ADA Universitetində keçirilən məzun günündə İlham Əliyevin nitqi
26 may 2018, 20:30
Əziz dostlar, bu gün ADA Universitetində məzun günüdür. Bu münasibətlə bütün məzunları ürəkdən təbrik edirəm, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Məzunlar üçün yeni dövr başlayır. Mən əminəm ki, universitetdə aldıqları biliklər onlara həyatda layiqli yer tutmaq üçün kömək edəcəkdir. ADA Universiteti Azərbaycanın aparıcı ali məktəblərindən biridir. Bu universitetdə təhsilin səviyyəsi çox yüksəkdir. Universitet həm ölkəmizdə, həm xaricdə böyük nüfuz qazanmışdır və bu gün burada səsləndi ki, universitetdə 41 ölkədən tələbələr oxuyur. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, doğrudan da ADA qısa müddət ərzində çox yüksək nüfuz qazanaraq ölkəmizin aparıcı ali məktəblərindən birinə çevrilmişdir.
ADA-da təhsil alan tələbələr əminəm ki, gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaqlar, ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verəcəklər. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan tələbələrinin xaricdə təhsil almaları üçün müvafiq proqramlar qəbul edildi, vəsait ayrıldı və bizim gənclərimiz dünyanın aparıcı ali məktəblərinə ezam olundular. Bu proqramların çox böyük faydası oldu, minlərlə Azərbaycan gənci xaricdə yüksək təhsil alaraq Vətənə qayıdıblar və bu gün ölkəmizin inkişafında fəal rol oynayırlar. Ancaq, əlbəttə, əsas vəzifəmiz ondan ibarət olmalıdır ki, Azərbaycanda təhsilin səviyyəsi artsın və beynəlxalq standartlara cavab versin. ADA Universitetinin yaradılması bu məqsədi güdürdü. Bu gün tam əminliklə demək olar ki, burada tələbələrə verilən biliklər, təhsil ən yüksək standartlara uyğundur. Mən ADA-nın bütün professor-müəllim heyətinə, universitetin rəhbərliyinə gördükləri işlərə görə minnətdarlığımı bildirmək və onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulamaq istəyirəm.
Təhsil hər bir dövlətin gələcəyidir. Bu sözlər dəfələrlə müxtəlif kürsülərdən səsləndirilib. Yəqin ona görə ki, bu, həqiqətdir, bu, doğrudan da belədir. Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklər. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir. Mən əminəm ki, bizim gənclərimiz məhz bu istiqamətdə öz fəaliyyətlərini davam etdirəcəklər. Mən bilirəm ki, bizim gənclərimizin mütləq əksəriyyəti dediyim meyarlara tam uyğundur.
Ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır. Eyni zamanda, təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir. Buna müəyyən vaxt, zaman lazımdır. Ancaq biz düzgün yoldayıq və əminəm ki, ölkəmizin uğurlu inkişafını güclü kadr potensialı təmin edəcək. Əsas məqsəd bundan ibarətdir və biz ADA-nın timsalında, digər aparıcı ali məktəblərimizin timsalında bunu görürük. Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır. Təhsilə göstərilən diqqət bizim büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və müdafiə xərcləri əlbəttə ki, prioritet məsələ olmalıdır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi də bu hədəfə yaxınlaşacaqdır.
Bildiyiniz kimi, ADA Azərbaycan Diplomatik Akademiyası kimi yaradılmışdır və bunun adında da bu, öz əksini tapır. Əlbəttə ki, burada bundan sonra digər fənlər üzrə tədris proqramları tərtib edildi, universitetin maddi-texniki bazası möhkəmləndirildi. Bakının bu gözəl guşəsində indi gözəl universitet şəhərciyi yaradılmışdır. Buraya gələrkən mənə yeni korpusların tikintisi ilə bağlı məlumat verildi. Mən çox şadam ki, şəhərimizdə belə müasir təhsil şəhərciyi vardır. Mən ADA-nın gələcək genişləndirmə proqramını da bəyənirəm. Azərbaycan dövləti, əlbəttə, bu məsələlərin həllinə diqqət yetirəcək və lazımi vəsait də ayrılacaq ki, bu işlər davam etdirilsin.
Ancaq nəzərə alsaq ki, ADA universitetinin əsas məqsədi xarici siyasətlə bağlı kadrlar hazırlamaqdır, mən xarici siyasətimizlə bağlı bir neçə fikrimi bildirmək istəyirəm. Azərbaycanın xarici siyasəti prinsipial siyasətdir və müstəqil siyasətdir. Hesab edirəm ki, buna görə biz beynəlxalq aləmdə böyük nüfuza malikik və bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır. Bizimlə hesablaşırlar, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin saylı getdikcə artır və bütün beynəlxalq arenalarda Azərbaycan öz milli maraqlarını müdafiə edir. Xarici siyasətimiz daxili siyasətimizin davamıdır və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına və iqtisadi maraqlarımızın təmin edilməsi istiqamətinə hesablanan xarici siyasətdir.
Müstəqil siyasət aparmaq xüsusilə bizim bölgəmizdə və indiki şəraitdə o qədər də asan məsələ deyil. Ancaq bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, biz müstəqil siyasətimizlə xalqımızın maraqlarını təmin etməliyik. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Məhz buna görə hesab edirəm ki, biz böyük hörmətə nail ola bildik və bunun əyani təzahürü BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. 155 ölkə Azərbaycana etimad göstərib bizi dünyanın ən mötəbər qurumu olan Təhlükəsizlik Şurasına üzv seçmişdir. Bu, bizim beynəlxalq nüfuzumuzun bariz nümunəsidir. O gündən artıq bir neçə il keçibdir. Mən tam əminəm ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə daha da möhkəm dayaqlara və hörmətə layiq bir ölkədir.
Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz prinsipial mövqeyimizdən bir addım geri dönmürük və dönməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır. Beynəlxalq hüququn normaları da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqləyir və bu məsələ ilə bağlı mötəbər beynəlxalq təşkilatların bir çox qərar və qətnamələri vardır. Onların arasında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri bizim mövqeyimizi daha da gücləndirir və münaqişənin həlli üçün hüquqi əsaslar yaradır. Son vaxtlar Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ECO və digər təşkilatlar tərəfindən məsələ ilə bağlı qərarlar qəbul edilib. Bu məsələ ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır.
Biz bu məsələ ilə bağlı bundan sonra da prinsipial siyasət aparacağıq. Ancaq bunu da yaxşı bilirik ki, bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir. Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə, biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq.
Bu gün dünyada güc amili ön plana çıxır. Biz bunu demək olar ki, hər gün görürük. Əlbəttə, biz bu istiqamətdə öz addımlarımızı atmışıq və atacağıq. Son illər ərzində ordu quruculuğuna ayırdığımız diqqət və qoyduğumuz vəsait bir daha göstərir ki, biz düzgün yoldayıq və bu yolu davam etdirəcəyik.
Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır. Biz regional əməkdaşlıq formatlarının yaradılmasına çalışmışıq və demək olar ki, buna nail ola bilmişik. Bizim təşəbbüsümüzlə hazırda bölgədə dörd üç və dördtərəfli regional əməkdaşlıq formatı mövcuddur. Biz bu əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşuq. Onların çox praktiki mənası var. Bu əməkdaşlıq bu formatlarda iştirak edən bütün ölkələr üçün faydalıdır. Biz bu işi davam etdirəcəyik. Biz bu bölgədə yaşayırıq və əlbəttə, bölgədə sülhün, sabitliyin təmin edilməsi, o cümlədən beynəlxalq əməkdaşlıqdan asılıdır. İşğalçı Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Əksinə, bizim bütün ölkələrlə əlaqələrimiz inkişaf edir. Bu əlaqələr bərabərhüquqlu əlaqələrdir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq əsasında formalaşan əlaqələrdir. Biz heç bir ölkənin daxili işinə heç vaxt qarışmamışıq və qarışmırıq. Əlbəttə ki, eyni yanaşmanı bütün ölkələrdən gözləyirik və bunu təmin edirik. Ona görə regional çərçivədə əməkdaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin üzərində qurulubdur. Biz bu ikitərəfli əlaqələri çoxtərəfli əlaqələrə çevirə bilmişik.
Bu gün bizim təşəbbüsümüzlə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrinin uğurla icra edilməsi, o cümlədən regional vəziyyətdən də asılıdır. Biz bu vəziyyəti özümüz dəyişdiririk, müsbətə doğru dəyişdiririk. Bizim xarici siyasət konsepsiyamızda qarşılıqlı faydalı əməkdaşlıq xüsusi yer tutur. Biz hesab edirik ki, qonşu ölkələr, dost ölkələr bir-birinə kömək etməlidir, bir-birinin problemlərini qəbul etməlidir və birgə səylərlə problemlərin həlli işində çalışmalıdırlar.
Biz çox uğurlu enerji diplomatiyası aparırıq. Bizim nəhəng enerji layihələrimiz, o cümlədən böyük dərəcədə diplomatik səylər nəticəsində mümkün olmuşdur. Əlbəttə ki, burada bir neçə amil öz rolunu oynayır - həm iqtisadi baxımdan Azərbaycanda mövcud olan gözəl investisiya iqlimi, sabitlik, əmin-amanlıq, beynəlxalq əməkdaşlıq və həm də bizim diplomatik səylərimiz. Çünki biz enerji layihələrimizi ancaq qonşu və dost ölkələrlə birlikdə icra edə bilərik. Bizim açıq dənizlərə çıxışımız yoxdur. Ona görə istənilən enerji layihəsi beynəlxalq əməkdaşlıq tələb edir. Ona görə enerji diplomatiyamız da çox uğurlu olmuşdur və bu gün bunu bütün dünya etiraf edir. Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik. Bir neçə gündən sonra rəsmi açılışı olacaq Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir, tarixi qələbəmizdir.
Biz nəqliyyat diplomatiyasını uğurla icra edirik. Demək olar ki, enerji dəhlizlərinin marşrutu ilə inkişaf edən nəqliyyat marşrutları, o cümlədən çox ciddi diplomatik səylər nəticəsində mümkün olub. Biz Avrasiyanın nəqliyyat xəritəsini də yenidən tərtib etmişik və bu işlərdə uğurlar qazanmışıq. Deyə bilərəm ki, enerji, nəqliyyat diplomatiyası ilə bağlı bizim bütün təşəbbüslərimiz, bütün addımlarımız uğurlu olub və həm bizə, həm bizimlə bərabər işləyən ölkələrə böyük dividendlər gətirir və bizi bundan sonra da hələ böyük mənfəət gözləyir. Bu gün icra edilən layihələr ölkəmizin qüdrətini uzunmüddətli formatda təmin edəcək, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Əlbəttə, bax, bu layihələrin icrasında diplomatik səylər böyük rol oynayır.
Əlbəttə, biz təbii resurslarımızdan səmərəli şəkildə istifadə edərək ölkəmizi inkişaf etdirdik, gücləndirdik. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Azərbaycanda böyük quruculuq işləri aparılır. Mən bilirəm ki, ADA Universitetində biznes fənlərə, iqtisadi fənlərə böyük diqqət göstərilir. Hesab edirəm ki, biz bu sahədə də çox təsirli nailiyyətlərə imza atdıq. Bu gün Azərbaycan iqtisadiyyatı tam daxili resurslar üzərində qurulmuş iqtisadiyyatdır, heç bir xarici maliyyə institutundan, yaxud da ki, xarici ölkədən asılı olmayan iqtisadiyyatdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə böyükdür. Biz istənilən vaxtda bütün borcları ödəyə bilərik.
Biz gözəl sərmayə iqlimi yaradaraq ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik. Yoxsulluqla, işsizliklə bağlı atılan addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Biz gənc müstəqil dövlətik. Ancaq biz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdəyik. Biz dünya miqyasında inklüziv inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında üçüncü yerdəyik. Yəni, bütün bu rəqəmlər dediyim sözlərin əyani təsdiqidir.
Əminəm ki, bu gün ölkə qarşısında duran vəzifələr uğurla icra ediləcək. Çünki bizim güclü iqtisadi potensialımız, çox müsbət beynəlxalq nüfuzumuz var. Çox dinamik cəmiyyətimiz, fəal gənclərimiz, çox bilikli vətəndaşlarımız və güclü siyasi iradəmiz var. Əsas vəzifə ondan ibarətdir ki, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin edilsin. Bu isə bax, bu gün burada əyləşən və bizim başqa ali məktəblərdə bu gün eyni tədbiri keçirən gənclərdən asılıdır. Bir daha demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir. Gələcəkdə ölkəmizin taleyi, müstəqilliyi, xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona görə gənclər daim Vətən sevgisi ilə yaşamalıdırlar, peşəkar, bilikli, Vətənə bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz bu yüksək meyarlara daim cavab verəcəklər.
Əziz gənclər, mən bir daha sizi məzun günü münasibətilə təbrik etmək istəyirəm. Demək istəyirəm ki, sizin qarşınızda bütün imkanlar mövcuddur. Siz gözəl, qüdrətli ölkədə yaşayırsınız. Siz gözəl təhsil almısınız. Siz xarici dillər bilirsiniz. Əminəm ki, siz tam yetişmiş peşəkarlar kimi istənilən sahədə işləyə bilərsiniz. Mən sizə ancaq və ancaq uğurlar arzulamaq istəyirəm. Arzulamaq istəyirəm ki, siz bu gözəl şansı əldən verməyəsiniz, həyatda layiqli yer tutasınız və ölkəmizin inkişafına öz dəyərli töhfənizi verəsiniz. Bir daha təbrik edirəm və uğurlar arzulayıram. Sağ olun.