Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimdə İlham Əliyevin nitqi
03 iyul 2012, 12:20
- Əziz idmançılar, əziz dostlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün biz London Yay Olimpiya və Paralimpiya oyunlarında iştirak edəcək Olimpiya və Paralimpiya komandalarımızı rəsmi qaydada yola salırıq. Bu ayın sonunda Olimpiya və gələn ayın sonunda isə Paralimpiya oyunları keçiriləcəkdir və mən bütün idmançılarımıza böyük uğurlar arzulayıram. Əminəm ki, idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcək və Vətənə böyük qələbələrlə qayıdacaqlar.
Bunu deməyə əsas vardır. Çünki Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. İdmançıların məişət problemlərinin həlli məsələləri yüksək səviyyədə təşkil edilir. Bütün bu amillər həm idmanın inkişafına böyük təkan verir, eyni zamanda, gənclərdə, yeniyetmələrdə, uşaqlarda idmana marağı artırır.
Mən çox şadam ki, idman bölmələrinə axın kütləvi xarakter alıbdır. İndi idmanla məşğul olmaq üçün bütün şərait vardır. Biz idmanın inkişafı ilə bir neçə vacib məqsədi təmin edirik: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırırıq, eyni zamanda, idmanın kütləviliyini təmin edirik. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır və idman hər bir insanın sağlamlığı üçün çox mühüm amildir. İdman insanları həm fiziki cəhətdən sağlam edir, eyni zamanda, gözəl milli mənəvi dəyərlərimizi idmançılara, uşaqlara aşılayır. Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir.
İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır. Mən əminəm ki, bundan sonrakı dövrdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır. Hazırda 34 regional Olimpiya Mərkəzi tikilmişdir, 8 mərkəzdə tikinti davam edir. Əminəm ki, yaxın zamanlarda hər bir rayon mərkəzində müasir Olimpiya İdman Kompleksi açılacaqdır. Bu siyasəti biz 2000-ci ildən başlamışıq və son 12 il ərzində, demək olar ki, bölgələrimizin əksəriyyətində müasir Olimpiya kompleksləri tikilmişdir. Gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edirlər. Bizim milli Olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri də öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş Olimpiya komplekslərində başlamışlar.
Yenə də qeyd etmək istəyirəm ki, bu, həm idmanın kütləviliyini təmin edir, eyni zamanda, gənc idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir. Bunu da qeyd etmək istəyirəm və çox şadam ki, Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir. Yeni gənc nəsil yetişir və Olimpiya komandamızın tərkibindəki idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq Olimpiya oyunlarında iştirak edəcəkdir. Yəni, bu, onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də böyüklərin, çempionların yerlərini tuturlar.
Gənclərin idmana olan marağı xüsusilə böyük əhəmiyyətə malikdir. Bu maraq, eyni zamanda, beynəlxalq yarışların nəticələrində də özünü göstərir. Gənclər arasında keçirilən birinci Ümumdünya Olimpiya oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar və komanda hesabında 10-cu yeri tutmuşlar. Bu, onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir, gənclər idmana böyük maraq göstərir. Beləliklə bu, bizə imkan verəcəkdir ki, bundan sonra bütün dövrlərdə gənc, istedadlı idman nəsli yetişdikcə uğurlarımız da davamlı olsun. Kütləviliyə gəldikdə, bir daha demək istəyirəm ki, əlbəttə, idman, hər bir insan üçün gündəlik həyat tərzi olmalıdır. Mən idmanla məşğul olmağı hər bir vətəndaşa tövsiyə edirəm. İdmanın çox böyük xeyri vardır. İdman insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar, xüsusilə Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər. Təsadüfi deyildir ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar.
Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bizim müstəqilliyimizin cəmi 20 yaşı vardır. Ancaq bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Bu gün dünyada Azərbaycan idman dövləti kimi tanınır. Biz beynəlxalq idman ailəsində layiqli yeri tuta bilmişik. Bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Biz bu adı öz əməyimizlə, idmançılarımızın zəhməti, məşqçilərin əməyi ilə qazanmışıq.
Eyni zamanda, Azərbaycanda idmanda idarəçilik sistemi də mükəmməldir. Onu da qeyd etmək istəyirəm və mən şəxsən onun şahidiyəm ki, Azərbaycandakı təcrübə bir çox ölkələrdə öyrənilir. Çünki bəzi hallarda idman federasiyaları, cəmiyyətləri və klubları arasında, Milli Olimpiya Komitəsi və nazirliklər arasında ziddiyyətlər vardır. Azərbaycanda isə bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klubları vahid komanda şəklində fəaliyyət göstərir. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, ölkə idmanını inkişaf etdirək və Azərbaycanın uğurlarını təmin edək. Bu idarəçilik sistemi bax, bu nəticələrə gətirib çıxarmışdır.
Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət gözəl nəticələrini verməkdədir. Əgər biz idmançılarımızın beynəlxalq yarışlarda və Olimpiya oyunlarında çıxışlarının dinamikasına nəzər salsaq, görərik ki, uğurlarımızın sayı ildən-ilə artır.
Həm Olimpiya, həm qeyri-Olimpiya idman növləri üzrə idmançılarımız hər il yüzlərlə medal qazanır. Onu da qeyd etmək istəyirəm ki, bəzi başqa ölkələrdə olduğu kimi, biz burada da heç bir fərq qoymuruq, heç bir ayrı-seçkilik etmirik. Həm ölkə Prezidenti, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi mənim üçün Olimpiya və qeyri-Olimpiya idman növləri arasında heç bir fərq yoxdur. Çünki bütün idmançılarımız Azərbaycan idmançılarıdır. Onlar bütün yarışlarda Azərbaycanı təmsil edirlər və çalışırlar ki, qələbə qazansınlar. Bizdə qələbə əzmi çox yüksək səviyyədədir. Ona görə, Azərbaycanda həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərinin inkişafı üçün çox gözəl şərait vardır.
Federasiyalar möhkəmləndi. Federasiyalara gələn rəhbər işçilər vəzifə borclarını yerinə yetirirlər. Beləliklə, hər bir federasiya konkret plan əsasında fəaliyyət göstərir və göstərməlidir. Hər bir federasiya nəticə verməlidir. O federasiyada cəmləşmiş idmançılar nəticə göstərməlidirlər, qələbə qazanmalıdırlar. Azərbaycanda idman belə çoxşaxəli şəkildə inkişaf edir və edəcəkdir.
Dünya idman və Olimpiya aləmi də Azərbaycanda gedən prosesləri çox böyük maraqla və təqdirlə izləyir. Bizim beynəlxalq əlaqələrimiz də yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Azərbaycanda artıq beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilməsi bir ənənəyə çevrilib. Elə ay yoxdur ki, Azərbaycanda hansısa mötəbər beynəlxalq tədbir, yarış keçirilməsin. Bəzi hallarda bir həftə ərzində bir neçə idman növü üzrə yarışlar keçirilir. Bu da onu göstərir ki, artıq Azərbaycandakı mövcud idman infrastrukturu, idmançılara olan diqqət və xalqımızın qonaqpərvərliyi bizim üçün bu imkanları yaradır.
Regional Olimpiya kompleksləri ilə bərabər, Bakı şəhərində də böyük Olimpiya infrastrukturu yaradılır. Son illər ərzində bir neçə böyük idman-konsert zalı tikilmişdir. Onların içərisində əlbəttə ki, ən böyüyü, ən möhtəşəmi Bakı Kristal Zaldır. O zalda “Eurovision” mahnı müsabiqəsi keçirilmişdir. Eyni zamanda, istənilən idman yarışı da keçirilə bilər. Tofiq Bəhramov adına Respublika Stadionunda aparılmış yenidənqurma və bərpa işlərindən sonra bu stadion dünya standartlarına cavab verir. Yaxın günlərdə stadionun təmirdən sonra açılışını qeyd edəcəyik.
Keçən il Bakıda yeni Olimpiya stadionunun təməl daşı qoyulmuşdur. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır, mühəndislik layihəsi hazırlanır. Ümid edirəm ki, bu il Olimpiya stadionunun tikintisi başlanacaqdır və bu, bölgənin ən böyük və ən müasir Olimpiya stadionu olacaqdır. Yaxın zamanlarda biz Bakıda dünya standartlarına cavab verəcək yeni müasir üzgüçülük kompleksinin tikintisinə başlayacağıq. Buna da böyük ehtiyac vardır. İndi demək olar ki, bütün rayonlarda üzgüçülük hovuzları vardır. Ancaq biz Bakıda bu sahədə geridə qalmışıq. İdmançılarımız sovet dövründən qalan hovuzlardan istifadə edirlər. Əlbəttə ki, bu, dözülməz bir haldır. Ona görə yeni su sarayı və üzgüçülük Olimpiya mərkəzinin tikintisinə böyük ehtiyac vardır.
Gimnastika Olimpiya İdman Zalının tikintisi başlanmışdır. Yəni, Bakıda ən mötəbər beynəlxalq idman yarışını keçirmək üçün infrastruktur yaradılır və gələcək illərdə biz bu işləri daha da sürətlə aparacağıq.
Bir sözlə, bütün bu amillər Azərbaycanı dünya idman xəritəsində xüsusi yerə qoyur. Bizim yerimiz möhkəmdir. Əminəm ki, biz bundan sonra da Olimpiya hərəkatında fəal iştirak edəcəyik.
O ki qaldı müstəqillik dövründə bizim Olimpiya oyunlarında iştirakımıza, burada da müsbət dinamikanı görürük. Hər bir sahədə olduğu kimi, bu sahədə də ancaq və ancaq uğurlarımızı artırırıq. Biz iyirmi il ərzində böyük və uğurlu yol keçmişik, beynəlxalq arenada möhkəm yer tutmuşuq, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilmişik. İqtisadi sahədə son illər ərzində Azərbaycandan daha uğurlu və daha sürətli inkişaf edən ikinci ölkə yoxdur. Sosial məsələlərin həllinə gəldikdə, təcrübəmiz nümunə kimi göstərilir. Azərbaycanda sosial ədalət prinsipləri bərqərar olunub.
İdman sahəsində də biz eyni mənzərəni görürük. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışıq. Yəni, bu dinamika özlüyündə bir göstəricidir. Sadaladığım bu rəqəmlər bizi bir məntiqi nəticəyə gətirib çıxarır ki, London Yay Olimpiya Oyunlarında da idmançılarımızdan daha da gözəl nəticə və daha çox medal gözləyirik.
Ancaq idmanda hər şey ola bilər, qələbə də, məğlubiyyət də. Ancaq mən əminəm və inanıram ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Bir daha bildirmək istəyirəm ki, bunu deməyə əsas verən idmançılarımızın dünya və Avropa çempionatlarında uğurlu çıxışlarıdır. Bizim doğrudan da güclü komandamız vardır. Bu komanda böyük uğurlara nail ola bilər.
Tariximizdə ilk dəfədir ki, Azərbaycan Olimpiya Oyunlarında böyük say tərkibi ilə çıxış edir. Çünki Olimpiya oyunlarında 50-dən çox idmançıya malik olan ölkə böyük idman ölkəsi kimi tanınır. Bu dəfə Olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın sayı 53-dür. Bu, doğrudan da bizim idman potensialımızı bir daha göstərir.
İdmançılarımızın böyük şansları, böyük imkanları vardır. Biz hamımız, bütün Azərbaycan xalqı idmançılara yalnız uğurlar arzulayırıq və onların qələbələrini gözləyirik.
Bir məsələyə də toxunmaq istəyirəm. İdmançıların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olmuşdur. Demək olar ki, hər il 20-30 idmançıya dövlət və Milli Olimpiya Komitəsi tərəfindən yeni mənzillər verilir. Bu praktika artıq 15 ildir ki, tətbiq edilir. Biz bu proqramı 1997-ci ildən başlamışıq. Böyük uğurlara malik olan idmançıların məişət problemlərini həll edə bilmişik. Bu proses bundan sonra da davam etdiriləcəkdir. İdmançıların maddi təminatı da artır, mükafat fondu da artmaqdadır. Bütün bunlar çox vacib məsələlərdir, vacib amillərdir.
Ancaq mən bilirəm və tam əminəm ki, idmançılarımızın əsas təkanverici stimulu Vətən sevgisidir. Bütün başqa amillərlə yanaşı, birinci sırada dayanan Vətənə, xalqa olan bağlılıqdır. Azərbaycan idmançıları istər Olimpiya oyunlarında, istərsə də Avropa, dünya çempionatlarında medallar qazananda, Azərbaycanın milli himni səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı sevinir.
Hər bir insanın, hər bir vətənpərvər vətəndaşın ürəyi fərəhlə dolur. Bu unudulmaz anları bizə idmançılar bəxş edirlər. Buna görə biz onlara minnətdarıq, buna görə biz onları dəstəkləyirik. Azərbaycan idmançıları, doğrudan da, həm peşəkarlıq, həm mənəvi dəyərlər baxımından nümunə ola bilərlər. Mən istəyirəm ki, gənc nəsil bax belə ruhda yetişsin. Bizim idman qəhrəmanlarımız gənc idmançılar qarşısında nümunə olsunlar, həm idmanda, həm də həyatda.
O ki qaldı Azərbaycan dövlətinə və mənim bu sahədəki fəaliyyətimə, mən 15 ildir ki, Milli Olimpiya Komitəsinin prezidentiyəm. Baxmayaraq ki, ölkə Prezidenti kimi mənim çoxsaylı işlərim, böyük, çoxşaxəli funksiyalarım vardır, Milli Olimpiya Komitəsinin prezidenti kimi də mən daim idmançılarla təmasdayam, onların problemləri ilə maraqlanıram, onların uğurlarına sevinirəm.
Hesab edirəm ki, bu, həm cəmiyyət, həm də idmanın inkişafı üçün lazımdır. Mən onu da qeyd etmək istəyirəm ki, ölkə Prezidenti vəzifəsinə də idman aləmindən gəlmişəm. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti və 2003-cü ildə respublika Prezidenti seçilmişəm. Yəni, mən Azərbaycan rəhbərliyində, belə demək mümkünsə, idmançıları təmsil edirəm və bundan sonra da hər bir sahəyə olduğu kimi, bu sahəyə də xüsusi diqqət göstərəcəyəm. Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, idmana, doğrudan da, dövlət tərəfindən böyük dəstək, idmançılara böyük qayğı vardır. İdmançılar bizim milli sərvətimizdir. Azərbaycan idman arenalarında öz sözünü deyir, deyəcəkdir. Mən əminəm ki, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaqdır.
Əziz dostlar, əziz idmançılar, olimpiyaçılar, paralimpiyaçılar, sizi bu gün bir daha ürəkdən salamlayıram, sizə uğurlar arzulayıram. Bilin ki, hər bir Azərbaycan vətəndaşı kimi, mən də oyunları izləyəcəyəm, sizə azarkeşlik edəcəyəm və sizin qələbələrinizi gözləyəcəyəm. Sağ olun.