Azərbaycan və Xorvatiya prezidentlərinin mətbuat konfransı olmuşdur
12 mart 2012, 13:30
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin mətbuat konfransı olmuşdur.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Əvvəlcə cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Çox şadam ki, Siz ölkəmizə böyük nümayəndə heyəti ilə gəlmisiniz, həmçinin biznes dairələrinin də nümayəndələri vardır. Bu gün bizim onlarla görüşümüz olacaqdır. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafında və həmçinin ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayacaqdır.
Ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Bildirmək istəyirəm ki, mən artıq bu haqda Sizə öncədən məlumat verdim ki, məhz Sizin regionunuzda Xorvatiya birinci ölkədir ki, Azərbaycan öz səfirliyini açdı. Bu da onu göstərir ki, ölkələrimiz arasında münasibətlər yaxşı inkişaf edir. Şadam ki, münasibətlərimizin çox yaxşı dinamikası və potensialı mövcuddur. Siyasi münasibətlərimiz əladır. Biz beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlıq edirik. Azərbaycan NATO ilə həyata keçirilən proqramlarda fəal iştirak edir, Avropa İttifaqı ilə əməkdaşlıq edir. Mən Sizi Avropa İttifaqına üzvlük məsələniz münasibətilə təbrik etmək istərdim. Hesab edirəm ki, hətta Avropa İttifaqının üzvü olan Xorvatiya yenə də Azərbaycana, Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasında dəstəyini davam etdirəcəkdir.
Bu gün biz ikitərəfli münasibətlərimizə, siyasi və iqtisadi əlaqələrimizə aid olan məsələləri müzakirə etdik. İnanıram ki, bizim nümayəndə heyətləri bundan sonra da müzakirələri davam etdirəcəklər. Aramızda çox güclü münasibətlər mövcuddur. Qeyd edək ki, bu günə qədər iqtisadi əməkdaşlığımız kifayət dərəcədə olmamışdır. Həmçinin, bizim ticari dövriyyəmizin balansına gəldikdə də məhz bunu demək olar. Hesab edirəm ki, məhz enerji sektoru bizim qarşılıqlı ticari dövriyyəmizin də artmasına zəmin yaradır. Əminəm ki, biznes dairələri arasında bu məqsədlərə nail olmaqda bizə yardımçı olacaqdır. Biz, həmçinin bu baxımdan Azərbaycan şirkətlərini Xorvatiyada sərmayələr yatırmağa həvəsləndiririk. Hesab edirəm ki, nümayəndə heyətinin digər üzvləri ilə də bu məqsədlə məsləhətləşmələr aparılacaqdır.
Bizim çox geniş iqtisadi və siyasi əməkdaşlığımız mövcud olacaqdır. Bu, əsasən planlarımızın həyata keçirilməsindən sonra baş verə bilər. Bəzi ənənəvi fəaliyyət sahələrinə gəldikdə, biz müzakirə apardıq, Azərbaycanın Xəzər Dəniz Gəmiçilik Şirkəti Xorvatiyadan gəmilər almaq fikrindədir. Əslində öncədən bilirik ki, sizin belə imkanlarınız vardır. Bu da münasibətlərimizin yeni bir ölçüsüdür. Həmçinin, hesab edirəm, biz bundan sonra da düşünməliyik ki, səylərimizi hansı digər sahələrdə göstərə bilərik. Azərbaycan yeni sərmayə bazarlarını - istər dövlət sərmayəsi, istər özəl sərmayə bazarlarını axtarır. Biz, həmçinin Xorvatiya şirkətlərinin Azərbaycanda investorlar və podratçılar, bizim tərəfdaşlar qismində işləməsini alqışlayardıq. Bu gün keçiriləcək tədbirdə Azərbaycanın biznes imkanları da təqdim olunacaqdır. Burada məhz dövlət investisiya proqramının həyata keçirilməsinə dair məlumat veriləcəkdir.
Bir sözlə, bütün bu komponentlər bizim ümumi ideyalarımıza və ölkələrimiz arasındakı tərəfdaşlığa dəstək verəcəkdir. Bu tərəfdaşlıq, əslində nəinki ölkələrimiz, həmçinin yerləşdiyimiz regionlar üçün vacibdir. Qafqaz və Xəzər regionu, Balkanlar regionu sıx iqtisadi-siyasi əməkdaşlıq və inteqrasiya üçün yaxşı imkanlara malikdir. Bu baxımdan Azərbaycan çox mühüm rol oynaya bilər.
Bu gün biz, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mən cənab Prezidentə məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar haqqında məlumat verdim. Artıq 20 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən 4 qətnaməni qəbul etmişdir. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz, həmçinin ATƏT-in Minsk qrupunda həmsədrlik edən ölkələrə bildirdik ki, bu status-kvo qəbul edilməzdir. Biz ümidvarıq ki, torpaqlarımızın işğalına son qoyulacaq və təcavüzkar məcbur ediləcək ki, bu işğala son qoysun.
Biz enerji əməkdaşlığımızı da müzakirə etdik. Əslində bu, bizim ticari dövriyyəmizə böyük töhfə verir. Biz, həmçinin qaz sektorunda da gələcək əməkdaşlığımızı müzakirə etdik. Əminəm ki, nümayəndə heyətinin üzvləri bu müzakirələri davam etdirəcəklər. Çünki Azərbaycan özünün təbii qazını daşıma marşrutlarını şaxələndirir və bu baxımdan Avropa bazarları bizim üçün çox cəlbedicidir.
Bir daha, cənab Prezident, Sizə və nümayəndə heyətinizə minnətdaram. Sizi salamlayıram və çox sağ olun ki, Azərbaycana səfərə dəvətimizi qəbul etdiniz. Əminəm ki, Sizin səfəriniz maraqlı və məhsuldar olacaqdır.
Prezident İvo Yosipoviçin bəyanatı
- Çox sağ olun, cənab Prezident!
Hörmətli nümayəndə heyətinin üzvləri, hörmətli qonaqlar!
Xorvatiya tərəfi səmimi qəbula görə çox minnətdardır. Biz özümüzü dostlarımızın arasında hiss edirik. Ölkələrimiz arasında olan siyasi münasibətlər qeyd edildiyi kimi, əladır. Yəni indi bizim qarşımızda duran vəzifə iqtisadi əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlıdır. Bu səbəbdən Azərbaycana belə bir mühüm nümayəndə heyəti ilə gəlmişik. Cənab Çaçiç bizim hökumətin üzvüdür, Baş nazirin birinci müavinidir. O, iqtisadi məsələlərlə xüsusi olaraq məşğul olur. Həmçinin, çox məmnunam ki, bu gün biz sərmayədarlarımızın, bizim podratçıların, müəssisə rəhbərlərinin forumunda iştirak edəcəyik. O insanlar istəyirlər ki, əməkdaşlıq etsinlər və onların bəziləri artıq Azərbaycan hökuməti və Azərbaycan müəssisələri ilə əməkdaşlıq barədə danışıqlar aparırlar.
Sizin burada qeyd etdiyiniz bütün məsələlər bizim çox məhsuldar danışıqlarımızı və söhbətimizi əks etdirir. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz iqtisadi əməkdaşlığımızı regional yanaşma baxımından inkişaf etdirməliyik. Biz enerji, gəmi tikintisi, kənd təsərrüfatı, hərbi müdafiə sənayesi, istehkam əməliyyatları sahələrində və bir çox digər sahələrdə əməkdaşlıq edə bilərik.
Siz, həmçinin hazırkı dünyada münaqişələr məsələsinə də toxundunuz. Dağlıq Qarabağ münaqişəsi tək deyildir, bu münaqişələr çoxdur. Xorvatiyada da müharibə zamanı biz torpaqlarımızın zəbt olunması ilə üzləşdik. Mən çox şadam ki, məhz Sizin yanaşmanız məsələnin daha çox sülh yolu ilə həllinə yönəlib. Bilirəm ki, sülh olmadan yaxşı münasibətlər - ticari, iqtisadi münasibətlər mümkün deyildir. Nümayəndə heyətlərimiz, həmçinin fərdi qaydada bir çox məsələləri - nəinki iqtisadi əməkdaşlığı, digər məsələləri də müzakirə edəcəklər.
Bu gün imzaladığımız üç saziş gələcək əməkdaşlığımız üçün olduqca vacibdir. İnanırıq ki, onlar münasibətlərimizə töhfə verəcəkdir və biz turizm sahəsində əməkdaşlıqda çox maraqlıyıq. Bu gün nəinki Avropadan, həmçinin Şərqi Avropadan, Şərqdən turistlərin gəlişini müşahidə edirik. Biz çox şad olardıq ki, azərbaycanlı dostlarımızı da Xorvatiyada görək.
Müzakirə etdiyimiz olduqca mühüm məsələlər nəinki iqtisadi əməkdaşlığa, o cümlədən mədəni əməkdaşlığa da aiddir. Mədəni sahədə qarşılıqlı anlaşma həm siyasi, həm iqtisadi münasibətlərin inkişafı üçün də vacibdir.
Mən Sizin məhz regiondakı sərmayələrlə bağlı bəyanatınızla çox maraqlandım. Bu, bizim üçün çox vacibdir. Çünki hər iki ölkənin müxtəlif sahələrdə potensialı mövcuddur. Mən, həmçinin Sizin məhz sosial sahəyə daha məsuliyyətlə yanaşmağınızla bağlı bəyanatınızla da maraqlandım. Bu da çox vacibdir, çünki Xorvatiya sosialyönümlü ölkədir. Əslində biz məhz insanları nəzərə alan iqtisadiyyatın inkişaf etdirilməsində maraqlıyıq.
Qonaqpərvərliyə görə çox sağ olun. Münasibətlərimizin daha da yaxşılaşdırılmasına və iqtisadi əməkdaşlığın inkişafına yönəltdiyiniz səylərə görə təşəkkürümüzü bildiririk.
Çox sağ olun!
X X X
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.
X X X
- Draqan Nikoliç (Xorvatiya televiziyası): Zati-aliləri, mənim sualım Xorvatiya Prezidenti cənab Yosipoviçədir. Sualım belədir: Azərbaycanın enerji baxımından Avropa İttifaqı üçün və həmçinin Xorvatiyaya qaz təchizatı baxımından potensialını nəzərə alaraq bilmək istəyirəm ki, məhz Azərbaycan qazının alınması ilə bağlı hər hansı bir müzakirə olubmu?
Prezident İvo YOSİPOVİÇ: Bəli, biz nəinki bu məsələni, ümumiyyətlə, bütövlükdə enerji ilə bağlı olan vəziyyəti müzakirə etdik. Baş nazirin birinci müavini cənab Çaçiç də bu müzakirələrdə iştirak etdi. Biz istəyirik ki, əməkdaşlıq edəcəyimiz bu sahələri genişləndirək. Biz bilirik ki, məhz bu sahədə Avropaya təchizatlar artıq başlayır. Biz bu layihələrdə iştirakda çox maraqlıyıq. Nümayəndə heyətlərimiz, xüsusən də onun bəzi üzvləri bu gün hökumətin üzvləri ilə görüşəcəklər. Bildirmək istəyirəm ki, Baş nazirin birinci müavini cənab Çaçiç bu gün Azərbaycanın iqtisadiyyat naziri ilə görüşəcəkdir. Bütün bunlar bizim üçün əhəmiyyətlidir.
- Şaiq Məmmədov (Azərbaycan televiziyası): Mənim sualım hər iki prezidentədir. Azərbaycan Xorvatiyada məhz hansı konkret sahələrdə sərmayələr qoya bilər?
Prezident İlham ƏLİYEV: Biz bu məsələni cənab Prezident ilə müzakirə etdik. Hesab edirəm ki, nümayəndə heyətimizin üzvləri bunu geniş şəkildə müzakirə edəcəklər. Mən cənab Prezidentə məlumat verdim ki, hazırda Azərbaycan öz maliyyə imkanlarını şaxələndirir. Biz artıq planlaşdırırıq və demək olar ki, ölkəmizin hüdudlarından kənarda sərmayələri qoymağa başlamışıq. Bizim ölkələrimizin və müəssisələrin yaxşı reputasiyası vardır. Mən cənab Prezidentə bildirdim ki, biz hər zaman öz sərmayə planlarımızı məhz bu sərmayələr üçün planlaşdırdığımız ölkələrin hökumətləri ilə əlaqələndiririk.
Mən, həmçinin cənab Prezidentə məlumat verdim ki, bizim sərmayələr adətən, mühüm sosial layihələrlə də bağlı olur.
Çünki yaxşı biznes imkanlarına malik olmaq üçün bizim potensial investorlar - şirkətlərimiz ictimai rəy tərəfindən də dəstəklənməlidir. Bu, məhz o səbəbdən irəli gəlir ki, Azərbaycan şirkətləri yaxşı nüfuza malikdirlər. Çünki onlar, həmçinin icmaların, əhalinin sosial tələbatlarını da nəzərə almalıdırlar. O yerlərdə ki, biz sərmayələrimizi qoyacağıq, təbii ki, planlarımızı də əlaqələndirəcəyik, eyni zamanda, sərmayə sektorları ilə bağlı məsləhətləşmələr aparacağıq.
Hesab edirik ki, enerji sektoru maraqlı ola bilər. Bu sahədə bizim təcrübəmiz vardır. Digər ölkələrin də enerji sektoruna qoyduğumuz sərmayələr onu göstərir ki, biz çox məsuliyyətli investorlarıq və sərmayələrimiz nəinki şirkətlərimizə öz sərmayələrini şaxələndirməyə kömək edir, o cümlədən ölkələrimizə də xidmət edir.
Digər bir mühüm sahə kənd təsərrüfatı ilə bağlıdır. Birmənalı olaraq burada turizm sahəsi də vardır. Biz bunu müzakirə etdik və qarşımızda həyata keçirilmə prosesində olan planlarımız vardır. Balkanlar regionuna gəldikdə, qeyd etdim ki, Xorvatiya bu regionda ilk ölkədir ki, səfirliyimizi açmışıq. Biz məhz bu sahəyə də öz sərmayələrimizi yönəltmək istəyirik.
Əlbəttə ki, mən məhz ilk növbədə, həyata keçirilməli prioritetləri açıqladım. Lakin hesab edirəm ki, biznes forum çərçivəsində bu məsələlər müzakirə olunacaqdır. Bu tədbir bizə digər sahələr haqqında da - hansı sərmayə imkanlarının, hansı qanunvericilik imkanlarının mövcudluğu barədə məlumat əldə etməyə imkan verəcəkdir. Əminəm ki, bu biznes forum bir çox məsələlərə aydınlıq gətirəcək və bizim qarşılıqlı maraqlara əsaslanacaqdır.
Prezident İvo YOSİPOVİÇ: Mənim nə isə əlavə etməyim üçün bir məsələ yoxdur. Biz elə bu məsələləri müzakirə etdik.
Mən artıq qeyd etdiyim kimi, Xorvatiya şirkətləri vardır ki, onlar Azərbaycan ilə əməkdaşlıq edir, xüsusən də gəmi tikintisi sahəsində. Hazırda bir Xorvatiya şirkəti ölkədə fəaliyyət göstərir. Zənnimcə, ümidvaram ki, ona daha çox imkanlar açılacaqdır. Hesab edirəm ki, həm Azərbaycan şirkətləri üçün Xorvatiyada, həm də xorvat şirkətləri üçün Azərbaycanda yaxşı şərait yaradılacaqdır. Hesab edirəm ki, hər iki tərəf məhz bunu etiraf edə bilər. Azərbaycan da biznes tərəfdaşları üçün bu cür imkanlar yaradır. Çox sağ olun.