Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi
10 yanvar 2018, 12:00
Əminəm ki, bu il ölkə iqtisadiyyatı öz inkişaf yolu ilə gedəcək. İl ərzində bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Əlbəttə, biz çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olsun. Mən şübhə etmirəm ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşmişdir, inflyasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir.
Onu da qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, makroiqtisadi mühitə görə Azərbaycan dünya miqyasında 39-cu, MDB məkanında isə birinci yerdədir. Yəni, bu, Davosun qiymətləndirməsidir. Əlbəttə, çox əlamətdar haldır ki, beynəlxalq təşkilatlar Azərbaycanda makroiqtisadi vəziyyətlə bağlı görülmüş işlərə çox müsbət reaksiya verirlər və yüksək qiymətləndirirlər.
Biz çalışmalıyıq ki, Neft Fondunun gəlirlərini artıraq. Ümumiyyətlə, bizim valyuta ehtiyatlarımız, Dövlət Neft Fondunun valyuta ehtiyatları ildən-ilə artır. Əlbəttə, bu, bizə imkan verəcək ki, ölkə qarşısında duran önəmli layihələr üçün vəsait ayıraq və ölkəmizin iqtisadi dayanıqlılığını təmin edək. Valyuta ehtiyatlarının həcmi və artması bizə iqtisadi müstəqillik verir. Biz heç bir maliyyə qurumundan asılı deyilik. Biz kreditlər alırıq. Ancaq onu da qeyd etməliyəm ki, kreditlərin alınması ilə bağlı biz daha da ciddi siyasət aparmalıyıq. Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparmalıdır. Bu gün də xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Ancaq mən qarşıya vəzifə qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici borcu artırmayaq, əksinə, bunu azaldaq.
Valyuta ehtiyatlarımızın artırılması bizə iqtisadi müstəqillik verir. Qeyd etdiyim kimi, biz özümüz kreditlər veririk və xarici kreditləşmədən asılı deyilik. Hətta neftin qiymətinin çox aşağı səviyyədə olduğu bir vaxtda biz ölkə üçün strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin maliyyələşməsində heç bir yubanmaya yol vermədik və demək olar ki, bu layihə artıq başa çatmaq üzrədir. Odur ki, valyuta ehtiyatlarımızın yüksək səviyyədə olması iqtisadi müstəqilliyi gücləndirir. Bu da öz növbəsində bizim siyasi müstəqilliyimizi möhkəmləndirir.
Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür. Ona görə iqtisadi potensialımız, sadəcə olaraq, bizə iqtisadi məsələlərin həlli üçün lazım deyil. Bizim iqtisadi potensialımız siyasi gücümüzü artırır, bölgədəki vəziyyətimizi möhkəmləndirir, imkan verir ki, ölkəmizin uzunmüddətli strategiyasını düzgün müəyyənləşdirək və onu icra edək. “Cənub Qaz Dəhlizi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” layihələrinin və digər önəmli layihələrin maliyyələşməsində əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol oynamışdır. Biz önəmli strateji layihələrin icrası üçün xarici kreditlər də almışıq. Ancaq əgər bizim çox möhkəm iqtisadi vəziyyətimiz olmasaydı, bu kreditləri ala bilməzdik. Biz yaxşı xatırlayırıq ki, pulumuz olmayanda bizə kredit vermək istəyənlərin sayı çox deyildi, demək olar ki, yox idi. Elə ki, biz iqtisadi cəhətdən gücləndik, Neft Fondunun vəsaiti artmağa başladı, ondan sonra bizə kredit vermək istəyənlərin sayı çoxaldı və biz artıq bu seçimi edirik.
Bir sözlə, xarici borcumuzun səviyyəsi aşağı düşməlidir. Builki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil.
Əminəm ki, bu il sərmayə qoyuluşu əvvəlki ilin səviyyəsində olacaq. Qeyd etdiyim kimi, keçən il 14,6 milyard dollar sərmayə qoyulub. Əlbəttə ki, ilin əvvəlində dəqiq proqnoz vermək çətindir. Ancaq biz hesablamalar aparmışıq və təxminən 15 milyard dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir. Bu rəqəm arta da bilər və biz çalışmalıyıq ki, bu, artsın. Çünki Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilibdir. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcəkdir.
Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə dəfələrlə danışmışam və praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcəkdir. Bu, ilk növbədə onu göstərir ki, dövlətdən kredit alan sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və bu kreditləri qaytarırlar. Digər tərəfdən, onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsait işləyir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik. Çünki bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmli bir vasitədir və kreditlərin mütləq əksəriyyəti bölgələrə, iqtisadiyyatın real sektoruna verilir.
Yeni iş yerlərinin yaradılması istiqamətində işlər davam etdiriləcək. Qeyd etdiyim kimi, ötən il bu sahədə çox əlamətdar il olmuşdur. Ancaq bu, daimi proses olmalıdır. Çünki bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda əhali artır. Bu da çox müsbət haldır və eyni zamanda, ölkəmizdə gedən uğurlu proseslərin təzahürüdür. Çünki əhalinin artımı onu deməyə əsas verir ki, ölkə düzgün istiqamətdə inkişaf edir. Yəni, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu, bizim potensialımızı gücləndirir, eyni zamanda, daim qarşımızda vəzifələr - ilk növbədə, infrastrukturla, sosial infrastrukturla və iş yerlərinin yaradılması ilə bağlı vəzifələr qoyur. Əhali artdıqca məktəblərin, uşaq bağçalarının sayı da artmalıdır. Bu məqsədlər üçün yeni yerlər müəyyən edilməlidir, yol infrastrukturu genişləndirilməlidir, digər kommunikasiyalar – su, qaz, elektrik xətləri çəkilməlidir. Bax, deməli, demoqrafik artımın əlamətləri bundan ibarətdir. Bu da əlavə xərc tələb edir. Dövlət büdcəsindən infrastruktur layihələrinə qoyulan xərclər daim artır.
Mən giriş sözümdə qeyd etdim ki, keçən il biz nə qədər böyük işlər görmüşük. Ona görə yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. 2004-cü ildən bu günə qədər iki milyona yaxın yeni iş yeri açılmışdır. Amma baxın, əhali də nə qədər artmışdır. Bu gün Azərbaycan əhalisi 10 milyona yaxınlaşır. Bizim əhalimiz sovet dövrünün son mərhələsində 7 milyon, bəlkə də ondan bir qədər çox idi. Görün, müstəqillik illərində əhalimiz nə qədər artıb. Bu, bizim böyük gücümüzdür, gücümüzü artırır, eyni zamanda, qarşımızda vəzifələr qoyur. Ona görə bu il də yeni iş yerlərinin yaradılması ilə bağlı addımlar atılacaq. İqtisadi sahəyə, sənaye potensialımızın, kənd təsərrüfatının inkişafına göstərilən dəstək və əldə edilən nəticələr deməyə əsas verir ki, yeni iş yerlərinin yaradılması prosesi bu il də sürətlə gedəcək.
İctimai işlərin yaradılması öz müsbət nəticəsini vermişdir. Biz bu işə iki il bundan əvvəl başladıq, buna ehtiyac var idi. Çünki işsizlik artmağa başlamışdı. Dünya iqtisadi və maliyyə böhranı bizə də təsir etmişdi. İşsizliyin qabağını almaq üçün biz ictimai işlərin yaradılmasına başladıq və operativ tədbirlər nəticəsində il ərzində on minlərlə ictimai iş yaradılmışdır. İndi ictimai işlərə tələbat o qədər də böyük deyil. Bölgələrdə olarkən maraqlanıram və mənə məlumat verilir ki, indi kənd təsərrüfatına bu qədər dəstəyin verildiyi bir vaxtda vətəndaşlar - yəni, kəndlilər daha çox kənd təsərrüfatı işləri ilə məşğuldurlar, orada daha çox pul qazanırlar. Ona görə, ictimai işlərə maraq azalıb. Amma yenə bu il də ictimai işlərin yaradılması istiqamətində iş aparılacaqdır ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun.
Bu yaxınlarda başladığımız özünüməşğulluq proqramının da uğurlu icrası gözlənilir. Bu məqsədlər üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq. Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və biz bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görəcəyik. Bu, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüsdür. Eyni zamanda, ünvanlı sosial yardım alanların sayı da çoxalmayacaq, azalacaq. Bu yardımı alanlar artıq dövlət tərəfindən biznes üçün lazım olan vasitələrlə təmin ediləcəklər.
Bu il yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq. Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər.
Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait var. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. Bununla da Bakı şəhərində təmirsiz məktəb qalmamalıdır. Biz bu proqramı da başa çatdırmalıyıq. Altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək. Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində xəstəxanalar açılacaq, Xırdalan, Qəbələ şəhərlərində və Füzuli rayonunda müasir xəstəxanaların tikintisi davam etdiriləcək. Dörd Olimpiya İdman Kompleksinin tikintisi nəzərdə tutulur. Onlardan ikisi bu il istifadəyə verilməlidir.
Sənaye parklarının yaradılması istiqamətində praktiki addımlar atılır. Keçən il Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilir.
Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri - infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini öz üzərinə götürür. Deyə bilərəm ki, bu da dünya praktikasında çox nadir hallarda rast gəlinən məsələdir. Çünki bir çox ölkələrdə sahibkarlar özləri bu işləri görürlər.
Əminəm ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Bu da minlərlə iş yeri deməkdir. Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur.
Əminəm ki, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın.
Keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilmişdir, bir neçə dövlət proqramı qəbul edilmişdir. Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. Misal üçün, 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıbdır. Yəni, biz iki il ərzində pambıq istehsalını demək olar ki, səkkiz dəfə artırmışıq və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır.
Baramaçılıq. 2015-ci ildə 200 kiloqram, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük edilibdir. Bu da kümçülərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərir. Bu il bu rəqəm 450-500 tona çatmalıdır və biz ipəkçiliyin şöhrətini bərpa edəcəyik.
Keçən il 18 min hektarda fındıq bağları salınıb. Beləliklə, fındıq bağlarının sahəsi 55 min hektara çatıb və bizim hədəfimiz 80 min hektara çatdırmaqdır. Fındıqçılıq kənd təsərrüfatının inkişafı və ixrac imkanlarımızın genişləndirilməsi üçün önəmli yer tutacaq. Bu gün ixrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq ikinci yerdədir. Fermerlər bu məhsulun ixracından 100 milyon dollardan çox vəsait əldə ediblər. Birinci yerdə pomidor ixracıdır. Bu sahəyə də çox böyük maraq və tələbat var. Keçən il 140 milyon dollar dəyərində pomidor ixrac edilibdir. İndi ölkəmizdə 400 hektardan böyük bir sahədə yeni istixana komplekslərinin yaradıldığını nəzərə alsaq, təsəvvür etmək olar ki, bizdə tərəvəz ixracı nə qədər artacaq. Çünki biz özümüzü tərəvəzlə çoxdan təmin etmişik.
Tütünçülüyə göstərilən diqqət öz bəhrəsini verir. Əgər 2016-cı ildə 3500 ton tütün tədarük olunmuşdusa, keçən il bu rəqəm 5200 tona çatıb. Bu il də bir çox önəmli tədbirlər görüləcək, qurutma kameraları alınacaq və fermerlərə əlavə dəstək veriləcək. Biz tütünçülüyün bərpasına çox yaxınıq və gələcəkdə tütünü nəinki xammal kimi, hazır məhsul - siqaret şəklində ixrac etməliyik.
Digər sahələrdə - sitrusçuluq, çayçılıq, çəltikçilik sahələrində də inkişaf var. Heyvandarlığa çox böyük diqqət göstərilir və bu il ölkəmizə minlərlə baş cins mal-qara gətiriləcək. Bilirəm ki, 40-dan çox aqroparkın arasında heyvandarlıq arqoparkları da önəmli yer tutur. Beləliklə, əminəm ki, biz yaxın gələcəkdə özümüzü ət və süd məhsulları ilə tam şəkildə təmin edəcəyik.
Yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait nəzərdə tutulubdur. Burada əsasən taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər avadanlıq nəzərdə tutulur. Keçən il isə ölkəmizə 10 min kənd təsərrüfatı texnikası gətirilib. Dövlət vəsait ayırır, texnika gətirir, lizinq yolu ilə fermerlərə verir. Yəni, kənd təsərrüfatı dövlətin dəstəyi olmadan inkişaf edə bilməz. Bunu hamı bilməlidir. Əlbəttə ki, rentabellilik olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla gedirik. Ona görə əgər hansısa kənd təsərrüfatı sahəsində istehsal o qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə düzəltmək lazım deyil. Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək. Necə ki, biz indi kənd təsərrüfatının istehsalında bu artımı görürük. Əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı. Biz indi meliorativ tədbirlər də görürük. Biz unudulmuş sahələri də bərpa edirik, o cümlədən zeytunçuluğu. Bu il minlərlə hektarda zeytun bağları salınacaq. Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır.
Biz keçən il dörd ticarət nümayəndəliyi yaratmışıq, müxtəlif ölkələrə bir çox ixrac missiyaları göndərilibdir. Bunun da müsbət təsiri var. Bu ticarət nümayəndəliklərinin nəticələri elə olmalıdır ki, bizim ixracımız artsın. Bu missiyaların fəaliyyəti o ölkələrə, yaxud da ki, bölgələrə ixracın həcmindən asılı olacaqdır. Ona görə, bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Bu ticarət missiyalarının yaradılması o məqsədi güdür ki, həmin ölkələrə və bölgələrə ixracımız artsın.
Bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq - Mingəçevir, İmişli və Şəki şəhərində. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq. Eyni zamanda, mən göstəriş vermişəm ki, bu il beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılsın. Onlar yəqin ki, 2019-cu ildə istifadəyə veriləcək. Beləliklə, bir ildən sonra bizim 20 “ASAN xidmət” mərkəzimiz olacaq. Bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub. “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaratmışdır.
Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək. 2016-cı ildə xarici turistlərin gəlişi 24 faiz artmışdır, keçən il isə əlavə daha 20 faiz artım olmuşdur və rekord səviyyəyə çatmışdır. Ölkəmizə 2,7 milyon xarici vətəndaş gəlmişdir. Bu, çox müsbət haldır. Bunun səbəbləri var, - əlbəttə, mən bu barədə dəfələrlə danışmışam, - həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləmişlər. Turistlərin sayı cəmi 20 faiz artmışdır, amma xərclənən pul 70 faiz artmışdır. Bu da çox müsbət haldır. Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir.
Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi ilə bağlı önəmli hadisələr gözlənilir. TANAP layihəsinin istifadəyə verilməsi gözlənilir. Nəqliyyat sahəsində Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin başa çatması nəzərdə tutulur. Mən dünən limanda olmuşam. Biz Ro-Ro terminalının açılışını qeyd etdik. Orada işlərin böyük əksəriyyəti demək olar ki, görülüb. Liman indi fəaliyyət göstərir. Əminəm ki, liman bu ilin birinci yarısında istifadəyə veriləcək. Beləliklə, Azərbaycan Xəzər hövzəsində ən böyük dəniz ticarət limanına sahib olacaq. Bu limanın birinci mərhələdə yükaşırma qabiliyyəti 15 milyon ton yük və 100 min konteynerdir. Gələcəkdə tələbat artdıqca biz qısa müddət ərzində və o qədər də böyük olmayan vəsaitlə limanı 50 faiz, 70 faiz genişləndirə bilərik.
Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün çox önəmli il olacaq. Demək olar ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin birinci ili olacaq. Mən qeyd etmişəm ki, bu yola böyük maraq var və artıq Bakı-Tbilisi-Qars Avrasiyanın nəqliyyat xəritəsini təzələyib və Azərbaycan bu sahəyə öz töhfəsini verib.
Mən giriş sözümdə qeyd etdiyim kimi, Azərbaycan ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işlər görülüb. Ancaq biz böyük yüklər gözləyirik ki, bu yolla daşınacaq. Ona görə, mövcud olan dəmir yolu daha da yaxşı vəziyyətə gətirilməlidir. Yəni, dəmir yolunun sürəti artmalıdır. Bu məqsədlə biz Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması, təmiri ilə bağlı işlər görməliyik. Bu ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən qurulması məsələsi əksini tapıb. Bunu biz başlayırıq. Eyni zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi məsələsi də öz həllini tapacaq. Yəni, texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunun həm turizm üçün böyük əhəmiyyəti olacaq, çünki sahilin böyük hissəsi indi dəmir yolu infrastrukturu ilə zəbt edilib, eyni zamanda, mövcud yolla istədiyimiz qədər yükləri daşımaq mümkün olmayacaq. Bu, önəmli layihədir. Turizmin inkişafı üçün bir layihəni də biz dövlət investisiya proqramına salmışıq. Bu da Ləki-Qəbələ dəmir yolunun tikintisidir. Beləliklə, Qəbələ şəhərinə dəmir yolunun çəkilişi təmin ediləcək. Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək.
Növbəti illərdə Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə ki, Bakı-Yalama dəmir yolu ilə uzlaşdırmalıyıq. Çünki Şahdağa dəmir yolu ilə getmək üçün gərək o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə deyil ki, orada sürətli qatar işləyə bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var. Ona görə, istərdim ki, Azərbaycan ictimaiyyəti bunu bilsin.
Bu il iki min kilometrdən çox avtomobil yolu çəkilməlidir. Keçən illə müqayisədə bu, təxminən iki dəfə çoxdur. Ən azı altı yüz yeni kəndə avtomobil yolu çəkilməlidir.
Ümumiyyətlə, demək istəyirəm ki, bu layihələr daxil olmaq şərtilə 2004-cü ildən bu ilin sonuna qədər Azərbaycanda 15 min kilometr avtomobil yolunun tikintisi təmin ediləcək. Bu, çox böyük rəqəmdir.
Bu il bölgələrdə qazlaşdırma işlərinin aparılması üçün Dövlət Neft Şirkətinə dövlət büdcəsindən təxminən 100 milyon manat vəsait ayrılacaq. İstəyirəm ictimaiyyət onu bilsin ki, dövlət bu sahədə öz maliyyə imkanlarını təmin edir. Əlbəttə ki, Dövlət Neft Şirkəti özü pul qazanır. Ancaq bu önəmli strateji sosial layihələrə dövlət öz dəstəyini göstərir və ayrılan bu vəsait nəticəsində Azərbaycanda ilin sonuna qədər qazlaşdırmanın səviyyəsi 95 faizə çatmalıdır.
Digər infrastruktur layihələri haqqında da demək istərdim. Bu da suvarma ilə bağlı olan layihələrdir. Bu il 100 min hektardan çox yeni sahələrin su təminatı təşkil edilməlidir. Yerlər müəyyənləşdirilib, layihələr demək olar ki, təsdiqlənib, yeni kanallar çəkiləcək. Beləliklə, kənd təsərrüfatı üçün yeni imkanlar yaranacaq.
Mənim bölgələrə səfərlərim çərçivəsində ictimaiyyət tərəfindən qaldırılan məsələlərdən biri də suvarma ilə bağlı olan problemlərdir. Vətəndaşlar tərəfindən qaldırılmış bütün təkliflər dövlət investisiya proqramında nəzərə alınıb. Ona görə, bu il bu günə qədər suvarılmayan ən azı yüz min hektar torpaqlara su gətiriləcəkdir. Bu il ən azı 300 subartezian quyusu qazılacaq. Hər il 300 quyu qazırıq və bu il də 300 nəzərdə tutulub, çox da ola bilər.
Bunlar görüləcək əsas işlərdir. Əlbəttə ki, görüləcək bütün işləri bu gün sadalamaq mümkün deyil, çox vaxt lazımdır. Amma qarşımızda duran əsas vəzifələr bundan ibarətdir. Bütün bu vəzifələri təmin etmək üçün bizdə texniki imkanlar var. Biz Azərbaycanda uzun illər daxili istehsalın artırılması ilə bağlı çox ciddi məşğuluq. Bizim tikinti materiallarımız və maliyyə imkanlarımız var. Dövlət büdcəmiz 3 milyard manat çox artmışdır. Siyasi iradəmiz var. Ona görə, dediyim bu vəzifələr minimum proqramdır. Ən azı bunlar görüləcək. Prinsipcə görüləcək işlər bundan daha çoxdur. Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq.
Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.
Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəkdir. Sağ olun.