Quba “ASAN həyat” Kompleksinin açılışında İlham Əliyevin nitqi

07 dekabr 2017, 12:35
Quba “ASAN həyat” Kompleksinin açılışında İlham Əliyevin nitqi

Bu gün Quba rayonunun həyatında çox əlamətdar bir gündür. Qubada “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Qubada “ASAN xidmət” Mərkəzinin yaradılması çox gözəl hadisədir. Bu, sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. “ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilmişdir. Bu illər ərzində “ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olmuşdur və “ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. “ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə “ASAN xidmət”lə maraqlanır. Bizim “ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə “ASAN xidmət” mərkəzləri yaradılır.

“ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində “ASAN xidmət”ə yüksək mükafat vermişdir. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq “ASAN xidmət”lə uğurlu əməkdaşlıq edir.

Bildiyiniz kimi, stasionar mərkəzlərlə yanaşı, 10 avtobus səyyar xidmət göstərir, “ASAN qatar” xidməti artıq fəaliyyətə başlayıbdır. Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə ölkəmizin hər bir yerində “ASAN xidmət” mərkəzləri olsun. İstəyirəm bizim ictimaiyyət onu da bilsin ki, gələn il üç “ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur – Mingəçevir, Şəki və İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcəkdir və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərsin. Beləliklə, “ASAN” bütün bölgələrə gəlir, hər bir vətəndaşa çox gözəl xidmət göstərir. “ASAN”ın öz davranış qaydaları var.

Şadam ki, “ASAN”da çalışanların mütləq əksəriyyəti gənclərdir və bu mərkəzdə 170 gənc işlə təmin olunubdur, 40-dan çox könüllü fəaliyyət göstərəcək. Beş il ərzində 10 mindən çox könüllü “ASAN xidmət”də fəaliyyət göstərmişdir. Yüzlərlə könüllü artıq işlə təmin olunubdur. Azərbaycanda könüllülər hərəkatına təkan verən də “ASAN” olmuşdur. Həmin könüllülər ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda – Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə, könüllü olmaq çox böyük və şərəfli missiyadır. Bu, insanın niyyətini göstərir. Onu göstərir ki, insan öz vətəndaşlarına təmənnasız gözəl xidmət göstərməyə çalışır. Hesab edirəm ki, ölkəmizdə “ASAN xidmət”ə, o cümlədən könüllülərin fəaliyyətinə görə çox böyük rəğbət var.

Biz “ASAN”ın funksiyalarını genişləndiririk və mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. “ASAN xidmət” fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq “ASAN kommunal”, “ASAN viza”, “ABAD” mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var.

Bilirsiniz ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artmışdır. Keçən il 24 faiz artmışdır. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni “ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək ölkəmizə gəlmişdir. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olmuşdur. İndi “ASAN kommunal” çox gözəl xidmət göstərir. Kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir.

Bir müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olmuşdur. Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salmışdır. Biz o vəziyyətlə üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni “ASAN”a tapşırandan sonra çox gözəl sistem yaradılıb. Tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlamışdır və beş min böyük rəqəmdir. Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var “ASAN” bu məsələnin həllində ön cəbhədədir. Buna görə də mən əlbəttə ki, sizi və “ASAN xidmət”də fəaliyyət göstərən bütün işçiləri ürəkdən təbrik edirəm, onlara minnətdarlığımı bildirmək istəyirəm.

“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. “ASAN” bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma “ASAN”dakı kimi olmalıdır. “ASAN” bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil, “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir və beləliklə, ictimai həyatda “ASAN”ın çox böyük rolu var.

Əminəm ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar, innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz daha da geniş funksiyalara malik olur. Əminəm ki, Quba “ASAN xidmət” Mərkəzi bütün vətəndaşlara - təkcə Quba sakinlərinə deyil, ətraf rayonların sakinlərinə də, - bu mərkəzdən 500 min əhali istifadə edə bilər, - çox yaxşı xidmət göstərəcəkdir. Sizə işinizdə böyük uğurlar arzulayıram və sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50