Azərbaycan-İran biznes forumuda İlham Əliyevin nitqi

29 mart 2018, 10:30
Azərbaycan-İran biznes forumuda İlham Əliyevin nitqi

Hörmətli cənab Prezident Həsən Ruhani.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Prezident Ruhaninin Azərbaycana rəsmi səfəri başa çatır. Tam əminliklə demək olar ki, səfər çox uğurlu keçib və səfərin çox gözəl nəticələri vardır.

İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir. Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün belə sürətlə inkişaf etməsi bizi çox sevindirir.

Siyasi əlaqələr belə yüksək səviyyədə olduğu halda, əlbəttə ki, biz istənilən iqtisadi və nəqliyyat layihələrini icra edə bilərik və bunu da edirik. Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik. Mən şadam ki, bu tapşırıqları yerinə yetirən hökumətlərarası komissiyanın üzvləri, bütün vəzifəli şəxslər öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Bu gün İran-Azərbaycan əlaqələri nəinki iki ölkə üçün, region üçün və deyə bilərəm ki, dünya üçün böyük əhəmiyyətə malikdir. Çünki bizim təşəbbüsümüzlə reallaşan layihələr bütün bölgə üçün, Avrasiya qitəsi üçün böyük əhəmiyyət daşıyır.

Biz dünən ticarət əlaqələrinin inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Hesab edirik ki, ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq aparmalıyıq. Ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır. Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var.

Əlbəttə, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir. Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi - Neftçalada “İran Khodro” və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı. Qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir. Biz bu iki layihənin timsalında görürük ki, burada qarşılıqlı maraqlar tam təmin olunur. Əminəm ki, həm avtomobil zavodunun gələcək fəaliyyəti uğurlu olacaq və həm də yük terminalı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün önəmli rol oynayacaqdır.

Hesab edirəm ki, biz digər sahələrdə də qarşılıqlı sərmayə qoyuluşu haqqında ciddi düşünməliyik, bunu edirik. Dünən həm məhdud tərkibdəki görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin tam tərkibi ilə keçirilmiş görüşdə bu məsələlər müzakirə olundu. Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən edilməkdədir. Tam əminliklə deyə bilərəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi də İran və Azərbaycan tərəflərinin çox ciddi səyləri hesabına reallaşır. Biz qonşu ölkələrlə bu məsələləri daim müzakirə edirik. Son iki il ərzində görülən işlər bu yolun açılmasına əsas zəmin yaratmışdır. Kiçik təqdimatda göstərildi ki, 2016-2017-ci illərdə bu dəmir yolunun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edildi, Astaraçay üzərində körpü salındı. Mən keçən il İranda səfərdə olarkən ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçdi. Bu gün isə artıq yük terminalı inşa edilir və dünən tarixi bir sənəd imzalandı. Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalandı. Bu müqavilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında xüsusi rol oynayacaqdır. Beləliklə, biz qitələri birləşdirərək həm iqtisadi mənfəət götürəcəyik, - çünki bizim ərazimizdən keçən tranzit yüklər on milyon tonlarla ölçüləcək, - eyni zamanda, biz bölgədə yeni bir əməkdaşlıq formatını yaradırıq. Bunu artıq yaratmışıq, çünki biz indi nəinki ikitərəfli formatda, üçtərəfli və dördtərəfli formatlarda fəal əməkdaşlıq edirik. 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşləri keçirilmişdir. Bu görüşlərin çox böyük əhəmiyyəti vardır. Görüşlərdə həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm enerji məsələləri müzakirə edilmişdir. Hesab edirəm ki, üç ölkənin iş adamları da mövcud olan imkanlardan istifadə etməlidirlər.

Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb - Azərbaycan, İran, Gürcüstan və Türkiyə. Burada əlbəttə ki, həm regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək müzakirə olunur, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır.

Nəqliyyat sahəsində. İndi Astara-Rəşt dəmir yolunun tikintisi, gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə tam başlaması nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılmalıdır və bu iş yerlərini sahibkarlar açmalıdırlar. Ticarət dövriyyəsi əminəm ki, həm ikitərəfli, həm çoxtərəfli formatda kəskin artacaqdır. Energetika sahəsində biznes imkanları genişlənir. Dünən cənab Prezidentlə biz bunu geniş müzakirə etdik və nazirlərə də müvafiq göstərişlər verildi ki, tezliklə elektroenergetika sahəsində bizim planlarımız reallaşsın. Bu, tam realdır və əminəm ki, biz buna nail olacağıq. Böyük turist axını gözlənilir. Onsuz da hər il Azərbaycandan İrana, İrandan Azərbaycana yüz minlərlə insan səyahət edir. Dəmir yolu açılandan sonra təkcə yüklər yox, eyni zamanda, sərnişinlər də daşınacaq. Ona görə də turizm infrastrukturuna böyük investisiyalar qoyulmalıdır. Mən həm Azərbaycan, həm İran iş adamlarına müraciət edərək onları bu işlərə dəvət edirəm. Həm İranda, həm Azərbaycanda qarşılıqlı sərmayə qoyuluşu, turizm infrastrukturuna, otellərin tikintisinə, digər turizm infrastrukturuna qoyulacaq sərmayə əminəm ki, batmayacaq, əksinə, yaxşı gəlir gətirəcəkdir.

Biz dünən, eyni zamanda, Xəzər dənizindəki blokların işlənməsi haqqında anlaşma memorandumu imzaladıq. Bu da tarixi əhəmiyyətli qərardır. Ümumiyyətlə, cənab Prezident Ruhaninin Azərbaycana hər bir səfəri böyük əhəmiyyət daşıyır və mənim İrana səfərlərim də həmçinin. Bu səfərlər çərçivəsində bir çox sənədlər imzalanmışdır və onların hamısı reallaşır. Deyə bilərəm ki, elə bir məsələ yoxdur ki, biz qərara gələk və onun nəticəsini görməyək. Bu səfər də tarixi səfərdir. Çünki bu səfər zamanı iki tarixi sənəd imzalandı - Xəzər dənizindəki bloklarla bağlı sənəd və Astara-Rəşt dəmir yolunun tikintisi. Eyni zamanda, biz dünən cənab Prezidentlə bu günə qədər həll olunmayan məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Bizim bütün görüşlərimiz çox səmərəli və məhsuldardır. Hansı məsələlər hələ ki, həll olunmayıb o məsələləri biz daim diqqətdə saxlayırıq. Həll olunmayan məsələlərin siyahısına baxdıqda indi bir çox məsələlər o siyahıdan çıxarılıb. Çünki onlar öz həllini tapıb.

Həllini gözləyən məsələlərdən biri də bank və maliyyə sektorlarındakı əməkdaşlıqdır. Dünən müvafiq göstərişlər verilmişdir. Əminəm ki, növbəti görüşə qədər bu məsələ də öz həllini tapacaq. Ticarət dövriyyəsinin artırılması, energetika sahəsində birgə fəaliyyətimiz – bu, indi növbəti dövrdə gündəlikdə duran əsas məsələlərdir.

Əlbəttə, biz çox şadıq ki, son vaxtlar İrandan olan iş adamları Azərbaycana, Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Biz iranlı qardaşlarımızı görməyimizə həmişə şadıq. Onlar Azərbaycanda həm investor, yəni, sərmayə qoyan, həm də podratçı kimi uğurla fəaliyyət göstərə bilərlər. Bu fəaliyyət üçün bütün imkanlar var. Əsas xalqlarımızın birliyi, dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olması və bizim təşəbbüsümüzlə reallaşan layihələrin gələcək imkanlarıdır. Biz bölgəmizdə yeni reallıq yaradırıq. İran-Azərbaycan əlaqələri artıq regional təhlükəsizlik, sabitlik, əməkdaşlıq üçün önəmli amilə çevrilibdir. Bunu biz etmişik, özü də qısa müddət ərzində.

Mən bir daha həmkarıma, cənab Həsən Ruhaniyə Azərbaycana göstərdiyi diqqətə, xoş münasibətə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır və biz hamımız bunun şahidi olacağıq. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50