İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib

24 aprel 2020, 12:40
İlham Əliyev Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında iştirak edib

Aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Görülən işlər barədə dövlətimizin başçısına məlumat verən SOCAR-ın prezidenti Rövnəq Abdullayev dedi:

- Cənab Prezident, bildiyiniz kimi, Sumqayıt şəhərinin əhalisi Qaradağdan 12 düymlük 12 atmosfer təzyiqli xətlə qazla təmin olunurdu. Bir də ki, Sumqayıtın sənayesi üçün Qaradağ-Digah-Şimal DRES xəttindən 30 atmosferlik bir xətt çəkilmişdi. Bu xətt Sumqayıtın sənaye müəssisələrini və karbamid zavodunu qazla təchiz edir. Artan tələbat və Şimal DRES-ində artım Sumqayıtın təmin olunması üçün müəyyən problemlər yaradırdı. Sumqayıtda böyük sənaye klasterinin yaradılması üçün qaz imkanları məhdud idi, hətta qış vaxtlarında çatışmazlıq olurdu. Sizin göstərişinizlə 80 milyon manat vəsait ayrıldı və 60 kilometrlik yeni Ağdərə-Sumqayıt xətti çəkildi. Bu, imkan verdi ki, Sumqayıt-Abşeron klasterini dayanıqlı, yüksəktəzyiqli qazla təmin edək və hətta gələcəkdə Sumqayıtın inkişafı üçün də böyük imkanlar yaranacaq.

Cənab Prezident, bu xətt çəkiləndə biz perspektivdə Yaşma Elektrik Stansiyası və metallurgiya kompleksi üçün də ayrılmalar qoymuşuq. Bu, imkan verəcək ki, inkişaf perspektivi təmin olunsun. Cənab Prezident, tikinti işlərinə keçən ilin üçüncü kvartalında başlandı və Sizin göstərişinizlə vaxtından 2 dəfə tez - 6 ay müddətində başa çatdırıldı. Artıq deyə bilərik ki, Sumqayıt dairəvi qazla təmin olunur.

Sonra Prezident İlham Əliyev magistral qaz kəmərinin açılışını etdi və Sumqayıt şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün Sumqayıt şəhərinin dayanıqlı qaz təchizatı işində çox əlamətdar bir gündür. Biz Sumqayıt şəhərinə yeni alternativ qaz xəttinin çəkilişini qeyd edirik. Bu münasibətlə bütün sumqayıtlıları təbrik etmək istəyirəm. Çünki bu, şəhəri dayanıqlı qazla təmin etmək üçün imkanlar yaradır və eyni zamanda, şəhərin gələcək potensialını da nəzərə alır. Bu vaxta qədər Sumqayıt bir xətt üzərində qazla təmin edilirdi. Əlbəttə ki, Sumqayıtda son illərdə yaradılmış sənaye müəssisələri, sənaye klasterləri əlavə həcm tələb edirdi. Bunu nəzərə alaraq yeni qaz kəmərinin tikintisi zəruri idi. Qaz kəmərinin uzunluğu 60 kilometrdir. Bu, böyük bir inşaat layihəsi olubdur. Qısa müddət ərzində bu kəmər istifadəyə verilir və bu gün artıq fəaliyyətə başlayır.

Bu, birinci növbədə əhalini təbii qazla təmin etmək işində önəmli addımdır. Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100 faizdir. Əlbəttə ki, şəhərin bir xəttin üzərində qidalanması müəyyən problemlər yarada bilərdi, qəza nəticəsində müəyyən problemlər yarana bilərdi. İndi isə bu ikinci xətt həm artan tələbatı ödəyəcək, eyni zamanda, ikinci sığorta layihə kimi sumqayıtlıları təmin edəcəkdir.

O ki qaldı, şəhərin sənaye potensialına, son illərdə Sumqayıt sənaye baxımından çox uğurla inkişaf edir. Burada bir çox önəmli layihələr icra edilibdir. Sumqayıt Texnologiyalar Parkı uzun illərdir ki, fəaliyyət göstərir. Burada 10-dan çox zavod fəaliyyət göstərir. Ondan sonra Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Yüzlərlə hektar torpağı əhatə edən bu böyük ərazidə bütün infrastruktur layihələri, təmizləmə işləri dövlət xətti ilə aparılmışdır və sonra dövlət və özəl sektor orada investisiya qoymağa başlamışlar. Hazırda Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin tikintisi davam edir. Onların arasında əyirici boya fabrikinin tikintisini xüsusi qeyd etməliyəm. Çünki bu, bizim xalçaçılıq sənayemizin inkişafı üçün çox önəmli layihədir. Eyni zamanda, şüşə zavodu da inşa edilir. Biz şüşələri xaricdən idxal edirik və bu zavod işə düşəndən sonra artıq idxaldan asılılığı aradan götürəcəyik.

Sumqayıtda Azərbaycan sənayesinin flaqmanları sayılan iki nəhəng sənaye müəssisəsi inşa edilib - polimer və karbamid zavodları. Bu müəssisələr həm daxili tələbatı tam ödəyəcək, eyni zamanda, böyük ixrac imkanları yaranıb. Bu ixracın əhəmiyyəti ondadır ki, bu, qeyri-neft ixracıdır. Bizim də əsas məqsədimiz qeyri-neft sənayesini inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır. Bildirməliyəm ki, indi dünyada böhranlı vəziyyətdir, demək olar, ölkələr arasındakı iqtisadi əlaqələr müəyyən dərəcədə zədələnib və iqtisadi fəallıq bütün dünyada aşağı düşüb. Buna baxmayaraq, üç ayda Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 23 faizdir. Bunun böyük hissəsi yeni yaradılmış sənaye müəssisələrinin hesabınadır. Beləliklə, biz bu müəssisələri yaratmaqla həm daxili tələbatı ödəyirik, idxaldan asılılığı aradan götürürük, həm də vətəndaşları işlə təmin edirik. Artıq Sumqayıtda minlərlə yeni iş yeri yaradılıb. Son illər ərzində Sumqayıtda bütün sənaye və infrastruktur obyektlərinin açılışlarında mən şəxsən iştirak etmişəm. Son 16 il ərzində bəlkə də 30 dəfəyə yaxın Sumqayıtda olmuşam və şəhərin inkişafı ilə bağlı şəxsən maraqlanıram, bütün məsələləri nəzarətdə saxlayıram.

Bu gün Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye şəhəridir. Vaxtilə Sumqayıt yaradılanda Sovet İttifaqının kimya sənayesinin mərkəzi kimi nəzərdə tutulurdu və bu funksiyanı yerinə yetirirdi. Ancaq sumqayıtlılar yaxşı bilirlər ki, ekoloji vəziyyətə çox böyük zərbə vurulmuşdu. Sumqayıt ekoloji fəlakət zonası idi və Sovet İttifaqı məkanında bəlkə də ekoloji baxımdan ən çirklənmiş şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt Azərbaycanın ekoloji baxımdan ən təmiz şəhərlərindən biridir. Çünki burada yaradılmış bütün yeni müəssisələr ekoloji normalara tam cavab verir. Köhnə müəssisələr artıq bağlanıb, onların əraziləri yeni sənaye parklarının sərəncamına verilib. Bu gün Sumqayıtda təmiz hava artıq adi hala çevrilib. Halbuki Sumqayıtda yaşayan insanlar, xüsusilə yaşlı nəsil yaxşı xatırlayır ki, burada ekoloji vəziyyət çox ağır idi. Sumqayıtın yanından maşınla keçənlər də pəncərəni bağlayırdılar ki, o iylər onlara təsir etməsin. Biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq və sənaye potensialının artırılması bundan sonra da davam edəcək. Ona görə ikinci qaz xəttinin istifadəyə verilməsi həm bu günün tələbatını ödəyir, həm də bundan sonra inşa ediləcək, yaradılacaq müəssisələrin potensialını nəzərdə tutur.

Bizim planlarımız böyükdür. Sumqayıt inkişaf edir, əhali artır, sənaye potensialı möhkəmlənir. Sumqayıt doğrudan da bu bölgənin, regionun çox müasir sənaye şəhərlərindən biridir. Eyni zamanda, əlbəttə, şəhərin infrastrukturu yenilənir, şəhər abadlaşır, insanlar üçün gözəl imkanlar yaradılır. Təkcə Sumqayıt Bulvarını qeyd etmək kifayətdir, qısa müddət ərzində gözəl bir istirahət zonası yaradılmışdır. Bu gün Sumqayıt parklar, bağlar şəhəridir. Eyni zamanda, burada məskunlaşmış köçkünlər üçün də yeni layihələr icra edilir. Hazırda burada - yaxınlıqda məcburi köçkünlər üçün yeni şəhərcik salınır və orada üç mindən çox köçkün ailəsi yerləşdiriləcək. Beləliklə, Sumqayıt şəhərinin köçkün problemi böyük dərəcədə öz həllini tapacaq. Bu gün hələ də ağır vəziyyətdə yaşayan köçkünlər bilməlidirlər ki, növbə onlara da çatacaq. Biz hər bir köçkünü yerləşdirəcəyik, onlar üçün ən müasir şərait yaradılır. Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir.

Əlbəttə ki, bugünkü tədbirlər, - bu gün mən köçkünlər üçün tikilən şəhərciyə də baş çəkəcəyəm, - göstərir ki, bütün planlarımız yerindədir. Biz bu ili də planlaşdırdığımız kimi başa vuracağıq. Bütün aidiyyəti qurumlara göstərişlər verildi və bundan sonra xərclərimizi prioritet əsasında planlaşdıracağıq. Ancaq sosial məsələlərin həlli daim birinci yerdə olacaqdır.

Biz karantin rejimini nəzərə alaraq, bu günü Sumqayıt şəhərinin məhdud sayda nümayəndələri ilə qeyd edirik. Mən əminəm ki, biz şəhəri bundan sonra da birgə səylərlə inkişaf etdirəcəyik və daha da gözəl şərait yaradacağıq. Sizi və bütün sumqayıtlıları təbrik edirəm.

x x x

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, Sizi sumqayıtlılar adından salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm. Keçən il məhz Sizin Sərəncamınızla Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə bilirik ki, Sumqayıtın formalaşması və inkişafı məhz Ulu Öndərin adı və dühası ilə bağlıdır. Ulu Öndərin Sumqayıta hər zaman yanaşması fərqli olub. Ulu Öndər Sumqayıtı Azərbaycanın kiçik bir modeli adlandırıb. Bu gün bizi həqiqətən də qürurlandıran hal odur ki, Ulu Öndərin Sumqayıta göstərdiyi diqqət və qayğı məhz Sizin tərəfinizdən bu cür uğurla davam etdirilir. Vurğuladığınız kimi, Sumqayıta göstərdiyiniz xüsusi diqqət və qayğı nəticəsində Sumqayıt bu gün müasir və yeniliklər dolu bir məkana çevrilmişdir. O yeniliklər ki, həqiqətən də dinamik artan inkişaf xətti üzrə gedir. Biz Sumqayıtlılar təbii ki, bununla fəxr edirik.

Sumqayıt bu gün güllər, çiçəklər vurğuladığınız kimi, gecələri işıqlı olan bir şəhərdir. Burada da vurğuladığınız kimi, keçən illər ərzində Sizin iştirakınızla, xeyir-duanızla bir çox sosial inzibati binalar, sənaye müəssisələri inşa olunub bizim ixtiyarımıza verilmişdir. Ancaq bütün bunlarla yanaşı, sumqayıtlıların, Sizin yadınızdadır, bir sıra problemləri də var idi. Bunların sırasında dam örtükləri, lift məsələlərini, küçələrin asfalt örtüklərini xüsusi vurğulamaq olar. Amma məhz Sizin tövsiyə və tapşırığınızla bu gün Sumqayıtın bütün yaşayış binalarının üstü yenidən qurulub və lift, ümumiyyətlə, servis məsələsi ən yüksək haldadır. Şəhərin ən əsas küçələri, məhəllədaxili bütün yollar demək olar ki, yeni asfaltla təmin olunub. Vurğuladığınız kimi, Sumqayıt çox gözəl atmosferi, çox gözəl şəraiti olan bir şəhərdir.

Cənab Prezident, Sumqayıtda inkişafı götürəndə, təchizatı götürəndə, şükür Allaha işıq və su ilə bağlı demək olar ki, heç bir ciddi problem yoxdur. Amma Sumqayıtın qaz təchizatında və xüsusən də qış aylarında qazın təzyiqinin aşağı düşməsində müəyyən qədər problemlər olur. Bu gün Sizin buradakı iştirakınız və xeyir-duanızla, inşallah, Sumqayıtda mən inanıram ki, biz hamımız və bu günü də gözləyirdik ki, bu qaz problemi də öz həllini tapacaq və təkcə Sumqayıtda deyil, ətrafında yerləşən sənaye müəssisələrində də bu qaz təminatı veriləcək.

Cənab Prezident, bu gün şəhərimizdə, sözün əsl mənasında, yeni və sağlam mühit yaradılmışdır ki, məhz bunun nəticəsində potensial bir Sumqayıt ailəsi formalaşıb. Bu gün burada iştirak edən sumqayıtlılar, bizlər bu ailənin üzvü olaraq Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Azərbaycan xalqının qüruru onun Ali Baş Komandanının, onun Prezidentinin qətiyyəti və mətinliyindədir. Uca Allah qətiyyətli Prezidentimizi və qürurlu Azərbaycan xalqını qorusun!. Sağ olun cənab Prezident!

X X X

Prezident İlham Əliyev: Sumqayıt şəhərinin infrastruktur layihələrinin icrası əlbəttə ki, böyük əhəmiyyət daşıyırdı. Mən bu yaxınlarda elektrik enerjisi ilə bağlı məsələlərə toxunarkən demişdim ki, son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Amma onu da bildirməliyəm ki, onlardan birincisi mənim göstərişimlə məhz Sumqayıtda tikilmişdir. Özü də çox böyük stansiyadır - 525 meqavat gücündə. Çünki bu stansiya olmadan Sumqayıtın sənaye potensialı inkişaf edə bilməzdi. Məhz bu stansiyanın istifadəyə verilməsi ilə Sumqayıtın elektrik enerjisinə olan tələbatı və eyni zamanda, ondan sonra artan sənaye müəssisələrinin tələbatı ödənildi.

Su təminatına gəldikdə isə, Sumqayıt Şollar mənbəyindən qidalanır və bu problem də öz həllini tapıb. İndi yolların çəkilişi də nəzərdə tutulur. Bildiyiniz kimi, mənim göstərişimlə Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi icra edilir. Çünki mən demişəm, artıq Sumqayıt Bakı ilə elə bil ki, birləşib və bəziləri burada yaşasa da Bakıda işləyir və əksinə. Ona görə bu yollarda yaranmış tıxaclar əlbəttə ki, ciddi tədbirlər tələb edirdi. İndi yolun genişləndirilməsi işləri gedir. Eyni zamanda, bildiyiniz kimi, biz iki il bundan əvvəl Bakını, Bakı qəsəbələrini Sumqayıtla birləşdirən Bilgəh-Sumqayıt yolunun da açılışını qeyd etdik. İndi Sumqayıtdan Bakının qəsəbələrinə Bakı şəhərinə girmədən dəniz sahili yolu ilə çatmaq mümkündür. Ona görə bütün bu infrastruktur layihələrinin icrası zəruri idi. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi.

Təbii qaz bizim enerji sistemimizin əsas mənbəyidir. Çünki bizim elektrik stansiyalarımızın mütləq əksəriyyəti qazla işləyir. Su elektrik stansiyalarının həcmini artırmaq istəyirik. Alternativ mənbələrdən də istifadə etmək istəyirik. Amma hələlik təbii qaz uzun illər bundan sonra da bizim əsas enerji mənbəyimiz olacaqdır. Ona görə bu gün ölkəmizdə reallaşan böyük qaz layihələri bu məqsədi güdür. “Şahdəniz-2” layihəsinin işə düşməsi və gələn il “Abşeron” yatağından böyük həcmdə təbii qaz hasilatı bizim qaz potensialımızı bundan sonra da təmin edəcək. Çünki ölkəmizdə həm əhalinin sayı artır, həm də sənaye inkişaf edir. Ona görə bu inkişafa adekvat olan enerji mənbəyi olmalıdır. Bu gün müasir texnologiyalar bu sahədə də çox böyük dəyişikliklərə gətirib çıxardı.

Eyni zamanda, şəhərin abadlaşdırılması. Siz lift təsərrüfatını, dam örtüklərini qeyd etdiniz. Bilirsiniz ki, mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan müntəzəm olaraq bu məqsədlər üçün vəsait ayrılır və bildiyimə görə, artıq dam örtüklərinin böyük hissəsi vurulubdur.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov: 1100 binanın dam örtüyü təmir olunub, 190-ı qalıb, o da bu il təmir olunacaq.

Prezident İlham Əliyev: Cəmi 190 bina qalıb, onları da bu il başa çatdıracaqsınız. Lift təsərrüfatını da. Sonra icra hakimiyyətindən müraciət olunmuşdur ki, şəhər nəqliyyatı üçün avtobuslar alınsın, biz bunu da həll etdik. Kredit verildi, müasir avtobuslar gətirildi, indi hamısı işləyir. Ona görə insanları narahat edə biləcək bütün əsas məsələləri biz kompleks şəkildə təhlil edərək öz addımlarımızı atdıq və deyə bilərəm ki, bütün hədəflərə çatmışıq. Amma əlbəttə, həyat yerində durmur, biz Sumqayıtı daha müasir şəhərə çevirməliyik və əminəm ki, buna nail olacağıq.

X X X

Sumqayıt şəhər 1 nömrəli doğum evinin baş həkimi Təranə Rəcəbli dedi:

-Cənab Prezident, mən də öz növbəmdə, Sizi salamlayıram və qeyd etmək istəyirəm ki, Sizinlə görüşdən böyük sevinc hissi duyuram. Sizin hər səfərinizdə bizim gündən-günə gözəlləşən Sumqayıt şəhəri daha da böyük inkişaf yoluna addım atır və problemləri həll olunur. Cənab Prezident, Sizin yürütdüyünüz siyasətin mərkəzində, hədəfində xalqımız, xalqımızın rifahı, sağlamlığı və əminliyi durur. Biz bunun illərdir şahidiyik. Son aylarda dünyada tüğyan edən COVID-19 qlobal pandemiyası əlbəttə ki, Azərbaycandan da yan keçmədi. Bu dövrdə Sizin atdığınız addımlar, verdiyiniz qərarlar bizə bir xalq kimi bu dövrü çox sabit və rahat keçirtməyə imkan verdi. Bu dövrdə bizim xalqımız az itkilər verib. Buna görə mən Sizə bir vətəndaş kimi, bir ana kimi, bir həkim kimi təşəkkür edirəm.

Cənab Prezident, bu dövrdə artıq bəzi ölkələr bizim təcrübələrimizdən yiyələnirlər. Bu dövrdə Ümumdünya Səhiyyə Təşkilatının, beynəlxalq təşkilatların Sizə təşəkkür etməsi bir vətəndaş kimi məndə böyük fərəh hissi yaradır. Bu dövrdə Sizin məhz iqtisadi sabitliyi deyil, əhalinin sağlamlığını üstün tutmağınız çox təqdirəlayiqdir. Siz hər zaman sumqayıtlılara xüsusi diqqət yetirmisiniz. Biz bunu hiss etmişik və daim yanımızda olmusunuz. Sumqayıtın 70 illik yubileyi ərəfəsində Sizin Sumqayıta gəlişiniz və Sumqayıt sakinlərini bu yubiley ərəfəsində medallarla, ordenlərlə təltif etməyiniz biz sumqayıtlıların hədsiz sevincinə səbəb oldu. Fürsətdən istifadə edib demək istəyirəm ki, həmin dövrdə Siz mənə də “Əməkdar həkim” adı verdiniz, buna görə təşəkkür edirəm.

Cənab Prezident, mən Sizi əmin etmək istəyirəm ki, biz Sizin etimadınızı doğruldacağıq. Sizin rəhbərliyinizlə ölkəmiz, dövlətimiz daha böyük inkişaf yolu keçəcək. Bu pandemiya dövründə Sizin verdiyiniz qərarlarla əlbəttə ki, bu qısa müddətdə laboratoriyaların açılması, modul tipli xəstəxanaların tikilməsi və yüksək standartlara uyğun “Yeni klinika”nın açılıb COVID-19 xəstələrinin öhdəsinə verilməsi bu infeksiya ilə bizim mübarizəni gücləndirdi. Bu dövrdə Sizin və Mehriban xanımın həkimlərin yanında olmağınız, bizim sosial rifahımız üçün verdiyiniz qərarlar, əlbəttə ki, nəinki bizim, bütün sakinlərin, aztəminatlı ailələrin, yaşlı nəslin yanında olmağınız bizi bir daha inandırır ki, xalq-hakimiyyət birliyi güclüdür və bu birlik bizi daha gözəl, işıqlı sabahlara çıxaracaq.

Cənab Prezident, Allah Sizi qorusun!. Biz Sizə cansağlığı arzu edirik. Sizə və ailənizə Ulu Tanrıdan uzun və xoşbəxt ömür arzu edirik. Çox sağ olun.

X X X

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xahiş edirəm, mənim salamlarımı Sumqayıt həkimlərinə çatdırasınız. Mən artıq dəfələrlə demişəm ki, həkimlərin fədakarlığı qürur hissi yaradır. Bütün Azərbaycan xalqı bir daha gördü ki, bizim həkimlərimiz öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq xəstələrin yanındadırlar, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq edirlər. Mən demişəm, hətta o geyimdə belə hərəkət etmək çətindir. Onlar isə ayaqüstə, gecə-gündüz xəstələrin yanındadırlar. Xəstələrin sağalmasında həkimlərin çox böyük rolu var. Əlbəttə ki, görülmüş bütün tədbirlər və sizin də qeyd etdiyiniz kimi, müasir klinikaların koronavirus xəstələrinin sərəncamına verilməsi, təşkilati düzgün işlərinin qurulması və qabaqlayıcı tədbirlər bizi demək olar, bu böyük bəladan qorudu. Düzdür, itkilər də var, ancaq itkilər daha da çox ola bilərdi. Ona görə bütün qabaqlayıcı tədbirlərin görülməsi, indi həyat göstərir ki, düzgün addım idi.

Əlbəttə, mən həkimlərin fəaliyyətini bir daha qeyd etmək istəyirəm. Bildiyiniz kimi, artıq bir neçə şüar da əhali arasında çox təqdir edilir: “Biz birlikdə güclüyük!” və “Azərbaycan həkimlərinə eşq olsun!”. Biz ölkəmizin müasir rəmzlərindən biri olan “Alov qüllələri”ndə də bütün həkimlərimizi alqışlamışıq. Bir məsələyə də toxunmaq istəyirəm. Bəzi hallarda Azərbaycan səhiyyə sisteminə müəyyən tənqidi yanaşmalar da müşahidə olunurdu. Hətta deyirdilər ki, xəstələr xaricə üz tutur, xaricdə müalicə almaq istəyirlər. Mən demişəm, indi bir çox ölkələrdə imkanlı adamlar istəyirlər dünyanın ən inkişaf etmiş ölkələrinin xəstəxanalarına müraciət etsinlər. Ancaq bu gün nəyi görürük? Onu görürük ki, səhiyyə xidməti, tibb xidməti baxımından biz heç kimdən geri deyilik. Bu gün inkişaf etmiş ölkələrin səhiyyə sistemləri böhran içindədir, xəstələrə qulluq edə bilmirlər. “COVID-19” xəstəliyinə düçar olmuş, amma vəziyyəti ağır olmayan insanlara nəinki tövsiyə edilir, göstəriş verilir ki, evdə otur. Onları xəstəxanalara götürmürlər, ən inkişaf etmiş ölkələrin xəstəxanalarında xəstələri dəhlizlərdə yerə uzadırlar. Ən inkişaf etmiş ölkələrdə artıq neçə gündür ki, yüzlərlə insan vəfat edir, yüzlərlə. Özü də elə ölkələr var ki, o ölkələrin əhalisi Azərbaycanın əhalisi ilə demək olar ki, təxminən eynidir. Yüzlərlə - 200, 300, 400 insanın vəfat etməsi onu göstərir ki, o ölkələrin səhiyyə sistemi buna hazır deyil, bu yükü götürə bilmədi və faktiki olaraq çökdü.

Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha genişhəcmlidir. Ona görə bizim əsas vəzifəmiz ondan ibarət idi ki, xəstəliyin geniş yayılmasına imkan verməyək. Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını almaq tam mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi, o cümlədən “Yeni klinika”da, Azərbaycan Tibb Universitetinin iki klinikasında və bu gün xəstələr 20-dən çox klinikada müalicə alırlar. Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük. Nədədir bu dinamika? Yəni, yoluxanların sayı sağalanların sayından azdır. Əsas budur. Artıq bu məhdudlaşdırıcı tədbirlərin nəticəsini biz görürük. Geniş sosial paket təqdim olundu. Birinci mərhələdə hesab edirdik ki, biz 1 milyard manatla işləri tənzimləyə bilərik. Gördük ki, bu, azdır. Bunu qaldırdıq 2,5 milyard manata. İndi isə bütün proqramları, o cümlədən vergi güzəştləri və digər güzəştləri nəzərə alaraq bu, artıq 3,5 milyarddan böyük rəqəmə çıxır və nə qədər lazımdır bunu edəcəyik. Çünki insanların günahı yoxdur. Bəziləri indi qeyri-formal işləyirdi. Halbuki mən dəfələrlə demişəm ki, öz işinizi sənədləşdirin. Amma onlar da işləyirdi, evə pul gətirirdi. İndi onlar da işsiz qalıb. Ona görə bizim qəbul etdiyimiz qərarlar onları - heç bir əmək müqaviləsi olmayan insanları da nəzərə alır. Çünki biz başa düşürük ki, onlar öz işlərindən məhrum olublar. İndi dinamika müsbət istiqamətdə gedir. Əlbəttə, növbəti qərarların qəbul edilməsində biz mütəxəssislərin rəyinə əsaslanacağıq. Çünki burada özbaşınalığa yol vermək olmaz, hansısa bir ayrı qərara getmək olmaz. Gərək mütəxəssislər desinlər ki, bu məhdudlaşdırıcı tədbirləri biz nə vaxt müəyyən dərəcədə yumşalda bilərik. Bu bir həftənin təcrübəsi göstərir ki, o gün uzaqda deyil. Müəyyən addımlar ola bilsin ki, mayın 4-nə qədər də atıla bilər. Çünki bilirsiniz, karantin rejiminin müddəti mayın 4-nə qədər uzadıldı. İndi baxarıq, əgər imkan olarsa, artıq müəyyən yumşalma addımları atılacaq. Ancaq yenə də daim monitorinq aparılacaq. Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır. Hər kəs üçün çətindir. İndi biz bu vəziyyətlə üzləşərkən hesab edirəm ki, ən düzgün yolu seçmişik. Xalqımız ən yüksək xüsusiyyətlərini göstərir - həmrəylik, birlik. Mən demişəm ki, buna məsuliyyət də əlavə olunmalıdır. İlk günlərdən fərqli olaraq məsuliyyət də, nizam-intizam da artıb. Bu vəziyyətdə insanların sağlamlığını qoruyan həkimlər və karantin rejiminə nəzarət edən polis işçiləri ən yüksək qiymətə layiqdirlər. Mən heç şübhə etmirəm ki, biz bu vəziyyətdən az itkilərlə çıxacağıq, İnşallah! Sağ olun.

X X X

Bu gün dünyada koronavirus pandemiyasının bir çox ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sosial layihələr uğurla və ardıcıl şəkildə davam etdirilir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin sosial məsələlərinin həlli, sosial infrastrukturun daha da müasirləşdirilməsi dayanır. İndiyədək bu istiqamətdə icra olunan layihələr arasında ölkə ərazisinin qazlaşdırılması, əhalinin “mavi yanacağ”a tələbatının ödənilməsi məqsədilə həyata keçirilən işlərin də xüsusi yeri var. Onu da deyək ki, bu layihənin nəticəsində təbii qaz Yaşma və Sumqayıt elektrik stansiyalarına, həmçinin SOCAR-ın Karbamid zavoduna və yeni Metallurgiya Kompleksinə nəql ediləcək. Bu kəmərin istifadəyə verilməsi yalnız Sumqayıt-Yaşma iqtisadi regionu üçün deyil, həm də iki lokal nəql sistemini birləşdirməklə Bakı şəhərinin etibarlı qaz təchizatı üçün alternativ bir sistemə çevrilməsinə imkan verir. Qeyd edək ki, layihənin icrası zamanı istifadə olunan borular da yerli istehsaldır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15