Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

08 iyun 2011, 18:17
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Prezident İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mətbuata bəyanatlarla çıxış etmişlər.

Serbiya Prezidenti Boris Tadiçin bəyanatı

- Mətbuat konfransına gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. İndi isə böyük məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti hörmətli dostum cənab İlham Əliyev ilə mənim görüşüm baş tutdu.

Ölkələrimiz arasında mövcud olan bir çox məsələləri müzakirə etdik. Biz, eyni zamanda, bu gün bir çox sənədi imzaladıq. Bu, əslində bizim ölkələrimiz – Serbiya ilə Azərbaycan arasında bir çox sahədə əlaqələrin təzahürüdür. Biz görürük ki, siyasi münasibətlərimiz strateji səviyyəyə qalxır.

Xanımlar və cənablar, Serbiya və Azərbaycan bu gün eyni vəzifələr və məsələlər qarşısındadır. Ölkələrimiz arasında oxşarlıqlar da vardır. Söhbət burada Dağlıq Qarabağ və Kosovo məsələlərindən gedir. Serbiya Respublikası Azərbaycanın hər hansı bir hissəyə bölünməsinin tərəfdarı deyil, qətiyyən bu fikirdə deyil və Azərbaycanı BMT-nin üzvü kimi öz ərazi bütövlüyü çərçivəsində tanıyır. Əslində bu, bizim mətbuat konfransında bəyanatımızın əsas hissəsidir. Mən, eyni zamanda, cənab Prezidentə təşəkkürümü bildirdim. Cənab Prezidentin Kosovo məsələsində tutduğu mövqe ilə bağlı təşəkkürümü bildirdim.

Biz, eyni zamanda, qeyd etdik ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyünü və Serbiya isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu prinsiplər hesab edirik ki, beynəlxalq hüququn vacib, təməl prinsipləridir. Əslində bu, ölkələrimiz üçün də çox mühüm bir məsələdir.

Biz, eyni zamanda, bir çox digər sahələrdə əməkdaşlığımızı müzakirə etdik. Biz bu gün müxtəlif sahələrə aid sənədləri imzaladıq. Lakin hesab edirik ki, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığımızı daha da dərinləşdirməliyik. Azərbaycan bu gün böyük həcmdə neft və qaz hasil edir. Azərbaycanın bu sahədə mövqeləri qlobal səviyyədə güclənir və Azərbaycan böyük layihələrə imza atır.

Əslində Gürcüstan, Rumıniya və Azərbaycan bir mühüm layihə üzərində işləyir. Çox ümid edirik ki, Macarıstan da bu yaxınlarda həmin layihəyə qoşulacaq və bu, böyük bir qaz layihəsi olacaqdır. Ümid edirəm ki, bir neçə il sonra bu, artıq reallığa çevriləcəkdir. Serbiyanın bu məsələdə strateji maraqları vardır. Serbiya bu layihəyə qoşulmaq istəyir və cənab Prezidentlə mən bu məsələni müzakirə etdik. İndi bir daha iradəmizi bildirdik ki, biz bu layihəyə qoşulmaq istəyirik. Serbiya qaz təchizatını şaxələndirmək fikrindədir və Azərbaycan əslində bizim çox gözəl, perspektivli tərəfdaşlarımızdan biridir.

Biz əməkdaşlığımızın digər sahələrini müzakirə etdik. Energetika, tikinti, terminallar, sıxılmış maye qaz sahələrini nəzərdən keçirdik. Biz hesab edirik ki, qazın saxlanılması anbarlarının tikintisində əməkdaşlıq edə bilərik. Əslində bu, regionumuz üçün çox vacibdir, xüsusən də qış mövsümündə. Hesab edirik ki, Azərbaycanla xüsusi əməkdaşlığımız olmalıdır. Çünki biz görürük ki, bütün dünyada enerji problemləri üzə çıxır. Nüvə enerjisi ilə bağlı bəzi qəzalar baş verir. Buna görə də, ümumiyyətlə, Avropa üçün daha çox qaz vacibdir, nəinki nüvə enerjisi. Biz belə hesab edirik.

Ona görə Azərbaycanın bu sahədəki addımlarının vacibliyi get-gedə artır. Bununla bağlı mən cənab Prezidentə təşəkkürümü bildirirəm və onu təbrik edirəm ki, əslində Azərbaycan bu sahədə - qazın hasilatı sahəsində böyük addımlar atmışdır və bu, ölkənin iqtisadiyyatının inkişafına kömək etmişdir.

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycan, həmçinin ön cərgələrdə gedən ölkədir ki, regionda öz mövqeyini tutur, öz mədəni irsini, özünəməxsusluğunu qoruyur. Biz nəinki energetika, bir çox digər iqtisadi sahələrdə də əməkdaşlıq edirik.

Əməkdaşlığımızın sahələrindən biri mədəniyyət sahəsində mübadilələrdir. Mən cənab Prezidentə təşəkkürümü bildirirəm ki, Belqradda mədəniyyət ocaqlarının tikintisi ilə bağlı ayrılan maliyyə yardımı da mühüm əhəmiyyət kəsb edir. Biz xüsusi bir yanaşmadan istifadə edərək ətraf mühitin qorunmasına da xüsusi diqqət yetiririk. Gələcəkdə bununla bağlı bir çox nəticələr əldə edə bilərik. Biz, eyni zamanda, infrastruktur sahəsində əməkdaşlığımızı da müzakirə etdik. Azərbaycan şirkətləri olduqca tanınan şirkətlərdir. Onlar bir çox ölkələrdə yollar çəkirlər, körpülərin tikintisi ilə məşğuldurlar.

Azərbaycan infrastrukturunu inkişaf etdirir və bu baxımdan gələcəkdə bir çox imkanlar vardır. Bunu nəzərə alaraq belə bir fikrə gəldik ki, Azərbaycan şirkəti ilə birgə bizim şirkətlər Serbiyada dəmir yolu xəttinin tikintisi ilə məşğul olsunlar. Bizim, ümumiyyətlə, fikrimiz var ki, Çindən Xəzər dənizi regionu vasitəsilə, Azərbaycan vasitəsilə Avropaya belə bir ümumi çıxış, marşrut təmin edilsin. Biz bilirik ki, Balkan regionu olduqca böyük strateji əhəmiyyətə malikdir. Azərbaycan isə Qafqaz regionunda strateji əhəmiyyətə malikdir. Hesab edirik ki, Çin və Avropa ilə birbaşa əlaqələr yaradılsa, bu, daha qlobal əhəmiyyətə malik ola bilər.

Biz, eyni zamanda, səhiyyə sahəsinə də toxunduq. Biz müdafiə sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Əslində elə bir iqtisadi sahə qalmadı ki, biz onu nəzərdən keçirməyək. Biz bu danışıqlarımızdan çox məmnunuq. Biz imzalanmış sənədlərdən olduqca şadıq. Hökumətlərimiz arasında bu addımlar artıq atıldı. Hesab edirik ki, bu anlaşma çox gözəldir. Atdığımız bu addımlar hətta bizi onilliklərə doğru aparan bir addımlardır. Azərbaycan ilə Serbiya arasında xüsusi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur.

Sonda mən bir daha əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə, xüsusən də mədəni sahədə verilmiş yardıma görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Çünki biz əməkdaşlığımızın bu aspektini nəzərdən keçirdik, müzakirə etdik. Əslində bu məsələ uzun perspektivi olan məsələdir. Biz Bakıda və Belqradda mədəniyyət mövzusunda seminarın keçirilməsi məsələsini də müzakirə etdik.

Cənab Prezident Əliyev, Serbiyaya xoş gəlmisiniz. Özünüzü burada öz evinizdəki kimi hiss edin. Necə ki, mən Bakıya səfərim zamanı özümü öz evimdə hiss etdim. Bir daha çox sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident, çox sağ olun!

İlk növbədə, cənab Prezident, Sizə məni gözəl ölkənizə dəvət etdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm.

Serbiyada olmağımdan çox məmnunam. Çox şadam ki, iki ölkə arasında münasibətlər çox sürətlə inkişaf edir.

Münasibətlərimiz bütün dövrlərdə yüksək səviyyədə olub. Ancaq qeyd etməliyəm ki, son bir neçə il ərzində bu münasibətlər daha da dinamik və intensiv xarakter daşıyır. Cənab Prezident, Sizin keçən il Azərbaycana səfəriniz və səfərin gözəl nəticələri bu münasibətlərin inkişafına güclü təkan vermişdir. Mənim bugünkü səfərim onu göstərir ki, aramızda güclənən siyasi dialoq doğrudan da strateji xarakter daşıyır və biz ikitərəfli münasibətlərə məhz bu nöqteyi-nəzərdən yanaşırıq.

Əlaqələrimiz çoxşaxəlidir və cənab Prezident, Siz çıxışınızda bu gün apardığımız danışıqlar haqqında məlumat vermisiniz. Əlavə etmək istəyirəm ki, biz doğrudan da bu münasibətlərə çox böyük diqqət göstəririk. Bu münasibətlər bizim üçün çox önəmlidir. Biz istəyirik ki, bütün sahələrdə ikitərəfli formatda əməkdaşlıq daha da dərinləşsin. Eyni zamanda, münasibətlərimizin regional əməkdaşlıq meyillərinin gücləndirilməsinə də çox müsbət təsiri vardır. Balkan regionunu Xəzər və Qafqaz regionları ilə birləşdirə biləcək kifayət qədər layihələr vardır. Biz bu gün bu layihələr haqqında geniş fikir mübadiləsi aparmışıq və bizdə heç bir fikir ayrılığı yoxdur.

Siyasi əlaqələrimizin inkişafı üçün beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi davam etdirəcəyik. Bildiyiniz kimi, ölkələrimiz separatizmdən əziyyət çəkən ölkələrdir. Bizim ərazi bütövlüyümüz pozulubdur və əfsuslar olsun ki, bu ədalətsizlik uzun illərdir davam edir. Biz Serbiyanın ərazi bütövlüyünü tanıyırıq və üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Serbiyanın ərazi bütövlüyünü daim müdafiə edəcəyik.

Biz hesab edirik ki, heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Beynəlxalq hüquq normaları bütün hallarda üstünlük təşkil etməlidir və bu, bizim prinsipial mövqeyimizdir, biz bu mövqedən bir addım da geri atmayacağıq.

Eyni zamanda, biz Serbiya hökumətinə və rəhbərliyinə minnətdarlığımızı bildiririk ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Serbiya daim ədalətli mövqe nümayiş etdirib. Bu mövqe beynəlxalq təşkilatlarda, xüsusilə BMT-nin Baş Məclisində keçirilən səsvermə zamani da özünü göstərmişdir. Bu mövqeyə görə biz Sizə minnətdarıq.

Bizi birləşdirən təkcə ağrılarımız, dərdlərimiz, problemlərimiz deyildir. Bizi birləşdirən hər iki ölkədə olan nikbinlik əhval-ruhiyyəsidir. Biz tam əminik ki, ölkələrimizin gələcəyi parlaq olacaqdır. Hazırda bizi incidən, narahat edən problemləri həll edəcəyik, haqq-ədalət öz yerini tutacaq və əminəm ki, ölkələrimizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Bu gün, cənab Prezident, dediyiniz kimi, biz geniş fikir mübadiləsi aparmışıq və doğrudan da ikitərəfli münasibətlərimizin gündəliyi kifayət qədər genişdir. Biz Serbiyanın AGRİ layihəsinə qoşulmaq təşəbbüslərini böyük məmnuniyyətlə alqışlayırıq. Bildiyiniz kimi, bu layihə bu yaxınlarda müzakirə mövzusuna çevrilmişdir və birinci sammit Bakıda keçirilmişdir. Hazırda AGRİ layihəsi üzrə araşdırmalar aparılır, texniki-iqtisadi əsaslandırma hazırlanır. Biz çox istərdik ki, Serbiya da bu layihəyə qoşulsun. Nəzərə alsaq ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları hazırda müxtəlif bazarlara nəql edilir və bizim üçün yeni bazarlar çox maraqlıdır. Biz ümid edirik ki, zəngin qaz potensialımızı maksimum dərəcədə reallaşdıra bilərik.

Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Ancaq bu, çox təvazökar rəqəmdir. Proqnoz isə ondan ən azı iki dəfə çoxdur. Bunu nəzərə alaraq, Avropa və başqa bazarlar üçün bizim qazımız ən azı yüz il xidmət göstərəcəkdir. Bizə yeni bazarlar, Avropadakı istehlakçılara isə yeni mənbələr lazımdır. Şaxələndirmə məsələləri həm istehsalçılar, həm də istehlakçılar üçün eyni dərəcədə önəmlidir. Ona görə burada bizim maraqlarımız üst-üstə düşür.

Bütövlükdə Azərbaycan enerji təhlükəsizliyi məsələlərində fəal rol oynayır. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizinin zəngin ehtiyatlarını dünya bazarlarına nəql edə bilmişdir. Hazırda Azərbaycanı dünya bazarları ilə birləşdirən 7 neft və qaz kəməri vardır ki, onların hamısı işlək vəziyyətdədir. Bizim neftimiz, qazımız müxtəlif istiqamətlərlə dünya bazarlarına nəql edilir. Biz çox istərdik ki, Serbiyanı Azərbaycan ilə, o cümlədən enerji sahəsində bağlayan, birləşdirən əməkdaşlıq olsun.

Eyni zamanda, biz bu gün digər layihələri də müzakirə etdik. Böyük dəmir yolunun – Yeni İpək Yolunun bərpası layihəsi icra edilir. Ümid edirəm ki, gələn ilin sonuna qədər Azərbaycanı, Gürcüstanı, Türkiyəni birləşdirən yeni dəmir yolu istismara veriləcəkdir. Bu, eyni zamanda, Asiyanı Avropa ilə birləşdirən bir dəmir yolu olacaqdır. Bu dəmir yolunun üzərində yerləşən bütün ölkələr həmin əməkdaşlıqdan ancaq fayda götürəcəklər. Beləliklə, regional əməkdaşlıq daha da böyük həcmdə öz həllini tapa bilər.

Biz, eyni zamanda, Serbiya rəhbərliyinə minnətdarıq ki, Azərbaycan şirkətlərinə onların münasibəti çox müsbətdir. İndi Azərbaycanda müasir, güclü şirkətlər yaranmışdır və onlar üçün Serbiyada işləmək, iş görmək, kontraktlarda iştirak etmək böyük maraq doğura bilər. Biz bu məsələləri də müzakirə etdik.

Beləliklə, ikitərəfli birgə hökumətlərarası komissiyasının işi çox olacaqdır. Əminəm ki, komissiya tezliklə öz işinə başlayacaqdır. Bu gün müzakirə etdiyimiz məsələlər komissiya tərəfindən baxılıb prezidentlərin diqqətinə təqdim ediləcəkdir.

Bu gün imzalanmış sənədlər, eyni zamanda, onu göstərir ki, niyyətimiz çox yaxşıdır, çox gözəldir. Biz istəyirik ki, bütün sahələrdə əməkdaşlıq edək. Bu əməkdaşlığın təməlində güclü siyasi əlaqələr vardır. Eyni zamanda, bu gün cənab Prezidentlə müzakirə əsnasında eyni fikir söyləmişik ki, insanlararası münasibətlər, humanitar əlaqələr də çox vacibdir. Həm Serbiyada, həm Azərbaycanda dini və milli tolerantlığın dərin kökləri, böyük tarixi vardır. Həm Serbiyada, həm Azərbaycanda müxtəlif dinlərin, müxtəlif xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim nadir təcrübəmizdir. Biz bu təcrübədən istifadə edərək çalışmalıyıq ki, bütün dünyada nə dini, nə milli zəmində heç bir münaqişə, heç bir qarşıdurma olmasın. Serbiya Balkanlarda, Azərbaycan isə Qafqaz və Xəzər hövzəsində bu istiqamətdə səylərini birləşdirərək böyük işlər görə bilər.

Bir sözlə, bugünkü səfərim artıq çox gözəl nəticələrini verməkdədir. Əminəm ki, səfərin nəticələri gözəl olacaq və mənim səfərim münasibətlərimizin inkişafına yeni güclü təkan verəcəkdir. Cənab Prezident, göstərdiyiniz qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram. Serbiya xalqına uğurlar və tərəqqi arzulayıram. Sağ olun.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12