Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Müəyyən edilsin ki, Bakı şəhərində keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:
2.1. “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu;
2.2. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;
2.3. “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
3. Bu Fərmanın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:
3.1. “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri - 2012-ci il aprelin 15-dən iyunun 1-dək;
3.2. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər - 2012-ci il mayın 10-dan iyunun 1-dək.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
5.1. “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Yayımları Birliyinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
5.2. “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2012-ci il.