdın. Sizinlə fəxr edirik. Sağ olun.

                                                                                               X X X

Sonra dövlətimizin başçısı şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşdü.

Prezident İlham ƏLİYEV dedi:

- Bildiyiniz kimi, aprelin 2-də erməni işğalçıları dövlətimizə qarşı növbəti silahlı təxribat törətmişlər. Hərbi mövqelərimizə hücum çəkmişlər. Mülki əhalini, kəndlərimizi atəşə tutmuşlar. Qəhrəman Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz, zabitlərimiz düşmənin təxribatının qarşısını aldılar, düşmənə layiqli cavab verdilər və təmas xəttində öz üstünlüklərini daha da möhkəmləndirdilər. Birinci dəfə deyil ki, erməni işğalçıları bu təxribatlara əl atırlar. Mən dəfələrlə demişəm ki, onlar işğal edilmiş torpaqları daim öz nəzarətində saxlamaq istəyirlər, sülh istəmirlər. Danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Beynəlxalq hüququn bütün normalarını, əxlaqi normaları pozublar. Mülki əhaliyə atəş açırlar. Bu hadisələrdən bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində - Qazax istiqamətində təxribat törətmişlər. Orada hərbiçilərimiz həlak olmuşdur. Bu hadisələr zamanı bizim kəndlərimizi daim atəşə tuturlar. Mülki əhalidən həlak olanlar var. Üç yüzə yaxın evə ziyan vurulub. Yəni, budur onların hərəkətləri. Azərbaycan əsgəri, Azərbaycan zabiti heç vaxt mülki əhaliyə qarşı vuruşmamışdır, vuruşmur və vuruşmayacaqdır. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir.

Azərbaycan Ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu. Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası - bütün bunlar həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Düzdür, hələ ki, bu qərarlar nəticəyə gətirib çıxarmayıb. Ancaq bu, məsələnin həlli üçün hüquqi əsasdır. Digər tərəfdən, Azərbaycan siyasi, iqtisadi cəhətdən bölgədə Ermənistan ilə müqayisədə böyük dərəcədə irəliyə getmişdir.

Bir daha demək istəyirəm, baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də bu danışıqlar prosesinə hazırıq. Bu təxribatı erməni tərəfi ona görə törədib ki, onlara beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlər artır. Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Kim işğalçıdır, kim işğalın qurbanıdır. Ona görə, danışıqlar prosesini pozmaq üçün onlar bu təxribata əl atdılar. Bu təxribat nəticəsində biz şəhidlər verdik. Şəhidlərimiz olubdur, yaralılar var. Ancaq onu da bilməlisiniz, Azərbaycan xalqı bilir ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulubdur. Bunun günahkarı onlar özləridir.

Bu gün mən döyüşlərdə qəhrəmancasına vuruşmuş hərbiçilərlə, yaralı uşaqlarımızla görüşdüm, onları təbrik etdim. Bir vətəndaş, Ali Baş Komandan, Prezident kimi onlara Azərbaycan xalqı, dövləti adından təşəkkürümü bildirdim. Biz onlarla fəxr edirik.

Sizə də öz minnətdarlığımı bildirmək istəyirəm ki, belə gözəl, vətənpərvər, bacarıqlı, cəsarətli övladlar böyütmüsünüz. Bax, onlar indi yaralı vəziyyətdə uzanıblar, yenə də deyirlər ki, istəyirik tezliklə buradan çıxaq gedək döyüş bölgələrinə. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu göstərir ki, bizim xalqımız nə qədər dəyərlidir, mətindir, vətənpərvərdir.

Uşaqlar müstəqillik dövründə formalaşıblar. Onlar müstəqil Azərbaycan bayrağı altında böyüyüblər. Onlarda milli qürur hissi, milli ləyaqət hissi çox yüksəkdir. Mən həmişə demişəm ki, bizim bütün gənclərimiz vətənpərvər, Vətənə bağlı olmalıdırlar. Bax, sizin övladlarınız, yaxınlarınız o gənclərdəndir, onlar nümunədir.

Mən bir daha sizə təşəkkürümü bildirmək istəyirəm ki, Vətən üçün belə övladlar böyütmüsünüz. Onların çox gözəl gələcəyi olacaqdır. Onlar artıq sübut ediblər ki, dövlətimizin dəyərli vətəndaşlarıdır. Onlar gələcəkdə müxtəlif sahələrdə işləyəcəklər, kimi hərbi sahədə, kimi mülki sahədə. Ancaq onlar artıq sübut ediblər ki, doğrudan da layiqli vətəndaş kimi gələcəkdə Azərbaycanda özləri üçün yaxşı həyat qurmalıdırlar, quracaqlar. Biz onlarla, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər mənə deyirlər ki, yaralananların hamısı sağalacaq. Onların sağlamlığı tam bərpa olunmalıdır və tam bərpa olunacaqdır. Həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən gəlmişəm ki, onlara və sizə təşəkkürümü bildirim. Bir daha deyim ki, ölkəmizin ərazi bütövlüyü Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ölkəmizin ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Əgər bu gün yenə də Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb danışıqlar masasında özünü səmimi apararsa, əminəm ki, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik.

Bir daha demək istəyirəm, Azərbaycan bu gün də bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də güclü dövlətdir, ordusu da güclü ordudur. Bax, bizim burada müalicə alan qəhrəman uşaqlarımız bunun ən gözəl sübutudur, təzahürüdür.

Bir daha sizə minnətdarlığımı bildirirəm. Allah sizə səbir versin. Yaxınlarınız, uşaqlarınız tezliklə sağalsınlar.

Şəhid ailələrinin və yaralıların yaxınları: Cənab Prezident, lazım gəlsə biz övladlarımızla bərabər özümüz də Vətənimizin müdafiəsi uğrunda döyüşməyə hazırıq. Biz həmişə Sizinləyik, Sizi dəstəkləyirik. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Hamımız bir nəfər kimi Sizin arxanızda dayanmışıq. Qələbə bizimdir. Biz övladlarımızı Vətən üçün böyütmüşük.

Prezident İlham Əliyev: Sağ olun.

                                                                                                  X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49