Ağdam Muğam Mərkəzinin açılışında İlham Əliyevin nitqi
05 noyabr 2018, 14:00
Əziz dostlar, bu gün Ağdam rayonunun tarixində çox əlamətdar bir gündür. Biz Ağdam Muğam Mərkəzinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Ağdam sakinlərini ürəkdən təbrik edirəm.
Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər.
Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə muğam mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində - bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.
Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir.
Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bu gün burada toplaşan incəsənət xadimləri bu gözəl sənəti yaşadan insanlardır. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır.
Mən qeyd etdim ki, bizim incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırır. Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyüsün və gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsin. İki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Ağdam rayonunda da dağıntılara məruz qalmış 600-dən çox ev qısa müddət ərzində bərpa edildi, yenidən tikildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir. Döyüşlərdən sonra biz Mehriban xanımla birlikdə Ağdamda olduq, dağılmış evlərin sahibləri ilə görüşdük. O vaxt mən söz verdim ki, bütün evlər qısa müddət ərzində bərpa ediləcək, belə də oldu. 2016-cı ilin sonunda biz növbəti dəfə Ağdama gələrək artıq tikilmiş, bərpa olunmuş evlərin açılışında iştirak etdik. Bir neçə gün bundan əvvəl buraya səfərə hazırlaşarkən mənə məruzə edildi ki, təmas xəttinə yaxın olan 19 kənddə hələ də təmirsiz 121 ev var. Bu evlərin yenidən tikilməsi, bərpası ilə bağlı müvafiq Sərəncam veriləcəkdir.
Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir.
Biz hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə bizim torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl biz nümayiş etdirdik ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də. Bu il Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində apardığımız uğurlu əməliyyat nəticəsində on min hektardan çox ərazi, o cümlədən strateji əhəmiyyət daşıyan yüksəkliklər bizim nəzarətimizə keçdi. Biz indi strateji kommunikasiyalara, yollara, o cümlədən Ermənistan ərazisindəki yollara, Dağlıq Qarabağa gedən kommunikasiyalara tam nəzarət edirik.
Yəni, bütün bu amillər onu göstərir ki, bizim iradəmiz də, gücümüz də var. Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir. Çünki, əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq.
Biz son illər ərzində Ağdam rayonunun inkişafına da böyük diqqət göstərmişik. Rayonun infrastrukturunun yenilənməsi, yaradılması istiqamətində böyük işlər görülüb. Bu gün biz gözəl Muğam Mərkəzinin açılışını qeyd edirik. Eyni zamanda, bu gün Ağdam rayonunda xalça fabrikinin açılışı gözlənilir, iki yol layihəsinin açılışını qeyd etdik. Bu yolların uzunluğu 66 kilometrdir. Ümumiyyətlə, deyə bilərəm ki, Ağdam rayonunun yol infrastrukturu təxminən 95 faiz təzələnib, yeni yollar salınıb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir. İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün mən 2016-cı ildə 30 subartezian quyusunun qazılması haqqında Sərəncam imzalamışam. Növbəti Sərəncam imzalanacaq və əlavə 35 subartezian quyusunun qazılması, eyni zamanda, yeni məktəbin tikintisi təmin ediləcəkdir. Əvvəlki illərdə Ağdam rayonunda xəstəxana, doğum evi, uşaq xəstəxanası, Olimpiya İdman Kompleksi tikilib. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salınıb. Mənə verilən son məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır.
Mən sizi bir daha salamlayıram və bu mərkəzin açılışı münasibətilə təbrik edirəm.