İlham Əliyev Real TV-yə müsahibə verib

12 fevral 2019, 16:05
İlham Əliyev Real TV-yə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. Müsahibəni təqdim edirik.

-Cənab Prezident, müsahibəyə vaxt ayırdığınız və bizi qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm və bunu biz Azərbaycan mətbuatına, mediasına Sizin diqqətiniz kimi qəbul edirik, təşəkkür edirəm.

-Sağ olun. Siz bilirsiniz ki, mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq.

-Təşəkkür edirəm cənab Prezident, biz bunu hiss edirik, qiymətləndiririk. Ümidvaram ki, bu ənənə davamlı olacaq.

Azərbaycanda 2019-cu il islahatların yeni və daha genişmiqyaslı dalğası ilə başlandı. Biz islahatların əhatə dairəsini və əsas hədəflərini mahiyyət etibarilə inqilabi adlandırırıq. Sizcə yanılmırıq ki?

-Mən hesab edirəm ki, siz çox düzgün təhlil apararaq belə bir qənaətə gəlmisiniz. Doğrudan da 2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi.

Onu da deməliyəm ki, Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir. İslahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur. Əgər biz o illəri xatırlasaq görərik ki, ən böyük siyasi islahatlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, hakimiyyətə gələnə qədər Azərbaycanda senzura mövcud idi. Siz də o vaxt gənc jurnalist kimi bu senzura şəraitində fəaliyyət göstərirdiniz. Senzuranın ləğv edilməsi Heydər Əliyev tərəfindən aparılan çox ciddi islahat idi. Azərbaycana sərmayə qoyuluşunun, xarici sərmayə qoyuluşunun cəlb edilməsi işində çox böyük islahatlar aparıldı. “Əsrin müqaviləsi”, – o vaxt postsovet məkanında bunun tayı-bərabəri yox idi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu islahatlar aparıldı. Torpaq islahatı, hansı ki, biz bu gün də onun qoyduğu yolla gedirik və Azərbaycanda fermerlər torpaq vergisi istisna olmaqla, heç bir başqa vergi vermirlər. Bilmirəm dünyanın hansı ölkəsində buna oxşar mənzərə var? İqtisadi islahatlar aparılmışdır.

2003-cü ildən islahatların yeni mərhələsi başlandı və hesab edirəm ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Çünki bu proqram bizə imkan verdi ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirək və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılması işində nəticələr əldə edək. Əgər həmin illəri xatırlayırsınızsa, o vaxt biz infrastruktur baxımından çox geridə idik. Elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilirdi. Bu gün Azərbaycan nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz səviyyəsində idi. Bu gün ən ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İçməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz. Bakı şəhərində bu, 80 faizdən çoxdur. Ancaq bu, böyük bir islahat idi. Digər infrastruktur layihələrinə gəlincə, misal üçün, biz artıq bir neçə ildir ki, 5 milyon insana pulsuz tibbi müayinə xidməti göstəririk. Bu, nəyə görə mümkün olub? Ona görə ki, son illərdə ölkəmizin hər bir yerində müasir xəstəxanalar, diaqnostika mərkəzləri yaradılıb. Yəni, bu imkan yaradılıb ki, biz indi ondan istifadə edək. İqtisadi sahədə aparılmış islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı islahatlar bu yeni reallıqları ortaya qoydu.

Biz birinci dəfə Dünya Bankının “Doing Business” hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatdır. Baxın, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi məsələdir. Ona görə islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsidir. Bu gün isə qarşımızda yeni vəzifələr durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüquq prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq. Biz iqtisadi müstəqilliyi əldə edəndən sonra əlbəttə ki, öz siyasi addımlarımızı daha inamla atırıq və ölkəmizin maraqlarını daha böyük dərəcədə qoruyuruq.

Ona görə 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.

Yəni, bugünkü reallıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq əsas prinsip olmalıdır. Deyə bilərəm ki, keçən il hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək. Siz bilirsiniz ki, bu yaxınlarda minimum əməkhaqqının qaldırılması ilə bağlı çox ciddi addım atılmışdır, digər sosialyönümlü addımlar atılmışdır. Biz nəyin hesabına buna nail ola bilmişik? Ona görə ki, bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır.

-Şəhid ailələri, təqaüdçülər, aztəminatlı ailələr, yığcam şəkildə desək, islahatların mərkəzində sadə azərbaycanlılar dayanır. Özü də mən burada heç də yalnız şəhid vərəsələrinə verilən birdəfəlik müavinətləri, minimum əməkhaqqının, təqaüdlərin artırılmasını nəzərdə tutmuram. Mənə elə gəlir ki, söhbət daha dərin, daha böyük mətləbdən gedir. Söhbət vətəndaş-dövlət təmasının yeni formatına keçiddən gedir.

-Tamamilə haqlısınız. Əlbəttə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir – dövlət-vətəndaş münasibətlərinin. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar.

Eyni zamanda, Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, biz hələ müstəqilliyimizin ilk illərindəyik. Bizim müstəqilliyimizin cəmi 27 yaşı var. Ona görə hər bir vətəndaş öz işi, əməyi, dövlətə olan sədaqəti ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir. Hesab edirəm ki, Azərbaycan bu sahədə də nümunəvi ölkədir. Çünki Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır. Yəni, bizim prinsiplərimiz bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır. Gətirdiyim misallar buna əyani sübutdur.

Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verdiyi zaman dövlət vətəndaşın yanındadır. Bu yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə, dövlət qurumları mənim tapşırığımla öz dəstəyini göstərirlər və göstərəcəklər. Bundan əvvəl şimal-qərb bölgəsində bundan daha böyük zəlzələ olmuşdur. Daşqın olmuşdur, minlərlə sakin evsiz-eşiksiz qalmışdır. İnkişaf etmiş ölkələrdə belə olan hallarda nə baş verir? Vətəndaş hansı ki, öz evini sığortalayıb, gedir sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, - əgər ala bilsə, - və o pulla özü üçün yeni ev tikir. Yəni, aylarla, bəlkə də illərlə vətəndaş öz məişət problemini həll edə bilmir. Azərbaycanda nələr baş verir?! Dərhal bütün dövlət qurumları səfərbər olunur, dövlət maliyyə vəsaiti ayırır və evini itirmiş vətəndaşa dövlət xətti ilə ev tikilir. Hansı başqa ölkədə bunlar var?! Bunu deməklə mən öyünmək istəmirəm, sadəcə olaraq, həqiqətləri demək istəyirəm.

Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq.

-Şamaxıya gedəndə 92 yaşlı Saray nənə ilə görüşdük. Deyim, cənab Prezident, o, bu saat da Sizinlə görüşün təəssüratları altındadır.

-Saray nənəni xatırlatdınız. Hesab edirəm ki, Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirir. Saray nənə kimi nənələr, analar bizim milli-mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olublar. Hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyir. Məncə, bu, belədir. Baxın, evi dağılmış 92 yaşında bir qadın, bu adamda nə qədər nikbinlik var. Çünki Saray nənədə inam var ki, dövlət onun yanında olacaq. Sözün düzü, mən Şamaxıya gedəndə bilmirdim ki, Saray nənə ilə rastlaşacağam. Mən gedib zəlzələdən ziyan çəkmiş evlərə baxırdım, oradakı vəziyyətlə tanış olurdum. Saray nənəni görəndə mən bir daha əmin oldum ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz xalqımızla fəxr edə bilərik. Ən ağır vəziyyətdə, evi uçub. Sözün düzü, yəqin heç bilmirdi ki, kimsə onun köməyinə gələcək, ya gəlməyəcək. Onun evi təmir olunacaq, ya olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox. Amma bu insanda nə qədər inam, nikbinlik, xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Biz əsrlər boyu yaşayan bir xalq, bir millət, inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə borcluyuq. Ona görə bu görüş məndə də çox böyük təəssürat yaratdı, böyük bir iz buraxdı. Ümid edirəm ki, tezliklə Saray nənə ilə bir daha görüşəcəyəm və onun yeni evinin açarını ona təqdim edəcəyəm.

-Biz artıq məzmunca yeni bir Azərbaycanda yaşadığımızın fərqindəyik. Xeyli köhnə vərdişlər var idi ki, onlardan qurtulmuşuq. "ASAN xidmət"in təsiri ilə başlanan yeni həyat tərzinə, müasir, halal, şəffaf dövlətdə yaşamağa artıq öyrəşmişik. İslahatların yeni qanadı da bizdən təfəkkür mödelimizi tamam dəyişməyi tələb edir. Yəni, köhnə təfəkkür artıq bugünkü Azərbaycana yaramır. Son nəticədə hədəfiniz nədir?

-Əlbəttə ki, bugünkü Azərbaycan əvvəlki Azərbaycandan çox fərqlənir. Bugünkü Azərbaycan müasir dövlət kimi özünü artıq təsdiqləyib. Ölkədə aparılan islahatlar bizim niyyətimizi, siyasətimizi əks etdirir. Siz "ASAN xidmət"i yada saldınız. "ASAN xidmət" əslində ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. "ASAN xidmət"in əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yəni, bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı.

"ASAN xidmət" mənim təşəbbüsümlə yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər "ASAN xidmət"i çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə "ASAN xidmət"i doğrudan da nadir bir ictimai xidmət mərkəzinə çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, - mən 15 mərkəzin açılışının hər birində olmuşam, - görmüşəm ki, edilən təqdimatlarda hansısa bir yenilik var. Yəni, bu, onu göstərir ki, orada çalışan insanlar, - onların mütləq əksəriyyəti gənclərdir, - çox böyük həvəslə, böyük sevgi ilə bunu edirlər. Onlarda böyük ruh yüksəkliyi var. Onlar istəyirlər ki, ölkəmizdə işlər daha yaxşı getsin, istəyirlər ki, bu işlərə öz töhfələrini versinlər. Yəni, "ASAN xidmət" çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür. Orada işləyən gənclər bizim gələcəyimizdir. "ASAN xidmət"də korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Yəni, mənfi halların qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bunu bizə tövsiyə etməmişdir. Qərar da bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürlər. Ona görə bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. Sirr deyildir ki, "ASAN xidmət"ə qədər bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirirdilər, digər xoşagəlməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu, artıq keçmişdə qaldı. "ASAN xidmət"də təlim keçmiş 17 min könüllü tam yeni təfəkkürlü insanlardır. Onların amalı vətəndaşlara xidmət etməkdir, özü də təmənnasız. Gələcəkdə bu könüllülər, - artıq onların bir çoxu indi müxtəlif təşkilatlarda işləyirlər, - vətəndaşlarla təmasda tam yeni bir mövqe, tam yeni bir yanaşma nümayiş etdirəcəklər.

Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisidir - Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər. "ASAN Könüllüləri" bax, bu prinsiplərlə yaşayırlar. Ona görə bu, böyük bir hərəkatdır. Məhz buna görə bu il 5 yeni "ASAN xidmət" mərkəzi açılacaq. "ASAN xidmət" mərkəzlərində xidmətlərin sayı da gündən-günə artır, 200-dən çox xidmət göstərilir. Əlbəttə ki, bu, çox qürurverici bir məsələdir.

O ki qaldı, “hədəfimiz nədir” sualınıza, deməliyəm ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Hədəfimiz xoşagəlməz hallara qarşı siyasətimizi bundan sonra da aparmaqdır. Burada mübarizənin bir neçə istiqaməti var, həm inzibati yollar, həm də institusional. Yəni, sistem xarakterli islahatlar. İndi "ASAN xidmət" elə qurulub ki, artıq bu sistem müstəqil formada yaşayır. Gələcəkdə orada çalışacaq vətəndaşlar bu prinsiplərə əməl edəcəklər. Əsas məsələ, əsas hədəf güclü, müasir dövlət qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss etsinlər, dövlət məmurları vətəndaşlara təmənnasız və sədaqətlə xidmət göstərsinlər.

-Cənab Prezident, 1992-ci ildə Əbülfəz Elçibəy haqqında belə bir söz demişdim: "Zəif Prezident, əliboş komandan". Mənim qarşımda indi güclü Prezident və gerçək Ali Baş Komandan var. Elə bilirəm ki, buradan Dağlıq Qarabağ ətrafındakı vəziyyət mövzusuna keçək. Həm də ona görə ki, bizim ortada 2016-cı ilin Aprel rəşadəti, 2018-ci ilin Naxçıvan uğurları var və elə gizlətməyək, 2019-cu ildən də uğurlar gözləyənlərimiz var, mən daxil olmaqla. Nəyə əsaslanırıq?

-Bilirsiniz, mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, tam əminəm, əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Tam əminliklə bunu deyirəm. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə, ölkəmizin maraqlarını qoruya bilməmişlər. Xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olmuşdur. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi və çevriliş ərəfəsində Şuşa, Laçın işğal altına düşmüşdü. Çevrilişdən bir il keçmədən - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdü və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yarandı. Heydər Əliyev buna heç vaxt imkan verməzdi. Çünki onun siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır. Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Biz son illər ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratdıq. Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər - BMT-nin Baş Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ərazi bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin toxunulmazlığı haqqında dəstək ifadə olunub. Yəni, bu, münaqişə üçün hüquqi baza yaradır. Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.

Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan Ordusu dünyada güclü ordular sırasındadır. Bizim döyüş qabiliyyətimiz, imkanlarımız artır. Biz ordumuzu ən müasir texnika ilə təchiz edirik. Aprel döyüşləri bizim gücümüzü göstərdi. Ən əlverişsiz hərbi mövqelərdən əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri əldə etdik. Torpaqlarımızı işğalçılardan azad etdik. Bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Mən Lələtəpədə olanda, orada Azərbaycan bayrağını görəndə qürur hissi keçirirəm. Hər biz Azərbaycan vətəndaşı qürur hissi keçirir. Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərmişlər. Aprel döyüşləri tarixi hadisədir. Bu döyüşlər Ermənistanın uzun illər ərzində yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy formalaşdırmağa çalışırdılar ki, guya onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O mif tamamilə dağıdıldı. Aprel döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə qaldırdı. Ona görə bu hadisə bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.

Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. O, taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri, dağları tam nəzarətə götürək və bu dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət edək. Yəni, bütün bunlar ordumuzun qüdrətini, peşəkarlığını əks etdirən önəmli hadisələrdir. Bütün bunlar onu göstərir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bildiyiniz kimi, Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də əlbəttə ki, belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik. Bu gün danışıqlar Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar aparılıb. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır. Ona görə danışıqların aparılması əlbəttə ki, müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir daha onu göstərir ki, Ermənistanın yeni rəhbərliyinin ilk mərhələdə bəyan etdiyi prinsiplər tamamilə qəbuledilməzdir.

Digər tərəfdən, mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq.

- 1990-cı illərdə yəqin ki, Azərbaycanı hətta turistin gözündən gizlətmək lazım idi ki, gəlib görməsinlər. Amma indi vəziyyət o dərəcədə dəyişib ki, gəlsinlər də, görsünlər də. Belə olanda kosmik kluba üzvlüyümüzün də təbii ki, əsası məntiqli olur, təbii ki, Formula 1 yarışlarının Bakının küçələrində keçirilməsi də əsaslı olur. Bir zamanlar Siz deyəndə ki, Azərbaycanda beşulduzlu, yeddiulduzlu otellər tikilməlidir, bəlkə də bunlara bir az anlaşılmaz, hətta mümkün olmayan bir şey kimi baxırdılar. Amma bu gün görürük ki, belə otellərin sayı azlıq edir, artırmaq lazımdır. Belə deyək, qonaqlarımızın ölkəmizə xoş gəlib, səfa gətirmələrindən ötrü daha nələri etmək niyyətindəsiniz, cənab Prezident.

- Bilirsiniz, turizm hər bir ölkə üçün çox önəmli bir sahədir. Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlıdır. Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq. İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər idi. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı. Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu. 2017-ci ildə turistlərin sayı 20 faiz artdı. Amma o 22 faizin üstündə olan rəqəmdir. Təsəvvür edin nə qədər. Deməli, keçən il 6 faiz artdı. Artım böyük deyil, amma artıq baza yüksəkdir. Bu ilin yanvar ayında yenə də artır. Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox.

Biz xidmət sektorunda bundan çox böyük xeyir götürürük. Azərbaycanı dünyada tanıtmaq üçün bunun çox böyük əhəmiyyəti var. Turizm ixracın bir növüdür. Mən bir müqayisə gətirim sizin üçün. Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önəmli istiqamətidir.

-Mən istəyirəm Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışınıza toxunaq. Ona görə ki, bu, sadəcə, çıxış deyildi, bu, Azərbaycan gəncləri üçün dövlət başçısının elan etdiyi platforma idi. Ümumiyyətlə, kadr siyasətinizdə gənclərə verilən xüsusi önəm də diqqət mərkəzindədir. Bütün bunları nəzərə alaraq, Sizin gənclərlə bağlı xəttinizi təxminən belə elan etmək olarmı ki, müstəqil dövlət üçün sağlam, kreativ və güclü gənclik?

-Bəli, bu forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500 gənc öz iradəsini, dövlətə olan sədaqətini göstərdi. Forum məndə çox böyük təəssürat yaratdı. Yəni, mənə çox böyük, gözəl təəssürat bağışladı. Bir daha gördüm ki, Azərbaycan gəncləri dövlətə, Vətənə nə qədər sədaqətlidir, nə qədər cəsarətlidir, nə qədər biliklidirlər. Gənclərin gələcəkdə həyatda layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda bütün şərait var. Gənclər üçün imkanlar açılır, gənclər dövlət işinə dəvət olunurlar. Mən göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumları könüllüləri işə cəlb etsinlər. Yəni, təkcə “ASAN”da yox, başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı yaradıldı. Hesab edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə qazanmalıdırlar və özlərini gələcəyə hazırlamalıdırlar.

Mən çıxışımda gənclərə öz sözümü dedim. Dedim ki, əlbəttə, bilikli, savadlı olmalıdırlar. Çünki hər bir ölkənin inkişafı vətəndaşların intellektual səviyyəsindən asılıdır, təbii sərvətlərdən yox, hansısa başqa qaynaqlardan yox, məhz intellektual səviyyədən. Baxın, inkişaf etmiş ölkələrin təcrübəsinə. Onlar nəyin hesabına inkişaf ediblər? Texnologiyaların, innovasiyaların, biliyin, savadın. Ona görə Azərbaycan gəncləri də mütləq bilikli, savadlı olmalıdırlar. Eyni zamanda, mən forumda da bunu dedim, gənclərimiz milli ruhda tərbiyə almalıdırlar. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi qorumuşuq. Halbuki bu, çətin idi. Nəyin hesabına? İlk növbədə, ona görə ki, biz həmişə milli-mənəvi dəyərlərə sadiq olmuşuq, həmişə Azərbaycan dəyərlərini qorumuşuq. Bunu əsrlər boyu ən əlverişsiz mühitdə qorumuşuq, bu gün də qorumalıyıq. Bunu qoruyan nəsillərdir - yaşlı nəsil, gənc nəsil. Bu gün biz bunu qoruyuruq və Azərbaycanın müstəqilliyinin, xalqımızın milli maraqlarının keşiyində durmuşuq. Bax, bu gün yetişən gənclər gələcəkdə eyni addımları atmalıdırlar. Bunu etmək üçün onlarda milli təfəkkür, milli düşüncə, milli ruh olmalıdır. Biz çalışırıq gəncləri bu istiqamətə yönləndirək ki, onlar böyüyəndə həmişə Azərbaycanın dövlət müstəqilliyinin keşiyində dursunlar. Ona görə hesab edirəm ki, bilik, savad, müasirlik, vətənpərvərlik, milli ruh gənclərimizin əsas prinsipləri olmalıdır. Mən şadam ki, Azərbaycan gəncləri məhz bu meyarlara cavab verirlər.

-Forumda Sizin çıxışınızdan bir sitat gətirmək istəyirəm. Mənə elə gəlir ki, bu, yeni redaksiyada təqdimat idi: “Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub”. Bu bəyanatınızı bir az açıqlamağınızı xahiş edirəm.

-Bəli, bu açıqlama təsadüfən verilmədi. Çünki yenə də deyirəm, bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq.

Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır, hər bir ölkə üçün. Mən hesab edirəm ki, hər bir ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim təşəbbüsümüzlə qonşularla artıq üçtərəfli və hətta dördtərəfli əməkdaşlıq formatı mövcuddur. Onu da bildirməliyəm ki, bunun təşəbbüskarı da Azərbaycandır.

Qonşularla yaxşı münasibətlər olmadan biz enerji, nəqliyyat layihələrimizi icra edə bilərdikmi? Əlbəttə ki, yox. Mən qeyd etdim ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Biz qonşularsız buna nail ola bilərdikmi? Əlbəttə ki, yox. Nəinki yaxın qonşularımızla, biz daha böyük coğrafiyanı əhatə edən əməkdaşlıq formatı yaradırıq. Məhz bu əməkdaşlıq formatı imkan verir ki, biz öz nəhəng, transmilli layihələrimizi uğurla və vaxtında icra edək. Ona görə bu, bizim üçün strateji əhəmiyyət daşıyan bir yanaşmadır. Mən şadam ki, bu gün qonşularımızla bizim əlaqələrimiz dostluq, mehriban qonşuluq, əməkdaşlıq üzərində qurulub və bu əməkdaşlığın çox böyük gələcəyi var.

Eyni zamanda, Azərbaycan müsəlman aləminin bir parçasıdır. Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən müsəlman ölkələridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir. Bilirsiniz, müsəlman aləmində bəzi ölkələr bir-biri ilə hələ ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr qura bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyyətlərin azaldılmasında öz rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanın rolunu çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk. Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, sadəcə, bir idman yarışı deyildi. Bu, bütün müsəlman ölkələrinin gənclərini, idmançılarını bir araya gətirən dostluq, həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi əlbəttə ki, müsəlman aləmində bizim rolumuzu daha da gücləndirdi. Ona görə xarici siyasətimizin önəmli istiqaməti müsəlman ölkələri ilə əməkdaşlıqla bağlıdır.

Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə sıx əlaqələr qurub. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb - Avropa İttifaqının üçdəbir hissəsi ilə. Keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb. Bu, çox ciddi sənəddir, bir çox məsələləri əhatə edir, o cümlədən münaqişə ilə bağlı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında açıq-aydın dəstək göstərilir. Bu, böyük diplomatik uğurumuzdur. Bu, xarici siyasətimizin əsas istiqamətləridir.

Biz Qoşulmama Hərəkatının üzvüyük. Bir neçə il bundan əvvəl üzv olmuşuq. Amma dərhal Qoşulmama Hərəkatı, - BMT-dən sonra ikinci böyük təşkilatdır, - münaqişə ilə bağlı çox ədalətli qətnamə qəbul etmişdir. Biz Qoşulmama Hərəkatına sədrlik edəcəyik. Yəni, bizim beynəlxalq nüfuzumuz artır. Biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də çox çətin bir mübarizədə. On altı turdan sonra biz buna nail ola bilmişik. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, bizə inam, rəğbət var, bizim müstəqil siyasətimizə dəstək var. Bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Tərəfdaşlar bilirlər ki, bizim sözümüzün imzamız qədər qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir. Xarici siyasət daxili siyasətin məntiqi davamıdır. Ümid edirəm ki, bundan sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik.

-Elə məntiqi davam olaraq mən Azərbaycanın daxili siyasəti barədə də soruşmaq istəyirəm, cənab Prezident. Nəinki Qafqazda, MDB-də, Avropada, hətta mən dünyada Azərbaycan kimi ikinci sabit, əmin-aman bir ölkə tanımıram ki, orada dinlər və dillər, dünyanın bütün dinləri və dilləri normal ünsiyyətdə olsunlar. Buna necə nail olursunuz?

-Bilirsiniz, yəqin ki, bunun da bir çox səbəbləri var. Xüsusilə son illər ərzində dünyada, bizim regionumuzda, MDB məkanında, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir. Biz bunu gündəlik formatda televiziyadan başqa, kütləvi informasiya vasitələrindən görürük, izləyirik. Münaqişələr, qanlı toqquşmalar, müharibələr alovlanır, milyonlarla yeni köçkün dalğası yaranır. Ölkələr arasında ziddiyyətlər kəskinləşir, müttəfiqlər arasında münasibətlər pozulur. Yəni, biz dünyanın müxtəlif yerlərində bunu görürük. Təhdidlər, risklər artır. Bütün bu mənfi mənzərə fonunda, əlbəttə ki, Azərbaycanın tutduğu mövqe daha da böyük maraq doğurur, özünə daha da böyük rəğbət qazandırır. Çünki sabitlik dövründə deyə bilərlər ki, elə hər yerdə sabitlikdir. Amma bu gün, qeyd etdiyiniz kimi, Azərbaycan bu coğrafiyada sabitlik məkanıdır. Bunun bir çox səbəbləri var, ilk növbədə, hesab edirəm ki, bizim düzgün siyasətimiz, digər tərəfdən, Azərbaycanda bütün xalqların, bütün konfessiyaların bir ailə kimi yaşaması, dini-milli zəmində heç vaxt ayrı-seçkiliyin olmaması. Bu, həm bizim siyasətimizdir, həm də ki, xalqdan gələn bir niyyətdir, təşəbbüsdür, sifarişdir, eyni zamanda, aparılan işlərə xalq tərəfindən göstərilən dəstəkdir. Əsas səbəblər, məncə, bunlardan ibarətdir.

Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır. Son prezident seçkilərində mənə göstərilən böyük etimad dediyim sözlərin məntiqi sübutudur. Sabitlik olmayan yerdə ölkələr dağılır, insanlar əziyyət çəkir, fəlakətlər baş verir. Biz bunu yaxın tarixdə görürük. Ona görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə, dövlətin və hər bir vətəndaşın. Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Bu, bizə imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın.

-Cənab Prezident, təşəkkür edirəm. Bizə səxavətlə vaxt ayırdınız, suallarımıza cavab verdiniz. Bütün Azərbaycan mətbuatı və mediası adından minnətdaram.

-Sağ olun.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
15:54
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Şahdəniz” qaz-kondensat...

18 dekabr 2024, 15:54
SƏNƏDLƏR Sərəncamlar 18 dekabr 2024
14:34
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                    

1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...

18 dekabr 2024, 14:34
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:02
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...

17 dekabr 2024, 17:02
SƏNƏDLƏR Fərmanlar 17 dekabr 2024
17:00
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 sentyabr tarixli 1436 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...

17 dekabr 2024, 17:00
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:21
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...

16 dekabr 2024, 17:21
SƏNƏDLƏR Fərmanlar 16 dekabr 2024
17:19
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 76-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 1901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 dekabr 2024, 17:19