Qaradağ rayonunda “Holcim-Azərbaycan” ASC-nin yeni sement zavodunun açılışında İlham Əliyevin nitqi

10 iyul 2012, 13:40
Qaradağ rayonunda “Holcim-Azərbaycan” ASC-nin yeni sement zavodunun açılışında İlham Əliyevin nitqi

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı “Holcim-Azərbaycan” sement zavodunun açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Üç il bundan əvvəl biz burada yeni sement zavodunun təməl daşını qoyduq. Mən çox şadam ki, üç ildən sonra gözəl, müasir, yeni sement zavodu fəaliyyətə başlayır. Əminəm ki, bu zavodun fəaliyyəti nəticəsində Azərbaycan iqtisadiyyatı, Azərbaycanın sənaye potensialı daha da artacaq və möhkəmlənəcəkdir.

Qaradağ sement zavodu 1950-ci illərdə yaradılmışdır. Əlbəttə ki, vaxt keçdikcə texnologiya köhnəlmişdir və müasir tələblərə cavab vermirdi. Baxmayaraq ki, bu sahədə dünyanın aparıcı şirkəti olan “Holcim” on ildən artıqdır bu zavodu işlədir və buraya sərmayə qoymuşdur. Yeni zavodun tikilməsi, əlbəttə ki, çox vacib idi. İsveçrə ilə Azərbaycan rəhbərliyi arasında aparılmış danışıqlar və əldə edilmiş razılaşmalar nəticəsində yeni zavodun tikintisi haqqında qərar qəbul edildi.

Mən o günləri yaxşı xatırlayıram. Xatırlayıram ki, qərar verildikdən dərhal sonra – 2009-cu ildə yeni zavodun təməl daşı qoyuldu. Bu zavod bütün müasir standartlara cavab verir. Burada ən son texnologiyalar tətbiq edilib. Çox sevindirici haldır ki, bu zavod ekoloji cəhətdən tamamilə təhlükəsizdir.

Azərbaycanda ekologiya məsələlərinə çox böyük diqqət göstərilir, ekoloji tədbirlər həyata keçirilir. Əlbəttə ki, biz bu zavodun ekoloji cəhətdən təhlükəsiz olmasını alqışlayırıq.

Bu zavod, eyni zamanda, İsveçə-Azərbaycan əməkdaşlığının nümunəsidir. İki ölkə arasındakı əlaqələr sürətlə inkişaf edir, qarşılıqlı rəsmi səfərlər, qarşılıqlı heyətlərin səfərləri həyata keçirilir. Bizim çox gözəl siyasi və iqtisadi əlaqələrimiz vardır. “Holcim” zavodunun Azərbaycanda fəaliyyətə başlaması qarşılıqlı inamın təzahürüdür. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR İsveçrənin enerji sənayesinə böyük həcmdə sərmayə qoyur. İsveçrədən Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyulur, Azərbaycandan isə İsveçrənin enerji sektoruna sərmayə qoyulur. Bu, özlüyündə gözəl bir göstəricidir. Çünki əlaqələrimiz çoxşaxəlidir və qarşılıqlı maraqlar əsasında qurulubdur. Mən çox şadam ki, bu zavod, eyni zamanda, İsveçrə-Azərbaycan dostluğunu da gücləndirəcəkdir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına çox böyük diqqət göstərilir. Bu, bizim siyasətimizin əsas istiqamətidir. Bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektoruna aid olan iqtisadiyyat 11 faizdən çox artmışdır. Yəni, bu, görülən işlərin məntiqi nəticəsidir. Biz enerji resurslarımızdan səmərəli şəkildə istifadə edərək qeyri-neft sektoruna sərmayə qoymaqla, ölkəmizi hərtərəfli şəkildə inkişaf etdiririk.

Zavodun fəaliyyətə başlaması yerli istehsalın gücləndirilməsi məsələlərini də həll edir. Bu məsələyə də böyük diqqət göstərilir. Biz istəyirik ki, Azərbaycanda istehlak olunan əsas məhsullar ölkəmizdə istehsal edilsin. Sement zavodunun fəaliyyətə başlaması nəticəsində, əminəm ki, bir neçə ildən sonra biz sementlə də özümüzü təmin edəcəyik.

Azərbaycanda sementin illik istehlakı 3,3 milyon tondur. “Holcim-Azərbaycan” sement zavodunun istehsal gücü 1,7 milyon tondur. Amma nəzərə alsaq ki, bu yaxınlarda Naxçıvanda 300 min tonluq zavod istifadəyə verilmişdir, yaxın zamanlarda Ağstafada 1 milyon tonluq zavod istifadəyə veriləcəkdir, Qaradağ rayonunda 2 milyon tonluq zavod inşa edilir, bir neçə ildən sonra Azərbaycanda istehsal olunan sementin həcmi tələbatımızdan daha da artıq olacaqdır. Ancaq ölkəmizin iqtisadiyyatı çox sürətlə inkişaf edir. Gələcəkdə, şübhəsiz, daxili tələbat daha da artacaqdır. Çünki ölkəmizdə böyük tikinti və quruculuq işləri aparılır. Yəni, bir sözlə, bu zavodun fəaliyyəti nəticəsində ümid edirəm ki, gələcəkdə sement sahəsində ixrac imkanlarımız da yaradılacaqdır.

Zavodda işləyənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da çox müsbət haldır. Zavodun fəaliyyəti nəticəsində yüzlərlə insan işlə təmin edilir. Mən burada gəncləri görürəm, buna çox sevinirəm. Çünki gənclər bu işlərdə daha da fəal iştirak etməlidirlər. Ən müasir texnoloji prosesdə fəal iştirak etməlidirlər və Azərbaycan gəncləri bütün sahələrdə daha da fəal olmalıdırlar. Yerli kadrların hazırlanması, yerli istehsalın yaradılması, idxalı əvəzləyən məhsulların buraxılması, xarici investisiyaların cəlb edilməsi - bax, biz bu zavodun timsalında bütün bu mühüm amilləri görürük.
Onu da qeyd etmək istəyirəm ki, zavodun təməli 2009-cu ildə qoyulmuşdur. 2009-cu il dünyada maliyyə və iqtisadi böhranın ən ağır ili kimi tarixdə qalmışdır. Bu böhrana və bəzi bankların ağır vəziyyətə düşməsinə baxmayaraq, “Holcim” şirkəti 2009-cu ildə Azərbaycan iqtisadiyyatına böyük sərmayə qoyulması haqqında qərar vermişdir. Yəni, bu, Azərbaycan iqtisadiyyatına inamın, Azərbaycanda investisiya iqliminin çox yüksək səviyyədə olmasının təzahürüdür. Biz, əlbəttə ki, bu addımı yüksək qiymətləndiririk.

Mən bu gün fürsətdən istifadə edərək “Holcim” şirkətinin rəhbərliyinə, xüsusilə “Holcim”in keçmiş prezidenti cənab Akermana xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Biz cənab Akerman ilə bərabər bu zavodun tikintisinin əvvəlində qərar verən insanlarıq. Bizim qərarlarımız icra edilir. Üç il bundan əvvəl burada zavodun təməl daşını bərabər qoyduq və bu gün gözəl açılış mərasimində iştirak edirik.

Azərbaycanda, ümumiyyətlə, investisiya iqlimi çox müsbətdir. Son 17 il ərzində Azərbaycanda 120 milyard dollardan çox, keçən il 15 milyard dollar sərmayə qoyulmuşdur. Bu il isə təqribən 18 milyard dolar sərmayə qoyuluşu gözlənilir. Bundan sonrakı illərdə də investisiya qoyuluşu əminəm ki, yüksələn xətlə davam edəcək və bu bizə imkan verəcək ki, ölkəmizin bütün infrastruktur layihələrini icra edək, bütün köhnəlmiş infrastrukturu yeniləşdirək, güclü sənaye potensialı yaradaq.

Zavodun Qaradağ rayonunun ərazisində yerləşməsi əlbəttə ki, təbii səbəblər əsasında mümkün olubdur. Çünki burada, yaxında zavodun məhsul istehsalı üçün lazım olan xammal yataqları vardır. Sovet dövründə bu zavod burada tikilmişdir. Əlbəttə, Qaradağ rayonunun gələcək sənaye inkişafı ilə bağlı bizim konkret fikirlərimiz vardır. Mən dəfələrlə demişəm ki, Azərbaycanın yeni sənaye mərkəzlərindən biri də Qaradağ rayonu olmalıdır. Qaradağ rayonu inkişaf edir. Burada həm güclü sənaye potensialı yaradılır, eyni zamanda, turizm obyektlərinin yaradılması, tikintisi məsələləri də gündəlikdədir.

Bir sözlə, bugünkü açılış mərasimi həm çox sevindiricidir, eyni zamanda, onu göstərir ki, Azərbaycanın inkişafı düzgün istiqamətdə gedir. Xarici investorlar bizə inanır, biz xarici investorlar üçün gözəl şərait yaradırıq. Hökumət nümayəndələri ilə böyük şirkətlər arasında əlaqələr də çox müsbətdir. Yerli istehsalın artırılmasında xarici sərmayədarlar bizə kömək göstərirlər. Eyni zamanda, zavodda tətbiq olunan texnologiya ən son, ən müasir texnologiyadır. Əlbəttə ki, Azərbaycanda bu texnoloji inkişaf, elmi tərəqqi, inkişaf məsələləri də daha da dolğun şəkildə öz həllini tapır.

Əziz dostlar, mən bir daha bugünkü mərasimdə “Holcim” şirkətinin rəhbərliyinə, cənab Akermana və “Holcim”in yeni rəhbərinə minnətdarlığımı bildirmək istəyirəm. Sizin hamınızı bu zavodun açılışı münasibətilə təbrik etmək istəyirəm. Bu fürsətdən istifadə edərək tərəfdaşlara, bizim investorlara, xarici investorlara bir daha müraciət etmək istəyirəm ki, Azərbaycan xarici investisiyalar üçün çox gözəl yerdir. İnvestisiyalar burada qorunur. Biz bu investisiyaları alqışlayırıq, xarici investorlar üçün bütün gözəl şəraiti yaradırıq və bundan sonra da yaradacağıq. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06