Azərbaycan-İtaliya biznes forumunda İlham Əliyevin nitqi

21 fevral 2020, 17:00
Azərbaycan-İtaliya biznes forumunda İlham Əliyevin nitqi

Hörmətli cənab nazir.

-Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Mən çox şadam ki, İtaliyaya dövlət səfərim çərçivəsində İtaliya-Azərbaycan biznes forumu keçirilir. Əminəm ki, forum çox məhsuldar olacaq və forumun işi nəticəsində iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr yeni pilləyə qalxacaqdır. Mən buna əminəm. Bunu deməyə əsas verən bir çox amillər var. Bildiyiniz kimi, bu gün mənim İtaliyaya dövlət səfərimin sonuncu günüdür. Prezident Mattarellanın dəvəti ilə mən gözəl ölkənizdə dövlət səfərindəyəm və bu, münasibətlərimizin çox yüksək səviyyədə olmasının təzahürüdür. 2018-ci ildə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə idi və deyə bilərəm ki, o səfərdən sonra iki dövlət arasındakı əlaqələrə çox güclü təkan verilmişdir. Dünən və bu gün 25-dən çox sənədin imzalanması bunun əyani sübutudur. Çünki yalnız bir-birinə çox yaxın olan ölkələr arasında bu qədər sənədlərin imzalanması mümkündür. Bu sənədlər bir çox sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, energetika, kosmik sənaye, hərbi sənaye və digər sahələri əhatə edən bu sənədlər gələcək əməkdaşlığımız üçün gözəl baza yaradır. Bu sənədlərin arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir və əslində, bizim gələcək ikitərəfli əməkdaşlığımızın əsas prioritetlərini müəyyən edən bir sənəddir. Bu sənəddə çox önəmli müddəalar var. Bu müddəalar onu göstərir ki, bizim əlaqələrimiz hətta müttəfiqlik əlaqələrinə yaxındır. Çünki oradakı maddələrdən birində göstərilir ki, biz beynəlxalq təşkilatlarda maraqlarımızı nəzərə alaraq bir-birimizi dəstəkləyəcəyik.

O ki qaldı, iqtisadi sahəyə, cənab nazirin dediyi kimi, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ancaq biz onu bilməliyik ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam neftin ixrac edilməsinə görə mümkün olmuşdur. Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar yaradacaqdır.

Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə təchiz edir. Azərbaycandan gələn xam neft İtaliyanın istehlakının 18 faizini təşkil edir və Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər. TAP layihəsi başa çatmaq üzrədir. Layihənin icrası 92 faiz təşkil edir və bildiyiniz kimi, TAP Cənub Qaz Dəhlizinin 4-cü seqmentidir. Bu günə qədər digər 3 seqmentdə işlər tamamilə başa çatıb. Əminəm ki, bu ilin sonunda biz layihənin tam istismara verilməsini qeyd edəcəyik. Dünən Nazirlər Şurasının Sədri cənab Konte ilə görüş zamanı mən onu Azərbaycanda keçiriləcək təntənəli rəsmi mərasimə dəvət etdim. O da bu dəvəti qəbul etdi.

Azərbaycan və İtaliya Cənub Qaz Dəhlizinin iki məntəqəsində yerləşir. Bizim aramızda daha 5 ölkə var. Bu nadir infrastruktur layihəsinə həm texniki, həm maliyyə, eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından doğrudan da analoq tapmaq çox çətindir. Yeddi ölkəni birləşdirən, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən və bir çox qabaqcıl şirkətlərin iştirakı ilə reallaşan bu layihə İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Biz bu layihəni yalnız dostluq şəraitində icra edə bilmişik. Demək olar ki, biz layihənin artıq son mərhələsindəyik.

Eyni zamanda, indi bizim əsas vəzifəmiz TAP-dan sonrakı iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. Dünən mən işçi nahar əsnasında İtaliyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşəm. Onların bir çoxu Azərbaycanda artıq uzun illərdir ki, fəaliyyət göstərirlər, bir çoxları isə fəaliyyətə başlamaq istəyirlər. Biz də bunu istəyirik və imzalanmış kontraktlar cənab nazirin qeyd etdiyi kimi, milyardlarla avro həcmindədir. Əminəm ki, gələcək əməkdaşlıq daha da genişmiqyaslı olacaq. Çünki strateji tərəfdaşlar kimi biz ticarət və biznes sahələrində də bir-birimizi dəstəkləməliyik.

Hesab edirəm ki, gələcək əməkdaşlıq üçün bir çox sahələr seçilə bilər. Əslində, bu sahələr dünən və bu gün imzalanmış və imzalanacaq sazişlərdə öz əksini tapıb. Mən nəqliyyat sahəsini xüsusilə qeyd etmək istərdim. Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunu tamamilə yeniləşdirib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında nəqliyyat infrastrukturu baxımından Azərbaycan dünyada 34-cü yerdədir. Dəmir yollarının səmərəliliyinə görə 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir. Azərbaycan - açıq dənizlərə çıxışı olmayan ölkə artıq beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycanın ərazisindən keçir. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra mümkün olmuşdur. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın ərazisindən keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat dəhlizinin iştirakçısıdır və bu dəhlizlər, əslində, genişmiqyaslı beynəlxalq əməkdaşlığa da yol açıb. Hazırda biz Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri ilə bağlı işlərlə məşğuluq. Yüklər artıq bu dəhlizlər üzərindən dünya bazarlarına çıxarılır. Dünən imzalanmış memorandumun birində Azərbaycan Dəmir Yolları ilə İtaliyanın müvafiq qurumları arasında məsələ öz həllini tapıbdır. Biz İtaliyadan dəmir yolu texnikası alacağıq.

Kosmik sənaye də çox perspektivli sahədir. Azərbaycanın artıq 3 peyki vardır. İtaliyanın bu sahədə əldə etdiyi təcrübə bizim üçün çox maraqlıdır. Bu günə qədər iki ölkə arasında kosmik sənaye sahəsində əlaqələr olmayıb. Ancaq dünən imzalanmış sənədə görə biz artıq bu sahədə də əməkdaşlığı davam etdirəcəyik.

Sənaye istehsalının artması və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi işində İtaliya şirkətləri bizə kömək göstərirlər. Cənab Mattarellanın səfəri çərçivəsində biz böyük neft-kimya müəssisəsinin açılışında bərabər iştirak etmişik. İtaliyanın aparıcı şirkətlərindən biri Azərbaycanda təqribən 1 milyard dollara yaxın dəyəri olan iki böyük sənaye müəssisəsi istifadəyə vermişdir. Yəni podratçı kimi işləmişdi. Hazırda həmin şirkət Azərbaycanda neftayırma zavodunun yenidən qurulmasında fəal iştirak edir. İmzalanmış kontraktların məbləği 800 milyon avrodan çoxdur. Bu, hələ başlanğıcdır və əminəm ki, Azərbaycanın gələcək sənaye inkişafında İtaliya şirkətləri öz rolunu oynayacaq.

Bildirməliyəm ki, keçən il Azərbaycanın qeyri-neft sənayesi 16 faiz, bu ilin yanvar ayında isə təqribən 14-15 faiz artmışdır. Bu, onu göstərir ki, sənaye istehsalına çox böyük diqqət göstərilir və özəl sektor bu sahəyə böyük investisiyalar qoymaqdadır. Əminəm ki, bundan sonra da bu istiqamətdə işlər aparılacaq.

Mən dünən imzalanmış sənədlər arasında birini də xüsusi qeyd etmək istərdim. Bu, hərbi sənaye kompleksinə aiddir. Bu da bir başlanğıcdır. Bu günə qədər İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq olmayıb. Ancaq imzalanmış memorandum əsasında bu əməkdaşlığa start verilir. Əminəm ki, bu ilin sonuna qədər bütün lazımi texniki və kommersiya şərtləri razılaşdırılacaq və beləliklə, biz hərbi sənaye sahəsində uğurla əməkdaşlıq edəcəyik.

Cənab nazirin dediyi kimi, İtaliya şirkətlərinin kənd təsərrüfatı sahəsində çox böyük təcrübəsi var. Şirkətlərin bəziləri Azərbaycanda fəaliyyət göstərir. Hətta bir İtaliya şirkəti Azərbaycanda şərabçılığın inkişafı ilə məşğul olur və çox uğurla məşğul olur. O şirkətin istehsal etdiyi məhsul xarici bazarlara da ixrac edilir. Biz bu sahəyə də xüsusi əhəmiyyət veririk. Keçən il Azərbaycanda rekord səviyyədə-təqribən 200 min ton üzüm tədarük edilmişdir. Həmin üzümün əsas hissəsi texniki sortlardır. Ona görə hesab edirəm ki, şərabçılığın inkişafı çox perspektivli sahədir. İtaliyanın bu sahədə zəngin təcrübəsi var. Azərbaycanın da təcrübəsi var və müvafiq bazarlara çıxış üçün bizim heç bir problemimiz yoxdur.

Kənd təsərrüfatının digər sahələrini də qeyd etmək istərdim. İtaliyanın zeytunçuluq sahəsində böyük təcrübəsi var. Azərbaycan artıq zeytun yağlarını ixrac etməyə başlamışdır. Biz İtaliya şirkətlərini bu sahəyə məsləhətçi və podratçı kimi dəvət edirik. Fındıqçılıqda Azərbaycan və İtaliya dünya miqyasında aparıcı istehsalçılardır. Biz deyəsən, üçüncü-dördüncü yerləri bölüşürük və bu sahənin də çox böyük perspektivi var. O cümlədən Azərbaycan İtaliyaya fındığın ixracı ilə məşğuldur və bilirəm ki, İtaliya şirkətlərinin bu sahəyə böyük marağı var. Biz onları dəvət edirik ki, Azərbaycanda bu və digər sahələri bizimlə bərabər inkişaf etdirsinlər. Çünki indi Azərbaycanda yeni texnologiyaların tətbiqi nəticəsində məhsuldarlıq kəskin şəkildə artır. İtaliyanın bu sahədə böyük təcrübəsinin olması, əlbəttə ki, bu əməkdaşlığı şərtləndirir.

Hesab edirəm ki, İtaliyanın turizm sahəsində nadir təcrübəsi var. İtaliya turistlərin sayına görə zənnimcə, dünyada birinci, ya ikinci yerdədir. Azərbaycanda da bu sahə inkişaf edir. Keçən il turistlərin sayı təqribən 20 faizə yaxın artıbdır. Şadam ki, son üç il ərzində İtaliyadan Azərbaycana gələnlərin sayı təxminən 40 faiz artmışdır. Bu, insanlar arasındakı əlaqələrə də çox müsbət təsir göstərir.

Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsindəki əməkdaşlığı xüsusilə qeyd etmək istərdim. Artıq səkkiz ildir ki, Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizaminin abidəsi ucalıb. Azərbaycanın Romada Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi ilə bağlı müvafiq addımlar atılıbdır. Şəhərin mərkəzində gözəl bina alınıbdır və əminəm ki, yaxın zamanlarda Azərbaycan Mədəniyyət Mərkəzi Romada fəaliyyətə başlayacaq.

Biz bütün başqa sahələrdə də əməkdaşlığa açığıq. Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik. Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki, fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər.

Əminəm ki, elektroenergetika sahəsində imzalanmış memorandum icra ediləcək. Yenə də qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun hesabatına. Orada göstərilir ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Bizim bütün yaşayış məntəqələrimiz elektrik enerjisi ilə təchiz edilib. Biz elektrik enerjisini ixrac edirik. Bu ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanıb. İtaliya şirkətlərini də bu sahəyə dəvət edirik. Bizim bərpaolunan enerji ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda İtaliyadakı kimi, günəşli günlər kifayət qədər çoxdur. Ancaq İtaliyadan fərqli olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm ki, bu, əlverişli amildir. Ona görə bu sahəyə də İtaliya şirkətlərini dəvət edirik.

O ki qaldı, Azərbaycanın ümumi iqtisadi inkişafına, ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır.

Onu da bildirməliyəm ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir. Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik.

Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır.

Mən vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, biznes forumun çox böyük gündəliyi var və İtaliya şirkətlərini maraqlandıran bütün suallara cavablar veriləcək. Çıxışımın sonunda bir məsələni qeyd etməliyəm. Artıq hökumət üzvlərinə bu barədə mənim tərəfimdən müvafiq göstəriş verilib ki, Azərbaycan və İtaliya dünəndən strateji tərəfdaşlar kimi əlaqələrimizin tarixində yeni səhifə açıblar. Avropa məkanında İtaliya bizim üçün bir nömrəli tərəfdaş ölkədir və tam əminəm ki, eyni tərəfdaşlıq biznes sahəsində də olmalıdır. İtaliya şirkətləri Azərbaycanda dövlət xətti ilə həyata keçirilən və keçiriləcək layihələrdə ön sıralarda olmalıdırlar. Biz bunu arzulayırıq. Əminəm ki, İtaliya şirkətlərinin də marağı bizim marağımızla üst-üstə düşür. İnanıram ki, biznes forum bu istiqamətdə önəmli addım olacaqdır.

Göstərilən qonaqpərvərliyə görə bir daha həm Prezident Mattarellaya, həm Baş Nazir Konteyə, nazir Di Mayoya dərin təşəkkürümü bildirirəm. İtaliya xalqına daimi firavanlıq və xoşbəxtlik arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50