İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

24 dekabr 2019, 11:20
İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maksim Oreşkin Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Diqqətinizə görə çox sağ olun. Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz.

Bu gün biz əməkdaşlığımızın bir ilini bir növ rəsmən başa vururuq. Bu il çox səmərəli və məhsuldar olub. Mənim fikrimcə, bu il biz həm əvvəlki illərdə, həm də bu il nəzərdə tutduqlarımızın hamısına nail olmuşuq. Əlbəttə, bu il münasibətlərimizin davamlı inkişafı həm regional siyasətdə, həm də bütövlükdə çox mühüm amildir. Buna görə əminik ki, gələn il də uğurlu əməkdaşlıq edəcəyik, nəzərdə tutduğumuz planlar, başladığımız layihələr həyata keçiriləcək. Eyni qayda ilə sizin əvvəlki səfəriniz çərçivəsində iri əczaçılıq zavodu açıldı, yeni maşınqayırma zavodunun təməli qoyuldu. Əlbəttə, rəmzi haldır ki, əməkdaşlığımızın bu ilini ölkələrimizi əlaqələndirən körpünün açılışı ilə başa vururuq. Mən bunu çox əlamətdar hadisə hesab edirəm. Ona görə ki, həm sovet dövründə, həm də postsovet illərində Rusiya ilə Azərbaycanı yalnız bir körpü bağlayırdı, hərçənd onu əsl körpü adlandırmaq da olmaz, o körpü çoxdan köhnəlmişdi. Buna görə yeni körpü biznes, qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq, nəqliyyat dəhlizi üçün yeni qapılar deməkdir. Beləliklə, ilin məhz bu cür əlamətdar hadisə ilə başa çatması çox rəmzi məna daşıyır.

Bu il ərzində əlamətdar hadisələr çox olub - Prezident Vladimir Vladimiroviç Putin və Rusiyanın digər rəhbərləri ilə mənim görüşlərim, rəsmi nümayəndə heyətlərinin səfərləri, iqtisadi, humanitar sahədə əməkdaşlıq. Gələn il də çox mühüm tədbirlər nəzərdə tutulur, o cümlədən Sankt-Peterburqda keçiriləcək mədəniyyət forumunda Azərbaycan əsas qonaq kimi təmsil olunacaq. Bu, çox şərəfli missiyadır. Biz Rusiya tərəfinə minnətdarıq ki, belə bir fəxri qonaq qismində məhz bizim ölkəmiz seçilib. Bu tədbirə hazırlıq ən yaxın vaxtlarda başlanacaq.

Sizi bir daha salamlamaq istərdim. Şadam ki, tez-tez görüşürük. Buna səbəb həm praktiki, həm də mərasim xarakterli tədbirlərin çox olmasıdır. Sizi görməyə bir daha şadam və yeni ildə sizə uğurlar, dost Rusiyaya yeni qələbələr arzu edirəm.

X X X

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim OREŞKİN dedi:

-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Mən və həmkarlarım doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirik. Bu gün çox gözəl gündür. Biz gələndə hava dumanlı idi. İndi isə göy qübbəsi altında mavi səma görünür. Bu, çox yaxşı əlamətdir.

Biz hər dəfə Azərbaycana gəlməyə sevinirik. Həqiqətən indi bizim həyata keçirdiyimiz, məntiqi sonluğa çatdırdığımız layihələrin sayı get-gedə artır. Bu, çox yaxşı haldır. Ona görə ki, hər bir belə layihə ölkələrimizi daha da yaxınlaşdırır, iqtisadiyyatımız daha fəal artır, insanların rifahı yaxşılaşır. Buna görə biz bu məqsədlərə istiqamətlənmişik və bu yöndə işləyirik. Biz hər addımda yeni layihələr düşünüb tapmağa çalışırıq, onlar həqiqətən bizim irəliləməyimizə kömək edir. Məsələn, indicə həmkarlarımızla maliyyə məsələsi ilə bağlı bir məqamı müzakirə edirdik. Baxarıq, ola bilsin bu istiqamətdə işləyəcəyik. Rusiyada “Mir” adlanan bir ödəmə sistemi var. Bizim türkiyəli həmkarlarımız bu sistemi öz bazarlarında tətbiq edirlər. Bu, Türkiyəyə gedən rusiyalı turistlər üçün çox münasibdir. Siz bizim qarşımızda turist mübadiləsini inkişaf etdirmək vəzifəsini qoymusunuz. Biz bu göstəricini milyona çatdırmağa çalışırıq. Həqiqətən, turistlərin ölkələrimiz arasında gediş-gəlişi nə qədər sadə, rahat olsa, turist axını bir o qədər çox olacaq. Biz həmkarlarımızla razılığa gəlmişik ki, bu məsələni araşdıraq, həmin sistemin Azərbaycanda tətbiq edilməsinin nə dərəcədə mümkün olmasını aydınlaşdıraq. Buna görə daha fəal işləməyə hazırıq.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 noyabr 2024
15:33
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 66-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...

27 noyabr 2024, 15:33
SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49