İlham Əliyevin Davosda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub

21 yanvar 2020, 18:50
İlham Əliyevin Davosda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.

Son vaxtlar Azərbaycanda aparılan islahatlardan məmnunluğunu bildirən Erik Rondolat, ilk növbədə, ölkəmizdə həyata keçirdikləri layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd etdi ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşması, ölkəmizdə yeni layihələrin həyata keçirilməsi üçün gözəl zəmin yaradır. “Signify” şirkətinin işıqlandırma sahəsində dünya liderlərindən biri olduğunu vurğulayan baş icraçı direktor rəhbərlik etdiyi qurumun ölkəmizə yeni texnologiyaların gətirilməsi baxımından Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu qeyd etdi. Bildirildi ki, şirkət iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin “ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantları təklif edir. Baş icraçı direktor, eyni zamanda, istər kənd təsərrüfatı sahəsində, istərsə də digər sahələrdə işıqlandırma vasitəsilə yeni həll variantlarına investisiya yatırılması imkanlarını Azərbaycanın aidiyyəti qurumları ilə müzakirə etməkdə maraqlı olduqlarını, müvafiq sahədə yeni texnologiyaların ölkəmizə gətirilməsini təmin edə biləcəklərini vurğuladı.

Görüşdən məmnunluğunu bildirən Prezident İlham Əliyev Bakı şəhərinin işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, növbəti mərhələlərdə Sumqayıtda və Azərbaycanın digər böyük şəhərlərində işıqlandırmanın keyfiyyətinin artırılması, elektrik enerjisinə əhəmiyyətli qənaəti təmin edən yeni həll variantlarının tətbiqi, həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində işıqlandırma sistemləri vasitəsilə müasir texnologiyaların gətirilməsinin aidiyyəti dövlət qurumları ilə müzakirə olunması barədə müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50