Azərbaycan və Fransa prezidentlərinin mətbuat üçün bəyanatları

14 mart 2017, 23:51

Fransa Prezidenti Fransua Ollandın bəyanatı

-Xanımlar və cənablar.

Mən Prezident Əliyevi böyük məmnuniyyətlə qəbul edirəm. O, artıq Parisə gəlib. Biz münasibətlərimizin əsasını qoymuşuq. Eyni zamanda, biz digər kontekstdə - Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq haqqında da danışdıq.

Bu gün Prezident Əliyev Parisdədir və biz keçdiyimiz yollara, gələcəkdə görməli olduğumuz işlərə nəzər saldıq.

İlk növbədə deməliyəm ki, Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələr var. Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq.

İqtisadi kontekstdə isə deyə bilərəm ki, bizim şirkətlər artıq Azərbaycanda fəaliyyət göstərir. Çalışırıq ki, bizim şirkətlər bu ölkədə sərmayə yatırsınlar, kontraktlar imzalayaraq əhalini lazımi təchizatla təmin etsinlər. Çox şadam ki, cənab Əliyevlə MEDEF şirkətləri arasında məhsuldar müzakirələr aparılıb. Bir çox kontraktların imzalanması barədə danışılıb, xüsusilə də “Thales lnternational” şirkəti ilə.

Biz ətraf mühit sahəsində də əməkdaşlıq imkanlarından danışdıq. Paris Sazişinin həyata keçirilməsi üçün ekspertlərimizin mübadiləsini aparmalıyıq və bir neçə ekoloji problemləri həll etmək lazımdır - infrastruktur, bərpaolunan enerji və ətraf mühit üçün faydalı olan bütün vasitələrlə. Biz dövlət xidməti sahəsində də iki ölkə arasında möhkəm əlaqələrin olmasını istəyirik ki, bunun sayəsində bütün sahələrdə innovasiyaları tətbiq edək. Azərbaycan ilə Fransa arasında belə bir konsepsiya var ki, yeni texnologiyalar – rəqəmsal texnologiya iqtisadi inkişafa xidmət etsin.

Mənim Bakıya səfərim zamanı biz təhsil sahəsində də əlaqələri genişləndirməyi müzakirə etmişdik. Bakıda Fransız məhəlləsində Fransız Liseyinin əsasını qoyduq. Bu layihə müvəffəqiyyətli oldu. Bu gün artıq Universitet səviyyəsində əməkdaşlığı inkişaf etdiririk və keçən ilin sentyabr ayında Azərbaycan-Fransız Universiteti açılıb. Bu da müvəffəqiyyətli olub, bir çox fransız universitetləri artıq əməkdaşlıq edirlər.

İndi digər iki mövzu barədə danışacağam. Birincisi, Azərbaycan ilə Avropa İttifaqı arasındakı danışıqların başlanmasıdır. Biz istəyirik qarşıya qoyulan məqsədlərə nail olunsun. Şərq Tərəfdaşlığı çərçivəsində Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə ilk gündən dəstəkləyir.

Sonra Dağlıq Qarabağ məsələsi var. Biz bu haqda danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük.

Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-İlk növbədə, cənab Prezident, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Fransada olmaqdan çox məmnunam. Siz Azərbaycanda iki dəfə səfərdə olmusunuz. Bu, əslində Fransa-Azərbaycan əlaqələrinin bir göstəricisidir. 

Aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Biz bu gün də bu dialoqu davam etdiririk. Görürük ki, bir çox məsələlərlə bağlı bizim mövqeyimiz üst-üstə düşür. Əlbəttə ki, güclü siyasi əlaqələr bütün sahələrdə inkişafda olan əlaqələrə də müsbət təsir göstərir.

Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk. Xüsusilə mən 2014-cü ilin sonlarında Sizin təşəbbüsünüzlə bu Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyim görüşü qeyd etmək istəyirəm. Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulubdur. Orada bütün infrastruktur və binalar dağıdılıb.

ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə ediblər. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər.

Cənab Prezident qeyd etdi ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir. Dünən MEDEF-də olarkən bir daha böyük qarşılıqlı marağı gördüm. İqtisadi əlaqələrimiz inkişaf edir. Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edirlər. Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətləri bizə dəstək olurlar. Eyni zamanda, şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, su, içməli su layihələri, ekoloji layihələr və digər layihələr icra edilir. Biz bu əməkdaşlıqdan çox məmnunuq.

Fransa şirkətləri ilə keçirdiyim görüşlərdə onları bir daha inandırdım ki, Azərbaycanda xarici sərmayə üçün çox gözəl iqlim var. Eyni zamanda, Azərbaycanın iqtisadi potensialı artır. Beləliklə, daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər.

Humanitar sahədə də əməkdaşlıq çox uğurludur. Cənab Prezident həm mədəniyyət və təhsil sahələrində bunu qeyd etdi. Sadəcə bir məqamı vurğulamaq istəyirəm ki, bizim Prezident Ollandla qəbul etdiyimiz qərarlardan dərhal sonra layihələr icra olunmağa başlayıb. Biz bunu məhz Fransa-Azərbaycan Universitetinin timsalında görürük. Qısa müddət ərzində - qərar qəbul olunandan bir neçə ay sonra artıq Universitet öz qapılarını tələbələrin üzünə açdı. Bu Universitetə çox böyük maraq var.

Biz bütün başqa sahələrdə də çox fəal əməkdaşlıq edirik. Prezident qeyd etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri böyük əhəmiyyət daşıyır. Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə əlaqədar danışıqlara start verildi. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır.

Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir.

Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar.

Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram.

SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19