Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

03 aprel 2017, 14:05
Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Nursultan Abişeviç.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Nursultan Abişeviç, bir daha Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Əziz dost, xoş gəlmisiniz. Azərbaycanda Sizi çox sevirlər, hörmət edirlər və Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə böyük hadisədir. Bizim ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var. Bu il biz dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 25 illiyini qeyd edirik, hərçənd xalqlarımızın qarşılıqlı münasibətlərinin tarixi yüzilliklərlə hesablanır. Bu tarix həmişə dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək tarixi olub.

Bu gün Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir. Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Biz qarşılıqlı siyasi fəaliyyəti fəal inkişaf etdirir, həm rəsmi səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində çox tez-tez görüşürük. Söhbət etmək və münasibətlərimizin inkişaf yollarını müəyyənləşdirmək üçün həmişə vaxt tapırıq. Biz beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, bir-birimizə həmişə qarşılıqlı dəstək oluruq. Bu da bizim münasibətlərimizin səmimiliyinin yaxşı göstəricisidir. Fürsətdən istifadə edərək, bir daha Nursultan Abişeviçi və bütün qardaş Qazaxıstanı dünya siyasətinin ali strukturuna – BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Bu, dünya ictimaiyyətinin Qazaxıstana münasibətinin göstəricisi, Qazaxıstanın uğurlarının, eləcə də onun beynəlxalq və qlobal işlərdə rolunun tanınması deməkdir. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qazaxıstanın fəaliyyəti sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönələcək. Əminəm ki, bu qurumda onun işi uğurlu olacaq. Həmçinin Azərbaycanın təmsil olunmadığı beynəlxalq strukturlarda Azərbaycanı dəstəklədiyinizə görə təşəkkür etmək istərdim.

Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış Birgə Bəyannamədə də əksini tapıb. Mən bu mövqeyə görə minnətdaram. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır. Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu, həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür.

Biz bu gün ticari-iqtisadi inkişafa dair məsələləri siyahı üzrə birbaşa müzakirə etdik və əmtəə dövriyyəsini sürətlə artıra biləcəyimiz mövqeləri müəyyənləşdirdik. Əmtəə dövriyyəmizdə artım olsa da, bu, bizim nə potensialımızı, nə də niyyətlərimizi əks etdirə bilməz. Buna görə də gələn ay hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi qərara alınıb. Artıq konkret olaraq müzakirə etdiyimiz bəndlər üzrə prezidentlərin göstərişləri, ölkələrimizin ixrac mövqeləri nəzərə alınmaqla qısa müddətdə əmtəə dövriyyəsini, daha dəqiq desək, qarşılıqlı ixracı artırmağa imkan verəcək sənədlər hazırlanıb qəbul edilməlidir. Bunun üçün hər cür imkan var.

Mən, həmçinin çox şadam ki, Azərbaycan Qazaxıstana fəal sərmayə qoymağa başlayıb və Aktauda logistika mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın möhkəmlənməsinə yönəldilmiş investisiyalarımızın nümunəsidir. Qazaxıstan bazarı bizim üçün böyük maraq doğurur. Bir daha demək istəyirəm ki, biz Qazaxıstana ixrac edə biləcəyimiz və oradan idxal edə biləcəyimiz mövqeləri bənd-bənd konkret müzakirə etdik. Həmçinin müasir texnika əldə olunması ilə əlaqədar iri layihələri müzakirə etdik. Biz Qazaxıstandan müasir nəqliyyat vasitələri, teplovozlar, elektrovozlar alırıq. Mən, həmçinin Nursultan Abişeviçə bütün gəmi növləri, tankerlər, bərələr istehsal edən bizim Bakı gəmiqayırma zavodunun potensialı barədə məlumat verdim. Biz özümüz sifarişlər yerləşdiririk və həmçinin bu müasir müəssisənin imkanlarından istifadə etməyə Qazaxıstan şirkətlərini də dəvət edirik.

Tranzitlə əlaqədar məsələlər həm məhdud tərkibdə söhbət çərçivəsində, həm də ölkələrimizin nəqliyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşündə bu gün çox geniş müzakirə olundu. Çox böyük potensiala malikik və yaxın vaxtlarda bu potensial bütünlüklə işə düşəcək. Biz bu il Asiyadan Avropaya və Avropadan Asiyaya bizim ərazimizlə daşımaların vaxtını əhəmiyyətli dərəcədə azaldacaq Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşəcəyini gözləyirik. Qazaxıstanda da, Azərbaycanda da bütün lazımi infrastruktur yaradılıb. Həmçinin məmnuniyyətlə qeyd edildi ki, bir neçə gün əvvəl artıq yeni Kurık limanından Azərbaycana ilk yük göndərilib və bu da, həmçinin potensialın göstəricisidir. Bu, müəyyən dərəcədə test yükü idi. Əminəm ki, bu, iqtisadi baxımdan çox səmərəli olacaq. Biz, həmçinin qeyd etdik ki, son bir ildə Azərbaycandan və Qazaxıstandan qonşu dövlətlərə yüklərin tranziti əhəmiyyətli dərəcədə, bəzi mövqelərə görə isə hətta 8 dəfə artıb. Əlbəttə, bunun üçün təkcə infrastrukturlar kifayət deyil, hərçənd, bunsuz mümkün də deyil. Biz Şərq–Qərb yolunun üstündə yerləşən bütün dövlətlərin tariflərinin endirilməsi və eyniləşdirilməsi üzərində çox fəal işləyirik. Bu gün bizim verdiyimiz tapşırıqlar bu yolu həm xeyli qısaldacaq, həm də iqtisadi baxımdan cazibədar edəcək.

Neft əməliyyatları, tranziti sahəsində əməkdaşlıq da müzakirə olundu. Biz, həmçinin necə irəli gedə biləcəyimizi dəqiq başa düşürük. Başqa sözlə, bütün ticari-iqtisadi, tranzit, nəqliyyat, enerji məsələləri bloku çox geniş müzakirə olundu, özü də konstruktiv və müfəssəl. Buna görə biz yaxın vaxtlarda yaxşı nəticələr gözləyirik.

Əlbəttə, humanitar sahədə əməkdaşlıq da müzakirə olundu. Biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin biri-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq.

Bir daha Nursultan Abişeviçə Azərbaycana rəsmi səfərə gəlməyə vaxt tapdığına görə təşəkkür etmək, ən yaxşı arzularımı və yeni görüşlərə ümid bəslədiyimi bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz.

Prezident Nursultan Nazarbayevin bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Əvvəla, mən bu rəsmi səfərə dəvətə görə təşəkkür etmək istəyirəm. Biz bu səfəri səbirsizliklə gözləyirdik. Böyük məmnuniyyətlə buraya gəlmişik. Mən azərbaycanlı dostlarımızdan qardaşlıq münasibəti, dostluq hissi və qonaqpərvərlik duyuram.

Dünən axşam və bu gün səhər məhdud və geniş tərkiblərdə görüşlərdə biz bütün məsələlər kompleksini müzakirə etdik. Siz bu barədə ətraflı məlumat verdiniz. Mənə yalnız bunu əlavə etmək qalır ki, bizim qarşılıqlı münasibətlərimizin əsas məsələsi ticarətdir. Ticarəti genişləndirmək əsasında bütün digər münasibətləri inkişaf etdirmək lazımdır. Ticarət bazisdir, təməldir. Biz ticari münasibətlərdə əmtəə dövriyyəsinin artırılmasının vacibliyini xüsusi ilə qeyd etdik. Demək olmaz ki, 140 milyon dollar potensialımıza cavab vermir, amma bizim imkanlarımızı göstərmir. Buna görə də bu sahədə birinci yerə Xəzər dənizi ilə nəqliyyat-logistika əməkdaşlığı çıxır. Qazaxıstan yeni İpək Yoluna cəlb olunub - Çin Xalq Respublikasının “bir kəmər-bir yol” təşəbbüsü əsasında Çinin sərhədindən Xəzər dənizinə qədər ümumi uzunluğu 2 min kilometrədək olan dəmiryolu inşa edilib. Artıq bu yol işləyir və öz bəhrələrini verir. Qərbi Çin-Qərbi Avropa avtobanının 2700 kilometrlik hissəsi inşa olunub. İndi söhbət Çindən konteynerlərin gətirilməsindən gedir. Yəqin eşitmisiniz, konteynerlər artıq Qərbi Avropaya, Böyük Britaniyaya 14 sutka ərzində çatdırılır, halbuki dənizlər və okeanlar vasitəsilə 40-45 sutkaya gətirilirdi. İndi isə məsələ belə qoyulub ki, yüklər Avropaya Qafqaz - Bakı, Xəzər dənizi vasitəsilə gətirilsin. Burada isə böyük potensial mövcuddur. Hesablamalar göstərir ki, daşımaların həcmi 6-7 milyard dollarlarla ölçüləcək. Onların böyük hissəsi Bakıdan keçəcək. Hesablamalar onu da göstərir ki, bu, Azərbaycana 500-600 milyon dollar gəlir gətirəcək. Yəni, burada çox böyük potensial var. Biz bütün dövlətlərdən - Türkiyədən, Gürcüstandan, Azərbaycandan xahiş etmişik və Qazaxıstana tapşırıq vermişik ki, daşımalar üçün tariflərin sərfəli olmasına diqqət yetirsinlər. Türkiyə ilə Rusiya arasında baş verən hadisələrlə əlaqədar Qafqaz vasitəsilə daşımaların həcmi artıb. Biz dərhal hiss etdik ki, həm Bakı, həm də Aktau hətta bunun öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. İndi Ukrayna bu marşrut vasitəsilə bütün Mərkəzi Asiya ilə ticarət qurmaq istəyir. Buna görə də burada çox böyük imkanlar açılır, biz bunu qeyd etdik.

İkinci məsələ. İlham Heydəroğlu qeyd etdi, əgər Qazaxıstanın idxalının nə olduğuna, Azərbaycanın ixrac və idxalının nələr olduğuna baxsaq belə çıxır ki, biz bir-birimizdə olan malları uzaq ölkələrdən alırıq. Məsələn, şəkər. Qazaxıstanda böyük şəkər qıtlığı var. Biz onu alırıq, amma Azərbaycandan da ala bilərik. Yaxud, Azərbaycan, məsələn, siqaretləri 250 milyona alır. Biz bunun yarısını verə bilərik və sair. Əgər bu malların siyahısına nəzər yetirsək, biz əmtəə dövriyyəsini kəskin artıra bilərik. Siz 2020-ci ilədək əmtəə dövriyyəsini 500 milyon dollara qədər artırmağı qarşıya vəzifə qoymusunuz. Amma mən dünən eşidəndə ki, bizim təkcə nəqliyyat nazirliklərimiz 500 milyonluq müqavilə imzalayıblar, onda deyə bilərik ki, biz 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilərik.

Sənaye siyasəti hesabına biz müasir paravozlar, teplovozlar, dəmir yollarının yuxarı hissələrinin, istiqamətləndirici tənzimləyicilərinin və sairlərinin inşasını aparmışıq. Bütün bunlar Azərbaycan üçün zəruridir, biz bunları tədarük edəcəyik - metal məhsullar, mis, polad və sair. Təkcə Azərbaycandan Aktauya gətirilən tərəvəz məhsulları artıq bütün Qazaxıstana yayılır və bu həcm bir il ərzində 12 dəfə artıb. Bu, ölkələrimiz arasındakı nəhəng imkanlardan xəbər verir, yəni, ticarət, bax, budur.

Ticarətdən sonra ikinci yerdə energetika gəlir. Biz vaxtilə Bakı-Tbilisi-Ceyhan boru kəmərini dəstəkləmişik, gələcəkdə belə perspektiv var ki, Qazaxıstan nefti bu magistral ilə də Türkiyəyə, Avropaya və daha uzaqlara gedəcək. Biz bu məsələni də müzakirə etdik. Azərbaycan tərəfinin Bakıda inşa etdiyi xüsusi logistika mərkəzi, Bakıda və Aktaudakı taxıl terminallarımız ölkələrimiz arasında müvafiq məhsulu saxlamağa və boşaltmağa imkan verir. Yəni, nəqliyyat, energetika, kənd təsərrüfatı məhsulları ilə ticarət ölkələrimiz arasında əmtəə dövriyyəsinin əsas sahələridir.

Əlbəttə, prezidentlər görüşərkən regional təhlükəsizlik, ümumi təhlükəsizlik problemlərini müzakirə etməyə bilməzlər və bununla əlaqədar Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi kimi əsas diqqətini, əlbəttə, bizim regionumuza və Suriyaya, Əfqanıstan da daxil olmaqla Mərkəzi Asiya regionuna yönəldəcək. Bununla əlaqədar bir daha qeyd edə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstan bizim səs verdiyimiz Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır. Ümumiyyətlə, Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik.

Bizi, həmçinin bütün dünyanı bürüyən terrorçuluq narahat edir. Siz bilirsiniz ki, Suriya prosesinin nizamlanması Astanada da gedir, biz həm müxalifəti, həm hökuməti, həm də bütün bu məsələlərə cəlb olunmuş dövlətləri öz paytaxtımızda toplaya bildik. Biz bu məsələlər üzərində işləyirik.

Düşünürük ki, bu səfər zamanı bizim danışıqlarımız Azərbaycan-Qazaxıstan münasibətlərinə tamamilə yeni yol açacaq, yeni impuls verəcək. Bunlar hər iki dövlət üçün sərfəlidir, ölkələrimiz arasındakı ənənəvi dostluğu, etimadı möhkəmləndirir. Çünki bizim eyni tariximiz, mədəniyyətimiz, dilimiz, ümumi köklərimiz var və bu da bizi yaxınlaşdırır. Qazaxıstan ilə Azərbaycan arasında həll edilməmiş heç bir problemin, münaqişəli vəziyyətlərin olmaması əməkdaşlıq üçün bütün yolları üzümüzə açır. Şəxsən mən danışıqlardan, uğurlardan çox razıyam. Əlbəttə, bu, Azərbaycan tərəfinin dəstəyi ilə mümkün olub. İlham Heydər oğlu, Sizin tərəfinizdən Qazaxıstana göstərilən qonaqpərvərliyə, dostluğa görə mən şəxsən Sizə çox minnətdaram. Mən Sizi Qazaxıstana rəsmi səfərə dəvət edirəm. Sizi iyunun 10-da keçiriləcək “Ekspo-2017”nin açılışında fəxri qonaq olmağa dəvət edirəm. Mən, həmçinin sədr kimi sizi Şanxay Əməkdaşlıq Təşkilatına qonaq dəvət edirəm. Həmin görüşlərdə dialoqumuzu davam etdirərik və bu gün verdiyimiz tapşırıqların necə icra olunduğunu yoxlayarıq.

Hökumətlərarası komissiyaya, bizim hökumətlərə bütün imkanları təhlil edərək yol xəritəsini, müvafiq razılaşmaları və praktik işləri tərtib etmək tapşırılıb. Hamınıza diqqətə, dostluğa və bu münasibətə görə təşəkkür edirəm. Azərbaycan xalqına böyük uğurlar, xoşbəxtlik və tərəqqi arzulayıram. Referendumun keçirilməsi münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, bu, Sizin xalqınızın rifahına və ölkələrimiz arasında dostluğun inkişafına xidmət edəcək. Diqqətinizə görə təşəkkür edirəm.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44