Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə “Euronews” telekanalına müsahibə vermişdir.
- Azərbaycan Prezidenti İlham Əliyev, “Euronews”a xoş gəlmisiniz! Ayın 24-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bir görüş keçiriləcəkdir. Bu məsələdə Rusiyanın vasitəçiliyi ilə bağlı nə deyə bilərsiniz?
- Biz Prezident Medvedevin müsbət inkişafa aparan səylərini dəstəkləyirik. Ayın 24-də keçiriləcək görüş, son iki il ərzində keçirilən görüşlərdən biri olacaqdır. Prezident Medvedevin iştirakı tərəflərə razılığa nail olmaqda kömək edir. Buna görə də biz daha çox nikbin əhval-ruhiyyədəyik. Biz düşünürük ki, Ermənistan tərəfi irəliyə mühüm addım atmaq üçün konstruktiv yanaşma və siyasi iradə nümayiş etdirərsə, münaqişə çox tez bir zamanda həll edilə bilər.
- Ermənistan tərəfi, Sizin dediyiniz kimi, konstruktiv görünmək üçün nə etməlidir?
- İlk növbədə, onlar BMT Təhlükəsizlik Şurasının bir neçə il əvvəl qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirməlidirlər. Artıq heç kimə sirr deyil ki, torpaqlarımız 20 ilə yaxındır ki, işğal altındadır. Nəinki Dağlıq Qarabağ, hətta onun ətrafında yerləşən və ermənilərin heç vaxt yaşamadıqları digər 7 rayon da işğal altındadır. Biz etnik təmizləmə siyasətinə və işğala məruz qalmışıq. Bu səbəbdən məsələyə beynəlxalq hüquq normaları baxımından yanaşmaq çox vacibdir. Danışıqlar prosesinə gəldikdə isə, vasitəçilər tərəfindən hər iki tərəfə təklif olunan baza prinsipləri beynəlxalq hüquq normalarına tam cavab verir. Bunlar ölkələrin ərazi bütövlüyü və xalqların özünüidarəetmə hüququ prinsipləridir. Bu prinsiplər bir-birinə zidd deyildir. Onların hər ikisi vacibdir və sülh sazişində əks oluna bilər.
- Erməni qüvvələrinin Dağlıq Qarabağdan çıxarıldığı təqdirdə Azərbaycan tərəfi nə təklif edə bilər? Azərbaycan nəsə təklif edirmi?
- Əslində elə bir şey yoxdur ki, bizə məxsus olmasın və biz onu qaytarmalı olaq. Dağlıq Qarabağ Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınan ərazisidir.
- Bəli, amma Ermənistan öz qoşunlarını yalnız müəyyən şərtlər müqabilində çıxarmağa razı ola bilər. Məsələn, mənim güman etdiyim kimi, müqəddəratını təyin etmək, yaxud geniş muxtariyyət veriləcəyi təqdirdə.
- Uzun illərdir ki, bizim mövqeyimiz tamamilə aydındır. Şəxsən mən dəfələrlə açıq şəkildə bəyan etmişəm ki, biz Dağlıq Qarabağda yaşayan insanlara və Dağlıq Qarabağa qayıdanlara dünyada mümkün olan ən geniş muxtariyyəti təmin etməyə hazırıq.
- Bu muxtariyyət sizcə necə olmalıdır?
- Bu, bizim növbəti danışıqlarımızın mövzusu olacaq və hesab edirəm ki, bu, geniş muxtariyyət ola bilər. Düşünürəm ki, Avropada mövcud olan muxtariyyət təcrübəsi bizə kömək edəcəkdir. Belə ki, nəsə yeni düşünüb tapmaq çətin olardı. Bizim üçün isə Avropa ölkələrində yaxşı nümunələr vardır.
- Məsələn?
- Məsələn, İtaliya və Tirol, həmçinin digər yerlər. Həmin yerlərdə mərkəzi hakimiyyət onların xalqlarının həyat şəraitini daha da yaxşılaşdırmaq üçün muxtariyyətlərə və onların maliyyə məsələlərinə çox böyük, bəlkə də daha artıq diqqət yetirirlər. Biz də bu cür edə bilərik. Azərbaycan böyük maliyyə imkanlarına malikdir və bizim üçün Dağlıq Qarabağda ciddi iqtisadi və sosial inkişaf proqramlarına başlamaq heç bir çətinlik yarada bilməz.
- Ermənistanın Azərbaycanın ehtiyatlarına ehtiyacı varmı? Xüsusilə söhbət xammaldan gedirsə?
- Onların nəyə ehtiyacı olduğunu demək mənim üçün çətindir. Təbii ki, Ermənistanın iqtisadi vəziyyəti ilə bağlı sizin məlumatınız vardır. Bəlkə də bu məsələ ilə bağlı şərh vermək mənim üçün düzgün olmazdı. Təbii ki, Azərbaycan ilə dost, qonşu olmaq istənilən ölkə üçün fayda verə bilər, ermənilərin uzun illər saxlamağa çalışdığı status-kvo vəziyyəti kimi yox.
- İndiki Ermənistan rəhbərlərinin problemə siyasi yanaşması Sizdə hansı təəssürat yaradır? Sizə elə gəlmirmi ki, onların problemə yanaşması əvvəlkindən daha açıqdır? Sizcə, onlar irəliyə doğru addım atıblarmı?
- Onu deyə bilərəm ki, şəxsən mən 2004-cü ildən bu danışıqlar prosesində iştirak edirəm. Bu müddət ərzində danışıqlar prosesinin müsbət dinamikası, lakin sıfır nəticəsi olmuşdur. Deyə bilərəm ki, Ermənistanın keçmiş və indiki hökuməti və rəhbərliyi bu danışıqlar prosesində bir tərəf kimi çıxış edir. 2008-ci ilədək biz mühüm bir irəliləyişə nail ola bildik. 2008-ci ildən bu tərəfə isə irəliləyiş o qədər də görünmürdü, lakin bizim ümidlərimiz var idi. Bu səbəbdən düşünürəm ki, münaqişənin tezliklə həlli hər iki ölkənin marağındadır. Hesab edirəm və ümid edirəm ki, Ermənistan rəhbərliyi, nəhayət, anlayacaq ki, birincisi, status-kvo vəziyyətinin saxlanılması mümkün deyil və ikincisi, bu, onların heç də xeyrinə işləmir. Onların hazırda nəzarət etdikləri ərazi ölü zonadır. Orada hər şey dağıdılıb, məhv edilib, orada nə həyat var, nə də insanlar yaşayır. Onlar bundan nə əldə etdilər? Düşünürəm ki, heç nə. Çünki əgər onlar güclü siyasi iradə və xoş niyyətlə münaqişənin həllinə doğru gəlsəydilər və münaqişə öz həllini tapsaydı, o zaman regiondakı vəziyyət daha yaxşı olardı.
- Sizcə Dağlıq Qarabağdakı hazırkı vəziyyət sıfır səviyyəsindədir?
- Bilirsiniz, münaqişənin həllində Azərbaycan ən çox maraqlı olan tərəfdir, çünki torpaqlarımız işğal altındadır, bizim yüz minlərlə məcburi köçkünlərimiz vardır. Müəyyən vaxta qədər Ermənistanda belə bir fikir hakim idi ki, onlar status-kvonu istədikləri qədər saxlaya biləcəklər və onlar buna müvəffəq olacaqlarını düşünürdülər. Amma son aylar ərzində hadisələrin inkişafı göstərdi ki, beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya, Fransa, bu ölkələrin rəhbərləri birbaşa bəyanatla çıxış edərək bildirdilər ki, status-kvo məqbul deyildir. Son ayların hadisələri belədir.
- Dediyiniz kimi, Minsk qrupu - ABŞ, Fransa və Rusiya son ay və illər ərzində prosesi sürətləndiriblər. Sizcə, onların marağı nədir?
- İlk növbədə, Minsk qrupu 1992-ci ildə yaranıb və 20 ilə yaxındır ki, heç bir irəliləyiş yoxdur.
- Belə çıxır ki, 20 il ərzində fəaliyyət zamanı əsl irəliləyiş son iki ilə təsadüf edir?
- Bu, uzun bir proses idi. Keçmişdə bəzən vədedici, bəzən isə təəssüfedici məqamlar olmuşdur. 2004–cü ildən bəri isə biz yeni bir prosesdəyik. Münaqişənin həlli məzmunu keçmişdəkindən tamamilə fərqlidir. İndi müzakirə olunan prinsiplər son 5-6 il ərzində müzakirə olunur. Bu, birinci. Yəni bu proses idi. Bizim yaxınlaşmağımız birdən–birə baş vermədi. İkincisi və ən önəmlisi isə hesab edirəm ki, dünyada artıq aydın şəkildə başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Atəşkəs isə çox həssas bir məsələdir. Təmas xəttində atəşkəsin davamlı olaraq pozulması, hesab edirəm ki, bizim hamımızı - Azərbaycanı, Ermənistanı, dünya ictimaiyyətini ciddi şəkildə narahat edir. Digər mühüm bir məsələ odur ki, son bir neçə il ərzində Azərbaycan və Ermənistan arasında güc balansı kəskin şəkildə dəyişmişdir. Məsələn, Azərbaycanın bugünkü büdcə xərcləri Ermənistanın büdcə xərclərindən 10 dəfə artıqdır. Təkcə Azərbaycanın müdafiə büdcəsi Ermənistanın bütün büdcəsini üstələyir. Reallıq belədir. Zaman keçdikcə də iki ölkə arasındakı bu fərq yalnız artacaqdır. Düşünürəm ki, bu da “münaqişə həll olunmalıdır” anlayışının yaranması üçün mühüm rol oynayır. Status-kvo bundan sonrakı illər ərzində davam edə bilməz.
- Təmas xəttində vaxtaşırı olaraq snayperlər tərəfindən atəşkəsin pozulmasını eşidirik.
- Bilirsiniz, bu haqda biz arabir eşidirik. Lakin təmas xəttində snayperlərin olmasına ehtiyac yoxdur. Çünki bəzən səngərlər arasındakı məsafə 40-50 metr olur. Kimisə öldürmək üçün burada snayperlərə ehtiyac yoxdur. Təhlükə odur ki, bu ərazilərdə sülhməramlı qüvvələr yoxdur. Orada yalnız Ermənistan və Azərbaycan əsgərləridir. Sülhə hər iki tərəf riayət etməlidir. Bəli, bəzən atışma olur, atəşkəs pozulur, dinc insanlar arasında həlak olanlar vardır. Məsələn, mart ayında erməni əsgərləri tərəfindən 9 yaşlı azərbaycanlının öldürülməsi. Bu isə müharibə reallığıdır. Müharibə hələ başa çatmayıb. Atəşkəs o demək deyil ki, sülh vardır. Düşünürəm ki, bu məqamın ən önəmlisi odur ki, müharibənin davam etdiyini beynəlxalq ictimaiyyət, vasitəçilər dərk etsinlər. Bu müharibəyə, düşmənçiliyə son qoyulmalıdır. Status –kvo dəyişilməlidir. Azərbaycan torpaqları azad edilməlidir. İnsanlarımızın öz doğma yurdlarına qayıtmaq hüququ vardır. Bu, onların haqlarıdır və onlara bunu etməyə imkan verməlidirlər.
- Təşəkkür edirəm, cənab Prezident.
- Sağ olun.