Əsədulla Əliyevdən, Bakı, Azərbaycan
Hörmətli Mehriban xanım.
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəslə layiqli formada çatdırılması sahəsində apardığınız müqəddəs işlərin həddi-hüdudu yoxdur. Hələ xeyirxah əməllərinizi demirəm. Bütün bu işləri yalnız xalqını, Vətənini, dövlətini ürəkdən, öz canından artıq sevən, fədakar, qayğıkeş, müdrik insan həyata keçirə bilər.
Siz xalqımızın tarixində öz sözünü demiş insansınız. Təkcə milli musiqimizdə, o cümlədən muğam sahəsində apardığınız işlər xalqımızın tarixində əbədi qalacaq möhtəşəm abidədir.
Bir neçə gün bundan əvvəl rəsmi səhifənizdə koronavirus epidemiyası ilə bağlı paylaşım etmişdiniz. Müraciətinizi sonadək oxudum. Bu müraciət Sizin nə qədər xeyirxah, səmimi, böyük qəlbə sahib olduğunuzu göstərir. Həmin müraciətdə bir ananın öz övladlarına qayğısı, diqqəti, sevgisi və mehribanlığı görünür.
Bu yerdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər ƏIiyevin vəsiyyəti yada düşür. Ulu öndər demişdir ki, hər bir azərbaycanlı öz Vətənini, ana dilini və milli-mənəvi dəyərlərini qorumalı, inkişaf etdirməli və gələcək nəslə layiqli formada çatdırmalıdır.
Hörmətli Mehriban xanım, Siz ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən əsl Azərbaycan qızısınız. Siz bunları xalqa müqəddəs xidmətiniz, xeyirxah işlərinizlə qazanmısınız.
Bu məktubu Sizə mənəvi borc bilərək və qürur hissi keçirərək və yazıram. Ulu Tanrı öz mərhəmət nəzərini Sizin və ailənizin üzərindən əskik etməsin. Sizə cansağlığı, bu sınaq günlərində uğurlar arzulayıram.
Dərin hörmətlə,
Əliyev Əsədulla, əmək veteranı, “Qızıl qələm” və Məmməd Araz mükafatları laureatı.
Azərbaycan Respublikası, Bakı şəhəri.