15:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56
Prezident İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” - Rusiya informasiya telekanalına müsahibə vermişdir.
- Hər vaxtınız xeyir, cənab Prezident!
- Hər vaxtınız xeyir.
- Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər haqqında soruşmaq istərdim. Bu münasibətlər kifayət qədər uğurla inkişaf edir. Siz özünüz üçün nəyi qeyd etmək istərdiniz? Bu il üçün hansı layihələr, hansı işlər planlaşdırılmışdır?
- Bizim münasibətlər çox dinamik, ardıcıl və səmərəli inkişaf edir. Dövlət başçıları səviyyəsində siyasi əlaqələr çox yüksək səviyyədədir, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Biz daim əlaqə saxlayırıq və qəbul etdiyimiz qərarlar real səmərə verir. Biz, hər iki tərəf, haqlı olaraq münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Biz qonşuyuq. Biz həmişə mehriban qonşuluq və dostluq prinsipləri üzrə yaşamışıq. Biz əsrlər boyu birlikdə, yanaşı yaşamışıq və çox vacibdir ki, Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapdığı dövrdə bu müsbət meyillər qorunub saxlanmış və artırılmışdır.
İqtisadi sahədə əlaqələrimiz möhkəmlənir. Böhran dövründə bizdə əmtəə dövriyyəsi bir qədər azalmışdı, lakin indi onu kompensasiya edirik və əmtəə dövriyyəsinin strukturu yaxşılaşır. Ticari münasibətlər baxımından Rusiya bizim mallar üçün bazar kimi bizdən ötrü çox böyük maraq doğurur, Rusiya həm də idxal üzrə bizim əsas tərəfdaşımızdır. Yəni, Azərbaycana ən çox idxal Rusiyadan daxil olur.
Humanitar sahədə də çox yaxşı nəticələr vardır. Bu il biz Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə Bakıda birinci Beynəlxalq humanitar forum keçirəcəyik. Keçən il Rusiya-Azərbaycan humanitar forumu keçirilmişdi. O vaxt Bakıda Rusiya intellektual cəmiyyətinin demək olar ki, elitası toplaşmışdı və yaxşı nəticələr əldə edilmişdi. Bütün istiqamətlər üzrə çox müsbət dinamika vardır. Hazırda biz enerji təchizatı sahəsində fəal əməkdaşlıq edirik. Hərbi-texniki sahədə əməkdaşlıq uğurla inkişaf edir. Bunlar son bir neçə ilin reallıqlarıdır. Yəni, biz münasibətlərimizi daha da möhkəmləndirmək əzmindəyik.
Yaxın keçmişdə imzalanmış mühüm sənədlərdən biri dövlət sərhədinin delimitasiyası barədədir. Hər iki ölkə üçün ən mühüm sənədlərdən biri olan bu müqavilə ölkənin öz qonşuları ilə sərhədlərini müəyyən edir. Bu sərhədlər qarşılıqlı maraqlar əsasında, ədalətlə müəyyən edilmişdir və bu müqavilə ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətləri daha da möhkəmlədəcəkdir. Yəni, ikitərəfli münasibətlərimizdə təxirəsalınmaz həll tələb edən hər hansı bir məsələ yoxdur. Həll olunmalı nə vardısa, - mən problemli məsələləri nəzərdə tuturam, - hamısı həll edilmişdir. Gələcəkdə biz yalnız əməkdaşlığın müsbət potensialını artırmalıyıq.
- Böhrandan sonrakı dövrdə Azərbaycan iqtisadiyyatı kifayət qədər yaxşı inkişaf edir. Siz yaxşı nəticələr göstərirsiniz. Lakin bununla belə, deyirsiniz ki, investisiya şəraitini yaxşılaşdırmaq lazımdır. Ümumiyyətlə, hazırda bu məsələ üzərində Rusiyada da fəal işləyirlər, həll yolları axtarırlar. Bəlkə Siz onu artıq tapmısınız?
- Bunu demək çətindir. Əlbəttə, Rusiyanın və Azərbaycanın miqyasları müqayisəolunmazdır. Lakin Azərbaycanda həyata keçirdiyimiz investisiya təşəbbüsləri yaxşı səmərə vermişdir. Bu, ilk növbədə, xarici investisiyaların cəlb edilməsidir. Müstəqilliyin ilk dövründə bütün ölkələr, - mən postsovet ölkələrini nəzərdə tuturam, çətin vəziyyətdə olanda bu, bizim üçün zəruri idi. İqtisadiyyat dağıdılmışdı, daxili maliyyə ehtiyatları yox idi. Buna görə də xarici investisiyalar olmadan inkişaf etməyimiz çox çətin olardı. Buna görə də biz, ilk növbədə energetika sahəsinə xarici investisiyaların cəlb edilməsi üzrə konkret proqram həyata keçirdik və sərmayədarlar üçün yaxşı şərait yaratdıq, onların sərmayələrini qanunvericilik yolu ilə tamamilə qoruduq. Bu əməkdaşlığın yaxşı nəticələrini indiyə qədər görürük. Yəni, neft-qaz sahəsinə qoyulmuş milyardlarla dollar sərmayə onunla nəticələndi ki, servis infrastrukturuna da, əlaqədar sahələrə də, sənayeyə də sərmayə qoyulmağa başlandı. Ölkəmizin inkişafının bu mərhələsində biz xarici investisiyalardan demək olar ki, artıq asılı deyilik. Hərçənd, keçən ilin göstəricilərinə nəzər salsaq, bütövlükdə iqtisadiyyata qoyulmuş 15,5 milyard dollar sərmayənin 8 milyardı daxili, 7 milyardı xarici investisiyalar olmuşdu. Yəni, hətta böhranlı dövrdə də Azərbaycanın əcnəbi sərmayədarlar üçün cəlbediciliyi davam edir. Mənim fikrimcə, bu, ilk növbədə, artıq dediyim kimi, ölkədə yaxşı investisiya mühiti, xarici sərmayələrin qorunması, eləcə də ölkənin dinamik inkişafı nəticəsində baş verir. Çünki xarici pullar oraya sərf edilir ki, orada müəyyən nəticələr vardır, gələcəyi görmək mümkündür, sabitlik vardır, sərmayədarlar özlərini inamlı hiss edir və bilirlər ki, bəlkə də 10-15 il bundan əvvəl imzalanmış kontraktların şərtlərini heç kəs dəyişdirə bilməz.
Biz dövlət investisiya şirkəti yaratmışıq. Bu şirkət ölkəmiz üçün mühüm investisiya layihələrində 20 faiz həcmində iştirak edir və bu da müsbət nəticə verir. Buna görə də gələcəkdə biz, əlbəttə, investisiyalar cəlb etmək niyyətindəyik. Lakin hətta bunlar olmasa da Azərbaycan iqtisadiyyatı yaxşı potensial qazanmışdır və dinamik şəkildə inkişaf edəcəkdir.
- Hazırda Nabukko qaz kəməri məsələsi fəal müzakirə olunur və deyirlər ki, bu məsələni yalnız Azərbaycan dövləti həll edə bilər. Bu dövlət hansı qərarı qəbul edəcəkdir, qaz kəməri yaradılacaq, ya yox? Bu, Rusiyanın “Cənub axını” layihəsinin alternatividir? Xahiş edirəm, bu məsələni şərh edin.
- Avropanın təbii qaza tələbatının artacağını, yeni alternativ mənbələrin isə əslində olmamasını nəzərə alsaq, qərbli tərəfdaşların marağını başa düşmək olar. Xüsusən ona görə ki, Azərbaycan coğrafi baxımdan avropalı istehlakçılardan o qədər də uzaqda deyildir. Nəzərə almalıyıq ki, bizim qazı Türkiyəyə nəql edən işlək qaz kəməri artıq mövcuddur. Yəni, həm coğrafiya, həm də infrastruktur buna şərait yaradır ki, gələcəkdə qaz satacaq bir ölkə kimi Azərbaycana maraq göstərilsin.
Bizim prioritetlərə gəldikdə isə, ilk növbədə, özümüzün enerji təhlükəsizliyi məsələləri ilə məşğul olurduq. Mənim fikrimcə, bu gün neft üzrə hasilatı demək olar ki, maksimuma – gündə bir milyon barrelə çatdırmışıq. Prinsip etibarilə, hasilatın bu səviyyəsi bizi tamamilə qane edir və sosial-iqtisadi xarakterli məsələləri həll edə bilməyimiz üçün ölkə iqtisadiyyatına maliyyə vəsaitləri axınına imkan verir. Buna görə də hazırda qarşımızda maliyyə resurslarının təcili zərurəti baxımından belə bir məsələ dayanmır. Buna görə də biz qaz sahəsində əməkdaşlığı uzunmüddətli layihə hesab edirik. Bu layihə bütün tərəflərin maraqları üst-üstə düşdüyü halda reallaşdırıla bilər.
Bu gün bizim qaz potensialımız regional bazarda reallaşır. Biz elektrik enerjisi kimi, qazı da bütün qonşu ölkələrə - Rusiyaya, Türkiyəyə, Gürcüstana, İrana nəql edirik. Bu ənənəvi istiqamətlər üzrə satışı artırmaq potensialı da vardır. Beləliklə, bu gün biz, öz qaz ehtiyatlarımızın müəyyən hissəsinin satışını, demək olar ki, təmin edirik. Digər tərəfdən, imkanlarımız və istehsal, hasilat və nəqletmənin potensial həcmləri bugünkü regional bazarların imkanlarından qat-qat çoxdur. Təbii ki, bu halda qarşımızda ya yeni bazarlara çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi durur. Sizin Nabukko barədə sualınızı daha da konkretləşdirərək deyə bilərəm ki, biz bu layihəni dəstəkləyirik, lakin qarşılıqlı maraqların nəzərə alınması şərtilə. İlk növbədə kommersiya maraqları təmin edilməlidir, qiymət ədalətli olmalıdır.
Bizim qazın tranziti ilə bağlı suallar çoxdur. Son istehlakçının qiyməti necə olacaqdır? Yeni qaz kəmərinin tikintisini kim maliyyələşdirəcəkdir? Azərbaycanın tranzit ölkə kimi rolu nədən ibarət olacaqdır? Axı aydındır ki, Nabukko kəmərini təkcə Azərbaycanın qaz ehtiyatları ilə doldurmaq mümkün olmayacaqdır. Deməli, bunun üçün Mərkəzi Asiyadan qaz gətirmək lazım olacaqdır. Kommersiya məsələləri, texniki məsələlər, siyasi razılaşdırmalar ilə kim məşğul olacaqdır? Demək istəyirəm ki, aydın olmayan məqamlar və eyni zamanda, həlli tələb edilən məsələlər çoxdur.
Lakin bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” nəqliyyat dəhlizi haqqında deklarasiya imzalanmışdır. Bizim energetika nazirinin və Avropa İttifaqının energetika üzrə komissarının başçılıq etdiyi birgə işçi qrupu yaradılmışdır. Onlar “Cənub” dəhlizi layihəsinin həyata keçirilməsi çərçivəsində məsləhətləşmələrə başlamışlar. Lakin bu, təkcə Nabukko deyildir. Orada daha bir neçə, ən azı iki variant vardır. Hazırda həmin variantlar fəal müzakirə edilir. Buna görə də əgər danışıqlar uğurlu olarsa və tərəflərin bütün maraqlarına riayət edilərsə, biz, əlbəttə daha bir qaz bazarına çıxmaqda maraqlı olacağıq. Lakin bütün bunlar danışıqların necə keçəcəyindən və Azərbaycanın maraqlarının nə dərəcədə nəzərə alınacağından asılı olacaqdır.
- Ekspertlər deyirlər ki, Xəzəryanı dövlətlərə sərmayə qoyulması üçün dəqiq şərtlər olması zəruridir. Siz necə düşünürsünüz, nəyə görə indiyə qədər inteqrasiya yoxdur? Hansı məqamlar qeyd edilməmişdir, nə lazımdır, nə barədə razılığa gəlmək lazımdır?
- Keçən il biz Bakıda Xəzəryanı dövlətlərin çox uğurlu sammitini keçirdik və ilk növbədə bioloji resurslar barəsində yaxşı qərarlar qəbul etdik. Biz nərəkimilərin ovlanmasına moratorium qoyulması barədə proqram hazırlamağı müvafiq qurumlara tapşırdıq. Biz, həmçinin ərazi suları barədə məsələləri ən yaxın vaxtda hazırlamaq və razılaşdırmaq barədə dəqiq tapşırıqlar verdik. Enerji ehtiyatlarına gəldikdə isə, bu halda hər bir ölkə Xəzər dənizinin ona aid sektorunda yerləşən yataqları işləyir və burada yəqin ki, çoxtərəfli münasibətlərdən daha artıq, ikitərəfli münasibətlər barədə danışmaq olar. Lakin ən başlıcası, Xəzər dənizinin hüquqi statusunu qəti surətdə tənzimləməliyik, bu məsələ indiyə qədər həll edilməmişdir. Lakin bunun üçün artıq yaxşı zəmin vardır. Bunlar ilk növbədə, Rusiya ilə Azərbaycan arasında, Rusiya ilə Qazaxıstan arasında və Qazaxıstan ilə Azərbaycan arasında imzalanmış ikitərəfli sazişlərdir. Bu üç ölkə öz aralarında bütün məsələləri beynəlxalq hüquq normaları əsasında razılaşdırmışlar. Buna görə də əgər bu yanaşma beştərəfli saziş üçün əsas kimi götürülərsə, biz Xəzərlə bağlı məsələləri ən qısa müddətdə tənzimləyə bilərik.
Bununla bərabər, deməliyəm ki, hətta hüquqi statusun tənzimlənmədiyi bugünkü vəziyyət də Xəzəryanı ölkələr arasında mehriban qonşuluq münasibətlərinin inkişafı üçün əngəl deyildir. Biz maraqlıyıq ki, bütün Xəzəryanı ölkələr inteqrasiya proseslərinə indikindən qat-qat fəal cəlb edilsinlər, xüsusən ona görə ki, bu beş ölkədən dördü keçmiş Sovet İttifaqı ölkəsidir, onlar bir-biri ilə daim əlaqədə olan MDB ölkələridir. Zənnimcə, biz tədricən bu istiqamətdə hərəkət edəcəyik. Mən Xəzər üzrə Bakı sammitini irəliyə doğru mühüm müsbət addım hesab edirəm.
- Karbohidrogenlərin hasilatı və Sizin yeni satış bazarları axtarmağınız mövzusuna qayıdıram. Siz, məsələn, 30-cu ildə Sizin öz qazınızı nəql edə biləcəyiniz elə həmin Avropaya, yaxud hər hansı başqa dövlətlərə nə lazım olacağını qiymətləndirmisinizmi? Bəlkə onlara heç xammal lazım deyil?
- Şübhəsiz, biz bu cür qiymətləndirmələr aparmışıq. Əlbəttə, 30-cu ilə qədər hansı yeni enerji növləri yaranacağını qabaqcadan güman etmək və proqnozlaşdırmaq çətindir. Hazırda, məsələn, Avropanın texniki, elmi təfəkkürünün, o cümlədən alternativ mənbələr axtarışına yönəldiyini nəzərə alsaq, onların axtarışlarının nə dərəcədə uğurlu olacağını demək bizim üçün çətindir. Lakin əgər hər şey indiki kimi gedərsə və ənənəvi enerji mənbələrindən asılılıq ən azı indiki səviyyədə qalarsa, Avropaya qaz nəqlinin bugünkü həcmi onlar üçün kifayət etməyəcəkdir. Avropa üçün ən iri qaz təchizatçısı olan Rusiya, bildiyimə görə, onlara hər il təqribən 150 milyard kubmetr qaz göndərir. Buna baxmayaraq, həmin həcm avropalılar üçün kifayət etməyəcəkdir. Elə bu səbəbə görə də onlar bu gün əlavə mənbələrə maraq göstərirlər. Əlbəttə, deyək ki, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə bu cür marağın səbəbləri barədə mühakimə yürütmək və onlara bu cür qiymət və şərh vermək mənim üçün çətindir. Lakin düşünürəm ki, onlar siyasi motivlərdən daha çox praqmatizmi əsas tuturlar. Ona görə ki, dəqiq 30-cu il üçün Avropada qaz satışı ilə əlaqədar ciddi qıtlıq yarana bilər. Bu isə əlbəttə, nəinki iqtisadi inkişafı ləngidər, hətta ümumiyyətlə çox ciddi nəticələrə gətirib çıxara bilər.
Buna görə də onlar dünyanın enerji xəritəsinə baxanda və görəndə ki, çox böyük, hətta mən deyərdim ki, toxunulmamış qaz ehtiyatlarına malik olan Azərbaycan kimi bir ölkə vardır, – çünki burada ənənəyə görə neft çıxarılmışdır, qaza isə nədənsə diqqət yetirilməmişdir, - əlbəttə, onlar maraq göstərirlər. İndiki halda mən belə hesab edirəm ki, istehsalçıların və istehlakçıların, zəruri hallarda isə tranzit ölkələrin səylərini əlaqələndirmək və birgə fəaliyyət göstərmək ən optimal variant olardı. Bu halda qaz üzrə əməkdaşlıq məsələləri qeyri-sağlam rəqabət, yaxud hansısa qarşıdurma məsələlərinə çevrilməzdi. İstehsalçılar öz mənafelərini müdafiə etməlidirlər. Bu halda istehsalçı və tədarükçü ölkələr kimi Rusiyanın və Azərbaycanın, əlbəttə öz maraqları, istehlakçıların isə öz maraqları vardır. Bütün bu maraqları ümumi məxrəcə gətirmək, konsensusa nail olmaq və bu əsasda əməkdaşlığın perspektivləri barədə razılığa gəlmək lazımdır. Əgər bu baş verməsə, müxtəlif anlaşılmazlıqlar, yaxud o qədər də düzgün olmayan qiymətləndirmələr energetika sahəsində əməkdaşlığın ümumi mənzərəsini korlayacaqdır. Ona görə ki, zənnimcə, bu biznesdə hər şey çox dəqiq müəyyən edilməlidir, hər bir tərəf özünün öhdəliklərinin və maraqlarının dərəcəsini bilməlidir ki, kiminsə yolunu kəsməsin, eləcə də özünün potensialının və öz iqtisadiyyatının inkişafını süni şəkildə ləngitməsin.
Azərbaycana gəldikdə isə sizə deməliyəm ki, bu il Azərbaycanda 28 milyard kubmetr qaz hasil edilmişdir. Bunun təqribən 10-11 milyard kubmetri bizim daxili tələbatımızdır, qalanı isə ixrac resurslarıdır. Lakin bizdə ixracın hələlik məhdud olması ilə əlaqədar, eləcə də neft laylarında təzyiqi saxlamaq üçün bu qazın bir hissəsi yenidən laylara vurulur. Buna görə də bu gün malik olduğumuz resursa qaz bazarlarında artıq tələbat ola bilər. Bundan əlavə, təqribən 20 milyard dollar əlavə sərmayə qoyulsa, biz qaz hasilatını təqribən 15 milyard kubmetr, bəlkə də daha çox artıra bilərik. Lakin bu sərmayələri qoymaq üçün kontraktlar olmalıdır, bazarlar olmalıdır. Ona görə ki, qaz biznesində bunlarsız mümkün deyildir. Yəni, burada hər şey qarşılıqlı əlaqəlidir, buna görə də hər şeyi planlaşdırmaq və razılaşdırmaq lazımdır.
- Yaxın Şərqdə, Şimali Afrikada vəziyyət hazırda neftin qiymətini kəskin şəkildə artırmışdır. Siz Dövlət Fonduna daxil olan bütün bu gəlirlərdən ölkənin inkişafı üçün necə istifadə edəcəksiniz? Axı bir tərəfdən, əgər pensiyalar, sosial ödənişlər artırılırsa, bu ona gətirib çıxaracaqdır ki, inflyasiya göstəriciləri yüksələ bilər. Bu isə heç də yaxşı hal deyildir. Digər tərəfdən, əlbəttə, bu sosial ödənişləri artırmaq zəruridir. Azərbaycanda hansı qərar qəbul ediləcəkdir?
- Bizdə bu məsələlər kifayət qədər səmərəli tənzimlənir. Əlbəttə, biz hər il əməkhaqqını və pensiyaları artırırıq. Bu proses davam etməlidir, çünki hətta bu gün də minimum əməkhaqqının və pensiyanın səviyyəsi heç kəsi qane edə bilməz. Hərçənd, son bir neçə ildə biz işsizlik məsələsini çox ciddi həll edə bilmişik. Son yeddi ildə 900 min yeni iş yeri yaradılmışdır və elə həmin yeddi il ərzində yoxsulluq səviyyəsini təqribən 50 faizdən 9 faizə endirməyə nail olmuşuq. Buna baxmayaraq, hesab edirəm ki, 9 faiz də çoxdur. Buna görə də əməkhaqqının və pensiyaların artırılması üzrə sosial proqramlar davam etdiriləcəkdir, təbii ki, sizin qeyd etdiyiniz kimi, inflyasiya riskləri nəzərə alınmaqla. Lakin bununla paralel olaraq biz neft gəlirlərindən, ilk növbədə, infrastruktur layihələrinin inkişaf etdirilməsi, regionlarda şərait yaradılması, elektrik stansiyaları, qaz təchizatı obyektləri, xəstəxanalar, məktəblər, yolların tikintisi, sahibkarlara kreditlər verilməsi üçün istifadə edirik. Biz hər il özəl sektor üçün bir neçə illiyə güzəştli kreditlər verilməsi məqsədi ilə böyük məbləğ ayırırıq. Bununla regionlarda iş yerləri yaradılır, insanlar əməkhaqqı almadan, özlərinin sahibkarlıq fəaliyyəti hesabına pul qazanırlar.
Biz iqtisadi siyasətimizi çox ciddi qaydada liberallaşdırmışıq. Bizim qanunvericiliyimiz çox liberaldır və bizneslə məşğul olmaq üçün heç bir bürokratik qərarlar tələb olunmur. Mən bilən, istənilən adam üç gün müddətində şirkətini qeydiyyatdan keçirərək biznes fəaliyyətinə başlaya bilər. Üstəlik, artıq dediyim kimi, dövlət də bu fəaliyyəti güzəştli kreditlərlə stimullaşdırır.
- Daha bir sualım artıq 17 ildir ki, müzakirə edilən məsələ barədədir. Bu, Dağlıq Qarabağ məsələsidir. Siz bu məsələnin həlli perspektivlərini və danışıqlarda iştirak edən tərəflərin rolunu necə qiymətləndirirsiniz? Əlbəttə, mən, o cümlədən Rusiyanı da nəzərdə tuturam.
- Biz Rusiyanın rolunu çox yüksək qiymətləndiririk. Prezident Dmitri Anatolyeviç Medvedev tərəflərin tənzimləməyə nail olmasına kömək etmək üçün çox səy göstərir. Onun təşəbbüsü ilə bir neçə üçtərəfli görüş keçirilmişdir. Bu görüşlər böyük əhəmiyyət kəsb edir və müsbət effekt verir. Təəssüf ki, uzun illər boyu bu münaqişə tənzimlənməmiş qalır və biz ümid edirik ki, ən yaxın vaxtda irəliləyişə nail olacağıq. Neçə illər keçməsinə və praktiki olaraq bütün beynəlxalq təşkilatların müvafiq qərarlar və qətnamələr qəbul etməsinə baxmayaraq, münaqişə hələ də tənzimlənməmişdir. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir və onların heç biri reallaşmamışdır. Təhlükəsizlik Şurasının Liviyaya dair qətnamələri qəbul ediləndən, sözün həqiqi mənasında, bir neçə saat sonra onların həyata keçirilməyə başlanmasını, Dağlıq Qarabağa dair qətnamələrin isə artıq 17-18 ildən bəri həyata keçirilmədiyini görəndə təbii olaraq belə bir sual yaranır: nə üçün? Burada bu cür operativliyə, bizimlə bağlı halda isə bu cür passivliyə səbəb nədir? Buna görə də biz vasitəçilərin, ilk növbədə Minsk qrupu həmsədrlərinin və regional ölkə kimi, bizim qonşumuz kimi Rusiyanın, xüsusən son vaxtlar Rusiyanın fəal rolunu nəzərə alaraq onların daha fəal iştirakına ümid edirik.
- Müsahibə üçün çox sağ olun.
- Sağ olun.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat...
18 dekabr 2024, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...
18 dekabr 2024, 14:34Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Qətər dostluq və əməkdaşlıq...
18 dekabr 2024, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...
17 dekabr 2024, 17:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...
17 dekabr 2024, 17:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...
16 dekabr 2024, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:17