Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə İlham Əliyevin nitqi
27 fevral 2018, 14:15
Bu gün Mingəçevir şəhərinin həyatında çox əlamətdar bir gündür. Biz Mingəçevir Sənaye Parkının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.
Xatırlayıram, 2016-cı ilin sentyabr ayında biz bu ərazidə Mingəçevir Sənaye Parkının təməlini qoyduq. O vaxt bu ərazidə heç nə yox idi, boş bir ərazi idi. Xatırlayıram o vaxt təqdimat edildi və göstərildi ki, yaxın gələcəkdə burada bir neçə iplik fabriki və digər fabriklər yaradılacaqdır. Əlbəttə, bu, çox böyük layihədir. Bu layihə həm Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Şadam ki, verilən bütün vədlər yerinə yetirildi. Hazırda Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür. Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük.
Ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları vardır. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2,7 milyard dollardır. Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılacaq və yaradılır, o cümlədən Mingəçevirdə.
Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun.
Azərbaycanda hazırda altı iplik fabriki fəaliyyət göstərir. Bu iki fabrik bu gün istifadəyə verilir. Beləliklə, onların sayı səkkizə qalxır və altı fabrikin istehsal gücü 24 min ton iplikdir. Bu iki fabrikdə isə 20 min ton iplik istehsal olunacaq. Yəni, bu müasir fabriklərdə əvvəlki dövrlərdə istifadəyə verilmiş fabriklərlə demək olar ki, eyni səviyyədə iplik istehsal olunacaq və həm daxili tələbatı təmin edəcək, həm də ixrac olunacaq.
Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür. Eyni zamanda, bu fabrikin timsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu, böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda, burada əsas xammal yerli pambıqdır, mahlıcdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik.
Kənd təsərrüfatının sürətli inkişafına böyük dövlət dəstəyi göstərilir, texnika alınır, suvarma işləri aparılır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir, o cümlədən pambıqçılığın inkişafı, sənaye müəssisələrinin yaradılması üçün dövlət öz dəstəyini göstərir. Özəl sektor da bu işlərdə çox fəaldır. Ona görə ölkəmizin hərtərəfli inkişafı üçün bu əsas istiqamət mütləq inkişaf edəcək. Sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı - Mingəçevirdə biz bu iki önəmli sahənin birləşməsini görürük və beləliklə, Mingəçevir dediyim kimi, Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir.
Bu, hələ başlanğıcdır. Bu iki fabrikin işə düşməsi əminəm ki, yeni fabriklərin yaranmasına təkan verəcək və planlar da var. 2016-cı ildə göstərilən təqdimatda bildirilmişdi ki, yeni fabriklərin yaranması nəzərdə tutulur. Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaqdır.
Bütövlükdə Mingəçevirin inkişafına böyük diqqət göstərilir. Mənim bu səfərim Mingəçevirə Prezident kimi 7-ci səfərimdir. Əvvəlki dövrlərdə bir çox açılışlarda iştirak etmişəm. Mingəçevirdə sosial sahədə böyük işlər görülür, 430 çarpayılıq mərkəzi şəhər xəstəxanası əsaslı şəkildə təmir edilmişdir, Kür Olimpiya avarçəkmə bazası yenidən qurulmuşdur, ictimai binalar, mədəniyyət mərkəzləri, şahmat, gənclər mərkəzləri istifadəyə verilmişdir. Mingəçevirin mədəni həyatı da zəngindir, bu istiqamətdə də işlər görülmüşdür. İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi ilə tam təminat var, qazlaşma 97 faizdir, artıq Mingəçevirə içməli su verilir və bu gün içməli su layihəsinin rəsmi açılış mərasimi keçirildi. Bu da çox böyük layihədir. İçməli su və kanalizasiya layihələri birlikdə təqribən 300 milyon manata yaxın vəsait tələb edib. İçməli su məsələsi artıq həll olunub. Əvvəlki illərdə əgər əhalinin 50 faizi içməli su alırdısa, indi əhalinin 100 faizi təmin edilir və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir.
Bu gün, eyni zamanda, Mingəçevir su elektrik stansiyasının əsaslı yenidənqurmadan sonra açılışı oldu. Onun gücü 300 meqavatdan 420 meqavata çatdırıldı. Bu gün Mingəçevirdə “ASAN Həyat” kompleksi açılır, bu da şəhər sakinləri üçün növbəti hədiyyədir. Yollar abadlaşdırılıb, yəni, Mingəçevir hərtərəfli inkişaf edir. Mingəçevirin gələcək inkişafı üçün əlavə tədbirlər görüləcək ki, şəhər daha da sürətlə inkişaf etsin.
Eyni zamanda, son illərdə Mingəçevir turizm mərkəzinə çevrilir. Burada yeni otellər açılır, turistlərin sayı artır. Turizm hərtərəfli inkişaf edəcək. Amma, əlbəttə, Mingəçevir, ilk növbədə, gözəl, müasir sənaye mərkəzi, yüngül sənaye mərkəzi kimi inkişaf etməlidir. Şəhərin inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Bax bu gün bu iki fabrikin açılışı göstərir ki, nə demişiksə, onu da edirik. Hansı söz verilmişdirsə, o da yerinə yetirilir.
Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm və uğurlar arzulayıram. Sağ olun.