14:00
İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 aprel 2019, 11:40Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xanım Valentina Matviyenkonu və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli Valentina İvanovna, hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox şadam. Siz Azərbaycana belə geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. İlk növbədə, Sizi bu yaxınlarda qeyd edilən yubileyiniz münasibətilə şəxsən təbrik etmək istərdim. Mən Sizə təbrik məktubu göndərmişdim və bir daha şəxsən təbrik etmək, ən xoş arzularımı bildirmək və işinizdə uğurlar arzulamaq istərdim. Əlbəttə, biz çox şadıq ki, yubileydən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək. Əlaqələr çoxplanlıdır, həyatın demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi mövcuddur. Təsadüfi deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir.
İkitərəfli münasibətlərin inkişafında humanitar sahənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev bu işdə Bakı Humanitar Forumunun rolunu qeyd etdi, təhsil, mədəniyyət, elm sahələrində sıx əlaqələrin mövcud olmasından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Şimal-Cənub dəhlizi ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını dedi. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.
x x x
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina MATVİYENKO dedi:
- Çox sağ olun, çox hörmətli cənab Prezident.
İlk növbədə, bizim nümayəndə heyətini qəbul etdiyinizə, parlamentlərarası əməkdaşlığa göstərdiyiniz diqqət və dəstəyə görə səmimi qəlbdən Sizə təşəkkür etmək istəyirəm. Biz sizin gözəl ölkənizdə həmişəki kimi diqqət, qonaqpərvərlik, qayğı ilə əhatə olunmuşuq. Əminəm ki, nümayəndə heyətinin bütün üzvləri üçün, - onların əksəriyyəti ilk dəfədir ki, Azərbaycandadır, - bu səfər yaddaqalan olacaq. İlk növbədə, demək istəyirəm ki, səfərdən əvvəl mən Vladimir Vladimiroviç Putinlə görüşdüm. O, xahiş etdi ki, böyük salamlarını, ən xoş arzularını Sizə çatdırım. O, bir qədər əvvəl - aprelin 2-də Sizinlə olan telefon söhbətini də xatırladı. Bu sözləri Sizə məmnunluqla çatdırıram.
Prezident İlham ƏLİYEV: Mənim də ən xoş arzularımı və böyük salamlarımı Vladimir Vladimiroviçə çatdırın.
Xanım Valentina MATVİYENKO:
-Sağ olun. Mən salamlarınızı mütləq çatdıracağam. Çox hörmətli İlham Heydəroğlu, Sizinlə şəxsən görüşməkdən çox məmnunam. Həmişə bu görüşləri xatırlayıram. Bakının necə inkişaf etməsinə heyran qaldığımı növbəti dəfə bildirməyə bilmərəm. Mən Bakıda, Azərbaycanda 5 il idi ki, olmamışdım. Çox böyük dəyişiklər var - heyrətamiz, yeni binalar, nadir memarlıq nümunələri. Bilirsiniz, düşünürəm ki, əgər Heydər Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə çox fəxr edərdi. Həqiqətən də mən çox yerlərdə, dünyanın bir çox ölkələrində olmuşam, bu cür dinamik, düşünülmüş inkişafa, belə gözəlliyə çox az yerdə rast gəlinir. Bizim səfər əlamətdar vaxta təsadüf edir. Düz bir il əvvəl Siz prezident seçkilərində inamlı qələbə qazandınız. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Sizə, Sizin daxili və xarici siyasi kursunuza güclü dəstək verdi. Bu qələbə həqiqətən olduqca layiqli və inamlı idi. Siz artıq qeyd etdiniz ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu əlaqələrin, bu kursun bünövrəsini çox hörmətli Heydər Əliyev qoyub. Əlbəttə, Rusiya-Azərbaycan münasibətlərində həlledici rol bizim ölkələrin liderlərinə, prezidentlərinə məxsusdur. Bilirik ki, Sizin ölkənizlə əməkdaşlığın genişləndirilməsinə böyük maraq var, çünki Sizin ölkədə sabitlik var, siyasi, sosial sabit vəziyyət, ölkənin iqtisadi inkişafının yaxşı dinamikası mövcuddur.
Turizm sahəsində iki ölkə arasında əlaqələrin inkişafına toxunan Valentina MATVİYENKO dedi:
-Bizim əməkdaşlığımızın yaxşı ab-havasının əlaməti odur ki, Rusiyadan Azərbaycana gələn turistlərin axını əhəmiyyətli dərəcədə artıb. Ötən il 800 min rusiyalı gəlib. Düşünürəm ki, bu rəqəm ildən-ilə artacaq.
Valentina Matviyenko Azərbaycanda rus dilinə olan münasibətlə bağlı bildirdi:
-Rus dilinə, mədəniyyətinə olan münasibətə, Azərbaycanda rus dilinin qorunub saxlanmasına yaradılan şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Valentina Matviyenko iki ölkə arasında humanitar, mədəni, informasiya, təhsil sahələrində əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, tələbə mübadiləsi proqramının reallışdırıldığını vurğuladı, ölkəmizdə Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin önəminə toxundu. Qonaq ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük töhfə verdiyini qeyd edərək dedi:
-Humanitar əməkdaşlığın inkişafına Azərbaycanın Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanımın töhfəsini biz çox yüksək qiymətləndiririk.
Valentina Matviyenko Bakı Humanitar Forumunun sivilizasiyalararası dialoqun genişləndirilməsində roluna da toxundu.
Parlamentlərarası münasibətlərdən danışan qonaq bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Sonra Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim etdi.
Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.
Azərbaycanın “Dostluq” ordeninə layiq görüldüyündən və bu ordeni Prezident Ilham Əliyevin ona təqdim etməsindən böyük şərəf duyduğunu deyən Valentina Matviyenko qeyd etdi ki, özü və Rusiya parlamentariləri bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi işində səylərini əsirgəməyəcəklər.
Dövlətimizin başçısı Valentina Matviyenkonun Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
14:00
13:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
28 noyabr 2024, 13:5811:04
Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə...
28 noyabr 2024, 11:0411:02
Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
COP29-da iştirak etmək üçün...
28 noyabr 2024, 11:0211:00
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr...
28 noyabr 2024, 11:0015:35
PDF yükləyin
27 noyabr 2024, 15:3515:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:3315:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:2915:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2615:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:2415:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2213:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49