Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

09 aprel 2018, 11:30
Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin yekun nitqi

Mən əvvəlki çıxışlarda qeyd etdiyim kimi, 2017-ci il Azərbaycanda çox dərin iqtisadi islahatlar ili olmuşdur. Bu islahatlar bu il də davam etdirilir. Biz birinci rübdə əldə etdiyimiz göstəricilərlə fəxr edə bilərik. Bunlar doğrudan da Azərbaycanın uğurlu inkişafını əks etdirən göstəricilərdir. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik və islahatları davam etdirməliyik.

Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin. Giriş sözümdə qeyd etdiyim kimi, bu ilin birinci rübündə biz 2,2 milyard dollar əlavə vəsait toplamışıq. Ona görə, bu il də iqtisadi islahatlar davam etdiriləcək. Nəinki iqtisadi və bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin. Bu məqsədlərə nail olmaq üçün bir çox məsələlər gündəlikdədir. Onlardan biri biznes mühitinin yaxşılaşdırılması məsələsidir. Bu istiqamətdə son illər ərzində yaxşı nəticələr var və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycan ardıcıl şəkildə öz mövqelərini gücləndirir, daha da yüksək pilləyə qalxır. Ancaq biz yenə də bu istiqamətdə səylərimizi davam etdirməliyik, xüsusilə bizi geriyə çəkən məsələlərdə daha da ciddi addımlar atmalıyıq və bunu edirik. “Doing Business” reytinqi dərin təhlil əsasında hazırlanır və bizim bu istiqamətdə əldə etdiyimiz uğurlar və nöqsanlar ciddi təhlil edilir.

Ona görə, biznes mühitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaqdır. Son vaxtlar vergi sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi, bildiyimə görə, artıq biznes dairələri tərəfindən də müsbət qarşılanır və bu istiqamətdə əlavə addımlar atılacaq. Mən əvvəlki çıxışlarda da dəfələrlə demişəm ki, biz dünyada mövcud olan ən müsbət, ən şəffaf praktikanı Azərbaycanda tətbiq etməliyik və bizim bütün maliyyə sistemimiz tam şəffaf mexanizm kimi işləməlidir.

Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində son illər atılan addımlar böyük təqdirə layiqdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Davos İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə 35-ci yerə yüksəlməyimiz tarixi nailiyyətdir. Biz bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biriyik və haqlı olaraq bununla fəxr edirik. Ancaq onu da bilməliyik ki, Davos reytinqlərinə digər ölkələr də çox böyük diqqətlə yanaşırlar. Bildiyimə görə, bir çox ölkələr çalışırlar ki, öz vəziyyətlərini daha da yaxşılaşdırsınlar. Ona görə, bu gözəl rəqəm bizi ancaq növbəti addımların atılmasına sövq etməlidir.

Azərbaycan inkişafda olan ölkələr arasında inklüziv inkişaf baxımından üçüncü yerdədir. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bir çox böyük iqtisadi imkanları olan ölkələrdən biz öndəyik, baxmayaraq ki, müstəqil ölkə kimi cəmi 26 ildir yaşayırıq. Ona görə, bu aparıcı beynəlxalq qurumlar tərəfindən tərtib edilmiş bu reytinqlər bizim uğurlu siyasətimizi əks etdirir. Ancaq biz, yenə də deyirəm, əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Biz daim və daim inkişaf etməliyik. Biz sahibkarlığın inkişafı üçün də əlavə addımlar atmalıyıq.

Bu kompleks tədbirlər apardığımız siyasətin nəticəsidir. Bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 milyon manat vəsait ayrılır. Bu vəsait vaxtilə verilmiş və qaytarılan kreditlər hesabına ayrılır. Yəni bu, bir daha bizim siyasətimizin uğurlu olduğunu göstərir ki, vaxtilə verilmiş 2 milyard manatdan çox kreditlər indi qayıdır və yeni kreditlərin verilməsinə xidmət göstərir.

Dövlətin dəstəyi ilə yaradılan müəssisələr həm iş yerlərinin açılmasına xidmət edir, həm yerli istehsalı gücləndirir. Bir daha demək istəyirəm ki, biz sahibkarlığın inkişafına kompleks şəkildə yanaşırıq. İnstitusional islahatlar aparılır və aparılacaq, sahibkarlara maliyyə resursları, metodik tövsiyələr verilir, dövlət tərəfindən kənd təsərrüfatı texnikası alınır, subsidiyalar verilir, meliorativ tədbirlərə böyük vəsait xərclənir ki, kənd təsərrüfatı üçün daha yaxşı imkanlar yaradılsın.

Yol infrastrukturu, digər infrastruktur, elektrik enerjisi, içməli su, qaz xətləri - görülən bütün bu işlər vətəndaşlara və eyni zamanda, sahibkarlara xidmət göstərir. Ona görə, növbəti illərdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasət istiqamətində əsas prioritet olacaqdır və bu istiqamətdə qəbul edilmiş qərarlar öz gözəl nəticəsini verir. Mən onların arasında xüsusilə investisiya təşviqi mexanizmini qeyd etmək istərdim. Biz bu mexanizmin tətbiqinə bu yaxınlarda start vermişik və qısa müddət ərzində çox gözəl nəticələr əldə edilibdir. Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilmişdir, 229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır. Baxın, əgər biz investisiya təşviqi mexanizmini işə salmasaydıq, bu vəsait ölkə iqtisadiyyatına qoyulmayacaqdı. Bu vəsait qoyulur, bu, böyük vəsaitdir və ilkin hesablamalara görə, təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaqdır. Görün nə qədər əlavə məhsul istehsal ediləcək və bu məhsul rəqabətqabiliyyətli məhsul olacaqdır. Çünki bütün bu məsələlərə dövlət qurumları çox diqqətlə yanaşırlar. Əminəm ki, bu məhsulun böyük hissəsi ixracyönümlü məhsul olacaqdır. Ona görə, bax, bir istiqamətdə aparılan islahat görün nə qədər böyük xeyir verir. Ona görə, mən deyəndə ki, islahatlar dərinləşməlidir, bu, sadəcə olaraq, söz deyil, bunun arxasında çox ciddi proqramlar dayanır. İnvestisiya təşviqi, ixracın təşviqi mexanizmləri artıq işə düşüb və sahibkarlar bundan da faydalanırlar. Biz dünyada mövcud olan ən mütərəqqi praktikanı Azərbaycana gətirməliyik, sınaqdan keçirməliyik və tətbiq etməliyik.

Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda sənaye istehsalı artır. Son bir-iki il ərzində neftin qiymətinin və hasilatın müəyyən dərəcədə düşməsi nəticəsində sənaye istehsalı Azərbaycanda azalırdı. Qeyri-neft sənayesi az da olsa artırdı, amma ümumiyyətlə, sənaye istehsalı azalırdı. Artıq bu ildən başlayaraq dönüş yarandı, sənaye istehsalı qeyd etdiyim kimi, 2 faiz artmışdır, qeyri-neft sənayesi isə 9,9 faiz, yəni, təxminən 10 faiz. Çox gözəl göstəricidir, bir daha demək istəyirəm ki, bizim siyasətimizi əks etdirir, görülən işlərin nəticəsidir. Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək.

Hesab edirəm ki, sənaye zonalarının, sənaye parklarının yaradılması artıq gözəl nəticələr veribdir. Bizim bir neçə sənaye zonamız artıq fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkı, Neftçala, Mingəçevir sənaye zonaları artıq fəaliyyətdədir. Keçən ilin sonunda Sumqayıtda 4 müəssisə açılıb, 3 müəssisənin təməli qoyulub. Bu il bizim sənaye inkişafımızı böyük dərəcədə gücləndirəcək iki nəhəng zavod işə düşəcəkdir – “SOCAR Polymer” və azot gübrələri zavodları. Bu zavodların tikintisinə, ümumiyyətlə, 2 milyard dollara yaxın vəsait qoyulub. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 17 rezident var. Ümumiyyətlə, oraya qoyulacaq investisiyaların həcmi 2,8 milyard dollardır. Baxın, əgər biz vaxtilə Sumqayıt Kimya Sənaye Parkını yaratmasaydıq, bu vəsaitlər də qoyulmayacaqdı - 2,8 milyard dollar və investisiya təşviqi sənədində 2,3 milyard manat. Bax, bu vəsaitlər sahibkarların əlində qalacaqdı, yaxud da ki, indi bu vəsaitin əlbəttə, böyük hissəsi kredit resurslarıdır, o götürülməyəcəkdi, investisiya qoyulmayacaqdı və sənaye inkişafı da mümkün olmayacaqdı.

Biz indi bir çox bölgələrdə oxşar zonalar yaradırıq. Mən onların arasında Mingəçevir Yüngül Sənaye Parkını xüsusi qeyd etmək istəyirəm. Mingəçevir şəhəri böyüyür və əhali artır. Mingəçevirdə iş yerləri ilə bağlı problemlər mövcud idi, bu gün də bu problemlər var. Bu şəhərin ətrafında kənd təsərrüfatı sahələri yoxdur. Ona görə, Mingəçevir ancaq sənaye və turizm şəhəri kimi inkişaf etməlidir. Bu istiqamətdə çox önəmli addımlar atılıbdır - infrastrukturla, yollarla, içməli su ilə və digər məsələlərlə, o cümlədən yeni iş yerlərinin yaradılması ilə bağlı. Bu il Mingəçevir Yüngül Sənaye Parkında 2 böyük müəssisə, iplik fabrikləri açılıbdır. Bu iplik fabrikləri bu günə qədər Azərbaycanda yaradılmış iplik fabriklərinin yarısını təşkil edir. Burada iyirmi min ton iplik istehsal ediləcək, onun böyük hissəsi ixrac olunacaq. Ən azı 700-750 nəfər işlə təmin ediləcəkdir. Yəni, Mingəçevir Yüngül Sənaye Parkı artıq fəaliyyət göstərir və biz növbəti aylarda yeni müəssisələrin yaradılması ilə bağlı təkliflər gözləyirik.

Bu il sənayemizin inkişafının təzahürü olan Neftçala Sənaye Məhəlləsində biz bu yaxınlarda avtomobil zavodunun açılışını qeyd etmişik. Neftçala Sənaye Məhəlləsinin açılışı keçən il mənim iştirakımla qeyd edildi və bu il 10 min avtomobil istehsal edən zavodun açılışı olmuşdur. Bu zavodda 300-dən çox insan işlə təmin ediləcək, həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq. Əlbəttə ki, dövlət qurumları, - mən bunu əvvəlki çıxışlarda da demişəm, - yerli avtomobillərə üstünlük verməlidirlər. Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər.

Bizim statistikamıza görə, bu ilin birinci rübündə idxal olunan avtomobillərin sayı kəskin artmışdır. Bu, əlbəttə, iqtisadi canlanmanın təzahürüdür, onu göstərir ki, vətəndaşlarda indi əlavə maliyyə imkanları yaranıbdır, kəskin artıbdır. Bu, özlüyündə müsbət göstəricidir, ancaq bu, o deməkdir ki, valyutamızın xaricə köçürülməsi də kəskin artıbdır. Ona görə, Azərbaycanda istehsal olunan avtomobillər ən azı dövlət qurumları tərəfindən alınmalıdır. Əminəm, vətəndaşlar da görəcəklər ki, bu avtomobillər yüksək standartlara cavab verir və qiymət də xaricdən gətirilən avtomobillərlə müqayisədə daha münasibdir.

Bu il, bu yaxınlarda Gəncə avtomobil zavodunda onmininci traktor istehsal edilibdir. Bu da bizim müştərək əməkdaşlığımızın təzahürüdür. Biz indi fermerləri “Gəncə-Belarus” traktoru ilə təmin edirik. Bu traktorlara çox böyük maraq var. Mən bölgələrdə, tarlalarda olarkən maraqlanıram və bütün fermerlər bu traktorları çox yüksək qiymətləndirirlər. Əgər vaxtilə bu zavod yaradılmasaydı, bu traktorları istehsal etməsəydi, həmin texnikanın hamısını biz xaricdən alası olacaqdıq və nə qədər pul xərcləyəcəkdik. İndi isə biz həm ixrac edirik, həm də üçüncü ölkələrdə “Gəncə-Belarus” traktorlarının istehsalına başlayırıq. Bax, bu nəticələr deməyə əsas verir ki, yaranmaqda olan Hacıqabul, Masallı və Sabirabad sənaye zonalarının fəaliyyəti də uğurlu olacaq.

Kənd təsərrüfatı ilə bağlı mən giriş sözümdə dedim, artım 4,2 faizdir, yaxşı göstəricidir, xüsusilə bitkiçilikdə. Bunun böyük hissəsi pambığın istehsalı ilə bağlıdır. Biz növbəti illərdə əlbəttə ki, ərzaq təhlükəsizliyi məsələlərinə daha böyük diqqət yetirməliyik, xüsusilə taxılçılığa və heyvandarlığa. Biz ənənəvi texniki məhsulların inkişafı ilə bağlı çox ciddi addımlar atmışıq və bir çox müşavirələr keçirilibdir. Taxılçılıq, heyvandarlıq ərzaq təhlükəsizliyini təmin edən əsas sahələrdir. Bilirəm ki, dövlətin dəstəyi ilə və özəl qurumların fəaliyyəti nəticəsində buğda əkini genişlənir, yeni əkin sahələri dövriyyəyə çıxarılır, suvarma işləri təmin edilir. Bu sahəyə çox ciddi diqqət göstərilməlidir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam təmin edə bilək. Biz indi ət, süd məhsulları ilə özümüzü təqribən 80-90 faiz səviyyəsində təmin edirik, amma buğda ilə təminat sahəsində bu rəqəm daha aşağıdır. Ona görə, növbəti illərdə bu sahəyə və eyni zamanda, quş ətinin istehsalına daha böyük diqqət yetirilməli və investisiyalar qoyulmalıdır.

Ümid edirəm və əminəm ki, yaradılmaqda olan 45 aqropark bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Bu aqroparkların 28-i bitkiçilik, 17-si isə heyvandarlıq kompleksidir. Bu, həm ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət göstərəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək. Biz mütləq yeni ixrac bazarlarına üz tutmalıyıq. İndi bu istiqamətdə işlər gedir, müxtəlif ölkələrə ixrac missiyaları ezam edilir. Daha da fəal olmalıyıq və daha ciddi nəticələr olmalıdır ki, kontraktlar imzalansın və bizim məhsulumuz növbəti, yəni, yeni bazarlara çıxa bilsin. Təbii ki, ənənəvi bazarlarda yerimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Hazırda Azərbaycanda 400 hektarda, ondan da çox sahədə yeni istixana kompleksləri yaradılır. Onların bir hissəsi artıq fəaliyyətə başlayıb. Bu istixanaların əsas bazarı xarici bazarlardır. Çünki biz özümüzü tərəvəzlə artıqlaması ilə təmin edirik.

Kənd təsərrüfatı texnikasının alınması prosesi bundan sonra da davam etdiriləcəkdir. Bu il bu məqsədlər üçün 160 milyon manat nəzərdə tutulur, ən azı 5 min texnika gətirilməlidir. Keçən il 10 min texnika gətirilmişdir, amma bu proses davam etməlidir. Çünki bizim hələ köhnədən qalan texnikamız kifayət qədər çoxdur, sıradan çıxan var. Biz texnika parkımızı tam müasirləşdirməliyik. Biz dünyanın aparıcı istehsalçılarının texnikasını gətirməliyik. Əslində, bunu edirik.

İndi təhlil aparmaq üçün bizdə daha geniş imkanlar var. Çünki “Azexport” portalına daxil olan sifarişlər, əslində, marketinq üçün çox əhəmiyyətli bir vasitədir. Əvvəllər marketinqi xarici bazarlarda aparmaq üçün bizim belə imkanımız yox idi. Bu işlər daha çox kor-təbii görülürdü. Amma “Azexport” portalının əhəmiyyəti ondadır ki, həm yerli istehsalçılar öz məhsulları barədə məlumatları bu saytda yerləşdirirlər, həm də xaricdən sifarişlər gəlir. Təhlil apararkən görürük, bəzən elə sifarişlər gəlir ki, biz o sifarişləri tam yerinə yetirə bilmirik. Bu, dövlət qurumlarına və sahibkarlara yol göstərir ki, həmin sahələr inkişaf etməlidir. Əlbəttə, çox istərdim ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesi daha sürətlə inkişaf etsin. Mövcud inkişaf bizi qane edə bilməz. Düzdür, son vaxtlar bir çox konserv və şirə istehsalı zavodları işə düşüb. Əlbəttə, bu, bizim potensialımızı əks etdirmir. Ancaq 400 hektarda yaradılacaq istixanaların məhsulu, onun bir hissəsi, yaxşı olar ki, böyük hissəsi Azərbaycanda emal olunsun və ixrac edilsin. Bizim indi kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən pomidor ixracıdır. Ancaq əgər burada yeni emal müəssisələri yaranarsa, biz hazır məhsul ixrac edərik və hazır məhsula, deyə bilərəm ki, daha böyük tələbat və daha az rəqabət var. Ona görə hesab edirəm ki, biz kənd təsərrüfatı emalı sahəsində səylərimizi gücləndirməliyik. Biz son vaxtlar daha çox istehsala üstünlük verirdik və kreditlər verilirdi. Bu ildən başlayaraq, çox ciddi konkret plan tərtib edilməlidir – hansı bölgələrdə, hansı emal müəssisələri, konserv, şirə zavodları açılsın.

Biz ixracyönümlü kənd təsərrüfatı sahələri üzrə işlərimizi bundan sonra da davam etdirəcəyik. Mən bir müddət bundan əvvəl tapşırıq vermişdim ki, üzümçülüklə, şərabçılıqla bağlı olan məsələlər ciddi təhlil edilsin. Çünki mövcud vəziyyət bizi heç cür qane edə bilməz. İndi ilkin məlumat ondan ibarətdir ki, bizim kifayət qədər emal gücümüz, yəni, şərab zavodlarımız var, amma onların bir çoxu çox zəif işləyir. Yəni, istehsal gücünün 20-30 faizi səviyyəsində işləyir. Bilmirəm, vaxtilə sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar - tikiblər, amma səmərəsiz istifadə edirlər. Bu, heç bir məntiqə sığmayan məsələdir. Ona görə, bizim indi vəzifəmiz ondan ibarətdir ki, bu şərab zavodlarını sahibkarlar düzgün şəkildə idarə etsinlər. Üzüm istehsalı bizdə artır, yeni üzüm bağları salınır və mən bunu alqışlayıram. Şərabın ixracı da artır və burada da dövlət öz rolunu oynayır. İxrac missiyaları, sərgilərdə iştirakımız bunu mümkün edir. Ancaq üzümçülük, şərabçılıqla bağlı növbəti xüsusi addımlar atılmalıdır. Vaxtilə biz dövlət proqramı qəbul etmişik. Mən deyə bilmərəm ki, bu proqram lazımi səviyyədə icra edilir. Ona yenidən baxmaq, təhlil aparmaq lazımdır ki, bu proqramın nəticəsində nə əldə etmişik? Yenə də deyirəm, yeni üzüm bağları salınır, şərab istehsalı artır, xarici bazarlara çıxır, amma bu, bizim çox gözəl ixrac məhsulumuz olmalıdır.

Son illərdə pambıqçılıqla bağlı görülən işlər bu sahənin bərpasına, dirçəlməsinə gətirib çıxarmışdır. Bir neçə dəfə zona müşavirələri keçirilmişdir və burada əsas məsələ işsizliyin aradan qaldırılmasıdır. Pambıqçılıqda 200 minə yaxın insan, yəni, bu günə qədər işsiz olan insan işlə təmin edilib. Biz satınalma qiymətini artıraraq tarlalarda işləyənlərin rifah halını yaxşılaşdırırıq. Əlbəttə ki, əgər pambıqçılığa belə güclü təkan verilməsəydi, Mingəçevir Yüngül Sənaye Parkının yaradılmasına da ehtiyac qalmayacaqdı. Çünki indi xaricdən pambıq alıb burada emal etmək heç bir iqtisadi səmərəyə uyğun gəlmir. Ona görə, pambıqçılığın inkişafı, ilk növbədə, sosial məsələdir, sosial təşəbbüsdür və tədarükçü şirkətlər, fermerlər, yerli icra orqanlarının nümayəndələri bunu bilsinlər ki, pambıqçılıq həm də yerli istehsala təkan verir, ixracı artırır. Biz keçən il 207 min ton pambıq tədarük etmişik, 2015-ci ildə isə cəmi 35 min ton. Mən sonuncu müşavirədə də demişəm, pambıqçılıq bundan sonra da ancaq məhsuldarlığın artırılması hesabına inkişaf etməlidir.

Son vaxtlar bizim tövsiyəmizi nəzərə alaraq, sahibkarlar zeytunçuluğa böyük diqqət göstərirlər, yeni bağlar salınır və dövlət kömək göstərir, su xətləri çəkir. Bu da çox gözəl ixracyönümlü məhsulumuz olacaq. Dünya bazarlarında zeytun yağına çox böyük tələbat var. Dünyada cəmi bir neçə ölkə bu yağı istehsal edir. Azərbaycan da onların arasında yer tutmalıdır, həm daxili bazarı təmin etməlidir, həm ixrac etməlidir.

Meyvə bağları genişlənir. Çayçılıq, çəltikçilik, fındıqçılıq, baramaçılıq, sitrus meyvəçiliyi, tütünçülük və digər sahələri inkişaf etdirmək üçün bir neçə müşavirə keçirilmişdir. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm vətəndaşlar bilsinlər ki, görülən işlər necə səmərə verir. Tütünçülük. 2015-ci ildə cəmi 1300 hektarda tütün əkilmişdisə, 2018-ci ildə bu, 3300 hektara çatacaq. Tütünü biz indi ixrac edirik. Bu, ixracyönümlü məhsuldur. Fermerlər yaxşı pul qazanırlar. İndi dövlət qurutma kameraları alır. Azərbaycanda tikilməkdə olan siqaret fabriki də bu tütünü alacaq, siqaret hazırlayacaq və ixrac edəcək, idxaldan asılılığı azaldacaq. Barama istehsalı. 2015-ci ildə 240 kiloqram barama tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 240 tona qalxdı. Bu il biz təqribən 450-500 ton barama gözləyirik. İlk növbədə, bu da mənim üçün sosial layihədir. Çünki kümçülər indi az müddətdə - 30-40 gün ərzində böyük vəsait qazanırlar və Şəki ipək kombinatında yüzlərlə insan işlə təmin edilir. Əgər bu il biz 450-500 ton barama tədarük etsək, əminəm, Şəki ipək kombinatı, ola bilər ki, ilboyu fasiləsiz işləsin və xammal da kifayət qədər olacaq. Yüzlərlə insan Şəkidə işlə təmin edilir və bir çox rayonlarda pul qazanır.

Bildiyiniz kimi, fındıqçılıq bizim üçün ənənəvi sahədir və pomidor ixracından sonra kənd təsərrüfatında ikinci valyuta gətirən sektordur. Biz burada da çox ciddi işlər apardıq. Bu işlərə 2015-ci ildən başladıq, 2016-cı ildə fındıq bağlarının sahəsi 40 min hektara çatdırıldı. Bu il isə fındıq bağlarının sahəsi 67 min hektara çatacaq. Yəni, görün, biz fındıq bağlarının sahəsini nə qədər artırmışıq. Bu, fermerlər üçün çox böyük gəlir mənbəyi olacaq, ölkəmizə də valyuta gətirəcək. Ancaq bu da son hədd deyil. Mənim vaxtilə müəyyən etdiyim rəqəmə əminəm ki, biz gələn il çatacağıq. Çünki bu il və gələn il 16 min hektarda yeni fındıq bağları salınacaq. Beləliklə, Azərbaycanda 80 min hektardan çox sahədə fındıq yetişdiriləcək və fındıq istehsalına görə biz dünyanın üçlüyünə daxil ola bilərik.

Bütün bu işlər verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, sahibkarlara həm dəstək vermək, həm də yol göstərmək lazımdır. Bir çox hallarda onlar passivlik göstərirlər, təşəbbüs göstərmirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa belə tənbəllik edirlər. Gözləyirlər ki, kimsə gəlib onların qapısını döyəcək, onların məhsulunu alacaq. Onlar özləri getməlidirlər, bazarları axtarmalıdırlar, kontraktlar imzalamalıdırlar, təmaslar qurmalıdırlar. Biz hətta xarici ölkələrin televiziyalarında kənd təsərrüfatı məhsullarının reklamını da dövlət hesabına edirik. Onu da etmirlər. Yaxşı, indi bir az hərəkətə gəlsinlər. Dövlət bu qədər səy göstərir, dəstək verir, vəsait ayırır, siyasi dəstək göstərir. Ona görə biz əgər bu işlərə başlamasaydıq, indi heç biri olmayacaqdı, bax, 2,8 milyard dollar, 2,3 milyard manat qoyulmayacaqdı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı, yalnız pambıqçılıqda 200 min insan işlə təmin olunmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır.

Mən giriş sözümdə qeyd etdim ki, turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik. Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyırlar, bizim çox gözəl beynəlxalq imicimiz var. İndi Azərbaycana gələnlərin sayı artır. Biz beynəlxalq tədbirlər keçiririk. Qeyd etdiyim kimi, təkcə Forumla 1 yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi görün, turist axınına nə qədər təkan verdi. Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, gözəl avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi - indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaqdır. Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.

O ki qaldı, təhlükəsizliklə bağlı məsələlərə, indi bizim kifayət qədər imkanımız, texniki imkanlarımız var ki, öz təhlükəsizliyimizi qoruyaq. Ancaq bu, səbəb, bəhanə olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənsə nə isə qopardılsın.

Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır. Mən bu barədə dəfələrlə demişəm və bir daha deyirəm, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın. Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar.

Turizmlə bağlı bizim əlavə addımlarımız dəmir yolu ilə bağlıdır. Mən bu layihəni artıq bəyan etmişəm. Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Yəqin ki, gələn ildən başlayaraq biz bu dəmir yollarını əsas turizm yerlərinə çəkəcəyik.

Bu il 3 “ASAN xidmət” mərkəzi açılır. Onlardan biri fevral ayında Mingəçevir şəhərində istifadəyə verilib. Digər iki mərkəz isə Şəki və İmişli şəhərlərində açılacaq. Daha 5 mərkəzin tikintisi ilə bağlı göstəriş verilmişdir. Onlar gələn il açılmalıdır. Beləliklə, gələn ilin sonuna qədər bizdə 20 “ASAN xidmət” mərkəzi olacaqdır.

Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır. Bunun da həm sahibkarlığın, həm də biznesin inkişafı üçün böyük əhəmiyyəti var. ABAD mərkəzlərində rəqabətqabiliyyətli məhsullar yaradılır. Mən dövlət şirkətlərinə göstəriş vermişdim və özəl şirkətlərə tövsiyə etmişdim ki, bu sahəyə diqqət göstərsinlər. Bu proses artıq başlamışdır.

Bu il 5-6 min insan özünüməşğulluq proqramı ilə əhatə ediləcək. Bu, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması istiqamətində önəmli addım olacaqdır. Kifayət qədər vəsait var. Sadəcə olaraq bu işlər düzgün təşkil edilməlidir ki, ehtiyacı olan insanlara pul qazanmaq üçün vasitələr verilsin.

Bu il infrastruktur layihələri ilə bağlı bizim planlarımız çox böyükdür. İlin sonuna qədər ölkəmizdə qazlaşdırma 95 faizə çatmalıdır. “Şimal-2” elektrik stansiyasının tikintisi başa çatmalıdır. Bu, bizə təxminən 400 meqavata yaxın əlavə elektrik enerjisi verəcək. Biz indi elektrik enerjisini qonşu ölkələrə ixrac edirik. Bizdə çox gözəl ixrac potensialı yaradılıbdır. Ölkə daxilində bütün tələbat tam təmin edilir. Ancaq baxmalıyıq ki, bundan sonra bizə ümumiyyətlə nə qədər generasiya gücləri lazımdır. Ölkəmizin inkişafını, əhalinin artımını, sənayeləşmə prosesini nəzərə almalıyıq. Yəni, böyük inkişafı nəzərə alaraq baxmalıyıq ki, beş ildən, on ildən sonra bizə daxili istehlak üçün nə qədər elektrik enerjisi lazım olacaq. Bununla paralel olaraq, biz xarici bazarları təhlil etməliyik ki, beş ildən, on ildən sonra xarici bazarlara nə qədər enerji ixrac edəcəyik. Buna görə də addımlarımızı atmalıyıq ki, yeni stansiyalar tikilməlidir, yoxsa biz mövcud olan stansiyalarla kifayətlənməliyik? Biz mütləq alternativ enerji mənbələri yaratmalıyıq - külək, günəş, su elektrik stansiyaları tikməliyik. Yəni, bu sahədə çox ciddi təhlil aparılmalıdır və mənə təqdim edilməlidir.

İçməli su ilə bağlı layihələr uğurla gedir. Demək olar ki, bütün şəhərlərdə bu işlər ya icra edilib, ya da ki, icradadır. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki indi Bakı şəhərinin 80 faizdən çoxu 24 saat içməli su ilə təmin edilir. Əlbəttə ki, bu rəqəm 100 faiz olmalıdır. Əminəm ki, biz buna da çatacağıq. Bütün bölgələrdə, bütün şəhərlərdə bu layihələr icra edilir, kəndlərin böyük hissəsində də daim diqqət mərkəzində olmalıdır.

Bu il meliorativ tədbirlər nəzərdə tutulur. Üç yüzdən çox subartezian quyusu qazılmalıdır. Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara suyun verilməsi təmin edilməlidir.

Bu il 2 min kilometr uzunluğunda yeni yollar salınacaq, həm magistral, həm şəhərlərarası, həm də kənd yolları. Onlardan biri Sumqayıt-Rusiya sərhədi yoludur. Yeni yoldur, mövcud yola paralel olacaq və bölgənin inkişafı üçün şərait yaradacaq. O bölgənin turizm potensialı çox gözəldir. Orada sahilboyu turizm obyektləri yaradıla bilər. Altı yüzdən çox kənd yolu salınacaq. Beləliklə, 2004-cü ildən başlayaraq bu ilin sonuna qədər salınacaq yolların ümumi uzunluğu 15 min kilometrə çatacaq.

Bakı şəhərinin nəqliyyat problemləri kompleks şəkildə həllini tapmalıdır. Burada koordinasiya işləri aparılmalıdır. İndi Bakıda yeni yollar salınır, tunellər tikilir. Bununla şəhər nəqliyyatı daha da rahatlaşacaq. Olimpiya Stadionu ilə üzbəüz yeni tunel tikilir. Bu da tıxacların aradan qaldırılması üçün çox önəmlidir. Böyükşor gölü üzərindən yeni genişzolaqlı yol tikilir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli layihədir. Biz Böyükşor gölünün bir hissəsini təmizlədik. İndi qalan hissənin təmizlənməsi nəzərdə tutulur. Bakıda dairəvi dəmir yolu tikiləcək. Bu məqsədlər üçün bu ilin investisiya proqramında 100 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, şəhər üçün çox rahat nəqliyyat vasitəsi, Bakıətrafı qəsəbələrin inkişafı və orada yaşayan insanların rahatlığı üçün çox önəmli layihə olacaq. Metro tikintisi müəyyən fasilədən sonra indi bərpa edildi.

Yəni, biz bütün bu məsələlərə kompleks şəkildə baxmalıyıq. Avtobusların alınması nəzərdə tutulur, dayanacaqlar, işıqforlar, metro, şəhərətrafı dəmir yolu, taksi dayanacaqları. Yəni, Bakı şəhərinin nəqliyyat sahəsində vahid idarəetmə olmalıdır ki, paytaxt nəqliyyatı dünyanın aparıcı şəhərlərinin səviyyəsində olsun. Biz indi metro vaqonları, avtobuslar, taksilər alırıq. Ancaq koordinasiya zəifdir. Ona görə bu məsələyə mütləq çox ciddi diqqət göstərilməlidir.

Nəqliyyat sektoru ilə bağlı qeyd etməliyəm ki, bu il biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin açılışını qeyd edəcəyik. İndi Ələt limanı fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi məhz Ələt limanında olmuşdur. Ancaq yaxın gələcəkdə birinci faza tam başa çatacaq. Xəzər dənizinin 15 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük ticarət limanı Azərbaycanda – Ələtdə tikilir.

Giriş sözümdə qeyd etdiyim kimi, biz Azərbaycanı nəqliyyat qovşağına çeviririk. Açıq dənizlərə çıxışı olmayan ölkə Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilir. Bakı-Tbilisi-Qars artıq reallıqdır. Əminəm ki, hər il bu yolla daşınan yüklərin həcmi kəskin artacaq. Şimal-Cənub nəqliyyat dəhlizini də biz qonşu ölkələrlə birlikdə reallığa çeviririk. Qeyd etməliyəm ki, bütün nəqliyyat layihələrimizin uğurlu həyata keçirilməsinin səbəbi həm bizim iradəmiz, təşəbbüsümüzdür, eyni zamanda, qonşu ölkələrlə sıx münasibətlərimizdir. Çünki tranzit ölkə, əgər hansısa ölkə tranzit ölkə olmaq istəyirsə, o, mütləq qonşularla sıx əlaqədə olmalıdır. Qonşularsız heç bir ölkə tranzit ölkəyə çevrilə bilməz.

Biz indi Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə ciddi məşğuluq. Onun çatışmayan hissəsi, o cümlədən Azərbaycan tərəfinin iştirakı ilə reallaşacaq. Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallıqdır. Biz indi mövcud olan dəmir yolu infrastrukturumuzu modernləşdirməliyik ki, sürət daha da artsın. Çünki Azərbaycan ərazisindən çox böyük yüklər daşınacaq.

Sosial infrastrukturla bağlı bu il bir neçə şəhərdə, - daha dəqiq desəm, - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan, Goranboy şəhərlərində yeni mərkəzi rayon xəstəxanalarının açılışı nəzərdə tutulur. Füzuli və Qəbələ şəhərlərində xəstəxanaların tikintisi davam etdiriləcək. Onların açılışı gələn il nəzərdə tutulur.

Bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək. Bu məktəblərin tikintisi demək olar ki, bölgələrdə qəzalı vəziyyətdə olan məktəblərin problemini həll etmiş olacaq. Bakı şəhərində isə yay aylarında ondan çox məktəb əsaslı təmir ediləcək.

Bu il beş milyondan çox insan yenə də tibbi müayinədən keçir. Bu da Azərbaycan reallığıdır. Azərbaycan dövləti bu xidməti vətəndaşlara təmin edir. Əlbəttə ki, bizim bütün bölgələrdə mövcud olan müasir tibb ocaqları belə imkanları yaradır. Bu, yenə də bizim sosial siyasətimizin göstəricisidir. Hazırda Azərbaycanda dörd Olimpiya İdman Mərkəzi tikilir. Onlardan ikisi bu il istifadəyə verilməlidir.

Məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə veriləcəkdir. Bu il ən azı 4 min ailə - 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə - yəni, 12 min köçkün evlərlə təmin edilib. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq.

Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi uğurla icra edilir. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. “Şahdəniz-2” layihəsinin icrası 99 faizdir. Cənubi Qafqaz Kəməri 96 faiz, TANAP 92 faiz. Yəni, bu layihələrdə Azərbaycan aparıcı rol oynayır. Biz, eyni zamanda, TAP layihəsinin səhmdarıyıq. Orada isə Azərbaycanın icra səviyyəsi 68 faizdir. Yəni, Cənub Qaz Dəhlizi artıq reallıqdır. Bu reallığı biz yaratmışıq və bu, ölkəmizin uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyətə malik olan layihədir.

Gələn ay biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Mən bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişəm. İlin əvvəlindən biz bu gözəl tarixi qeyd edirik. Bu tarixə nəzər salarkən görürük ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmamışdır. Bunu biz yaratmışıq. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin inkişafı üçün əsas amildir.

Mən şübhə etmirəm ki, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla uğurla gedəcəyik. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50