Prezident Mixeil Saakaşvilinin bəyanatı
- Biz Azərbaycanın dövlət başçısını, qardaşımızı burada salamlamaq istəyirik. Bizim qurduğumuz uzunmüddətli əməkdaşlıq artıq Bakı və Batumi şəhərləri arasında da öz müsbət nəticəsini büruzə vermişdir. Bildiyiniz kimi, Bakıdan gəlmiş iş adamları Batumidə işləyir və eyni zamanda, Batuminin iş adamları Bakıda fəaliyyət göstərirlər. Batumi limanından çıxan gəmilər artıq yola düşmüşlər. Bu da Bakı ilə Tbilisi arasındakı əməkdaşlığın nəticəsidir. Bütün bunlar bizim qarşıya qoyduğumuz ümumi əməkdaşlıq proqramının bir hissəsidir.
Hazırda Bakıda çox müsbət dəyişikliklər baş verir və biz bu dəyişiklikləri görməkdən çox şadıq. Eyni zamanda, Batumidə də inkişaf prosesləri gedir. Çalışırıq ki, biz də hər bir sahədə inkişafa nail olaq.
Bu gün biz danışıqlar apardıq və Batumidə Azərbaycan Dövlət Neft Şirkətinin ofisini açacağıq. Bu açılış tarixi bir binada baş verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin razılığı ilə biz bu məqsədlə lazımi infrastruktur yaratmışıq və Batumidə bu ofisin uğurla fəaliyyət göstərəcəyinə tam əminik.
Cənab Prezident, biz Sizin bu səfərinizdən çox məmnunuq, məhz bu münasibətlə Sizə öz təbriklərimizi çatdırırıq. Bizim dostluğumuz uzunmüddətli bir dostluqdur, böyük tarixi vardır və bir çox sınaqlardan keçmişdir. Gürcüstan heç zaman yaddan çıxarmayacaq ki, enerji infrastrukturumuz partladılanda, gürcü xalqı qışın soyuğunda çətin şəraitdə qalanda Azərbaycan bizim ehtiyaclarımızı təmin etmək üçün köməyə gəldi. Mən tam əminəm ki, Gürcüstan xalqı Azərbaycanın bu yardımını heç vaxt yaddan çıxarmayacaqdır. Biz bu yardımı heç vaxt unutmayacağıq. Çünki, bu kömək Gürcüstanın tarixində ən ağır bir vaxtda göstərilmişdir. O vaxt Azərbaycan çox mühüm bir qərarı qəbul etdi və həmin ağır vaxtlarda Gürcüstanın köməyinə gəldi. Bu, təkcə strateji tərəfdaşlığın nəticəsi deyil, bu, qardaşlıq rəmzidir. Hətta biz konfederativ münasibətlər qurmuşuq.
Bizim münasibətlərimiz normal münasibətlər çərçivəsindən daha genişdir. Tam əminik ki, biz bundan sonra da bir-birimizə yardım göstərəcəyik. Azərbaycan üçün hər hansı bir ağır məsələ, Gürcüstan üçün də ağır məsələdir və eyni zamanda, Gürcüstan üçün olan ağır məsələ, həmçinin Azərbaycan üçün ağır məsələdir.
Bu gün biz eyni zamanda, xüsusi vurğuladıq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tam istismara verilməsi mütləqdir. Hesab edirik ki, Azərbaycanın da müvafiq qurumu – Dövlət Dəmir Yolu idarəsi bu işdə iştirak edə bilər. Eyni zamanda, biz qeyd etdik ki, Gürcüstanın təbii qaza olan tələbatının 70 faizi məhz Azərbaycan qazı hesabına təmin edilir. Bilirsiniz ki, sovet vaxtından qalmış avtomobil yolları da bundan sonra təmir ediləcəkdir. Beləliklə, biz bütün daşınma yollarını lazımi formaya gətirəcəyik ki, Çindən gələn yolun mümkün qədər qısa məsafədən - Azərbaycandan və Gürcüstandan keçərək Avropaya çıxışını təmin edək.
Bütün bunlar sıx münasibətlər nəticəsində mümkün olmuşdur. Ölkələrimiz aramızda heç bir problem yoxdur. Bizim münasibətlərimiz son illər ən yüksək səviyyəyə çatmışdır və biz bunu davam etdirməliyik. Təbii ki, bu münasibətlərin əsasını məhz Heydər Əliyev qoymuşdur. Biz bütün səylərimizlə çalışacağıq ki, əsrlər boyu xalqlarımızı bir-birinə bağlayan münasibətlər bundan sonra da inkişaf etsin. Heydər Əliyevin strateji baxışları nəticəsində bu münasibətlər daha da möhkəmlənmiş və İlham Əliyevin böyük səyləri sayəsində isə daha da güclənmişdir. Biz tam əminik ki, bu əlaqələr, bu münasibətlər daha da inkişaf edəcək, regionumuzda sabitliyə xidmət göstərəcəkdir.
Mən Sizi Gürcüstanda bir daha salamlayıram, Sizə xoş gəlmisiniz deyirəm. Siz Gürcüstanı yaxşı tanıyırsınız, burada özünüzü öz evinizdəki kimi hiss edin.
Prezident İlham Əliyevin bəyanatı
- Çox sağ olun, hörmətli cənab Prezident, əziz dostum! İlk növbədə məni Gürcüstana dəvət etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən yenidən Batumidə olmağımdan çox məmnunam. Burada gördüyüm dəyişikliklər, inkişaf məni bir dost kimi çox sevindirir. Bu, bilavasitə Sizin Prezident kimi fəaliyyətinizin nəticəsidir. Batumi gündən-günə gözəlləşir, abadlaşır, müasir binalar, mehmanxanalar tikilir, gözəl infrastruktur yaradılır. Mən iki il bundan əvvəl Batumidə olmuşam və müqayisə aparmaq üçün indi məndə kifayət qədər imkanlar vardır. Gördüklərim məni çox sevindirir. Çünki Sizin uğurunuz bizim də uğurumuzdur. Sizin fəaliyyətiniz nəticəsində Gürcüstan xarici sərmayələr üçün çox cəlbedici ölkəyə çevrilibdir. Gürcüstana milyardlarla vəsait yatırılır və xarici şirkətlər tərəfindən göstərilən etimad çox böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, Gürcüstanın uğurlu və sabit inkişafına böyük inam vardır.
Mən çox şadam ki, Gürcüstana investisiya qoyanların arasında Azərbaycan şirkətləri də vardır. Azərbaycan şirkətləri Gürcüstana böyük maraqla yanaşır, böyük həvəslə investisiyalar qoyurlar. Bu investisiyaların həcmi gündən-günə artır. Təbii ki, ilk investisiyalar energetika sektoruna qoyulubdur. Ancaq mən ümid edirəm ki, Azərbaycan şirkətləri başqa sahələrə də investisiyalar qoyacaqlar.
Bizim aramızda olan əlaqələr zəngin tarixə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq, qardaşlıq şəraitində yaşamışlar, bir-birinə kömək etmişlər və həmişə birlikdə olmuşlar. Bu tarixi yaddaş bugünkü gün üçün də çox vacibdir. Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət – Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər. Bizim əməkdaşlığımız çoxşaxəlidir, bütün sahələri əhatə edir və bayaq qeyd etdiyim kimi, möhkəm tarixi zəmin əsasında qurulubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqlarımız arasında mövcud olan ənənəvi dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirək, yeni məna ilə zənginləşdirək və beləliklə, Gürcüstan-Azərbaycan strateji əməkdaşlığının imkanlarından maksimum şəkildə istifadə edək.
Bizi birləşdirən böyük, nəhəng, dünya miqyaslı layihələr vardır. Biz bunları birlikdə icra etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bu gün nəinki Gürcüstanın və Azərbaycanın maraqlarını təmin edir, eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verir. Bu layihələrin uğurlu icrası nəticəsində biz dəmir yolu layihələrinə başladıq. Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də elektrik enerjisi sahəsindəki əməkdaşlıqdır. Biz başqa sahələrdə də əməkdaşlığa çox böyük maraqla və həvəslə baxırıq. Əminəm ki, nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaqdır. Bunu deməyə əsas verən odur ki, biz bu günə qədər müəyyən etdiyimiz məsələləri birlikdə, güclü koordinasiya şəklində həll etmişik.
Bu gün bölgədə mövcud olan vəziyyət və ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olması diktə edir ki, biz irəliyə baxmalıyıq, yeni layihələri aşkar etməliyik, onları icra etməliyik və beləliklə, Gürcüstanla Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirməliyik.
Mən bir daha demək istəyirəm ki, qardaş Gürcüstan torpağında olmağımdan çox məmnunam. Əminəm ki, Sizin rəhbərliyinizlə Gürcüstan bundan sonra da uğurla inkişaf etməyə davam edəcək və Sizin qoyduğunuz bütün vəzifələr uğurla icra ediləcəkdir. Sağ olun.