İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib
10 aprel 2020, 16:05
Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.
Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru.
Əziz dostlar.
Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədiyiniz üçün təşəkkürümü bildirirəm. Bu təşəbbüsün irəli sürülməsindən bir neçə gün sonra Zirvə görüşünün təşkili göstərir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulubdur.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusa Zirvə görüşünə qoşulduğuna görə minnətdarlığımı bildirirəm.
Zirvə görüşünün gündəliyi təqdim olunmuşdur. Gündəliklə bağlı hər hansı təklifiniz yoxdursa, işimizə başlaya bilərik.
Hörmətli həmkarlar, bildiyiniz kimi, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü Bakıda keçirildi. Azərbaycan bu Zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk.
Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yaxınlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram.
Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir. Bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.
Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır.
Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atmışdır. Məhdudlaşdırıcı tədbirlər yaranmış şəraitə uyğun aparılmışdır. Mənim Sərəncamımla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılmışdır. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir.
Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Biz mart ayının əvvəlində təşkilatın mütəxəssislərini Azərbaycana dəvət etmişik. Qısa müddətdə dəvətimizə cavab verilmişdir. Belə ki, 9-13 mart tarixlərində təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olmuşdur. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət vermişlər. Ekspert missiyasının hazırladığı hesabatda da öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalamışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.
On altı il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülmüşdür, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir.
Koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası onların ixtiyarına verilmişdir. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində üç yeni xəstəxana istifadəyə verilmişdir. Onların ümumi çarpayı sayı 500-dən çoxdur. Bu xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilmişdir. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.
Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür.
On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilmişdir. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.
Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılmışdır. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılmışdır.
İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilmişdir. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır.
Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilmişdir. İstehsal olunan avadanlıqlar və ləvazimatların satılması dövlətlər tərəfindən məhdudlaşdırılmışdır. Ona görə də daxili istehsal ehtiyacı yaranmışdır. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlamışdır.
Mənim təşəbbüsümlə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmişdir. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir.
Sirr deyil ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurmuşdur. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və ya təqribən 1,5 milyard dollar vəsait ayrılmışdır. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlamış və təsdiq etmişdir. Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət olunmuşdur ki, iş yerləri ixtisar edilməsin. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilmişdir. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaqdır. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanmışdır. Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaqdır. Dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaqdır. Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və ya təqribən 30 milyon dollar vəsait ayrılmışdır. Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artmışdır. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilmişdir. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır.
Hörmətli dostlar, hesab edirəm ki, bugünkü fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atdığımız addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birimizə dəstək göstərilməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsidir. Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir.
Ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur.
Səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Bundan əlavə, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələrimizin ərazisində qalan bir-birimizin vətəndaşlarına dəstək və yardım göstərməyimiz vacibdir. Bizim gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
İndi isə söz Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusa verilir. Buyurun.
X X X
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom QEBREYESUS çıxış edərək dedi:
-Hörmətli cənab Prezident Əliyev.
Hörmətli prezidentlər, Baş nazirlər, Baş katib, hörmətli dostlar, həmkarlar.
Əvvəla çox sağ olun ki, burada çıxış etmək, sizə müraciət etmək üçün məni dəvət etmisiniz. Cenevrədən sizə qoşula bilməyim mənə çox xoşdur. Buna görə müasir texnologiyalara minnətdar olmaq lazımdır. Həqiqətən də bu, möcüzədir.
Hörmətli Prezident Əliyev, mən Azərbaycanda olarkən həqiqətən Sizin öz işinizə sədaqətinizin şahidi oldum. Fürsətdən istifadə edib bunu etiraf etmək istərdim. Səfərim müddətində mənə göstərdiyiniz qonaqpərvərliyə görə sağ olun. Ümidvaram ki, pandemiya başa çatandan sonra mən və digər prezidentlər yenidən oraya gələcəyik. Mən də söz verirəm ki, Sizi ziyarət etmək üçün əlimdən gələni edəcəyəm.
COVID-19 virusu həqiqətən qlobal miqyasda yayılıb. Siz və Sizin Şura bizimlə sıx əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq xəstəxanaların imkanları, humanitar yardım, testlər, elmi, texniki biliklərin mübadiləsi, tibbi və texniki dəstək məsələlərini əhatə edir. Bu, sərhədaşırı əməkdaşlıq nümunəsidir. Pandemiyaya qarşı səmərəli mübarizə aparmaq üçün bizə bu lazımdır. COVID-19 meydana çıxandan bəri 100 gündən artıq vaxt keçib. COVID-19-un qlobal miqyasda yayılması səhiyyə sisteminə ciddi zərbə vurub, dünya iqtisadiyyatını sarsıdıb, ciddi sosial problemlərə gətirib çıxarıb. Ölüm göstəricisi qrip ilə müqayisədə 10 dəfə yüksəkdir. Bundan əlavə, virus olduqca yoluxucudur, çox sürətlə yayılır. Yoluxanların sayı 1,3 milyon, ölənlərin sayı 80 mindir. Əməkdaşlıq Şurasının üzvü olan 5 dövlət 36 min yoluxma və 750 ölüm faktı barədə məruzə ediblər. Bu, pandemiyadır. Bu, səhiyyə böhranından da artıqdır. Burada bütün hökumətlər, bütün cəmiyyət fəaliyyət göstərməlidir. Son 100 gündə COVID-19 göstərdi ki, hətta inkişaf etmiş, zəngin dövlətlər də zərər çəkiblər. Əlbəttə, görürük ki, əsas zərbə həssas ölkələrə dəyir. Belə olmaması üçün biz nə mümkündürsə edirik. Əlbəttə, milli və submilli səviyyədə imkanlar pəncərəsi bütün ölkələrdə bağlanır. Bununla belə, biz əlimizdən gələni edirik. Yeri gəlmişkən, sizin ölkələrə də testləşdirmə avadanlığı və digər avadanlıq göndərmişik. Bu, ilin əvvəlindən olub. Əlbəttə, siz pandemiyanın müxtəlif mərhələlərindəsiniz. Lakin epidemiyanın səhiyyə sisteminə, sosial xidmətlərə və iqtisadi fəaliyyətə təsirini minimuma endirmək üçün hamı səyləri artırmalıdır. Sosial ünsiyyətin məhdudlaşdırılması məsələsinə gəldikdə, burada münasibət bildirmək üçün bir qədər vaxtımız var. Əlbəttə, bütün səviyyələrdə adekvat işi təmin etmək, bütün hadisələri, bütün əlaqələri izləmək lazımdır. Testləşdirmə vacibdir, ümumiyyətlə, səhiyyə sisteminə adekvat münasibəti təmin etmək lazımdır. Bu, həssas qruplara daha çox aiddir. Hamı üçün əsas xidmətlərin əlçatan olması təmin edilməlidir, əks halda epidemiyanı nəzarətdə saxlamaq çox çətindir, hamı təhlükəli vəziyyətə düşər.
Milli strategiyalar 5 əsas sahədə beynəlxalq səviyyədə dəstəklənməlidir. Biz bu 5 sahəyə birinci dərəcəli əhəmiyyət veririk. Birincisi, adekvat münasibət bildirmək üçün biz potensialı artırmağı çox istəyirik. İkincisi, epidemioloji təhlili və risklər haqqında informasiyanı təmin etmək lazımdır. Daha sonra qlobal təchizatın əlaqələndirilməsi təmin edilməlidir. Növbəti məqam texniki və ekspert köməyi təqdim edilməsi, hər yerdə tibbi qüvvələrin səfərbər olunması və toplanmış biliklərin mübadiləsinin fəallaşdırılması ilə bağlıdır. Bizim strateji planımız var. Yaxın günlərdə onu dərc edəcəyik. Növbəti mərhələdə milli və beynəlxalq strategiyaların reallaşdırılması üçün çox ciddi resurslar lazımdır. Bu çağırışa cavab verənlərin hamısına təşəkkürümü bildirmək istərdim. 800 milyon dollar yardım göstərilməsi elan edilib. Bu, çox yaxşı faktdır.
Azərbaycan hökumətinə və Azərbaycan xalqına da verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən, Azərbaycan 5 milyon dollar ianə verib. Türkiyə də sağ olsun. Əlbəttə, çox sağ olun. Avropalı qonşularınıza kömək edir, onlara əsas materiallar göndərirsiniz. Hamınıza təşəkkür etmək istərdim.
Gəlin həmrəylik layihəsində iştirak edək. Gəlin baxaq, hansı metodlar, hansı vasitələr daha səmərəli olub. Bu həmrəylik layihəsində artıq bir sıra ölkələr iştirak edirlər. Pandemiyaya son qoymaq üçün əlbəttə, əməkdaşlığı və qarşılıqlı fəaliyyəti genişləndirmək lazımdır. Siz isə bunu edə biləcəyinizi göstərdiniz. Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi, nə lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik.
Çıxış etmək imkanı verdiyinizə görə çox sağ olun. Zati-aliləri, Sizin tədbirinizdə iştirak etmək mənim üçün böyük şərəfdir.
X X X
Prezident İlham Əliyev: Çıxışınıza görə təşəkkür edirəm. Bir daha qeyd edirəm ki, biz Ümumdünya Səhiyyə Təşkilatının koronavirusa qarşı mübarizədə rolunu yüksək qiymətləndiririk. Sizin rəhbərliyinizlə Ümumdünya Səhiyyə Təşkilatının bütün kollektivinə bu çətin və məsuliyyətli vəzifədə uğurlar arzulayırıq. Sağ olun, hörmətli cənab Baş direktor.
İndi isə söz verilir Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevə. Buyurun.
X X X
Qazaxıstan Prezidenti Kasım-Jomart TOKAYEV çıxış edərək dedi:
-Hörmətli dövlət başçıları, sammit iştirakçıları. Çıxışımın əvvəlində bugünkü tədbirin təşəbbüskarı olan Azərbaycan Prezidentinə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesusa təşəkkür edirəm ki, bu gün bizimlə bir yerdədir. Artıq Türk Şurası çoxtərəfli məsələlərin müzakirə olunduğu platformaya çevrilib. Bu, bizim ölkələrimizin ümumi nailiyyətidir.
Hazırkı Zirvə görüşünün çətin zamanda - pandemiya dövründə keçirildiyini vurğulayan Qazaxıstan dövlətinin başçısı vurğuladı ki, bütün ölkələr səyləri birləşdirməlidir. O qeyd etdi ki, müzakirələr zamanı gündəlikdə duran əsas məsələ pandemiyanın yayılmasının qarşısını almaq üçün atılacaq addımların müəyyənləşdirilməsidir. Qazaxıstan Prezidenti ölkəsində virusun qarşısının alınması ilə bağlı görülən işlərdən danışdı. Vurğuladı ki, hazırkı vəziyyət qlobal iqtisadiyyatın inkişaf templərinə mənfi təsir edib, qlobal geosiyasi və iqtisadi vəziyyəti dəyişib.
X X X
Prezident İlham Əliyev: Təşəkkür edirəm cənab Prezident. İndi isə söz verilir Qırğız Respublikasının Prezidenti cənab Sooronbay Jeenbekova. Buyurun.
X X X
Qırğızıstan Prezidenti Sooronbay JEENBEKOV çıxış edərək dedi:
-Hörmətli həmkarlar. Sizinlə görüşməyə şadam. Koronavirus infeksiyasına qarşı mübarizədə bütün dünyaya uğurlar, tezliklə adi həyata qayıtmaq və dövlətlərimizin firavanlaşmasını arzu etmək istərdim.
Bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevə və Türk Şurasına dərin minnətdarlığımı bildirirəm.
Qırğız Respublikasının Prezidenti qeyd etdi ki, müasir dövrün ən vacib çağırışı koronavirus infeksiyasının dünyada yayılmasıdır. O, Qırğızıstanda bu xəstəliyə qarşı mübarizədə görülən işlərdən danışdı və ölkəsinin ciddi təhdidlərlə üzləşdiyini vurğulayaraq dedi:
-Təəssüf ki, bizim ölkəmizdə də yoluxmuş insanların sayı artır. Virusun yayılmasının qarşısını almaq və iqtisadiyyatı dəstəkləmək üçün hər cür tədbir görülür. Vəziyyət tam nəzarətdədir. Fürsətdən istifadə edib Türk Şurasının üzvü olan dövlətlərin – Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyənin rəhbərliyinə bizə göstərdikləri köməyə görə təşəkkürümü bildirmək istəyirəm.
Prezident Sooronbay Jeenbekov koronavirus infeksiyasının dünyada yayılmasının və bunun nəticəsində yaranmış vəziyyətin davamlı xarakter almasının çoxsaylı risklərə səbəb olduğunu bildirdi, pandemiyanın qarşısını almaq üçün birgə səylərin əhəmiyyətinə toxunaraq dedi:
-Türk Şurasında Azərbaycanın sədrliyi çox mürəkkəb dövrdə keçir. Ümidvaram ki, biz koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq və Azərbaycanın sədrliyi ilə iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlığı möhkəmlədəcəyik. Ümid edirəm ki, ölkələrimizin əməkdaşlığı səmərəli olacaq və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradacaq. Diqqətinizə görə sağ olun.
X X X
Prezident İlham Əliyev: Təşəkkür edirəm cənab Prezident. İndi isə söz verilir Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana. Buyurun.
X X X
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN çıxış edərək dedi:
- Dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm... Bütün bəşəriyyət indi görünməz bir düşmənə qarşı çətin müharibə aparır. Türk Şurasının bu fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizəmizdə aramızdakı həmrəyliyi möhkəmləndirəcək. Türk dünyası olaraq Allahın izni ilə bu çətin dövrdən də güclənərək çıxacağımıza səmimi qəlbdən inanıram.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronovirus pandemiyası ilə əlaqədar ölkəsində həyata keçirilən tədbirlərdən danışdı. Qeyd etdi ki, bu çətin günlərdə Türkiyə öz qardaşlarının yanında olmağa, onlara yardım etməyə çalışır. Bu baxımdan Türk Şurası üzvləri arasında da həmrəyliyin nümayiş etdirilməsi məmnunluq doğurur. Rəcəb Tayyib Ərdoğan pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirindən danışdı, onun fəsadlarının azaldılmasının, həmçinin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq dedi:
-Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük. Bağlanan quru yollar ilə əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib.
“Əlbəttə ki, koronovirusla savaşda qalib gələcəyik, bunun ardınca yeni dünya reallığı ilə üz-üzə qalacağıq”, - deyən Türkiyə Prezidenti pandemiyadan sonrakı dövr üçün də hazırlıqların görülməsinin əhəmiyyətinə toxundu.
X X X
Prezident İlham Əliyev: Təşəkkür edirəm cənab Prezident. İndi isə söz verilir Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə. Buyurun.
X X X
Özbəkistan Prezidenti Şavkat MİRZİYOYEV dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru.
Əziz dostlar.
İlk növbədə, Türk Şurasının bugünkü növbədənkənar Zirvə görüşünün təşkil olunması təşəbbüsü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə səmimi minnətdarlığımı bildirirəm. Videokonfrans formatında görüşümüz bütün dünyada böyük narahatlıq doğuran koronavirus pandemiyasının qarşısının alınması kimi olduqca vacib və aktual məsələyə həsr edilib.
Dünyada çox sayda insanın pandemiya ilə bağlı yaranmış vəziyyətdən əziyyət çəkdiyini deyən Özbəkistan Prezidenti virusun yayılma tempi və miqyasına görə misli görülməmiş qlobal böhrana, bütün bəşəriyyət və dünya iqtisadiyyatı üçün çox ciddi təhdidə çevrildiyini vurğuladı.
X X X
Prezident İlham Əliyev: Təşəkkür edirəm cənab Prezident. İndi isə söz verilir Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədova. Buyurun.
X X X
Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:
- Hörmətli sammit iştirakçıları.
Mən də öz növbəmdə sizi səmimi qəlbdən salamlayıram. Sizin hamınıza cansağlığı, dövləti və beynəlxalq fəaliyyətinizdə uğurlar arzu edirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə bu sammitin təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsə görə dərin minnətdarlığımı bildirirəm. Bu görüş bizə bütün dünya ölkələrinə aid olan qlobal xarakterli məsələləri müzakirə etməyə yaxşı imkan verir. Aydındır ki, bu gün bəşəriyyət geniş coğrafi sahəni əhatə edən ciddi çağırışla üzləşib.
Hazırkı vəziyyətin bir çox dövlətlərə və xalqların həyatına mənfi təsir göstərdiyini deyən Türkmənistan Prezidenti dünyanı bürümüş bu təhdidə qarşı mübarizədə koordinasiyalı addımların, həmçinin xalqlarımızın humanizm, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsinin əhəmiyyətinə toxundu. Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda koronavirusla mübarizə istiqamətində görülən işlərdən danışdı. Bu vəziyyətdə ticari-iqtisadi əlaqələrin dayanıqlılığının təmin olunmasının və nəqliyyat əlaqəsinin fəaliyyətinin vacibliyini vurğulayan Prezident Qurbanqulu Berdiməhəmmədov dedi:
-Qeyd etmək istəyirəm ki, Türkmənistan və Azərbaycanın koordinasiya olunmuş addımları hesabına Xəzər dənizində Türkmənbaşı və Bakı limanları arasında gəmi əlaqəsi davam edir. Bu, böyük geoiqtisadi məkanda yük daşımaları baxımından çox vacib nəqliyyat dəhlizidir. Regional tərəfdaşlarla birgə fəaliyyət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin normal fəaliyyəti təmin edilib.
“Biz ümumi tarixi olan qardaş ölkələr kimi malik olduğumuz yüksək mənəvi və sosial dəyərləri tam göstərməliyik”, - deyən Türkmənistan Prezidenti bu çətin anların birgə dəf ediləcəyinə, ölkələrimiz arasında əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirdi.
X X X
Prezident İlham Əliyev: Təşəkkür edirəm cənab Prezident. İndi isə söz verilir Macarıstanın Baş Naziri cənab Viktor Orbana. Buyurun.
Macarıstanın Baş Naziri Viktor ORBAN dedi:
-Hörmətli cənab prezidentlər, əziz dostlar. Sizi salamlayıram.
Mən dostum cənab İlham Əliyevə məni bu viodeokonfransa dəvət etdiyinə görə minnətdarlığımı bildirirəm. Cənab Prezident Ərdoğan, Türkiyənin maska hazırlamaq üçün bizə materiallar göndərdiyinə görə Sizə təşəkkürümü bildirirəm. Biz bu xeyirxahlığı heç vaxt unutmayacağıq. Cənab Prezident Əliyevə - mənim əziz dostuma Azərbaycan tərəfindən bizə göstərilən köməyə görə çox minnətdarıq.
Baş Nazir Viktor Orban qeyd etdi ki, vaksinin olmaması pandemiyanın ciddi fəsadlar törətməsinə səbəb olacaq. Macarıstan hökumətinin başçısı pandemiyanın qarşısının alınmasında tibbi heyətin, avadanlıqların və qoruyucu vasitələrin əhəmiyyətindən danışdı, pandemiyanın Avropada yaratdığı ağır iqtisadi vəziyyət barədə məlumat verərək dedi:
-Avropanın iqtisadi vəziyyəti birmənalı deyil. Bir çox Avropa ölkələrinin müəssisələri ağır vəziyyətdədir və bu vəziyyətdə qalacaq. İşsizlik geniş miqyas alıb, problemlər bundan sonra da davam edəcək. Sənayenin müəyyən sahələri çöküb. Avropanın iqtisadi vəziyyəti indi elədir ki, Avropa dövlətləri külli miqdarda kredit götürməyə məcburdur. Böhrandan sonra ölkələrin borcları daha çox olacaq.
X X X
Prezident İlham Əliyev: Təşəkkür edirəm cənab Baş Nazir. İndi isə söz verilir Türk Şurasının Baş katibi cənab Bağdad Amreyevə. Buyurun.
X X X
Türk Şurasının Baş katibi Bağdad AMREYEV dedi:
-Cənab prezidentlər və Baş Nazir. İlk növbədə, Türk Şurasının üzvü olan dövlət başçılarını salamlayıram. Xüsusilə Türk Şurasının fəaliyyətdə olan sədri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bugünkü tədbirin yüksək səviyyədə təşkilinə görə səmimi qəlbdən dərin hörmət və ehtiramımı bildirmək istəyirəm.
Pandemiya bizim ölkələrə də təsir edib. Lakin xoşbəxtlikdən dünyanın başqa yerlərinə nisbətən vəziyyət o qədər də faciəvi deyil. Bu, onun nəticəsidir ki, virusla mübarizədə sizin qabaqlayıcı tədbirləriniz, qətiyyətli qərarlarınız daha böyük faciələrin qarşısını almağa imkan verdi. Bizim ölkələrimiz bir-birinə humanitar yardım göstərdi, o cümlədən tibbi avadanlığın və maskaların, qoruyucu eynəklərin və əlcəklərin, test dəstlərinin verilməsi baxımından. Xüsusən də vətəndaşların evakuasiyası ictimaiyyət tərəfindən müsbət qarşılandı. Bu vəziyyət göstərdi ki, Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək vacibdir.
Bağdad Amreyev pandemiyadan sonra dünyada yaranacaq iqtisadi böhranın qarşısının alınmasında Türk Şurasına üzv ölkələrin qarşılıqlı birgə fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətindən danışdı. O qeyd etdi ki, Türk Şurasının Bakı Bəyannaməsində əksini tapan birgə investisiya fondu yaratmaq barədə qərarın icrası böhrandan sonrakı dövrdə iqtisadiyyatların bərpasında mühüm rol oynaya bilər.
X X X
Zirvə görüşünün yekununda bir daha çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Təşəkkür edirəm, cənab Baş katib.
Hesab edirəm ki, çıxışlarda səslənən bütün təkliflər katiblik tərəfindən qeydə alınsın və ümumiləşdirilib, bütün ölkələrə razılaşdırma üçün təqdim edilsin. Əminəm ki, bu dəyərli təkliflər nəzərə alınacaqdır. Beləliklə, biz əməkdaşlığımızın növbəti mərhələsini uğurla davam etdirərək və koronavirusla mübarizədə birlik göstərərək bu bəlaya qalib gələcəyik.
Əziz qardaşlarımdan soruşmaq istərdim, əlavə hansısa məsələlər, suallar, təkliflər varsa, xahiş edirəm bildirin.
Əgər yoxdursa, onda icazə verin, mən yekun sözümü söyləyim və ondan sonra Bəyannamənin qəbul edilməsi nəzərdə tutulur.
- Hörmətli dostlar.
Bir daha əziz qardaşlarıma bizim təşəbbüsümüzü qəbul etdiklərinə və Zirvə görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu gün çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizi daha da gücləndirəcəkdir. Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması üçün pandemiyadan sonrakı dövrdə iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərimizi daha da artırmağımız zəruridir.
Bizim həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu, onu göstərir ki, biz yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq. Hesab edirəm ki, Zirvə görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa əhəmiyyətli töhfədir.
Hörmətli həmkarlar, ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik və bu ağır vəziyyətdən az itkilərlə çıxacağıq. İndi isə gündəlikdə Bəyannamənin qəbul edilməsi durur. Bəyannamənin mətni razılaşdırılıb və beləliklə, Bəyannamə qəbul edildi.
Əziz dostlar, bir daha Zirvə görüşündə fəal iştirakınıza görə təşəkkürümü bildirirəm və Zirvə görüşünü bağlı elan edirəm. Sağ olun.