Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

24 oktyabr 2016, 12:05
Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Xanım Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Xanım Prezident, bir daha Sizi ölkəmizdə salamlamaq istərdim. Çox şadam ki, dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz. İlin əvvəlində Londonda keçirilən konfrans zamanı bizim ikitərəfli məsələləri müzakirə etmək imkanımız oldu. Bu gün biz qarşılıqlı maraq kəsb edən mühüm ikitərəfli, regional, təhlükəsizlik, əməkdaşlıq, ticarətlə bağlı məsələlər barədə geniş müzakirələr apardıq. Düşünürəm ki, bizim aramızda əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Əməkdaşlığımız üçün möhkəm hüquqi baza var. Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə imzaladıq. Bu, əsas sənəddir və bu sənədin adı onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaş və dostlarıq.

Xorvatiya bizim üçün uzun illərdir əməkdaşlıq etdiyimiz dost ölkələrdən biridir. Strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Xanım Prezidentin bugünkü səfəri bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir.

Bu gün biz xanım Prezidentlə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdik. Mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu, Avropa İttifaqı-Azərbaycan razılaşması üçün yaxşı potensial əsasdır.

Biz iqtisadi əməkdaşlığımızla bağlı məsələləri geniş müzakirə etdik. Əlbəttə ki, sabah biznes forumda bu, daha geniş müzakirə olunacaq. Lakin biz əsas sahələri, prioritetləri müəyyən etdik. Düşünürəm ki, bunlar ticarət və nəqliyyat sahələridir. Ticarət dövriyyəsinin səviyyəsini artırmalıyıq. Nəqliyyat sahəsində əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar var. Bu, təkcə Xorvatiyadan gəmilərin satın alınmasında deyil, - baxmayaraq ki, biz bundan çox razıyıq, çox gözəl gəmilərdir, bizə Xəzər dənizində yük daşınmalarını artırmağa imkan verir, - həmçinin Azərbaycandan keçən, şirkətlərə və ölkələrə vaxta qənaət etməyə şərait yaradacaq Şərq və Qərb arasındakı dəhliz - yeni İpək yolu nəqliyyat sahəsində əməkdaşlıq baxımından biznes dairələri üçün də yeni imkanlar açacaq.

Biz, həmçinin regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Mən xanım Prezidentə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan ilə Azərbaycan arasındakı danışıqların hazırkı vəziyyəti barədə məlumat verdim. Bizim torpaqlarımız təəssüf ki, uzun illərdir işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi - təkcə Dağlıq Qarabağ deyil, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim bir milyondan artıq qaçqın və köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin təəssüf ki, münaqişə həll olunmur, çünki Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Onlar ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə etdikləri bəyanatlara qulaq asmaq istəmirlər. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın üç aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Status-kvo qəbuledilməzdir və dünya ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın oyuncaq rejimini tanımır. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir.

Bu gün biz, həmçinin enerji sahəsində əməkdaşlığa dair çox ümidverici olan məsələləri müzakirə etdik. Biz artıq tərəfdaşıq. Xorvatiya bu ilin fevralında Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısında iştirak edib və Avropaya qaz nəqli ilə bağlı layihə üzrə ölkələrimiz arasında Anlaşma Memorandumu var. “Cənub Qaz Dəhlizi” layihəsi qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan bu layihədə lider ölkə olaraq çox mühüm rol oynayır. Yeri gəlmişkən, bu rol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir və qeyd olunur.

“Cənub” Qaz Dəhlizi artıq reallıqdır. Layihənin həyata keçirilməsi qrafik üzrə gedir. Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar. Artıq 7 ölkə, belə demək mümkündürsə, komandanın üzvüdür. Düşünürəm ki, bir neçə ölkə, o cümlədən Xorvatiya tezliklə bu komandaya qoşulacaq.

Bizim iqtisadiyyatın digər sektorlarının, kənd təsərrüfatının, turizmin, həmçinin xalqlar arasında əlaqələrin inkişafı ilə bağlı çoxlu planlarımız var. Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım Prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır. Xanım Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin bəyanatı

- Çox sağ olun, cənab Prezident.

Xanımlar və cənablar, sabahınız xeyir.

İlk növbədə, icazənizlə, Prezident Əliyevə bizi Azərbaycanda belə səmimi qarşıladığı üçün təşəkkürümü ifadə edirəm. Bu gün və sabah Bakıda olmaq məndə böyük məmnunluq hissi doğurur.

Əvvəla, futbol üzrə yığma komandanızın əldə etdiyi nailiyyətlərə görə Sizi təbrik etmək istəyirəm. Bu, xüsusilə milli qürur hissi və ölkənizdə birlik üçün çox vacibdir. Gəlin, idmanın və xüsusilə futbolun əhəmiyyətinə lazımınca qiymət verək. Cənab Prosineçki həqiqətən də bizim Azərbaycanda ən böyük təmsilçilərimizdən biridir. Eyni zamanda, ötən gecə Bakıda və Azərbaycanın digər bölgələrində çalışan Xorvatiya icmasının nümayəndələri ilə də görüşmək fürsətim oldu. Onların iki ölkə arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq münasibətlərinin genişlənməsinə və dərinləşməsinə böyük ruh yüksəkliyi ilə yanaşmasını müşahidə etmək də mənim üçün çox sevindiricidir.

Cənab Prezident, 2013-cü ildə Xorvatiyaya səfərinizdən, həmçinin Suriya ilə bağlı London konfransı çərçivəsində görüşümüzdən sonra və xüsusən də ölkəmizə həmin səfəriniz zamanı dostluq və tərəfdaşlıq üzrə imzaladığımız razılaşmaya əsasən, düşünürəm ki, münasibətlərimizin inkişaf etməsi üçün qoyulmuş möhkəm təməl üzərində bizi qarşıda hələ çox işlər gözləyir. Siyasi münasibətlərimiz çox yaxşıdır. Aramızda açıq qalan məsələlər yoxdur. Lakin hesab edirəm ki, əlavə əməkdaşlıq üçün bir çox sahələr mövcuddur. Cənab Prezident, zənnimcə, bu səfərdən, bu gün Sizinlə və digər hökumət rəsmiləri ilə aparılan danışıqlardan sonra biz ölkələrimiz, xalqlarımız və iş adamlarımız arasında spesifik və konkret əməkdaşlığın əsasını qoya bilərik.

Ortaq marağımızda olan bir çox məsələlər, o cümlədən regional və qlobal təhlükəsizlik məsələləri var. Əlbəttə ki, Avropa İttifaqı, NATO, BMT və digər təşkilatlar kontekstində birgə əməkdaşlığımıza dair məsələlər də mövcuddur. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülh və siyasi yolla həll olunmadır. Biz Minsk qrupu prosesini tamamilə dəstəkləyirik. Həmçinin Avropa İttifaqi ilə münasibətlərinizə gəlincə, Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanması və həyata keçirilməsi üçün Xorvatiyanın simasında Sizə hər zaman dəstək olacaq dostunuz var. Düşünürəm ki, təhlükəsizliklə bağlı yeni çağırışların artdığı və eyni zamanda, iqtisadi, enerji və digər sahələrdə, o cümlədən mədəniyyət, mədəni irs, millətlər və dinlər arasında anlaşma üzrə əməkdaşlıq fürsətlərinin üzə çıxdığı bir vaxtda və bu mənada qlobal təhlükəsizlik üçün perspektivləri münasib səviyyədə saxlamaq məqsədilə həmin razılaşmanın əhəmiyyəti daha da artacaq.

Sabah keçiriləcək biznes forumla bağlı çoxlu gözləntilərim var və onun başlamasını səbirsizliklə gözləyirəm. Həmin forum bu səfərdə məni müşayiət edən bir neçə Xorvatiya şirkəti üçün Sizin şirkətlərlə danışıqlar aparmaq və şəxsən mənim üçün əlaqələrin daha da inkişaf etdirilməsi potensialının müzakirəsi baxımından əla fürsət olacaq.

Əlbəttə ki, enerji sektoru çox böyük əhəmiyyət kəsb edir. Xorvatiya bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyir. Bu, həm neftə, həm də təbii qaza şamil olunur. Biz TANAP, TAP və digər enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirik. Bununla da mənim şəxsi təşəbbüsüm olan üç dənizin birləşməsi, - yəni, nəqliyyat, enerji və rəqəmsallaşdırma infrastrukturu və digər imkanlar vasitəsilə Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi təşəbbüsünün reallaşmasını gözləyirik ki, bizim bizneslər iqtisadiyyatımızın rəqabətliliyinə öz töhfəsini verə bilsinlər. Enerji daşınması nöqteyi-nəzərindən və eyni zamanda, məhsullarınızın Qərbi Avropaya çatdırılması üçün Xorvatiyadan və xüsusilə ölkəmizin limanlarından istifadə edilməsi baxımından Xorvatiya və Azərbaycan arasında yaxşı əməkdaşlıq perspektivlərini görürəm. Şimali Atlantika marşrutları ilə müqayisədə bu marşrut əlbəttə ki, nəqletmə vaxtını azaldacaq. Enerji və nəqliyyat sahələrindən savayı, infrastrukturun yaradılması sahəsində əməkdaşlıq üçün bir çox imkanlar var. Fiziki infrastrukturun yaradılmasına gəlincə, bizim Azərbaycanda iş görmək marağında olan çoxlu inşaat şirkətimiz var. Həmçinin qatarlardan tutmuş gəmiqayırmayadək nəqliyyat vasitələri istehsal edən şirkətlərimiz də var. Müxtəlif təyinatlar üzrə sifariş verən müştərilərin ehtiyaclarına görə layihələrini uyğunlaşdıran, gəmiqayırmanın keyfiyyəti və səmərəliliyi baxımından qlobal bazarda ən səriştəli şirkətlərdən biri olan “Uyanik” ilə sizin iş təcrübəniz var. Lakin əlbəttə ki, təkcə böyük bərələr və yükdaşıyan gəmilər deyil, başqa gəmilər də var. Xəzər dənizində sərhəd mühafizəsini, sülhü və təhlükəsizliyi təmin etmək üçün önəmli olan səyyar gəmilərin hazırlanması imkanları da var.

Bundan başqa, bizim mülki inşaat, kənd təsərrüfatı, ərzaq emalı müəssisələrimiz var. Xorvatiya şirkətlərinin əksəriyyəti “Halal” sertifikatına malikdir. Bu da, həmçinin turizmlə bağlıdır. Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistlərə öz qapılarını açan inklüziv bir ölkə kimi turizmi inkişaf etdiririk. Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik. Buna Xorvatiyanın Avropa İttifaqı ilə tətbiq etdiyi viza rejimi də öz töhfəsini vermişdir.

Ümid edirik ki, biz sabah sizin şirkətlərlə kommunikasiya, informasiya texnologiyaları, innovasiyalar, əczaçılıq, tibb, humanitar, minaların təmizlənməsi sahələri üzrə spesifik və konkret müzakirələr aparacağıq. Düşünürəm ki, bu səfərdən sonra həmin sahələrdə biz konkret əməkdaşlıq layihələrinə başlaya bilərik. Ümidvarıq ki, hər iki ölkənin biznes dairələri birgə iş görəcəklər və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.

Cənab Prezident, bizi səmimi qarşıladığınız üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Həmçinin Mərkəzi və Cənubi Asiya regionunun sabitləşməsində oynadığınız rola görə Sizə təşəkkürümü ifadə edirəm. Əfqanıstanda və dünyanın münaqişələrdən əziyyət çəkən digər ölkələrində oynadığınız rola görə Sizə “Çox sağ olun!” deyirəm. Biz çıxış yollarını tapmaq və sülh proseslərinə dəstək olmaq üçün birlikdə çalışmağa davam edəcəyik. 1990-cı illərdə müharibə və işğaldan əziyyət çəkən bir ölkə kimi, biz yenidən inteqrasiya və sülh təcrübəmizi Sizinlə paylaşmağa hazırıq.

Cənab Prezident, mən Sizə, ailənizə, Azərbaycan xalqına sülh, firavanlıq və uğurlar arzu edirəm. Bizi səmimi qarşıladığınız üçün Sizə bir daha “Çox sağ olun!” deyirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12