Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan
Əziz Mehriban xanım.
Milli mədəniyyətimizin tərəqqisi və inkişafı naminə görülən böyük işlərdə, həyata keçirilən möhtəşəm layihələrdə rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun prezidenti olaraq Siz mədəni irsimizin qorunması ilə bağlı həyata keçirilən irimiqyaslı tədbirlərə rəhbərlik etməklə yanaşı, teatrlara və teatr sənətçilərinə də daim diqqət və qayğı göstərirsiniz.
Bu istiqamətdə aparılan işlərin sırasında Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Rafiq Əliyevin səhhətində yaranmış problemlə əlaqədar Heydər Əliyev Fonduna edilən müraciətlə bağlı tərəfinizdən görülən operativ tədbirlər bütün teatr ictimaiyyətinin sevincinə səbəb oldu. Bu humanist addımınıza görə ölkəmizin çoxsaylı teatr ictimaiyyəti adından və şəxsən öz adımdan Sizə - nəcib ziyalı nəslinin layiqli davamçısına, Azərbaycanın birinci xanımına dərin minnətdarlığımı bildirirəm. Bu, Azərbaycan dövlətinin öz sənətkarına verdiyi yüksək dəyərin bariz nümunəsidir. Sizi əmin edirəm ki, milli mədəniyyətimizə, mədəniyyət və incəsənət xadimlərimizə göstərilən diqqət və qayğı sənət adamlarını yeni-yeni nailiyyətlərə ruhlandırır və biz dövlətimizin, dövlətçiliyimizin yüksəlişi naminə daha əzmlə çalışırıq.
Əziz Mehriban xanım, Sizə bir daha ürəkdən təşəkkür edir, möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji, dövlətçiliyimizin, mədəniyyətimizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin ehtiramla,
Azər Paşa Nemətov, professor, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.