Azərbaycan və Polşa prezidentləri birgə mətbuat konfransı keçirmişlər

25 iyul 2011, 13:00
Azərbaycan və Polşa prezidentləri birgə mətbuat konfransı keçirmişlər

Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Bronislav Komorovski birgə mətbuat konfransı keçirmişlər.

Dövlət başçıları bəyanatlarla çıxış etmiş, jurnalistlərin suallarına cavab vermişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident,

hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Bu gün keçirdiyimiz görüşlərdə və apardığımız danışıqlarda bir daha əmin oluruq ki, Polşa-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafı üçün yeni imkanlar açacaqdır.

Bizim əlaqələrimizin çox yaxşı tarixi var. Biz siyasi sahədə daim uğurlu əməkdaşlıq aparmışıq və ikitərəfli əlaqələrin gündəliyinə baxanda görürük ki, bu gündəlik çox zəngindir. Əminəm ki, siyasi sahədə əməkdaşlığımız uğurla davam etdiriləcəkdir.

Eyni zamanda, bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır. Müxtəlif fikirlər var, müxtəlif ideyalar var, əminəm ki, bu gün keçiriləcək Polşa-Azərbaycan biznes forumu da bu istiqamətdə növbəti addımların atılması üçün əhəmiyyətli olacaqdır.

Biz iqtisadi sahədə qarşılıqlı ticarətin artırılması və gələcəkdə qarşılıqlı investisiya layihələrinin icrası istiqamətində daha da fəal siyasət aparmalıyıq. İqtisadi əlaqələr, əlbəttə ki, bütün digər sahələrdə olan əlaqələrə də güclü təkan verəcəkdir.

Bu gün, eyni zamanda, enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır. Bir müddətdir ki, bu istiqamətdə bizim qurumlarımız arasında fikir mübadiləsi, danışıqlar aparılır, Azərbaycan neftini və qazını dünya və Avropa bazarlarına çıxarmaq üçün yeni imkanlar araşdırılır. Bu sahədə Polşa-Azərbaycan əlaqələrinin mühüm yeri var. Əminəm ki, hazırda Avropa İttifaqının sədri olan Polşa bizim bütövlükdə Avropa İttifaqı ilə apardığımız danışıqlarda öz sözünü deyəcəkdir.

Azərbaycanın çox zəngin neft-qaz ehtiyatları vardır, çoxşaxəli ixrac infrastrukturu - nefti və qazı dünya və Avropa bazarlarına çıxara biləcək 7 kəmər mövcuddur və bunlar fəaliyyətdədir.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr sürətlə inkişaf edir və əminəm ki, Polşa Avropa İttifaqında sədrliyi dövründə öz tərəfindən bu əlaqələrin inkişafına dəyərli töhfəsini verəcəkdir. Bu ilin yanvar ayında Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı imzalanmış bəyannamə, əminəm ki, gələcək sahədə əməkdaşlığa çox güclü təkan verəcəkdir.

Bütövlükdə Avropa İttifaqı - Azərbaycan əlaqələri bu gün geniş müzakirə edildi və bu məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Biz maraqlıyıq ki, bu əlaqələrə yeni təkan verilsin. Çünki bu əlaqələrin həm Avropa üçün, həm də Azərbaycan üçün çox böyük əhəmiyyəti var və hazırda formalaşmaqda olan tərəfdaşlıq strateji xarakter daşıyır. Biz istəyirik ki, Avropa qurumları ilə tərəfdaşlıq əlaqələrimiz daha da inkişaf etsin.

Eyni zamanda, bu gün regional məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Polşa öz regionunda, Azərbaycan isə öz regionunda Xəzər dənizi - Baltik dənizi əməkdaşlığının inkişafı üçün çox ciddi mövqelərə malikdir. Hər iki dövlət yerləşdiyi regionda çox güclü geosiyasi mövqelərə və iqtisadi potensial baxımından həlledici sözə malikdir. Biz elə etməliyik ki, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi ölkələri arasında əməkdaşlıq daha da intensiv aparılsın və bu sahədə Polşa-Azərbaycan əlaqələrinin çox mühüm yeri vardır.

Regional əməkdaşlıqla bərabər, biz bu gün regional təhlükəsizlik məsələlərini də nəzərdən keçirdik. Xüsusilə mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və danışıqların indiki vəziyyəti haqqında cənab Prezidentə məlumat verdim. Bir daha demək istəyirəm ki, bu münaqişə bölgə üçün ən böyük təhlükədir, ən böyük ədalətsizlikdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bir milyondan artıq azərbaycanlı öz doğma torpağından didərgin düşərək qaçqın-köçkün həyatı yaşayır. Məsələ ilə bağlı beynəlxalq təşkilatlar öz mövqelərini bildirmişlər. BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT qətnamələr və qərarlar qəbul etmişlər. Yəni bu qərar və qətnamələr məsələnin həlli üçün hüquqi bazanı yaradır. Əlbəttə, məsələnin beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması bölgəyə sülh gətirəcək, əməkdaşlıq gətirəcək və belə olan halda, bölgədə bütün proseslər daha da sürətlə və müsbət istiqamətdə inkişaf edəcəkdir.

Bütövlükdə demək istəyirəm ki, cənab Prezident Komorovskinin Azərbaycana ilk rəsmi səfəri çox uğurla keçir. Səfərin çox zəngin proqramı var. Bu gün və sabah biz görüşləri davam etdirəcəyik və əminəm ki, bütövlükdə səfərin gözəl nəticələri olacaq və bu nəticələr Polşa-Azərbaycan əlaqələrini yeni müstəviyə çıxaracaqdır.

Sağ olun. 

Polşa Prezidenti Bronislav Komorovskinin bəyanatı

- Hörmətli cənab Prezident,

hörmətli xanımlar və cənablar!

Mən ilk növbədə, Azərbaycana səfər etmək barədə dəvətə görə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Polşanın ünvanına söylədiyiniz xoş sözlərə görə minnətdaram. Mən xüsusi vurğulamaq istəyirəm ki, təmaslarımız sürətlə inkişaf edir. Əslində, bu təmaslar həm siyasi, həm digər səviyyələrdə baş verir və hesab edirəm ki, ictimai həyatın bütün sahələrində inkişaf edəcəkdir. Əminəm ki, Polşa və Azərbaycan öz regionlarında mühüm, getdikcə əhəmiyyəti artan rol oynamaqdadır. Bu, o faktla sübut olunur ki, biz hamımız həm Azərbaycanda, həm də Polşada sürətli iqtisadi artımın şahidiyik. Ötən il Azərbaycanın iqtisadi artımı çox yüksək səviyyədə olmuşdur. Əslində, bu, Sizin ölkənizə böyük hörmət qazandırır və biz bundan çox şadıq. Əminik ki, bu əməkdaşlığın, bu əlaqələrin təbii xarakteri vardır və biz indi əməkdaşlığımızın yeni sahələrini araşdırmalıyıq. İqtisadi sahədə Polşa ilə Azərbaycan arasında əlaqələr inkişaf etməlidir. Hesab edirik ki, bugünkü iqtisadi forum çox vacibdir. Bu tədbirdə nəinki Polşa ekspertləri, həm də Polşa nazirliklərinin və müvafiq qurumların təmsilçiləri iştirak edəcəklər. Bu gün Azərbaycanın siyasi elitasının nümayəndələri ilə də görüşlərimiz baş tutacaqdır.

Bizim münasibətlərimiz iki dövlət arasında olan münasibətlərdir. Demək olar ki, hər iki ölkə müstəqilliyini eyni vaxtda əldə etmişdir və bu, bizə azadlıq gətirdi. Biz müdrik addımlar atdıq ki, müstəqilliyimiz yaxşı olsun, o cümlədən iqtisadi əməkdaşlığın yaxşı təməli olsun. Əslində bu, standart deyil, standartlardan daha yüksək bir əməkdaşlıqdır. Mən sizin diqqətinizi bir sıra faktlara yönəltmək istəyirəm, bu faktlar Polşa-Azərbaycan münasibətlərinə təsir edir. Çünki həmin faktlar sırf bu münasibətlərin çərçivəsindən də kənara çıxır. Bu, həmçinin Azərbaycanın Avropa İttifaqı, Avropa ilə münasibətlərinə aiddir. Bildiyiniz kimi, hazırda Polşa Avropa İttifaqında sədrlik edir. Beləliklə, Polşa Avropa İttifaqının gündəliyini müəyyən edir və həmçinin bu, Avropa İttifaqına üzv olmayan dövlətlərlə münasibətlərin istiqamətlərini müəyyən edir.

Biz bilirik ki, sentyabrda Varşavada keçiriləcək sammitdə cənab Prezident də iştirak edəcəkdir. Əslində, bu zirvə görüşü “Şərq tərəfdaşlığı” proqramında iştirak edən dövlət başçılarının toplantısı olacaqdır. Mən demək istəyirəm ki, Polşa Azərbaycanın nailiyyətlərində maraqlıdır. Biz istərdik ki, Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ üzvlük Sazişi haqqında danışıqlar uğurla keçsin. Çünki bizi eyni prinsiplər, eyni qaydalar bağlamalıdır. Bu, Qərblə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun Polşa-Azərbaycan münasibətləri üçün də çox böyük əhəmiyyəti vardır.

Biz bir çox məsələləri nəzərdən keçirdik, müzakirə etdik,

regiondakı siyasət, böyük qonşularımızın regionda gedən proseslərə təsiri haqqında danışdıq. Həmçinin enerji sahəsində əməkdaşlığa toxunduq. Polşa bir daha maraqlı olduğunu bəyan edir ki, enerji resurslarının çatdırılmasına öz töhfəsini verməyə hazırdır. Hesab edirəm ki, bu, nəinki bizim ölkə üçün, bütövlükdə Avropa İttifaqı üçün vacibdir. Avropa İttifaqı tərəfindən təsdiq edilmiş bir layihə var. Əslində, bu, Odessa-Brodı-Plotsk-Qdansk boru kəmərinə aiddir. Bu layihə aktual hesab olunur və demək istəyirəm ki, bugünkü dünyada əgər əhəmiyyətdən söhbət gedirsə, bu layihənin biznes baxımından əhəmiyyəti artır.

Çünki biz hesab edirik ki, burada ən vacibi nəinki siyasi məsələlərdir, eyni zamanda, biznes üçün də əsaslandırılmış məsələlər olmalıdır. Çünki bu kimi məsələlər həmin layihə üçün çox vacibdir. Ona görə də mən bildirmək istəyirəm ki, Azərbaycan nefti artıq neftayırma zavodlarına daxil olur, bunlar Polşa kapitalı əsasında işləyən zavodlardır. Bir milyon ton Azərbaycan nefti ilbəil neftayırma zavodlarına daxil olur. Bizim müəssisələrimizə, lakin Çexiya Respublikasının ərazisində olan zavodlarımıza daxil olur. Bu, o deməkdir ki, siz artıq bizim sərhədlərimizə yaxınsınız. Bu, o deməkdir ki, biz indi elə bir təsir göstərməliyik ki, öz regionumuzun enerji məsələlərinin həllinə nail olaq. Hesab edirik ki, bu, tam əsaslandırılmış formada olmalıdır.

Çox sağ olun.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

X X X

- Mənim sualım cənab Prezident Komorovskiyədir. Siz bildirdiniz ki, əməkdaşlığı davam etdirəcəksiniz, Odessa-Brodı-Qdansk boru kəməri haqqında danışdınız. Bu barədə məlumat verə bilərsinizmi?

Bronislav KOMOROVSKİ: Mən xahiş edərdim ki, bu sualı forumda verəsiniz. Bu gün saat beşdə keçiriləcək bu forumda diskussiyanı o insanlar aparacaqlar ki, onlar birbaşa bu istiqamətdə, bu layihə üzrə işə başlayıblar. Onlar mənim nümayəndə heyətimin üzvləridir. Polşanın “Sarmatia” şirkətinin təmsilçisi də var və əslində, onlar bu layihədə iştirak edən tərəfdir. Siyasi baxımdan biz bu layihəyə dəstək veririk. Lakin qərarın qəbul edilməsinə, infrastrukturun daha da təkmilləşdirilməsinə gəldikdə, bizim dəqiq biznes planımız olmalıdır. Biz bilməliyik ki, nə qədər, hansı həcmdə neft həmin sistemə daxil edilə bilər və nə qədər neft bizim tərəfimizdən qəbul olunacaqdır.

- Mənim sualım cənab Komorovskiyədir. Ermənistan Azərbaycan ərazilərinin 20 faizinə qədərini indiyədək işğal altında saxlayır. BMT-nin Ermənistan silahlı qüvvələrinin bu ərazidən çıxmasını tələb edən dörd qətnaməsinə, Avropa İttifaqının qətnaməsinə, Avropa Şurasının qətnaməsinə baxmayaraq, ATƏT-in və cənab Prezident İlham Əliyevin bayaq sadaladığı digər sənədlərin dərhal bu tələblərin yerinə yetirilməsi barədə çağırışlarına məhəl qoymayan Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması təkcə Azərbaycan üçün yox, həm də region üçün, bütövlükdə Avropa üçün çox böyük təhlükədir. Cənab Prezident, Polşa olaraq sizin mövqeyinizi bilirik. Amma təkliflərinizi eşitmək istərdik. Yaranmış vəziyyətdən Azərbaycan necə çıxa bilər? Təşəkkür edirəm.

-İlk növbədə, mən sizin dərdinizə şərik çıxıram. Çünki burada elə problemlər var ki, regionun bütöv, funksional olmasına maneçilik törədir. Bu regionda, dünya xəritəsinin bu hissəsində Azərbaycan məhz sabitliyə töhfə verən bir ölkə kimi tanınır, sabitlik amili rolunu oynayır. Mən cənab Prezidentə dedim ki, hər hansı bir formul olaydı ki, biz bu çətin sualdan bir növ kənara çəkilək. Dağlıq Qarabağ məsələsinə gəldikdə, Ermənistan və Azərbaycan arasındakı bu münaqişə sülh yolu ilə həll olunsun. Lakin bizim özümüzün mürəkkəb təcrübəmiz var. Biz bilirik ki, ərazi bütövlüyü məsələsi nə qədər vacibdir. Bu, müqəddəs məsələdir. Amma eyni zamanda, xalqların öz müqəddəratının təyin etməsi hüququ da vacibdir. Harada ki münaqişələr mövcuddur, bu prinsiplər təsdiq edilmişdir. Ən təhlükəlisi odur ki, kimsə coğrafiyadan, siyasi şəraitdən asılı olaraq, buna fərqli mövqelərdən yanaşıbdır.

Bizim Polşada özümüzün ağrılı təcrübəmiz olubdur. Əslində bizim çox çətin, mürəkkəb tariximiz, keçmişimiz olub. Tarixən bizim torpaqlarımız olub ki, orada etnik və dini azlıqların nümayəndələri yaşayıblar. Demək istəyirəm ki, mənim nəslimdən, “Solidarnost” nəslindən olan insanların ən böyük nailiyyəti ondan ibarətdir ki, biz nifrətin və dözümsüzlüyün aradan qaldırılmasına nail olmuşuq. Çox güclü qonşumuzla münasibətdə Polşanın çox kəşməkəşli tarixi olubdur. Almaniya, Rusiya, Ukrayna ilə olan münasibətlərimizə xələl gətirən proseslər olubdur. Amma biz müvəffəqiyyət əldə etdik, bu tarixi çətinliklərdən çıxdıq. İndi isə tamamilə başqa bir mühitdə, inteqrasiya mühitində addımlar atırıq. Bu, Avropaya inteqrasiya mühitidir və tam yeni həyat şəraitidir. Buna görə də biz, təbii ki, onun tərəfdarıyıq və istərdik ki, bu münaqişə ümumiyyətlə aradan qaldırılsın, həll olunsun və bu region xalqları sakit şəraitdə layiqincə yaşasınlar. Bu məqsədlə Minsk qrupu yaradılıb, o, bu məsələ ilə məşğuldur. Lakin mən bildirmək istəyirəm ki, bu münaqişəyə aidiyyəti olan şəxslər əziyyət çəkiblər və istərdim ki, məhz həmin şəxslər özləri desinlər ki, hansı yolla getməliyik. Onlar münaqişənin tənzimlənməsində fəal şəkildə iştirak etsinlər. Bizim üçün olduqca vacibdir ki, insanların qəlbinə yol tapaq, bu regionda yaşayan insanların qəlbinə daha yaxın olaq.

- Cənab Prezident Komorovski burada təhlükəsizlik məsələsinə toxundu. Norveçdə baş vermiş hadisələrdən irəli gələrək, Avropa İttifaqı çərçivəsində təhlükəsizlik məsələlərinə necə yanaşırsınız? Bir növ daha da təcridolunma şəraiti yaradılmalıdırmı?

Bu sualım isə cənab Prezident Əliyevədir. Siz Varşavada “Şərq tərəfdaşlığı” sammitində iştirak edəcəksiniz. Siz bu sahədə əməkdaşlığı necə görürsünüz?

Bronislav KOMOROVSKİ: Mən istərdim ki, Azərbaycana səfərimə aid sualları daha çox verəsiniz. Amma siz indi mənə elə bir sual ünvanladınız ki, bu, başqa məsələyə aiddir. Bu, təhlükəsizliyə və regionumuzdakı demokratiya prinsiplərinə aiddir. Demək istəyirəm ki, Norveçdə baş verənlər görünməmiş hadisələr xarakteri daşıyır. Əslində, burada düşmənçilik səviyyəsi nəinki xalqlar, etnik azlıqlar arasında, həmçinin müəyyən qruplar arasında olan mühüm bir amildir və o, aradan qaldırılmalıdır. Mən Norveçin Baş nazirinin tutduğu mövqeyə tərəfdaram, onun dərdinə şərikəm. Belə bir ağır vəziyyətdə bildirdim ki, biz açıq demokratiyanın qurulması istiqamətində işləməliyik. O demokratiyadan söhbət gedir ki, digər xalqların, millətlərin təmsilçiləri üçün də açıqlıq şəraiti təmin edilsin. Bizi gələcəyə aparan mövqe budur. Biz bunun həll yolunu öz daxilimizdə tapmalıyıq. Beləliklə, əgər biz bu yolla getsək, belə hadisələrin, faciələrin gələcəkdə də təkrarlanmasından yan keçə bilərik.

Prezident İlham ƏLİYEV: Bildirmək istəyirəm ki, Azərbaycan dövləti Norveçdə baş vermiş dəhşətli terror aktını qətiyyətlə pisləyir. Terrorizmin bütün formalarını qətiyyətlə pisləyir. Norveçdə həlak olanların yaxınlarına, qohumlarına Azərbaycan dövləti adından bir daha başsağlığı verirəm, yaralananlara şəfa diləyirəm.

Azərbaycan terrorizmdən əziyyət çəkmiş ölkə kimi Norveç xalqının acılarını çox yaxşı dərk edir. Bizə qarşı erməni terrorist təşkilatları tərəfindən 30-dan artıq terror aktı törədilmişdir. Bu aktlar nəticəsində 2000-dən artıq dinc Azərbaycan vətəndaşı həlak olmuşdur və bizə qarşı terror bu gün də davam edir.

O ki qaldı Avropa İttifaqı-Azərbaycan əlaqələrinə və xüsusilə “Şərq tərəfdaşlığı” proqramına, Azərbaycan bu proqrama çox böyük ümidlərlə qoşulmuşdur. Bu proqrama qədər yeni qonşuluq proqramı icra edilirdi. Bütövlükdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin artıq böyük tarixi vardır. Bu il Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri, keçən ay mənim Belçikaya səfərim bu əlaqələri yeni səviyyəyə çıxarır.

Biz ümid edirik ki, “Şərq tərəfdaşlığı” proqramı konkret məna daşıyacaqdır. Çünki bu vaxta qədər kifayət qədər xoş niyyətlər ifadə olunmuşdur. Müvafiq siyasi bəyanatlar verilmiş, çərçivələr müəyyən edilmişdir. Mən hesab edirəm ki, vaxt gəlib çatıb ki, “Şərq tərəfdaşlığı” proqramı konkret mahiyyət daşısın. Həm Avropa, həm də Azərbaycan açıq-aydın görməlidir ki, bu proqramın faydası nədən ibarət olacaqdır. Avropaya və Azərbaycana, konkret vətəndaşlara bu proqramın xeyri nədən ibarət olacaqdır.

X X X

Mən hesab edirəm ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin indiki səviyyəsi bunu deməyə əsas verir. Biz proqramdan konkret nəticələr gözləyirik ki, Avropa ilə Azərbaycan arasında əlaqələr daha da güclənsin. Azərbaycan Avropaya daha da yaxın olsun və Azərbaycan vətəndaşları öz həyatlarında bu proqramın nəticələrini görsünlər. Bizim ümidlərimiz bundan ibarətdir. Eyni zamanda, demək istəyirəm ki, biz Avropa strukturları ilə əməkdaşlıqda daim bərabərlik prinsipini gözləmişik. Bir daha demək istəyirəm ki, biz Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaş kimi öz rolumuzu görürük və hər iki tərəf maraqlarına cavab verə biləcək töhfələr verə bilər və verməlidir.

- Mənim sualım Polşa Prezidentinədir. Polşa ilə Azərbaycan arasında qarşılıqlı sərmayə qoyuluşuna dair konkret hansı layihələr müzakirə olundu?

Bronislav KOMOROVSKI: Həmin sərmayə layihələri haqqında biz forum çərçivəsində danışacağıq. Demək istəyirəm ki, bu gün Azərbaycan Polşanın mühüm ticarət tərəfdaşıdır. Bu, onunla bağlıdır ki, Polşa Azərbaycanın enerji resurslarının alıcısıdır. Hesab edirəm ki, artıq vaxt yetişibdir. Bilirik ki, Azərbaycanın maliyyə imkanları, sərmayə imkanları vardır və hesab edirik ki, Polşada iqtisadi inkişaf daha da artır və Polşa da xaricdə öz sərmayələrini yatırmaqdadır və biz artıq yeni səviyyəyə çıxırıq. Əslində, bu səviyyə nəticəsində biz müəyyən imkanlar, sərmayələrin qoyulması imkanlarını əldə edəcəyik. Yəni burada söhbət elə sərmayədən gedir ki, bu, hər hansı bir konkret çərçivəyə deyil, yeni sahələrə aid olacaqdır. Hesab edirəm, çox güman ki, emal sənayesinə, kənd təsərrüfatı məhsulları sahəsinə böyük sərmayələr qoyula bilər. Ətraf mühitin qorunması sahəsində işbirliyi qura bilərik. Polşada bu sahədə təcrübə mövcuddur. Əfsuslar olsun ki, əvvəlki illərdə ekologiyaya böyük ziyan dəymişdir. Amma bu gün biz fərəh hissi ilə demək istəyirik ki, Polşa bu sahədə Avropa meyarlarını həyata keçirir. Polşada çox gözəl təbiət var və bu təbiət bizim böyük sərvətimizdir. Baxmayaraq ki, bu sahədəki əməkdaşlıqda hələ ki, böyük nailiyyətlər, nəticələr yoxdur.

Bir sıra digər sahələr də var. Amma nümayəndə heyətində işgüzar dairələrin təmsilçiləri vardır və onlar danışıqlar apardıqdan sonra, zənnimcə, müəyyən addımlar atılacaq ki, sərmayələr qoyulsun. Burada bir sıra şəxslər iştirak edə bilər. Polşa bu sahədə işbirliyinin qurulmasında maraqlıdır. Polşa bu sahədə artıq işləyir. Həmçinin digər sahələrdə, sənayenin başqa sahələrində də Azərbaycan ilə əməkdaşlıq edə bilərik. Hesab edirik, biz nəinki artıq gördüyümüz işi dəyərləndirməliyik, eyni zamanda, mövcud qarşılıqlı sərmayə imkanlarını araşdırmalıyıq ki, biznes sahəsində bu işə birgə baxaq. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12