Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

06 mart 2012, 18:20
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident, əziz dost!

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Mən Sizi, hörmətli cənab Prezident, Azərbaycanda səmimiyyətlə salamlayıram. Bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Bu gün apardığımız danışıqlar bir daha onu göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Sizin səfəriniz bu əlaqələrin inkişafına güclü təkan verəcəkdir. Əlaqələrimizin tarixi də çox zəngindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar və biz bu gözəl ənənələri bu gün də davan etdiririk. Çox şadam ki, iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan uğurla əməkdaşlıq edir.

Bizim tariximizdə çox oxşar məqamlar vardır. Müstəqilliyimizin tarixi də eynidir. İyirmi ildir ki, biz müstəqil dövlətlər kimi yaşayırıq və bu illər ərzində böyük uğurlara nail olmuşuq. Biz çox şadıq və sevinirik ki, Sizin rəhbərliyiniz altında Gürcüstan inamla inkişaf edir. Gürcüstanda aparılan islahatlar çox böyük qiymətə malikdir və Sizin rəhbərliyinizlə Gürcüstanın inkişafı artıq reallıqdır. Biz bir dost, qardaş kimi buna sevinirik və əminik ki, gələcəkdə də Gürcüstanın inkişafı çox uğurlu olacaq və ölkə qarşısında duran bütün vəzifələr Sizin rəhbərliyiniz altında öz həllini tapacaqdır. O ki qaldı ikitərəfli əlaqələrə, bu əlaqələr çox genişdir. Bu gün biz Sizinlə ikitərəfli məsələlərin demək olar ki, bütün aspektlərini müzakirə etdik. Bir daha gördük ki, aramızda heç bir problem yoxdur. Əksinə birgə təşəbbüslərimiz həm ölkələrimizi zənginləşdirir, həm ölkələrimizin imkanlarını artırır, eyni zamanda, başqa regionlara da öz müsbət təsirini göstərir.

Gürcüstan-Azərbaycan əlaqələri regional çərçivədən çıxıbdır və bu gün bizim birgə təşəbbüslərimiz artıq beynəlxalq əhəmiyyətə malikdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir. Mən çox şadam ki, Azərbaycan şirkətləri Gürcüstana iqtisadi sahədə böyük həcmdə investisiyalar qoymağa başlamışlar. Bu investisiyaların böyük gələcəyi vardır və keçən ilin göstəriciləri də çox müsbətdir. Aramızda olan mal dövriyyəsi sürətlə artır və əminəm ki, bu il də artacaqdır.

Enerji məsələləri bu gün yenidən müzakirə edildi. Bu məsələlər artıq yoluna qoyulubdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa neft-qaz kəmərləri bölgənin geosiyasi vəziyyətini köklü şəkildə dəyişmişdir. Bu gün bu layihələr həm ölkələrimizin inkişafına xidmət göstərir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verir.

Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz birgə səylərlə Avropanın enerji təhlükəsizliyini daha da böyük həcmdə təmin edəcəyik - istər neft, istərsə də qaz sahəsində. Mən çox şadam ki, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinə də öz töhfəsini vermişdir.

Bu gün müzakirə etdiyimiz məsələlər arasında nəqliyyat məsələləri də böyük yer tutdu. Bu gün bizim müvafiq qurumların rəhbərləri məruzə etmişlər. Tranzit məsələləri müzakirə edildi. Humanitar sahədə əməkdaşlıq çox yaxşı səviyyədədir. Bu əməkdaşlığın çox böyük tarixi vardır. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər humanitar sahədə və bütövlükdə bütün başqa sahələrdə gedən proseslərə müsbət təsir göstərirlər. Onların ölkələrimizdə rahat yaşaması əlbəttə ki, bizim vəzifəmizdir. Mən çox şadam ki, soydaşlarımızın istər Gürcüstanda, istərsə də Azərbaycanda problemləri uğurla həll edilir. Bu amil də, əlbəttə ki, daim ikitərəfli gündəliyin içindədir.

Bir sözlə, bizim aramızda dostluq, qardaşlıq münasibətləri reallıqdır. Bu, sadəcə olaraq sözlər deyil, bu, reallıqdır, bu, bugünkü günün tələbidir. Mən heç şübhə etmirəm ki, bundan sonra da uzun illər ərzində Gürcüstan və Azərbaycan iki dost və qardaş ölkələr kimi birlikdə olacaqlar. Bizim gələcəyimiz birlikdədir. Biz yalnız birlikdə istədiyimizə nail ola bilərik və ölkələr qarşısında duran vəzifələri yalnız birlikdə icra edə bilərik.

Eyni zamanda, mən beynəlxalq arenadakı fəaliyyətimiz haqqında bir-iki kəlmə söz demək istəyirəm. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu dəstək səmimidir, çox əhəmiyyətlidir. Bütün beynəlxalq təşkilatlarda bir-birimizin lehinə səslərimizin verilməsi Gürcüstan-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətini bir daha vurğulayır. Mən deyə bilərəm ki, bundan sonra da Azərbaycan bütün beynəlxalq təşkilatlarda Gürcüstanı dəstəkləyəcəkdir. Əminəm ki, eyni dəstəyi biz bundan sonra sizdən də görəcəyik.

Bir daha Sizi ölkəmizdə səmimiyyətlə salamlayıram. Siz bizim yaxın dostumuzsunuz. Bizi şəxsi dostluq əlaqələri bağlayır ki, bu da ikitərəfli əlaqələrə müsbət təsir göstərir.

Bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi ürəkdən salamlayıram. Sizə və bütün Gürcüstan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram.

X X X

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin bəyanatı

- Hörmətli cənab Prezident!

Azərbaycana səfər etmək hər zaman bizim üçün xoşdur. Bu, nəinki rəsmi səfərdir, əslində bizi böyük dərəcədə ilhamlandıran bir səfərdir. Bu, bizə çox müsbət enerji verir. Çünki məhz bu müsbət enerji əslində bu cür səfərlərdən irəli gəlir və ölkələrimiz arasında əməkdaşlığımızı qidalandırır. Eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan hər zaman çox yaxşı perspektivlərə malik bir ölkə olubdur.

Cənab Prezident, Sizin rəhbərliyinizlə bu gün Azərbaycan nəinki sürətlə inkişaf edən ölkədir, həmçinin regionun lideridir və həmçinin qlobal səviyyədə tanınan bir dövlətdir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda öz maraqları əsasında fəaliyyət göstərir. Bu gün Azərbaycan artıq BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür.

Azərbaycan bütün məsələlərdə birmənalı olaraq müsbət rol oynayır. Biz istənilən məsələdə Azərbaycanın yardımını hiss edirik. Buna görə də ölkələrimizi birləşdirən münasibətlərin gücü məhz bundadır. Bu, əslində regiondakı sabitliyin və inkişafın təməl daşıdır. Bu, məhz Sizin fəaliyyətiniz, Sizin güclü iradəniz, Azərbaycan xalqının iradəsi əsasında baş verir.

Siz həm daxildə, həm xaricdə əsl müstəqil ölkəsiniz. Siz regionda bir çox dövlətlər üçün nümunə ola bilərsiniz.

Azərbaycan bizim üçün, həmçinin digərləri üçün yaxşı bir nümunədir. Əslində biz bunu adi bir hal kimi qəbul etməli deyilik. Biz, həmçinin regionda digər hadisələri də görmüşük və hesab edirik ki, məhz bu baxımdan Azərbaycan xüsusi bir istisnadır.

Azərbaycan münasibətlərə böyük əhəmiyyət verir. Biz hesab edirik ki, qarşımızda duran məsələlərin, bütün problemlərin həllinə nail olmuşuq və gözəçarpan nəticələr əldə etmişik.

Mən hər zaman qardaşım İlham Əliyevlə görüşməyə məmnunam. Biz bir çox məsələlər üzrə konkret əsaslarla məsləhətləşmələr aparırıq. Biz böyük miqyaslı dəmir yolu layihəsini həyata keçiririk. Azərbaycan bu layihə çərçivəsində 320 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaqdır. Bu, bizi Avropaya birləşdirən birgə marşrutumuz olacaqdır. Burada yüklərin, sərnişinlərin daşınması baş tutacaqdır. Hər il iki milyon insan məhz Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycandan gələcək, Gürcüstan ərazisindən keçib Türkiyəyə gedəcək və beləliklə, Avropaya çıxışı əldə edəcəkdir.

Nəticədə, Gürcüstan Avropa ilə münasibətlərini daha da genişləndirəcək və Azərbaycan isə buna öz töhfəsini verəcəkdir. Bu baxımdan, münasibətlərimiz qarşımıza qoyduğumuz inkişaf məqsədlərinin mühüm amilidir.

Biz enerji sahəsində əməkdaşlıq aparırıq. Əslində bu əməkdaşlıq çoxşaxəlidir. Bu əməkdaşlıq artıq göz qarşısındadır. Gürcüstan da sürətlə inkişaf edir. Bu inkişafın əsas səbəbi məhz qardaş Azərbaycanın yardımıdır. Bu inkişaf Azərbaycandan əldə etdiyimiz yardım sayəsində baş verir. Yəni ki, Azərbaycanın müstəqilliyi həm də Gürcüstanın müstəqil olması deməkdir. Biz elektrik enerjisi şirkəti yaratmaq fikrindəyik. Bu şirkət elektrik enerjisini üçüncü ölkələrə ixrac edəcəkdir. Bu da nəticə etibarilə o deməkdir ki, biz yeni su elektrik stansiyaları tikəcəyik və Azərbaycanın vəsaitləri bir çox sahələrə sərmayə kimi yatırılacaqdır. Bu, bizim üçün, Gürcüstanda yaşayan vətəndaşlarımız üçün bir çox yeni imkanlar açacaqdır. Biz bütün bu imkanlarımızı – Gürcüstanda mövcud olan enerji sahəsindəki imkanları genişləndirmək fikrindəyik.

Mən, həmçinin qeyd etmək istəyirəm ki, biz razılığa gəlmişik. Bu razılıq Poti və Kulevi arasında zavodun tikintisi ilə bağlıdır. Bu il onun tikintisi artıq başlayacaqdır və bu, bizim qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımızı nümayiş etdirən bir layihədir. Azərbaycan Gürcüstanda sərmayə yatırır və şirkətlərimiz ölkələrimizdə müvafiq iş aparırlar. Məsələn, Azərbaycanın ən böyük Dövlət Neft Şirkəti, Gürcüstanda fəaliyyət göstərir, artıq bir çox sərmayələri yatırmışdır və fəaliyyətini bundan sonra da genişləndirəcəkdir. Bu fəaliyyət xüsusən məhz bütün region üçün, regionun əhalisi üçün olduqca vacibdir. Biz çox şadıq ki, bu fəaliyyət artıq regionun hüdudlarından kənara da çıxır. Biz bundan çox məmnunuq.
Beləliklə, Bakı tərəfindən bölgədə böyük infrastruktur layihələri həyata keçirilir. Həmçinin yolların yaxşılaşdırılması, - Gürcüstan sərhədinə qədər və Gürcüstan sərhədindən digər ölkələrə doğru, - artıq bizim imkanlarımızı genişləndirir. Bakı-Tbilisi magistral yolu bizim dostluğumuzun möhkəmləndirilməsi üçün əlavə mühüm vasitələrdən birinə çevriləcəkdir.

Biz, həmçinin təlimlər sahəsində əməkdaşlıq aparmalıyıq. Çünki biz hesab edirik ki, həmçinin sərnişinlərimizin məhz sərhədlərdən keçməsi prosedurlarını da asanlaşdırmalıyıq. Onlar hər bürokratik əngəllərdən azad olmalıdırlar və sərhədləri sadə, sərbəst şəkildə keçməlidirlər. Bu, əslində hər iki ölkənin xalqının arzusudur ki, daha yaxşı həyat şəraitləri təmin edilsin.

Biz burada dostluq haqqında danışdıq. Keçirdiyimiz görüşlər zamanı biz onun şahidi olduq ki, razılaşmalarımız, əldə etdiyimiz nailiyyətlər rəqəmlərlə ölçülür. Məsələn, bir il ərzində bizim ticarət dövriyyəmiz 1 milyard ABŞ dollarından artıq olmuşdur. Ticarət balansına gəldikdə hələ ki, bu, Gürcüstan üçün mənfidir. Əslində bu, təbiidir. Lakin Gürcüstandan Azərbaycana ixrac da ilbəil artmaqdadır. Bu, əslində onu göstərir ki, münasibətlərimiz qarşılıqlı fayda verir və bütün bunlar Heydər Əliyevin strateji baxışlarına əsaslanır. Artıq dostum İlham Əliyev məhz bunu qeyd etdi və bildirdi ki, bu münasibətlərin tarixi kökləri vardır.

Mən, həmçinin Milli Məclisdə də çıxış edəcəyəm və bildirmək istəyirəm ki, əsrlər boyu inkişaf etmiş münasibətlər bizə imkan yaradır görək ki, ölkələrimiz bir-biri ilə nə qədər sıx bağlıdır. Bu baxımdan dostluq, qardaşlıq münasibətləri hər birimiz üçün vacibdir və bu, hiss olunur. Bu, bizim aramızda sırf emosional bir bəyanat deyildir. İlham Əliyevin rolu hər bir sahədə vacibdir. Azərbaycan bu siyasəti yürüdür. Məhz bu siyasətin sayəsində Gürcüstan öz müstəqilliyini qoruyub saxlamışdır. Azərbaycan, həmçinin öz sərmayələri vasitəsilə bizdə də iş şəraitinin daha da yaxşı şəkildə formalaşdırılmasına imkan yaradır. Bununla belə, geosiyasi vəziyyət hələ ki, mürəkkəbdir. Burada çox müxtəlif istiqamətlər vardır. Lakin dostlar bu cür anlarda hər zaman əl-ələ verib bir yerdə olmuşlar. Biz güclü şəkildə əməkdaşlıq aparırıq ki, bütün bu maneələri aradan qaldıraq.

Bir daha, Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Bu xoş qəbula və həmçinin bütün bu uğurlu, gözəl nəticələrə görə Sizə minnətdaram. Əslində bu, vətəndaşlarımız üçün, gələcəyimiz üçün olduqca vacibdir. Sağ olun. 

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12