15:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Müxbir: Cənab Prezident, xoş gördük Sizi. Cənab Prezident, bu gün Hacıqabul rayonuna səfər etdiniz, bir sıra sosial obyektlərin açılışında iştirak etdiniz. Səfər təəssüratlarınız haqqında istərdik məlumat verəsiniz.
Prezident İlham Əliyev: Təəssüratlar çox müsbətdir. Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Bütün ölkə üzrə böyük işlər görülmüşdür. Hacıqabulda bu işlər artıq son mərhələdədir. İnfrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və bu gün artıq yeni yarımstansiyanın açılışı da bunu göstərir. Çünki tələbat artıb. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilmişdir və Hacıqabul şəhəri içməli su ilə təmin olundu. Kənd yollarının çəkilişinə gəldikdə isə, bu yolların 75 faizi yenidən çəkilib. Eyni zamanda, rayonda bir çox sosial layihələr icra edilmişdir. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Yəni, bütün bunlar insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir.
-Cənab Prezident, bu gün Siz iki aqroparkın fəaliyyəti ilə tanış oldunuz. Bu aqroparkların fəaliyyətini necə qiymətləndirirsiniz? Qeyri-neft sektorunun inkişafında bunun rolunu necə dəyərləndirirsiniz?
- Bu, əlbəttə ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir.
Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur.
Hacıqabul rayonu əhali baxımından o qədər də böyük rayon deyil, 77 min əhalisi var. Ancaq burada iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir. Misal üçün, torpağın münbitliyi baxımından Hacıqabul ölkəmizin ən qabaqcıl rayonu deyil. Torpağın keyfiyyəti digər rayonlarla müqayisədə daha aşağıdır. Ancaq, buna baxmayaraq, məhz Hacıqabulda bu aqroparkların yaradılması bizim siyasətimizin uğurlu olmasından xəbər verir. Çünki ən ağır yerlərdən biri də Hacıqabuldur. Mənə bu gün hər iki aqroparkda verilən məlumata görə, suvarılan sahələrdə minlərlə hektar pivot altındadır. Burada taxılçılıqdan məhsuldarlıq hektardan 60 sentnerdir, yəni, altı ton. Müqayisə üçün deyə bilərəm ki, Hacıqabul rayonunda məhsuldarlıq hektardan otuz sentnerdir. Ölkə üzrə təqribən otuz sentnerdən bir qədər çoxdur. Ancaq iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdir, iki dəfə çoxdur. Əgər bu yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq.
Burada, eyni zamanda, digər məhsullar da yetişdirilir. Bu təsərrüfatda, bu aqroparkda, eyni zamanda, heyvandarlıq da inkişaf etdirilir. İki min baş cins inək gətirilibdir. Onların sayı getdikcə beş minə çatacaq. Burada sağılan süd yaxınlıqda yerləşən Kürdəmir süd zavoduna göndərilir. Beləliklə, südlə daxili təminat daha yüksək faizlərə çatacaq və ümid edirəm ki, yaxın bir neçə il ərzində Azərbaycan özünü südlə tam təmin edəcək.
Bütövlükdə əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Əgər biz bu işləri özəl sektorla birlikdə görməsəydik, bu investisiyaları heç kim qoymazdı. Çünki dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır. Özəl sektor isə bu vəsaiti təşkil edir. Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan iki milyard manat vəsait çox böyük vəsaitdir. Bu aqroparklar - “Aqro Dairy” və “Azərsun” aqroparkları son 4-5 il ərzində yaradılmışdır. Bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir.
Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada - “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır.
Bu gün Hacıqabul rayonunda, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq. 2017-ci ildə mənim Sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub. Bu müəssisələrə də on milyonlarla manat sərmayə qoyulub. Bu da dövlət tərəfindən irəli sürülmüş təşəbbüsdür. Biz sahəni müəyyən etdik, infrastruktur layihələri icra etdik, bütün kommunikasiyaları çəkdik, hətta anqarları da dövlət hesabına inşa etdik. Sahibkar da gəlib burada öz sərmayəsini qoyub və müasir səviyyəli məhsullar istehsal olunur. Bu məhsullar da daxili tələbatı təmin edəcək.
Bu müəssisələrin arasında ən böyüyü, əlbəttə ki, avtomobil zavodudur. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir və biz buna da nail olacağıq.
Baxın, əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir, məhsuldarlıq yüksəlir, insanlar işlə təmin edilir. Beləliklə, bizim gördüyümüz işlər öz praktiki nəticələrini verməkdədir.
- Cənab Prezident, işğaldan azad olunan ərazilərdə aqroparkların yaradılacağını qeyd etdiniz. Ümumiyyətlə, orada görülən işlər haqqında fikirlərinizi bilmək istərdik.
- İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib.
Bununla paralel olaraq, əsas infrastruktur layihələrinə start verildi. Bu haqda mən dəfələrlə Azərbaycan ictimaiyyətini məlumatlandırmışam. Azad edilmiş ərazinin elektrik təchizatı hesab edirəm ki, bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır və hələ ki, hava şəraiti o qədər də münasib deyil, qar əriməyib.
Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir.
Bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar.
Bildiyiniz kimi, birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək - “Ağıllı kənd” layihəsi. Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq. Zəngilanda olarkən mənə bu layihə ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır. Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar.
Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır.
Kəndlərin bərpasına gəldikdə, burada da biz işlərimizi mərhələlərə bölməliyik. İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.
Xaricdən bir çox təkliflər gəlməkdədir, bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın.
Bildiyiniz kimi, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Bu, bir qədər sonra baş verəcək. O bölgədə hələ ki, qar əriməyib. Hava limanı üçün nəzərdə tutulan yerdə indi praktiki işlərin görülməsi mümkünsüzdür. Gözləyirik, yəqin ki, may-iyun aylarında artıq bu istiqamətdə də işlərə start veriləcək.
Yəni, gördüyünüz kimi, biz bütün istiqamətlər üzrə dərhal bu işlərə başlamışıq. Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Çox böyük həcmli bir işdir. Çünki mən demişəm, bir daha demək istəyirəm, azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Yəni, hesab edirəm ki, bu, təsəvvür üçün, kifayət qədər aydın mənzərədir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.
Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.
-Cənab Prezident, Hərbi Qənimətlər Parkının açılışında Siz Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketi barədə danışdınız və dediniz ki, bununla bağlı Rusiyadan cavab gözləyirsiniz. Bununla bağlı bir cavab verildimi?
- Bu sözləri deyəndən sonra ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir.
Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, eksport - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib.
Biz ümid edirik ki, “İsgəndər-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik. Azərbaycan xalqı bütün vacib məsələlərlə bağlı dolğun məlumat alacaq, necə ki, bu günə qədər alıb. Necə ki, Ermənistandan fərqli olaraq bu müharibə dövründə mən tam həqiqəti demişdim. İndi isə Ermənistan rəhbərləri susurlar. Onlara sual veriləndə ki, siz “İsgəndər-M” raketlərindən istifadə etmisiniz? Susurlar. Ağızlarına su alıblar. Halbuki biz bilirik ki, necə atılıb, nə vaxt atılıb və daha çox şey bilirik.
Bir halda ki, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm. Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm. Çünki hətta, o versiyalarda da, - düzdür, bu, mətbu orqanlar tərəfindən irəli sürülüb,- hər halda, biz hansısa sistemli yanaşma görürük. Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu, bizə qarşı açıq ittihamdır. Bizi nədə ittiham edirlər, saxtakarlıqda? Bir adam deyə bilər ki, Azərbaycan nə vaxtsa saxtakarlıq edib? Yox. Biz yüzlərlə saxta faktlar ilə üzləşmişdik, riyakar faktlar ilə üzləşmişdik, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik. Biz bunu nə üçün edək? Bunun məqsədi nədir? Biz indi noyabrın 10-da imzalanmış Bəyanatın icrası ilə məşğuluq. Biz bölgədə sülhün əbədi olmasını istəyirik. Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun. Ona görə istərdim ki, bu məsələyə aydınlıq gətirim.
O ki qaldı, qaçaqmalçılıq versiyasına. Bu, əlbəttə ki, araşdırılmalıdır. Çünki müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir. Rusiya tərəfi ən yüksək səviyyədə və bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılmışdır. Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, - reyslərin nömrələrini də vermişdik, yazmışdıq, - bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini də göstərmişdik. Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib – Obramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar.
Yəni, biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda və məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət və dostluq qarşılıqlı olmalıdır.
-Çox sağ olun, cənab Prezident.
- Sağ olun.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan...
18 dekabr 2024, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Şahdəniz” qaz-kondensat...
18 dekabr 2024, 15:54Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə...
18 dekabr 2024, 14:34Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Qətər dostluq və əməkdaşlıq...
18 dekabr 2024, 11:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759...
17 dekabr 2024, 17:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı...
17 dekabr 2024, 17:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və...
17 dekabr 2024, 15:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may...
16 dekabr 2024, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:19Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının...
16 dekabr 2024, 17:17