Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində İlham Əliyevin nitqi

01 avqust 2018, 12:00
Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində İlham Əliyevin nitqi

Bu gün Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil təqdim olunur. Dövlət bu mənzilləri satın alıb və sizə hədiyyə edir. Eyni zamanda, bu gün sizə 136 minik maşını da verilir. Bu da dövlət tərəfindən sizə verilən növbəti hədiyyədir.

Deməliyəm ki, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını verilmişdir. Yəni, bu, dövlətin sizə olan qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir. Dediyim kimi, bu gün 35 mənzil verilir. Ancaq ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm. Beləliklə, ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək. Biz çalışmalıyıq ki, bu proqramı tezliklə başa çatdıraq. Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar.

Dövlət öz siyasətini aparır. Bu kateqoriyadan olan insanların məşğulluq problemləri də həll olunur. Bildiyiniz kimi, biz indi genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlamışıq. Hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq. Hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcək ki, onlar öz biznesini, öz işini qura bilsinlər. Göstəriş verilmişdir ki, müharibə əlilləri, şəhid ailələri də mütləq bu proqramla əhatə olunsunlar. Artıq bu işlər başlamışdır, təlim kursları aparılır. Beləliklə, biz məşğulluq probleminin həllinə də çox ciddi töhfə vermiş olacağıq.

Dövlətimizin sosial siyasəti uğurla aparılır. Görülmüş işlər bunun bariz nümunəsidir. Dediyim rəqəmlər onu göstərir ki, dövlət həmişə sizin yanınızdadır. Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınmışdır. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Yəni, biz ancaq bu layihələri nəzərə alsaq görərik ki, nə qədər böyük qayğı göstərilir və bu məqsədlərə çatmaq üçün dövlət nə qədər vəsait xərcləyir.

Bu siyasət davam etdiriləcək. Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir. Biz imkan daxilində bu məsələləri həll edirik. Deyə bilərəm ki, işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar da, BMT də qeyd edir və Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir. Bəlkə də dünyada öz vətəndaşlarına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bu siyasət davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində mənzillərlə, evlərlə, maşınlarla təmin ediləcəklər.

O ki qaldı, bizim iqtisadi potensialımıza, - çünki bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni, bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır.

İşğalçı dövlət indi ağır günlər yaşayır. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çökdü. Onların işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var – işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Necə ki, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 25 il əvvəl qətnamə qəbul edib və orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə qalacaq. Ona görə münaqişənin həlli üçün yol, bax, bu yoldur.

Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni, tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır. Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik.

Eyni zamanda, Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər.

Biz bunu istəyirik. Ancaq, eyni zamanda, dediyim kimi, münaqişənin tezliklə və mərhələli yollarla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərdik. Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaqdır.

Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır.

Sizə isə Azərbaycan dövləti bundan sonra da qayğı və diqqət göstərəcək. Buna əmin ola bilərsiniz. Biz əlimizdən gələni edəcəyik ki, bu gün növbədə dayanan şəhid ailələri, müharibə veteranları tez bir zamanda sizin kimi mənzillərlə, maşınlarla təmin olunsunlar.

Mən sizi ürəkdən təbrik edirəm, salamlayıram, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50