İlham Əliyevin və Rusiya Hökumətinin Sədri Dmitri Medvedevin mətbuat üçün bəyanatları

08 aprel 2016, 14:41

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli Dmitri Anatolyeviç, hörmətli qonaqlar, xanımlar və cənablar.

Dmitri Anatolyeviçi Azərbaycanda bir daha ürəkdən salamlamaq istəyirəm, xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu gün Sizinlə təkbətək və geniş tərkibdə danışıqlar çərçivəsində ikitərəfli qarşılıqlı əlaqələrə, regional problemlərə aid mühüm məsələləri müzakirə etdik. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, xüsusən yaxın vaxtlarda münaqişə zonasında gərginliyin artması nəzərə alınmaqla ətraflı müzakirə etdik.

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Anatolyeviç Medvedevin bu gün Bakıda rəsmi səfərdə olmasını çox yüksək qiymətləndiririk. Mən Dmitri Anatolyeviçi Azərbaycana səfərə dəvət etmişdim. Bilirəm ki, bu səfər onun planlarına daxil idi. Lakin biz həmin səfərin bu gün baş tutmasını Azərbaycana dostluq, tərəfdaşlıq münasibətinin daha bir göstəricisi hesab edirik. Hamımız bilirik ki, aprelin 7-də Dmitri Anatolyeviçin Ermənistana rəsmi səfəri planlaşdırılmışdı və münaqişə zonasında yaranmış vəziyyət nəzərə alınmaqla onun aprelin 8-də Azərbaycana gəlməyi qərara almasını biz çox yüksək qiymətləndiririk. Bu, bir daha ona dəlalət edir ki, həm Ermənistanla, həm də Azərbaycanla münasibətlər Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bizim üçün də Rusiya ilə münasibətlər böyük əhəmiyyətə malikdir. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk, genişləndirməyə və möhkəmləndirməyə çalışırıq.

Ermənistan ilə Azərbaycan arasında münaqişənin tənzimlənməsinə gəldikdə isə, təəssüf ki, bu məsələ uzun illər boyu öz həllini tapmır. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altındadır. İyirmi ildən çoxdur ki, Azərbaycanın həm Dağlıq Qarabağ bölgəsi, həm də onun ətrafındakı yeddi rayonu işğal altındadır. Oradan bütün azərbaycanlı əhali qovulub, bütün evlər, tarixi abidələr dağıdılıb. Təkcə münaqişə zonasından 700 mindən çox daxili köçkünümüz var. Ermənistandan olan 250 mindən çox qaçqını da buraya əlavə etsək, 1994-cü ildə atəşkəs barədə razılaşma əldə ediləndə bizdə qaçqınların və daxili köçkünlərin adambaşına sayı ən yüksək göstəricilərdən birini təşkil edirdi.

Münaqişənin tənzimlənməsi mexanizmləri, BMT Təhlükəsizlik Şurasının işğalçı erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsi var, təəssüf ki, onlar yerinə yetirilmir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bu münaqişənin tənzimlənməsi işində mühüm rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Bu, Ermənistan tərəfindən növbəti silahlı provokasiya fonunda özünü xüsusilə göstərdi. Bizim mövqelərimiz hücumlara məruz qaldı, o cümlədən yaşayış məntəqələrinə zərər vuruldu. Qoşunların təmas xəttinin yaxınlığında yerləşən 400-dən çox ev zədələndi. Onlarla ev tamamilə dağıdıldı. Bizdə insan tələfatı da olub, o cümlədən dinc sakinlər arasında da.

Bu şəraitdə Rusiya tərəfi vəziyyətin gərginliyini azaltmağa təşəbbüs göstərdi. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin mənə və Ermənistan prezidentinə zəng vurdu, öz narahatlığını, həmçinin vəziyyətin gərginliyinin azaldılmasında tərəflərə kömək etmək istədiyini bildirdi. Biz bu siqnalları müsbət qəbul etdik. Bundan əlavə, Moskvada Rusiya Federasiyası Baş Qərargahının rəhbərliyinin iştirakı ilə üç ölkənin baş qərargah rəhbərləri arasında görüş keçirildi. Həmin görüşdə hərbi əməliyyatların dayandırılması barədə qərar qəbul edildi. Biz bu qərarı dönmədən yerinə yetiririk və ümid edirik ki, erməni tərəfi də buna əməl edəcək.

Bir daha demək istərdim ki, Azərbaycan danışıqlar prosesinin tərəfdarıdır. Danışıqlar 20 ildən çoxdur ki, aparılır. Vəziyyətin gərginləşməsinə guya Azərbaycanın təqsirkar olması barədə Ermənistan tərəfindən irəli sürülən bütün ittihamlar tamamilə əsassızdır. Aprelin əvvəlində baş vermiş silahlı toqquşmanın xarakteri onu göstərir ki, bizim genişmiqyaslı hərbi əməliyyatlara başlamaq niyyətimiz yox idi və indi də yoxdur. Biz sadəcə öz mövqelərimizi, öz vətəndaşlarımızın dinc həyatını müdafiə edirdik. Buna görə də münaqişənin tənzimlənməsi Azərbaycanın maraqlarına uyğundur.

Əminəm ki, bu, Ermənistanın da, Rusiyanın da maraqlarına uyğundur. Hər iki ölkənin qonşusu və dostu kimi, Rusiya özü də münaqişənin tezliklə tənzimlənməsində maraqlıdır. Biz danışıqlar prosesini davam etdirəcəyik. Biz bu yaxınlarda regionda səfərdə olmuş Minsk qrupunun həmsədrlərinin təşəbbüsünü alqışlayırıq. Ümidvarıq ki, Minsk qrupunun həmsədrlərinin status-kvonun dəyişdirilməli olması barədə çağırışlarını Ermənistanda da eşidəcəklər.

Status-kvonun dəyişdirilməsi, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması münaqişənin tammiqyaslı tənzimlənməsi üçün əsas şərtdir. Bu, baş verən kimi regionda sülh, əmin-amanlıq, əməkdaşlıq bərqərar olacaq. Bu, regionun bütün ölkələrinin xeyrinə olacaq.

Gündəlikdəki digər məsələyə gəlincə, bu gün biz iqtisadi problemləri, ticari-iqtisadi münasibətləri, energetika, nəqliyyat, humanitar əməkdaşlıq sahəsində münasibətləri ətraflı müzakirə etdik. Bütün istiqamətlər üzrə yaxşı dinamika, müsbət irəliləyiş var. Hökumətlərarası Komissiya fəal çalışır, bütün istiqamətlər üzrə yüksək səmərə ilə konkret iş aparır.

Biz Rusiya ilə münasibətləri strateji xarakterli münasibətlər hesab edirik. Rusiya rəhbərliyi tərəfindən də, Rusiya tərəfindən də eyni münasibəti görürük. Dmitri Anatolyeviçin səfəri bu münasibətlərin xarakterini bir daha təsdiq edir və bizim əməkdaşlığımızın möhkəmlənməsinə böyük töhfə verir.

Dmitri Anatolyeviç, bir daha sağ olun ki, bu gün bizə gəlmisiniz, Sizə ən xoş arzularımı bildirirəm. Rusiya xalqına dərin hörmətimi bildirmək, Rusiya dövlətinə uğurlar və firavanlıq diləmək istəyirəm. Sağ olun.

Rusiya Hökumətinin Sədri Dmitri Medvedevin bəyanatı

-Hörmətli İlham Heydər oğlu. 

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.

İlk növbədə, Azərbaycanda bizi həmişə müşayiət edən səmimi qəbula, bu cür xoş ab-havaya görə İlham Heydər oğlu Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Biz bir-birimizi çoxdan tanıyırıq və həqiqətən çox mehriban tərəfdaşlarıq. Bu tərəfdaşlıq strateji, qarşılıqlı faydalı xarakter daşıyır və müxtəlif məsələləri etimad şəraitində müzakirə etmək həmişə daha asan olur. Bu gün də belə oldu. Nəyə görə? Ona görə ki, biz Azərbaycan ilə qarşılıqlı münasibətlərin bu səviyyəsini həqiqətən qiymətləndiririk. Bu dostluq, qarşılıqlı anlaşma ənənələri əsrlər boyu formalaşıb və indiki məqamda xalqlarımıza yaxşı bəhrələrini verir.

Biz həqiqətən gündəlikdəki bütün məsələləri gözdən keçirdik. İndi mən əvvəlcə iqtisadi problemlər barədə bir-iki kəlmə demək istəyirəm. Hazırda biz, belə deyək, iqtisadi inkişafın o qədər də sadə mərhələsində deyilik. “Biz” deyəndə mən həm Rusiyanı, həm də Azərbaycanı nəzərdə tuturam. Makroiqtisadi vəziyyət, xarici bazarların, ilk növbədə, neft-qaz bazarının təsiri, valyuta məzənnələrinin dəyişməsi iqtisadi məsələlərin gündəliyinə bu və ya digər şəkildə düzəlişlər edir. Buna görə də bizdə, ümumiyyətlə, həmişə yüksək və yetərincə əhəmiyyətli olan əmtəə dövriyyəsi son vaxtlar bir qədər azalıb. İlham Heydər oğlu ilə bu barədə fikir mübadiləsi etdik. Natural ölçülərlə ifadə olunan əmtəə dövriyyəsini götürsək, bu azalma dramatik səviyyədə deyil, cüzidir, cəmi bir neçə faiz təşkil edir. Dəyər ölçüləri ilə ifadə olunan azalma daha böyükdür, lakin ticari-iqtisadi və investisiya əməkdaşlığını artırmağa səy göstərsək bu azalmanı kompensasiya edə bilərik. Bunun üçün hər cür ilkin şərait var. Yeni layihələr axtarmaq, hökumətlərarası komissiyaların fəaliyyətini fəallaşdırmaq lazımdır, hərçənd həmkarlarımız pis işləmirlər. Görülən işlərə görə Rusiya Hökuməti adından “Çox sağ olun” demək istərdim. Biz indicə razılığa gəldik ki, Rusiya-Azərbaycan İşgüzar Şurasının işini fəallaşdıracağıq, ona görə ki, tərəfdaşlıq təkcə hökumət xətti üzrə deyil, həm də bilavasitə biznes xətti üzrə həyata keçirilməlidir.

Bizim bir sıra çox iri layihələrimiz var – energetika, nəqliyyat layihələri. Əlbəttə, iqtisadiyyatlarımızın inkişafını sürətləndirmək üçün bütün bu istiqamətlər üzrə işi intensivləşdirmək lazımdır. Bizim xarici layihələrimiz də var. Məsələn, İran istiqaməti indi çox perspektivlidir. Prezidentlər bu barədə danışıblar. İlham Heydər oğlu ilə bu mövzunu indicə müzakirə etdik. Mənim fikrimcə, bu, Xəzərətrafı və bizim region çərçivəsində əməkdaşlıq üçün çox mühüm istiqamətlərdən biri ola bilər. Ölkələrimizin inkişafına töhfə verə biləcək başqa enerji layihələri də var. Məsələn, elektroenergetika sahəsində və bəzi başqa layihələr. Humanitar əməkdaşlıq da, xüsusən turizm əlaqələrinin tarixi, bu əlaqələri intensivləşdirmək imkanları, ona qarşılıqlı maraq nəzərə alınmaqla, bizim qarşılıqlı fəaliyyətimizin belə mühüm, vacib amillərindən biri kimi qalır. Yeri gəlmişkən, indiki şəraitdə bütün bu məsələlər gündəlikdədir.

Əlbəttə, burada haqlı olaraq deyildiyi kimi, Rusiya Hökumətinin nümayəndə heyətinin səfəri əvvəlcədən planlaşdırılmışdı. Lakin indiki məqamda münaqişə zonasında baş vermiş hadisələr üzündən həmin səfər bir qədər tez baş tutdu. Hesab edirəm ki, həm Ermənistana, həm də Azərbaycana bu cür səfər etmək bizim tərəfimizdən tamamilə düzgün qərar idi. Şadam ki, tərəfdaşlarımız da bunu belə qiymətləndirirlər. Ona görə ki, biz qonşularımızla münasibətləri yüksək qiymətləndiririk və bu mənada bütün əlaqələrin simmetrik inkişaf etdirilməsi zəruridir.

Hadisələrə bizim münasibətimiz məsələsinə gəldikdə isə, onlara ölkə Prezidenti qiymət verib. Mən bu mövzuda çıxış etmişəm. Xarici işlər naziri dünən Bakıda olub, o da İlham Heydər oğlu Əliyevlə və öz həmkarı ilə müvafiq danışıqlar aparıb. Buna görə də biz münaqişənin dinc yolla tənzimlənməsi ideyasına maksimum tərəfdarıq. Bu nəticəyə nail olmaq üçün çox ciddi qüvvələr cəlb edilib. Biz hamımız bu məsələdə iştirak etmişik.

Müəyyən dövrdə mən özüm də bu məsələ ilə çox fəal məşğul olmuşam. Hesab edirəm ki, danışıqların, sülh yolu ilə nizamlamanın heç bir alternativi yoxdur. Buna görə biz, əlbəttə, atəşin dayandırılmasını alqışlayırıq. Ümid edirik ki, bu atəşkəs davamlı, uzunmüddətli xarakter daşıyacaq, danışıqların yenidən başlanması və son illərdə formalaşmış yanaşmalar çərçivəsində irəliləmək, tərəflərin mövqelərini yaxınlaşdırmaq, kompromislər axtarmaq üçün etibarlı təməl olacaq. Çünki heç bir münaqişə heç vaxt tərəflərdən birinin qələbəsi ilə başa çatmır. Münaqişəni aradan qaldırmaq və yer üzündə möhkəm sülh yaratmaq üçün həmişə mürəkkəb kompromislər toplusunu qəbul etmək lazım gəlir. Təbii ki, biz Minsk qrupunun iştirakçısı və həmsədri kimi bundan sonra da bütün bu işləri davam etdirməyə hazırıq. Azərbaycan Prezidentinin indicə haqlı olaraq dediyi kimi, biz bu prosesə fəal qoşulmuşuq, o cümlədən hökumət nümayəndə heyətinin indiki səfəri həm də bu amillərlə bağlıdır. Ümidvaram ki, bütün bunlar etimadın möhkəmlənməsinə və maksimum əlverişli nəticə qazanmağa xidmət edəcək. Bu regionda, bizim regionda sülhün bərqərar olmasında Rusiyanın marağı Azərbaycanın və Ermənistanın marağından az deyil və istərdim ki, bunu hamı başa düşsün.

Bizim əməkdaşlıq məsələlərini müzakirə etmək üçün burada yaradılmış bu imkana, gözəl şəraitə görə İlham Heydər oğluna bir daha təşəkkür etmək, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulamaq istəyirəm.

SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19