İlham Əliyev Əl-Cəzirə Televiziya kanalının müxbirinə müsahibə vermişdir

11 oktyabr 2011, 17:00
İlham Əliyev Əl-Cəzirə Televiziya kanalının müxbirinə müsahibə vermişdir

Prezident İlham Əliyev Əl-Cəzirə Televiziya kanalının müxbiri Devid Frosta müsahibə vermişdir.

- Cənab Prezident, Sizinlə burada, Bakıda olmaqdan çox məmnunam. Sovetlər İttifaqının dağılmasından 20 il ötür. Bu 20 il ərzində Azərbaycanda hansı dəyişikliklər baş vermişdir? Sovet dövründən sonra həyat şəraiti nə dərəcədə dəyişib?

- Siz dəyişiklikləri hər yerdə görə bilərsiniz. Ən əhəmiyyətlisi isə odur ki, xalqımız indi azad və müstəqildir. Xalqımız böyük tarixə, mədəniyyətə və ənənələrə malikdir. Lakin biz əsrlər boyu müstəqillikdən məhrum olmuşuq. Biz başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq, əldə etdiyimiz ən böyük nemət müstəqilliyimizdir. İndi biz azadıq, gələcəyimiz öz əlimizdə - Azərbaycan xalqının əlindədir. Digər əhəmiyyətli dəyişiklik isə indi Azərbaycanın demokratik sistemə və əvvəlki vaxtlardan fərqli olaraq bazar iqtisadiyyatına malik olmasıdır. Biz əvvəllər azad və müstəqil olmamaqla yanaşı, eyni zamanda, xalqın çox məhdud ideoloji çərçivələrdə yaşamağa məcbur olduğu, özəl mülkiyyətin fəaliyyətinə icazə verilmədiyi avtoritar və totalitar sistemdə yaşamışıq. Biz iqtisadiyyatımızı tamamilə transformasiya edə bildik və indi ÜDM-in 80 faizi özəl sektorun payına düşür. İyirmi il bundan əvvəl bu rəqəm sıfıra bərabər idi. Paytaxtın, regionların inkişafı ilə bağlı bir çox digər dəyişiklikləri də görə bilərsiniz. Enerji siyasəti Azərbaycanı tərəqqiyə aparır. İndi bizim malik olduğumuz hər şey - təbii sərvətlər, sənaye potensialımız Azərbaycan xalqının əlindədir və xalqımızın gələcəyinə xidmət edir.

- Demokratiya ilə bağlı. Mən ABŞ Prezidentinin Azərbaycandakı gənc demokratiya ilə bağlı söhbətini dinləmişəm. Siz mükəmməl demokratiya istiqamətində nə qədər irəli getmisiniz? Siz gənc demokratiyaya malik olan bir ölkəsiniz, insan hüquqları və ya hər hansı başqa məsələlərlə bağlı nələri edəcəksiniz, nələri etmək niyyətindəsiniz? Gənc demokratiyadan mükəmməl demokratiyaya necə keçirsiniz?

- Düşünürəm ki, son 20 ildə mühüm nailiyyətlər əldə etmişik. Başlıcası və ən əhəmiyyətlisi Azərbaycanın inkişafla bağlı strateji seçimi olmuşdur. Biz müstəqilliyimizi əldə edən zaman, xüsusilə də müstəqilliyimizin ilk illərində, burada vəziyyət indikindən tamamilə fərqli idi. Azərbaycanın özünü necə transformasiya etməsi, xalqın hansı sistemi qəbul edəcəyi böyük sual idi. Demokratik dövlətin qurulması ilə bağlı strateji seçim edildi. O vaxtdan bəri görülən bütün işlər həmin strateji seçimin nəticəsidir.

Bu gün bizdə demokratik təsisatlar, azad mətbuat mövcuddur, internetdən istifadə sərbəstdir və məlumdur ki, heç də hər ölkədə internetə sərbəst qoşulma imkanı yoxdur. Azərbaycanda əhalinin 50 faizdən çoxu internetdən istifadə edir. Biz müxtəlif beynəlxalq təşkilatlara qoşulmuşuq, məsələn, 10 ildir ki, əsas gündəliyi insan hüquqları və demokratiya məsələləri olan Avropa Şurasının üzvüyük. Həmçinin Azərbaycan könüllü şəkildə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulmuşdur. Bir daha qeyd etmək istərdim ki, biz bunu könüllü şəkildə etdik. Beləliklə, bütün bunlar bizim strateji seçimimizin göstəricisidir. Biz iqtisadiyyatımızı və həmçinin siyasi sistemimizi gücləndiririk, məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir. Güclü demokratik təsisatlar olmadan bu mümkün deyildir. Ona görə də Azərbaycanda siyasi, demokratik və iqtisadi islahatlar eyni vaxtda həyata keçirilir. Biz onu da başa düşürük ki, iqtisadi inkişaf olmadan demokratik nailiyyətlər az səmərəli olar. Buna görə də, biz həyat səviyyəsinin daha da yüksəldilməsi, yoxsulluq və işsizliyin aradan qaldırılması, güclü orta təbəqənin, güclü özəl sektorun yaradılmasına böyük önəm veririk. Bu da, öz növbəsində iqtisadi azadlığa və nəhayət, siyasi azadlığa gətirib çıxarır.

- Deməli, siyasi azadlıq indi qeyd etdiklərinizin “əlavə məhsulu”dur? 

- Bu, bir tərəfdən iqtisadi inkişafın nəticəsidir, digər tərəfdən isə, siyasi azadlıqlar olmadan iqtisadi artıma nail olmaq mümkün deyildir. Bu, xüsusilə, müstəqilliyinin ilk illərində əsasən xarici investisiyalar hesabına inkişaf edən və sizin qeyd etdiyiniz kimi, gənc demokratiyaya malik, nisbətən gənc müstəqil dövlət olan Azərbaycana aiddir. Əlbəttə ki, xarici sərmayələri cəlb etmək üçün əlverişli investisiya mühitinə, möhkəm hüquqi bazaya, qanunun aliliyinə malik olmaq lazımdır. Əks təqdirdə kimsə gəlib sərmayə yatırmaz. Bu, bizə iqtisadi potensialımızı inkişaf etdirməyə və demokratik dövlət qurmağımıza kömək etdi.

- 20 il bundan qabaqkı tarixi dəyişikliyə gəldikdə, bu, yəqin ki, 1991-ci ilin avqustunda Qorbaçovu devirmək üçün edilmiş uğursuz cəhdlə başladı. Bu hadisə, həqiqətən Azərbaycanın azadlığına aparırdı, elə deyilmi? 

- Əslində bütün keçmiş Sovet İttifaqı ölkələri bu tarixi prosesin nəticəsində müstəqil oldular. Bəziləri deyir ki, müstəqillik uğrunda güclü hərəkat olmuşdu. Bəzi respublikalarda güclü hərəkat olmuşdu, bəzilərində isə yox. Lakin buna baxmayaraq, bütün respublikalar müstəqillik əldə etdilər. Beləliklə, bu, obyektiv bir proses idi və Sovetlər İttifaqının süqutu nəticəsində biz müstəqil olduq. Lakin o vaxt üçün ən əhəmiyyətli olan bu deyildi. Ən əhəmiyyətlisi, müstəqilliyi qoruyub saxlamaq idi. Çünki Azərbaycanın keçmişində belə bir təcrübə olmuşdu. 1917-ci ildə Rusiya imperiyasının dağılmasından, bolşevik inqilabından sonra Azərbaycan müstəqil oldu. 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradıldı. Lakin bu, yalnız iki il davam etdi. Sonra bu müstəqillik əlimizdən alındı. Eyni hal 1991-ci ildə baş verdi. Sovetlər İttifaqının süqutu nəticəsində biz müstəqil olduq, lakin iki il ərzində vətəndaş müharibəsi, Ermənistanın ölkəmizə təcavüzü, ermənilər tərəfindən torpaqlarımızın işğalı nəticəsində Azərbaycanda çox xaotik vəziyyət əmələ gəldi. Beləliklə, bizim müstəqilliyimiz yenidən təhlükə qarşısında idi. Xalqımız müstəqilliyimizi qorumaq üçün böyük müdriklik və cəsarət göstərdi. İyirmi il keçəndən sonra, bu gün Azərbaycan müstəqil və azad ölkəyə transformasiya olmağın yaxşı nümunəsidir.

- Sizin atanız iki dəfə yeni Azərbaycanın lideri seçildi. Bir Prezident kimi atanızın irsi barədə nə deyə bilərsiniz? 

- Xalqımızın ümummilli lideri ölkəmizin ən çətin vaxtında hakimiyyətə gəldi. Bu, müstəqilliyimizi əldə etdikdən iki il sonra - 1993-cü ildə, vətəndaş müharibəsi getdiyi bir dövrdə oldu. Azərbaycan çox ağır vəziyyətdə idi. Ölkədə iqtisadi və siyasi böhran hökm sürürdü, torpaqlarımız Ermənistan tərəfindən işğal olunmuşdu və perspektivlərimiz çox qaranlıq idi. Beləliklə, xalqımızın ümummilli lideri Heydər Əliyev prezident seçildikdən sonra ölkədə vəziyyətin sabitləşdirilməsinə və vətəndaş həmrəyliyinə nail oldu. Sonra onun rəhbərliyi altında ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirilməyə başlanıldı və bir neçə ildən sonra iqtisadiyyatımız inkişaf etməyə başladı. Beləliklə, siz Heydər Əliyev irsini hər yerdə görə bilərsiniz. Elə bugünkü Azərbaycan onun irsidir.

- Cənab Prezident, mənə elə gəlir ki, ən əhəmiyyətli və eyni zamanda, ən incə məqamlardan biri də budur ki, coğrafi baxımdan mərkəzdə yerləşdiyinizdən Sizin həm Şərqlə, həm də Qərblə əlaqələrinizin davam etdirilməsi önəmlidir. 

- Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan olmuşdur və bu gün həm Şərqlə, həm Qərblə əməkdaşlıq siyasətimiz də, düşünürəm ki, xalqımızın çoxəsrlik adət-ənənələrinin və ölkəmizin coğrafi yerləşməsinin nəticəsidir. Bu siyasəti həyata keçirmək bizim üçün çətin deyildir. Çünki, əgər sizin öz mövqeyiniz varsa, müstəqil siyasət yürüdürsünüzsə və əgər siz etibarlı tərəfdaşsınızsa, xarici siyasət təşəbbüslərini həyata keçirmək çox asan olur. Deyə bilərəm ki, bu gün bizim müsəlman dünyası ölkələri ilə çox yaxşı münasibətlərimiz vardır. Biz müsəlman dünyasının bir hissəsiyik. Eyni zamanda, Avropa ölkələri ilə də yüksək səviyyədə əlaqələrimiz qurulub, biz Avropa təsisatları ilə fəal əməkdaşlıq həyata keçiririk. Azərbaycan o nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlığı Təşkilatının üzvüdür.

- Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsinə toxunmaq istərdim. Siz yaxın perspektivdə bu münaqişənin sülh yolu ilə nizama salınmasını mümkün hesab edirsinizmi? Yaxud da Azərbaycan ilə Ermənistan arasında mövcud durum müharibəyə apara bilərmi? 

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region üçün ən böyük təhlükədir. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. “Qarabağ” sözünün özü Azərbaycan sözüdür. 1990-cı illərin əvvəllərində təkcə Dağlıq Qarabağdan deyil, eləcə də ermənilərin heç zaman yaşamadıqları Dağlıq Qarabağ ətrafındakı 7 rayondan bütün azərbaycanlılar qovuldular. Ümumilikdə bizim 1 milyon qaçqın və məcburi köçkünümüz vardır. Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən bizim torpağımızdır, hüquqi nöqteyi-nəzərdən də beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir - BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni işğalçı qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdir. Digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müvafiq qərar və qətnamələr qəbul edilmişdir.

Biz münaqişənin hələ də sülh yolu ilə nizama salınacağına ümid edirik. Münaqişənin həll olunması beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni silahlı qüvvələri bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı, azərbaycanlıların öz ata-baba yurdlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququ olmalıdır. Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Dünyada və Avropada muxtariyyətlərin yaxşı nümunələri vardır. Təmas xəttindəki vəziyyətə gəldikdə isə, burada vəziyyət çox kövrəkdir. Faktiki olaraq sülh yoxdur.

- Sülh əldə olunmayıb?

- Xeyr, atəşkəs sazişinin 1994-cü ildə əldə edilməsinə baxmayaraq, hələ də sülhə nail olunmayıb, sülh yoxdur. Buna görə də heç kim təmas xəttində hər hansı bir ssenarini istisna edə bilməz. Bu baxımdan münaqişə nə qədər tez həll edilərsə, bu, hamı üçün, o cümlədən Ermənistan üçün də bir o qədər yaxşı olar.

- Oxuduğum son məqaləyə görə, bu münaqişə nəticəsində 25 min insan həyatını itirmişdir. 

- Müxtəlif rəqəmlər vardır, lakin hərbi əməliyyatlar zamanı əlbəttə ki, itkilər olmuşdur, müharibə dövründə bizdə 12-15 min insan həlak olmuş və itkin düşmüşdür. Ermənilər nə qədər itki veriblər, bunu onların özləri daha yaxşı bilirlər.

- Sizin də dediyiniz kimi, region baxımından, hazırda bölgənin ən təhlükəli məsələsi odur ki, Dağlıq Qarabağla bağlı vəziyyət necə olacaq? 

- Düşünürəm ki, bu münaqişənin proqnozlaşdırılması mümkün olmadığından ən təhlükəli münaqişədir. Nəyin baş verəcəyini proqnozlaşdırmaq olmur. Azərbaycanın bütün beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinə əsasən, öz ərazi bütövlüyünü istənilən vasitə ilə bərpa etmək üçün tam hüququ vardır. Elə ölkələr var ki, onlar özünün yerləşdiyi əsas ərazidən min kilometrlərlə uzaqda ərazi bütövlüklərini bərpa etmişlər. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşir. Dağlıq Qarabağın Ermənistan ilə heç zaman inzibati sərhədi olmayıb. Hətta Sovetlər dövründə bu ərazinin, - o zamanlar Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı, - Ermənistan ilə heç bir inzibati sərhədi yox idi. Dağlıq Qarabağın əhalisinin təqribən 30 faizi etnik azərbaycanlılar idi. Buna görə də bizim ərazi bütövlüyümüzü istənilən yolla bərpa etməyə tam hüququmuz vardır. Lakin biz bunu sülh yolu ilə etmək istəyirik. Demək olar, 20 ildir ki, beynəlxalq vasitəçilər heç bir nəticə olmadan bu məsələ ilə məşğuldurlar.

- Rusiyanın son zamanlar bizim azad ticarət zonası adlandırdığımız və bu əraziləri bir-birinə yaxınlaşdırmaq məqsədi daşıyan ideyasına münasibətiniz necədir? Siz bu ideyanı bəyənirsiniz, yoxsa buna əmin deyilsiniz? 

- Bizim keçmiş sovet respublikalarının bir çoxu ilə azad ticarət sazişlərimiz var və bunlar özünü doğruldur. Bu baxımdan iqtisadi əlaqələrimiz üçün heç bir problem yoxdur. Bizim Rusiya ilə ticarət dövriyyəmiz sürətlə artır. İqtisadi əməkdaşlıq və qarşılıqlı sərmayələr güclü iqtisadi əlaqələr yaradılmasına kömək edir. Buna görə də bu yeni ideyaları və bunun nəyə aparacağını təhlil etmək indi mənim üçün çətindir. Lakin biz hər hansı potensial təşəbbüsü və ya potensial addımı qiymətləndirərkən, əlbəttə ki, onun iqtisadi cəhətdən cəlbediciliyinə baxırıq. Əgər bu, daha yaxşı iqtisadi əməkdaşlığa apararsa, əlbəttə, biz onu dəstəkləyərik. Biz həmişə o mahiyyəti əsas götürürük ki, bu, xalqımıza, ölkəmizə nə verəcək, iqtisadi maraqlarımıza necə xidmət edəcəkdir.

- Hər yerdə Putinin hakimiyyətə qayıdışı ehtimal olunur. Fikrinizcə, Putinin siyasəti davam edəcək, yoxsa tamamilə fərqli bir vəziyyət olacaqdır? 

- Düşünürəm ki, bu, Azərbaycan üçün cənab Putinin siyasətinin davamı olacaqdır. Çünki 2003-cü ildən 2008-ci ilədək cənab Putin Prezident olduğu müddətdə biz onunla dəfələrlə görüşmüşük. O, Azərbaycana səfərlər edib, mən Moskvaya səfərlər etmişəm. Rusiyanın Azərbaycan ilə bağlı bugünkü siyasətinin əsası faktiki olaraq Vladimir Putin tərəfindən qoyulmuşdur. O, Azərbaycana səfər etmiş ilk Rusiya Prezidenti olub - 2001-ci ildə. Təsəvvür edin, Azərbaycanın 10 illik müstəqilliyi ərzində Rusiyanın əvvəlki Prezidenti ölkəmizə heç vaxt səfər etməmişdi. Beləliklə, Prezident Putin Azərbaycana gəldi və bu, Rusiya ilə Azərbaycan arasında əlaqələrdə dönüş nöqtəsi oldu. O vaxtdan bəri, son 10 il ərzində biz ikitərəfli münasibətlərdə - siyasi, iqtisadi, energetika sahələrində əməkdaşlıqda çox böyük inkişafa nail olmuşuq. Biz sərhədlərin demarkasiyası ilə bağlı saziş imzalamışıq. Bu da, həmçinin tarixi bir sənəddir. Fikrimcə, bu gün Rusiya və Azərbaycan yaxşı qonşuluq nümunəsi göstərirlər. Bu siyasətin əsası Vladimir Putin tərəfindən qoyulub və Prezident Medvedev tərəfindən davam etdirilib. Buna görə də biz əminik ki, bu siyasət davam etdiriləcəkdir.

- Hazırda ölkənizdə neft və qazın ixrac həcmi sahəsində bölgü olduğu kimi qalacaqmı? Nisbi həcm necədir? 

- İndi bu, müqayisəolunmazdır. Çünki ixracımızın əsas hissəsini neft təşkil edir. Biz təqribən 1 milyon barrel neft hasil edirik və bunun böyük bir hissəsi ixrac olunur. Qaza gəldikdə isə, biz nisbətən yaxın vaxtlarda qaz ixrac edən ölkəyə çevrilmişik. Lakin bizim qaz ixracımız hələ ki, regional bazarla məhdudlaşır. Bizim çox böyük qaz ehtiyatlarımız vardır. Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları təxminən 2,6 trilyon kubmetrdir. Ancaq neftdən fərqli olaraq, qaz biznesində nəqliyyat sistemi istehlakçılara birbaşa çatdırılmalıdır. Bunun üçün yəqin ki, yeni boru kəmərləri inşa edilməli, ya da mövcud olanlar genişləndirilməlidir. Bizim belə planlarımız var və düşünürəm ki, 7-10 ilə Azərbaycan dünyada neftdən çox qaza görə tanınacaqdır. Ən azından bu, bizim məqsədimizdir.

- Maraqlıdır. 10 il ərzində? 

- Bəlkə də daha tez.

- Siz üçüncü müddətə prezidentliyə namizədliyinizi irəli sürməyi planlaşdırırsınız? Bu barədə qərar vermisiniz? 

- Xeyr, qərar verməmişəm. Bu, xalqın istəyindən asılı olacaqdır. Əgər xalq məni və gördüyüm işləri dəstəkləməkdə davam etsə, bu variantı nəzərdən keçirəcəyəm. Ancaq yenə də, bu, insanların mənim fəaliyyətimi necə qiymətləndirmələrindən və onların verdiyi dəstəyin nə səviyyədə olmasından asılı olacaqdır. 

- Biz gənc demokratiyadan danışdıq, Siz vəziyyəti təhlil edərək dediniz ki, bu sahədə irəliləyişlər əldə olunub. Azad demokratiya, azad mətbuat və insan haqları məsələlərində daha da irəliyə getməyi düşünürsünüzmü? Bu istiqamətdə başladığınız yolda daha da irəli gedəcəksinizmi?

- Şübhəsiz. Əlbəttə, gələcəkdə görülməli çox işlər vardır. Biz bu uzun prosesin hələ başlanğıcındayıq. Son 20 ildə, hətta 20 ildən də az bir müddətdə bu istiqamətdə çox böyük nailiyyətlər əldə olunub. Bir daha demək istəyirəm ki, ən vacibi strateji seçimdir. Biz bu yolu seçmişik və demokratik institutlarımızı inkişaf etdirməkdə davam edəcəyik. Biz siyasi islahatlar keçirməkdə davam edəcəyik. O ki qaldı, əsas azadlıqlara, bu gün bununla bağlı heç bir məhdudiyyət yoxdur. Bir daha demək istəyirəm ki, azad internet, əhalisinin 50 faizi internet istifadəçisi olan bir ölkədə azad mətbuat məhdudlaşdırıla bilməz.

- Beləliklə, internetə çıxış - böyük azadlıq deməkdir? 

- Əlbəttə, bu, ifadə azadlığı, mətbuat azadlığıdır, xüsusən də insanların informasiyanı əsasən internetdən aldığı bugünkü dünyada, bilirsiniz ki, indi internetdən sərbəst şəkildə istifadə etmək olar. Siyasi sistemin inkişaf etdirilməsinə gəldikdə, bu halda, heç də hər şey bizim hökumətdən asılı deyildir. Çünki bütün siyasi qüvvələr də öz növbəsində dəyişməli, özlərini müasirləşdirməli, təcavüzkar hərəkətlərdən çəkinməlidirlər. Çünki əgər biz siyasi sistemdən danışırıqsa, bu, siyasi sistemdir, təcavüzkar davranış növü deyildir. Ancaq mən düşünürəm ki, bizim hökumətin göstərdiyi yaxşı nümunə, həmçinin indi öz siyasi mədəniyyətlərinin ilkin mərhələsində olan müxtəlif siyasi qüvvələrin transformasiyasına müsbət təsir edə bilər. Bizim yaxşı nümunələrimiz var, bir daha demək istəyirəm, Azərbaycan 10 ildir ki, Avropa Şurasının üzvüdür.

Biz Avropa İttifaqının tərəfdaşına çevrilirik. Demokratik islahatlar bu institutlarla əməkdaşlığın gündəliyinin bir hissəsini təşkil edir. Əgər demokratik islahatları davam etdirmək istəməsəydik, biz bunu dayandırardıq. Biz 2001-ci ilədək Avropa Şurasının üzvü olmadan da yaşayırdıq. Bu gün Azərbaycan özü-özünü təmin edən bir ölkədir. Bizim heç yerdən heç bir maliyyə yardımına, maddi dəstəyə ehtiyacımız yoxdur. Əksinə, bəzən biz tərəfdaşlarımıza maliyyə cəhətdən dəstək veririk. Buna görə də bizim demokratik inkişafla bağlı öhdəliyimiz dəyərlərə, ölkəni necə dəyişmək istədiyimizə dair baxışlarımıza əsaslanan şüurlu seçimimizdir.

- Bir məsələni soruşmaq istəyirəm. Fikrimcə, daha mükəmməl demokratiyaya nail olmaq üçün müxalifətin yaradılması önəmlidir. Siz bunun üzərində işləmisinizmi? 

- Bəli. Ancaq müxalifətin çox zəif olması faktı bizim günahımız deyildir. Biz onlara məhdudiyyət qoymuruq. Ancaq son illər ərzində Azərbaycanda görülən işlər sadəcə onların məkanını daraldır. Çünki onların mübahisə aparması üçün ciddi heç nə yoxdur. Ən vacib məsələ - Dağlıq Qarabağ məsələsində bizim hökumət milli maraqlarımızın daha güclü müdafiəçisidir. Bizə bəzən belə məlumatlar gəlib çatır ki, bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı, beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda, Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə edirlər. Son bir neçə il ərzində iqtisadi sahədə biz inanılmaz nəticələr əldə etmişik. Buna görə də, onlar üçün mübahisə aparmağa heç nə qalmayıb. Son 7 ildə ÜDM-in artımı 300 faiz olub - 3 dəfə. Yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə düşüb - 5 dəfə azalıb. Büdcə xərcləri 20 dəfə, 20 faiz yox, 20 dəfə artıb. Çox güclü sosial müdafiə sistemi, infrastruktur layihələri yaratmışıq. Bu səbəbdən müxalifət nə barədə mübahisə edə bilər? Əlbəttə ki, çatışmazlıqlar da vardır. Ancaq hökumət nə qədər yaxşı işləsə, təbii ki, müxalifətin də manevr etmək üçün daha az imkanı qalır. Buna görə də, yeni Azərbaycanda özlərinə necə yer tapmaq onların öz işidir. Əfsuslar olsun ki, bugünkü müxalifətə rəhbərlik edənlər 1992-1993-cü illərdə ölkəni vətəndaş müharibəsinə aparan insanlardır. Eyni adamlar 20 ildir ki, eyni vəzifədə oturublar və istefa vermək istəmirlər.

- İnsanlar vəzifəyə gələndə bəzən belə edirlər, onlar istefa vermək istəmirlər. Ermənistan fikir irəli sürüb ki, müəyyən mənada, Avropa İttifaqına qoşulmaqda maraqlı ola bilər. Mən Sizin buna reaksiyanızı bilmək istərdim. Bəs Siz nə vaxtsa Avropa İttifaqına qoşulmağa cəhd etmisinizmi? 

- İlk növbədə, demək istərdim ki, mən heç vaxt eşitməmişəm ki, Ermənistan açıq şəkildə belə bir öhdəlik götürdüyünü desin. Mən bu barədə heç vaxt eşitməmişəm. Azərbaycana gəldikdə, qeyd etdiyim kimi, hazırda biz Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” Proqramı üzərində işləyirik. Əlbəttə, biz bilməliyik ki, Avropa İttifaqının Cənubi Qafqazla bağlı gündəliyi nədən ibarətdir və onlar üzv ölkə olmaq üçün Azərbaycanın potensialını və ya perspektivlərini necə qiymətləndirirlər. Səmimi deyirəm, bizim siyasətimiz elədir ki, biz heç vaxt əlçatmaz bir şeyə nail olmağa çalışmırıq. Biz realistik. Əgər biz belə bir təklif alarıqsa, əlbəttə ki, bunu nəzərdən keçirərik. Əgər almasaq, “bizi qəbul edin, qəbul edin” deyə qapını sındırmağa çalışmayacağıq. Bir daha demək istəyirəm ki, biz güclü ənənələri olan bir ölkəyik. Biz müsəlman ənənələri olan bir ölkəyik və bununla fəxr edirik. Eyni zamanda, biz müasir ölkəyik, dünyəvi ölkəyik və özü-özünü təmin edə bilən bir ölkəyik. Buna görə də, Avropa İttifaqı ilə münasibətlərimizin hazırkı inkişaf mərhələsində, düşünürəm ki, hər iki tərəf əməkdaşlığın səviyyəsindən tam razıdır və bəlkə də indi gələcəyə baxmaq tezdir.

- Siz müxtəlif qəzetlərdə başlıqlar görəndə ki, Avropa Parlamenti Azərbaycanı insan haqlarının pozulmasında ittiham edir, işgəncəyə, ifadə azadlığına və s. istinad edildikdə, bu Sizə təsir edirmi? Yoxsa Siz deyirsiniz ki, belə bir şey var və biz bunu aradan qaldırmalıyıq. 

- Yox, açığı, biz əksər hallarda bu cür qeyri-dost addımlara məhəl qoymuruq. Ancaq biz bunu, Azərbaycana qarşı bu cür hərəkətləri irəli sürən həmin təşkilatlarda olan tərəfdaşlarımızla çox ciddi şəkildə müzakirə edirik. Bu cür hallar ikili standartların nəticəsidir. Əfsuslar olsun ki, 2008-ci ilin martında hakimiyyətin dinc etirazçıları, ordunun isə 10-dan çox insanı öldürdüyü və bir çox siyasətçinin həbs edildiyi qonşu Ermənistan ilə bağlı Avropa Parlamenti heç vaxt belə bir qətnamə qəbul etməyib. Niyə? Çox güman ki, Avropa ölkələrində mövcud olan güclü erməni lobbisinə görə. Ancaq Azərbaycanda az əhəmiyyətli hansısa bir epizod baş verdikdə onların bəziləri bu məsələni şişirtməyə çalışır. Cənubi Qafqazın bütün ölkələrinə münasibətdə vahid, standart siyasət olmalıdır, istər həll edilməmiş münaqişələr olsun, istərsə də demokratik inkişaf. Əfsuslar olsun ki, Azərbaycana hücumlar etmək, ölkəmizi nüfuzdan salmağa çalışmaq və məsələləri tamamilə yanlış yöndə təqdim etmək beynəlxalq təşkilatlardakı bəzi dairələrin gündəliyində duran məsələlərdir. Bir daha deyirəm ki, bu, bizə təsir etmir. Bəlkə cüzi qıcıqlandırır.

- Çünki Siz bunu yoxlayırsınız və əgər düzgün deyilsə, inkar edirsiniz. 

- Əlbəttə. Avropa Parlamenti belə bir ədalətsiz, qərəzli və yanlış qətnamə qəbul edəndə, bizim parlament bunu inkar edən bəyanat verdi. Əlbəttə ki, Azərbaycana qarşı hər hansı bir bədxah, ədalətsiz və qərəzli, bəzən isə təhqiredici hərəkətlər cavabsız qalmır. Biz bunlara ciddi şəkildə və dəlillərlə cavab veririk. Biz bu dəlilləri gətirəndə deyiləsi bir şey qalmır. Nə üçün Cənubi Qafqazda, qonşuluqda, doğrudan da, narahatlıq doğuran hadisələrə deyil, yalnız Azərbaycana diqqət yetirilir? Nə üçün bütün diqqət Azərbaycanın üzərində cəmləşib? Bu sualı biz daim veririk və heç vaxt da bir cavab ala bilmirik.

- Bəs cavab nədir? Nə üçün bu mənada Azərbaycan diqqət mərkəzindədir? Əgər, Siz dediyiniz kimi, belə deyilsə və digərlərində insan haqları daha pisdirsə, Siz deyirsiniz ki, burada insan haqları başqa cürdür, daha yaxşıdır və ya hər nə isə. Bəs diqqətin yönəlməyinin səbəbi nədir? Çünki bu, elə bir məsələdir ki, müxtəlif vaxtlarda, dünyanın başqa yerlərində olan digər ölkələrdə də soruşa bilərlər. 

- Düşünürəm ki, bunun bir neçə səbəbi vardır. Hansı birinin ən vacib olduğunu dəqiq bilmək mənim üçün çətindir. Ancaq mən parlamentin üzvü olduğum zaman Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinə rəhbərlik edən və Avropa Şurasında iki ildən artıq çalışan bir şəxs kimi deyə bilərəm ki, orada Azərbaycanın Avropanın bir hissəsi olduğunu qəbul edə bilməyən insanlar vardı. Bəlkə də bu, fobiyanın bir növü idi. Biz hamımız bilirik ki, bəzi ölkələrdə islamofobiya var və bu, bəzi qərarlara təsir edir.

Digər bir səbəb Azərbaycanın coğrafi baxımdan, iqtisadi cəhətdən müstəqil və zəngin təbii ehtiyatları olan bir ölkə kimi təkcə regional deyil, qlobal miqyasda çox vacib bir ölkəyə çevrilməsi ola bilər. Buna görə də bu hərəkətlərin bir hissəsi, bizə təzyiq etmək, təsir göstərmək, bizə hücum etmək və bəzən xeyir əldə etmək cəhdlərindən də irəli gəlir. Ancaq mən sizə deyə bilərəm ki, ümumiyyətlə, Azərbaycanın Avropa institutları ilə əlaqələri çox müsbətdir. Bizim Avropa İttifaqının üzvü olan demək olar ki, bütün ölkələrlə, eləcə də Avropa Parlamenti, Avropa Komissiyası ilə ikitərəfli səviyyədə çox yaxşı əlaqələrimiz vardır. Mən dəfələrlə bu institutların rəhbərləri ilə görüşmüşəm, çox açıq və konstruktiv müzakirələr aparmışam. Buna görə də sizin istinad etdiyiniz bu cür qətnamələr çox da əhəmiyyətli deyil və onlar əslində Avropa ilə Azərbaycan arasındakı əməkdaşlığın real ruhunu və səviyyəsini əks etdirmir.

- Əlbəttə ki, daha bir dünya təşkilatı Azərbaycana maraq göstərir, Azərbaycana cəlb olunub. Bu, “Eurovision” mahnı müsabiqəsidir. Bu, digər bir mühüm beynəlxalq məsələdir.

- Əslində, biz bunun beynəlxalq məsələyə çevriləcəyini gözləmirdik. Biz buna mahnı kontekstində yanaşırdıq. Ancaq bilirsiniz, bugünkü dünyada hər şey o qədər siyasiləşdirilib ki, musiqinin harada qurtardığını, siyasətin harada başladığını bilmirsən. Bu, əlbəttə ki, bizim gənc müsabiqə iştirakçıları üçün böyük uğur idi. Azərbaycanda böyük bayram oldu. Qələbədən sonra mən şərhlər eşitdim ki, Avropada çoxlu sayda insan soruşurdu: Azərbaycan harada yerləşir, Avropada yerləşir? Onlar bu müsabiqədə necə iştirak edə bilərlər? Axı Azərbaycan Avropada deyil. Bilirsiniz, belə düşüncələr mövcuddur. Ancaq mən düşünürəm ki, çox məşhur beynəlxalq mahnı müsabiqəsində böyük qələbədən savayı, bu, bizə özümüzü olduğumuz kimi təqdim etməyə yaxşı imkan yaradacaqdır. Çünki Azərbaycana, Bakıya xoş niyyətlərlə gələn hər kəs ölkəmizin son 10 və ya 20 ildə nələr əldə etdiyini asanlıqla görə bilər. Təmaslara və ölkəmizin təqdimatına gəldikdə, bizim əsas işimiz qonaqları dəvət etməkdir. Əvvəlki dövrlərdə biz Azərbaycan haqqında danışmaq, ölkəmiz haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərirdik. İndi isə, sözün yaxşı mənasında ən gözəl təbliğat insanları dəvət etmək, onlara ölkənin necə inkişaf etdiyini əyani şəkildə göstərməkdir. Bu mənada Bakıda keçiriləcək “Eurovision” müsabiqəsi Azərbaycan ilə Avropanın bir-birinə daha yaxınlaşması üçün yaxşı fürsət olacaqdır.

- Biz Sizə burada uğurlu müsabiqə keçirməyinizi arzulayırıq. Siz yenidən qalib gəlməyə bilərsiniz, demək istəyirəm ki, Siz bunsuz da uğurlu müsabiqə keçirəcəksiniz. Sizə xoş günlər arzulayırıq. Bu söhbətə görə çox sağ olun, mən çox məmnun oldum. Gələn dəfəyədək...

- Çox sağ olun. 

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50