Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün birgə mətbuat konfransı olmuşdur.
Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.
Sloveniya Prezidenti Danilo Türkün bəyanatı
- Bu gün Sloveniya Respublikasının ali qonağı ölkəmizə rəsmi səfər edən dost Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Əslində bu, cavab səfəridir. Çünki mənim də 2009-cu ildə Azərbaycana rəsmi səfərim oldu. İndi isə növbəti cavab səfəri baş tutur. Əslində bu səfər ikitərəfli münasibətlərimizin nəzərdən keçirilməsi üçün yaxşı fürsətdir. Elə indicə biz iki ölkə arasında əməkdaşlığa dair iki sənədi imzaladıq. Eyni zamanda, biz Sloveniya və Azərbaycana aid olan bir çox digər məsələləri də nəzərdən keçirdik.
Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlərimiz yaxşıdır. Əməkdaşlığımız uğurludur və iqtisadi əlaqələrimiz də inkişaf etməkdədir. Hazırda ticarət dövriyyəsi 10 dəfə artmışdır. Bu, artıq böyük nəticə deməkdir. Bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Burada həm enerji, həm elektrik stansiyalarının tikintisi, həm informasiya texnologiyası, həm də sığorta sahələrində əməkdaşlıq baş tuta bilər. Biz Azərbaycan şirkətlərindən Sloveniyaya sərmayələrin qoyulmasını gözləyirik. Mədəniyyət sahəsində də əməkdaşlığımız genişlənir. Hesab edirəm ki, qarşımızda hələ bir çox əməkdaşlıq imkanları vardır.
Bu gün aparılmış danışıqlar, həmçinin bəzi beynəlxalq məsələləri də nəzərdən keçirmək imkanı yaratdı. Sloveniya Avropa məkanında əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Biz istəyirik ki, bu sahədə töhfəmizi verək. Bu məsələ bütün dövlətlərdən xüsusi fəallıq tələb edir, xüsusən də əgər söhbət silahlı münaqişələrdən gedirsə.
Bunların arasında Dağlıq Qarabağ münaqişəsini də qeyd etmək lazımdır. Bu gün danışıqlarımızın mövzusu, həmçinin həmin münaqişədir. Biz bu haqda öncədən də danışmışdıq. Mənim, həmçinin Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya Prezidenti cənab Medvedevin üçtərəfli qaydada danışıqlarda iştirakını da nəzərdən keçirdik. Status-kvo qəbul edilən həll variantı deyildir. Biz addımlarımızı sürətləndirməliyik ki, prinsiplər əks olunsun və həmin prinsiplər üzərində sülh müqaviləsi, sülh razılaşması əldə edilsin.
Bildiyimiz kimi, Rusiya Prezidenti Dmitri Medvedev Soçidə üçtərəfli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Sloveniya bu istiqamətdə göstərilən digər təşəbbüsləri də alqışlayır. Bu ayın sonunda yenidən Rusiyada keçiriləcək üçtərəfli görüşə ümid bəsləyirik. Hesab edirik ki, o görüş zamanı elə prinsiplər müəyyən ediləcəkdir ki, onların əsasında sülh razılaşması əldə olunsun. Əslində bu məsələnin həlli Helsinki Yekun Aktına və ATƏT-in qərarlarına uyğun olmalıdır.
Biz bir sıra digər məsələləri də nəzərdən keçirdik. Burada enerji sahəsində beynəlxalq əməkdaşlıq müzakirə olundu. Bu, Sloveniya üçün olduqca maraqlı mövzudur. Həmçinin digər Avropa ölkələri və bütövlükdə Avropa İttifaqı üçün əhəmiyyətli bir məsələdir.
Bir sözlə, biz Azərbaycan ilə əməkdaşlıq münasibətlərimizi genişləndirmək istəyirik. Sloveniya hesab edir ki, enerji təhlükəsizliyi olduqca mühüm məsələdir. Bu məsələ get-gedə daha geniş, çoxtərəfli əməkdaşlıq tələb edir. Burada həm istehlakçılar, həm də hasilatçılar arasında əməkdaşlıq nəzərdə tutulur. Bildiyiniz kimi, bu yaxınlarda Rusiya Federasiyası ilə apardığımız danışıqlar çərçivəsində Sloveniya bir sıra ölkələrə təklif etdi ki, “Cənub” qaz dəhlizinin bəyannaməsini imzalayan ölkələrlə, daha sıx əməkdaşlıq mövcud olsun. Bizim tərəfimizdən təklif olundu ki, onların da iştirakı daha geniş şəkildə təmin edilsin.
Zənnimcə, çoxtərəfli əməkdaşlıq ruhunda olan bu yanaşma bizi uğura apara bilər. Burada söhbət hər hansı bir rəqabətdən gedə bilməz, əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Buna görə də mən bunu giriş nitqimdə də qeyd etdim. Təbii ki, biz beynəlxalq səviyyədə münasibətlərimizin digər aspektlərinə də toxunduq. Mən çox danışmaq istəməzdim. İndi isə böyük məmnuniyyətlə sözü Sizə verirəm. Buyurun, cənab Prezident, söz Sizindir.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə demək istəyirəm ki, yenidən Sloveniyada olmağımdan çox məmnunam. Mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.
Ölkələrimiz arasında əlaqələr çox yüksək səviyyədədir. Bizim aramızda çox fəal siyasi dialoq aparılır. Cənab Prezidentin qeyd etdiyi kimi, iki il bundan əvvəl biz Sloveniya Prezidentini Azərbaycanda qəbul edirdik, bu gün mən Sizin gözəl ölkənizə səfər edirəm. Bu arada biz cənab Prezidentlə mütəmadi qaydada telefonla əlaqə saxlamışıq, beynəlxalq tədbirlərdə daim imkan olan kimi görüşürük. Yəni, ölkələrimiz arasında mövcud olan siyasi dialoq çox yüksək səviyyədədir. Əlbəttə ki, bu, əlaqələrimizin inkişafı və bütün başqa sahələri əhatə etmək üçün yaxşı zəmin yaradır. Əminəm ki, səfərim və imzalanmış sənədlər, aparılmış danışıqlar nəticəsində qəbul ediləcək qərarlar münasibətlərimizi daha da möhkəmləndirəcəkdir. Biz buna maraqlıyıq və Sloveniya bizim üçün bu bölgədə çox vacib tərəfdaşlardan biridir.
Bu gün, eyni zamanda, iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə edildi. Müəyyən təkliflər nəzərdən keçirilir, həm qarşılıqlı investisiya layihələri, həm şirkətlərimizin birgə fəaliyyəti haqqında fikir mübadiləsi aparılmışdır. Yəqin ki, bu məsələlərin müzakirəsi sabah keçiriləcək Sloveniya-Azərbaycan biznes forumu çərçivəsində daha geniş formatda aparılacaqdır. Hər halda dəqiqliklə demək olar ki, hər iki tərəfin iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağı və yaxşı imkanları vardır.
Bu gün, eyni zamanda, ikitərəfli məsələlərlə yanaşı, Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi. Sloveniya Avropa İttifaqının üzvü kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün dəyərli töhfəsini verir. Bu əlaqələr inkişaf edir. Bu ilin əvvəlində Avropa Komissiyasının prezidenti cənab Barrozunun Azərbaycana səfəri və səfər zamanı aparılmış danışıqlar, qəbul edilmiş siyasi qərarlar və Bəyannamə gələcək əməkdaşlıq üçün yaxşı şərait yaradır. Avropa İttifaqı ilə münasibətlərimiz çox yüksək səviyyədədir və bu əlaqələr genişlənir. Biz gələcək əməkdaşlığa da çox müsbət yanaşırıq. Hesab edirik ki, indiki mərhələdə gələcək əməkdaşlığımızın perspektivləri haqqında daha dəqiq məsələlər müzakirə edilməlidir, dəqiqləşdirmə aparılmalıdır, prioritetlər müəyyən edilməlidir. Biz uzunmüddətli uğurlu tərəfdaşlıq münasibətlərimizi qura bilərik və qurmalıyıq.
Avropa İttifaqı ilə gündəliyimiz çox genişdir. Əlbəttə, enerji təhlükəsizliyi məsələləri gündəliyin demək olar ki, birinci sırasındadır və bu istiqamətdə əməkdaşlıq dərinləşir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün töhfəsini verməyə hazırdır. Bizim zəngin qaz ehtiyatlarımız artıq müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılır. Biz qaz infrastrukturumuzun yaradılması nəticəsində çoxşaxəli ixrac imkanlarına malikik. Bu gün Azərbaycan qazını dünya bazarlarına çıxaran 4 kəmər vardır. Bu kəmərlər işlək vəziyyətdədir. Əlbəttə ki, zəngin qaz ehtiyatlarımızı dünya bazarlarına əmniyyətli yolla çıxarmaq üçün yeni kontraktlar lazımdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı qaz ixrac edən çox önəmli ölkə kimi artıq dünyaya təqdim edir.
“Cənub” qaz dəhlizi üzrə danışıqlar gedir. Əminəm ki, danışıqların yaxşı nəticələri olacaqdır. Danışıqların uğuru üç tərəfin səmimi münasibətlərindən və əlaqələrindən asılıdır. İstehsalçılar – Azərbaycan, istehlakçılar – Avropa tərəfi və tranzit ölkələri. Yəni, hər üç tərəfin maraqları təmin edilməlidir və hər bir tərəf bu layihənin həyata keçirilməsi üçün töhfəsini verməlidir. Hazırda bu əməkdaşlıq formalaşır. Ümid edirəm ki, yaxın zamanlarda biz daha konkret nəticələr haqqında danışa biləcəyik. Ancaq bir daha qeyd etmək istəyirəm ki, bu məsələ nəinki Azərbaycan, eyni zamanda, Avropa üçün də çox vacibdir. Biz maraqlıyıq ki, ixrac imkanlarımız daha da genişlənsin və qazımızı dünya bazarlarına daha da böyük həcmdə ixrac edək. İstehlakçılar isə maraqlıdırlar ki, alınan qazın coğrafiyasını daha da genişləndirsinlər və burada bizim maraqlarımız üst-üstə düşür.
Biz, eyni zamanda, cənab Prezidentin qeyd etdiyi kimi, bu gün regional təhlükəsizlik məsələlərinə də münasibətimizi bildirdik. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin son reallıqlarını cənab Prezidentə bildirdim. Danışıqlar gedir və ümid edirəm ki, danışıqlar yaxşı nəticə verəcəkdir. Çünki əgər bu gün müzakirə edilən məsələlər – baza prinsipləri qəbul olunarsa, məsələnin ədalətli həlli mümkün olacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və eyni zamanda, təhlükəsizlik məsələləri öz həllini tapacaq, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılacaqdır.
Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz pozulubdur. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bu ərazilərdən azərbaycanlılar tamamilə çıxarılıb. Yəni, bizim millətə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. O qətnamələrdə işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. ATƏT-in qərarları oxşar mahiyyət daşıyır, eyni zamanda, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı oxşar qətnamələr qəbul etmişlər. Amma əfsuslar olsun ki, işğalçı qüvvələr bu günə qədər torpaqlarımızı azad etməyiblər.
Məsələnin ədalətli həlli üçün indi yaxşı şərait yaradılıb. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının may ayının sonunda verdikləri birgə bəyanat artıq çox ciddi bir siqnaldır. Orada göstərilir ki, status-kvo qəbuledilməzdir. Biz bunu uzun illərdir ki, deyirik - status-kvo dəyişdirilməlidir, işğalçı qüvvələr işğal edilmiş torpaqları tərk etməlidir. Belə dəqiq bəyanatın verilməsi əlbəttə ki, bizi daha da ruhlandırır və ümidlərimizi artırır. Bəyanatın digər vacib məsələsi ondan ibarətdir ki, orada Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipləri və xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri arasında heç bir ziddiyyət yoxdur. Yəni, bu iki prinsip bir sazişdə öz əksini tapmalıdır və hesab edirəm ki, bu da çox müsbət haldır.
İndiki mərhələdə Ermənistan tərəfi konstruktivlik və səmimiyyət göstərməlidir. Uzun illər Ermənistan danışıqların sadəcə olaraq danışıqlar naminə aparılmasına, imitasiya ilə məşğul olmağa çalışmışdır. İndi isə vaxt çatıb ki, verilmiş təkliflərə dəqiq, konkret cavab versin. Əgər belə olarsa, o zaman hesab edirik ki, Azərbaycanın torpaqları tezliklə işğalçılardan azad ediləcəkdir.
Bu gün biz regional məsələlər haqqında da fikir mübadiləsi apardıq. Aramızda fikir ayrılığı yoxdur. Yanaşmamız da bir-birinə çox yaxındır. Ümidvaram ki, biz bu gün və sabah davam edən söhbətlər əsnasında ölkələrimizi bir-birinə daha da yaxın edəcəyik, xalqlarımız da bir-birinə yaxın olacaqlar. Çünki bizi, eyni zamanda, ortaq tarix birləşdirir.
Cənab Prezident, bizə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram, gözəl ölkənizdə olmağımdan bir daha məmnunluğumu ifadə etmək istəyirəm. Sağ olun.
X X X
Sonra jurnalistlərin sualları cavablandırıldı.
Cavid BƏDƏLOV (AzərTAc): Qarşılıqlı investisiyaların qoyulması sahəsində perspektivləri necə görürsünüz?
Prezident Danilo TÜRK: Əvvəlcə icazə verin deyim ki, ümumiyyətlə, bu istiqamətdə aparılan proses mənim 2009-cu ildə Bakıya səfərim zamanı başladı. Biz prioritet sahələri müəyyən etdik və Sloveniya Azərbaycanda həmin sahələrdə fəal işləmək istəyir. Xüsusi olaraq iki sahə müəyyən edildi: informasiya texnologiyaları - bizim “İskratel” şirkəti artıq Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlıq edir. Biz istəyirik ki, bu əməkdaşlığı daha da genişləndirək. Digər sahə bərpaolunan alternativ enerji mənbələridir. Məsələn, su enerjisi. Biz sizə su elektrik stansiyalarının tikintisindəki təcrübəmizlə yardım etmək istəyirik ki, uğurlar qazanasınız, nailiyyətlər əldə edəsiniz. Bu, elə bir sahədir ki, Sloveniya kifayət qədər böyük təcrübəyə malikdir. Əslində bu, 100 ildən artıq olan təcrübədir.
Bu sahələr tərəflər arasında artıq müəyyən edilib və nəticələrini vermişdir. “Karona” şirkəti – telekommunikasiya sahəsindəki lider şirkət Azərbaycandakı tərəfdaşları ilə artıq saziş imzalayıb. Həmçinin su elektrik stansiyası sahəsində texniki əsaslandırma işinin aparılması ilə bağlı razılaşma əldə edilib. Zənnimcə, mən sualınıza cavab verə bildim.
İcazə verin, onu da qeyd edim ki, biz, həmçinin istərdik ki, qarşılıqlı sərmayələr olsun. Hazırda Azərbaycanın Dövlət Neft Fondu Sloveniyada sərmayə imkanlarını araşdırır. Bizim nümayəndə heyətimiz də, iqtisadiyyat nazirimiz də bu məsələ ilə daha yaxından məşğul olacaq və əməkdaşlıq üçün bir çox imkan alınacaqdır.
Sloveniyalı jurnalist: Sualım Prezident İlham Əliyevədir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə gəldikdə gücdən istifadə etmək təhlükəsi nə qədər böyükdür? Siz Ermənistan prezidenti ilə görüşə nə dərəcədə nikbin baxırsınız? İkinci sual: Əməkdaşlıq layihələrindən birini seçmək istəsəydiniz, hansını seçərdiniz?
Prezident İlham ƏLİYEV: Bildiyiniz kimi, hər bir ölkənin özünü müdafiə etmə hüquqi vardır. Hər bir ölkənin bu hüququ Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində də tanınıbdır. Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin nəticələri məhz sülh yolu ilə yox, zor, güc tətbiq etməklə formalaşmışdır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçı siyasəti nəticəsində yüz minlərlə dinc sakin öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayon, - haradakı heç vaxt ermənilər yaşamamışlar, - azərbaycanlılardan tamamilə boşaldılıb. Orada bütün binalar yerlə-yeksan edilib. Bir neçə ay bundan əvvəl ATƏT-in qiymətləndirmə missiyası işğal altındakı torpaqlara səfər etmişdir. Onların hazırladığı məruzəyə baxmaq kifayətdir ki, hər kəs öz gözləri ilə görsün ki, orada bir dənə də olsun salamat bina qalmamışdır. Bütün binalar dağıdılıb. Bizim dini məbədlərimiz dağıdılıb. Bütün sərvətlər talan edilib. Yəni, bir tərəf güc tətbiq etməklə artıq bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır.
Biz sülh yolunun tərəfdarıyıq. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun və məhz buna görə 19 ildir ki, sülh danışıqları aparılır. Minsk qrupu 1992-ci ildə yaranmışdır. O gündən bu günə qədər aparılan danışıqların heç bir nəticəsi olmamışdır. Müəyyən mərhələlərdə tərəflərin mövqelərində yaxınlaşma baş verən kimi, Ermənistan tərəfi geriyə addım ataraq danışıqların faktiki olaraq pozulmasına gətirib çıxarmışdır. Belə olan halda sülh prosesinə istər-istəməz ictimaiyyətdə ümidlər azalır. Mən hesab edirəm ki, bu gün indiki mərhələdə müzakirə edilən variant son şansdır. Bütün bu 19 il ərzində müxtəlif variantlar müzakirə edildi, sınaqdan keçirildi. Bir də demək istəyirəm ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hazırda biz sülh müqaviləsinə nail ola bilməmişik. İndi bu son şansdan istifadə etməliyik.
Mən deyə bilərəm ki, məsələnin sülh yolu ilə həllinə ümidlərimiz Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatından sonra artıbdır. Yəni, bu müsbət meyil daha da gücləndirilməlidir və təcavüzkara, işğalçıya daha da ciddi mesajlar göndərilməlidir ki, biz tezliklə “status-kvo”nun dəyişdirilməsinə nail olaq. Mən çıxışımda xüsusilə qeyd etdim ki, bu çox vacib məsələdir. Bütün bu illər ərzində - 19 il ərzində biz bir dəfə də olsun vasitəçilərdən eşitməmişdik ki, “status-kvo” dəyişdirilməlidir.
Son aylar ərzində verilən bu bəyanat ümidlərimizi artırır. Biz ümid edirik ki, vasitəçilərin fəal işi nəticəsində məsələ öz həllini tapa bilər. Ancaq bununla bərabər, heç bir başqa variant təbii ki, istisna olunmur. Azərbaycanın başqa ölkələrin ərazi bütövlüyünə heç bir iddiası yoxdur. Biz heç kimin torpağını işğal etməmişik. Ancaq öz ərazi bütövlüyümüzü bərpa etmək üçün bizim həm imkanımız, həm də gücümüz var. Eyni zamanda, beynəlxalq hüquq normaları da bizə bu imkanları yaradır. Bir daha deyə bilərəm ki, BMT-nin Nizamnaməsinə nəzər salmaq kifayətdir, orada hər şey açıq aydın görünür. Amma mən, əlbəttə, istəməzdim ki, sülh prosesi sual altına düşsün. Mən çox istəyirəm ki, tezliklə məsələ sülh yolu ilə həll olunsun və ərazi bütövlüyümüz bərpa edilsin.
Yunis ORUCOV (Azərbaycan Televiziyası): Sualım Sloveniya Pprezidentinədir. Cənab Prezident, ikitərəfli münasibətlərimizi Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq baxımından necə qiymətləndirirsiniz?
Prezident Danilo TÜRK: Sloveniya hesab edir ki, strateji mahiyyət daşıyan “Şərq tərəfdaşlığı” Proqramı olduqca əhəmiyyətlidir. Bu bizim ən vacib prioritetlərdən biridir. Əslində Avropanın gələcəyi məhz bu sənəddə əks olunubdur. Bizə ən yaxın olan qonşu ölkələrlə bu proqram çərçivəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Bu, əslində yeni bir fenomen, yeni bir layihədir ki, biz onun çərçivəsində konkret əməkdaşlığın məzmununu müəyyən edirik. Orada əməkdaşlığımızın hər hansı bir tərəfdaş ölkə üzrə təsviri verilir. Konkret olaraq bu nə deməkdir? Yəni, əməkdaşlığın prioritetləri Avropa İttifaqı ilə Azərbaycan arasında müəyyən edilir və məhz bu, “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən ölkəyə aiddir. Tutaq ki, viza rejiminin asanlaşdırılması nəzərdə tutulur. Ümidvarıq ki, biz bu sahədə də irəliyə doğru gedə biləcəyik. Biz insanların səfərlərini daha da liberallaşdırmalıyıq. Əslində, insanlar arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Biz “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində, həmçinin iqtisadi əməkdaşlıq haqqında söhbət açmalıyıq. Biz o faktla razılaşırıq ki, Azərbaycan zəngin ölkədir. Azərbaycan elə bir ölkədir ki, onun xüsusi iqtisadi gücü, imkanları var və o, Avropa İttifaqına böyük töhfə verə bilər.
İcazə verin, əvvəlki suala xüsusi cavab verim. Siz qeyd etdiniz, “Nabukko” ilə “Cənub axını” layihələrinə gəldikdə hansını seçərdiniz? Siz belə bir sual verdiniz? Burada seçim olmalı deyil. Bizə hər iki layihə lazımdır. Çünki enerji istehlakçılarının tələbatları bundan sonra yalnız artacaq və hər iki tərəf digər əməkdaşlıq formalarında maraqlı olmalıdır. Bu elə bir əməkdaşlıq sahəsidir ki, burada rəqabət məsələləri durur. Təbii ki, bu da təşkilatlar arasında müəyyən rəqabəti nəzərdə tutur. Amma bu, təbii haldır. Eyni zamanda, digər məsələni də qeyd etmək istəyirəm ki, cənab Prezident Əliyevin qeyd etdiyi kimi, burada üç tərəf əməkdaşlıq etməlidir. Hasilatçılar, tranzit ölkələr və istehlakçılar. Burada hər üç tərəfin hüquqları və maraqları vardır. Bu, əsas, müəyyənedici amildir. Bu amil Azərbaycan ilə Avropa İttifaqı arasında “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində olan əməkdaşlığa aiddir. Biz əməkdaşlığımıza məhz bu müstəvidən baxmalıyıq.
Zənimmcə, yaxşı olardı ki, bu əməkdaşlıq nümunəvi əməkdaşlıq kimi qəbul edilsin və digər sahələrə də şamil edilsin. Azərbaycan ilə Avropa İttifaqı arasında digər sahələrdə də müvafiq sazişlər imzalansın. İnanıram ki, bu sazişlər fərdi xarakter daşımalı və Azərbaycanın xüsusi, spesifik iqtisadi imkanlarını nəzərə almalıdır. Həmçinin digər aspektləri, digər sahələri nəzərə alaraq buraya yeni çalarlar gətirilməlidir. Bu mənim sizin sualınızla və Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı ilə bağlı verilən suala cavabdır. Bizə nə lazımdır? Biz yüksək səviyyədə qarşılıqlı anlaşmaya malik olmalıyıq.
Biz bilirik ki, Dağlıq Qarabağ münaqişəsi mühüm məsələdir. Əgər biz bu regionda fəal olmaq istəyiriksə, bu məsələ vacib məsələdir. Hətta biz Avropada ən böyük qüvvə olmasaq da, daha böyük gücə malik ölkə olmasaq da fəal işləməliyik. Biz çalışmalıyıq ki, münaqişə sülh yolu ilə həllini tapsın. Bir daha burada həmkarınız soruşdu ki, nikbinliyiniz haradan gəlir? Mən bu sualın cavabına əlavə edərdim ki, əslində on ildən artıqdır mən də bu münaqişə ilə bağlı aparılan danışıqları izləmişəm. Mən əvvəllər Birləşmiş Millətlər Təşkilatı sistemində işləmişəm, indi isə Sloveniya Respublikasının Prezidentiyəm.
Biz artıq elə bir mövqedəyik ki, bu vəziyyət dəyişibdir. Biz aydın şəkildə onu bilirik ki, mövcud məsələlər əvvəlcə yox idi. Üç əsas tərəf, iştirakçı Ermənistan, Azərbaycan və Rusiya Federasiyası, münaqişənin həlli prinsiplərini indi daha dəqiq formada müəyyən edə bilər. Bu şans əldən buraxılmalı deyil. Zənnimcə, belə bir anlaşma bu münaqişəyə bələd olan hər bir kəsdə müşahidə oluna bilər. Bu sahədə daha dəqiq olmalıyıq. Mən sizin sualınıza uzun cavab verdim. Amma əgər bu, həll olunsa, əslində bu, bizim Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlığa xidmət edən bir məsələ ola bilər. Biz bir-birimizi dəstəkləməliyik. Biz sadəcə nümunələri, modelləri bir-birimizə təqdim etməli deyilik. Biz çalışmalıyıq ki, əsl prioritetləri, əsl dəyərləri əməkdaşlığımızda əks etdirək.